Modern.az

Kaş Murad da bu günləri görəydi - Milli Qəhrəmanın xanımı ilə MÜSAHİBƏ

“Kaş Murad da bu günləri görəydi” - Milli Qəhrəmanın xanımı ilə MÜSAHİBƏ

Müsahibə

1 Aprel 2024, 15:03

Erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Azəbaycanın Milli Qəhrəmanı Murad Mirzəyev də qəhrəmancasına şəhid olmuşdu.

Artıq aprel döyüşlərindən 8 il keçir. Bu ərəfələr Murad Mirzəyevin həm doğum günü oldu, həm də anım günüdür.

Polkovnik-leytenant Murad Telman oğlu Mirzəyev 31 mart (1976) tarixində dünyaya gəlib, 3 apreldə (2016) isə şəhid olub.

Modern.az saytı şəhidimizin həyat yoldaşı Fizzə Mirzəyeva ilə həmsöhbət olub. Onunla müsahibəni təqdim edirik:

- Fizzə xanım, siz Azərbaycan Tibb Universitetində təhsil alan zaman Murad Mirzəyevlə tanış olmusunuz. Maraqlıdır, necə oldu ki, hərbçi ilə yollarınız kəsişdi?
 

- Bizim tanışlığımız dostlarımız sayəsində oldu. Rəfiqəmin yoldaşı da hərbçi idi. Elə olmuşdu ki, rəfiqəmin yoldaşı gələndə Murad da onunla idi. Ona qədər hərbçi həyatı haqqında anlayışım yox idi. Onu ilk dəfə rəfiqəmin yoldaşının yanında, hərbi parad paltarında görmüşdüm. İlk görüşümüzdə dedi ki, "mən 31 martda doğulmuşam, amma ad günümü qeyd etmirəm".
Sonralar evliliyimiz dövründə onun doğum gününü 31 mart tarixindən ya bir gün öncə, ya da sonra qeyd edirdik. 

Biz ailə qurduq, bir müddət hərbi hissədə yaşadıq. Onun şəxsi evi yox idi. Hərbi hissə isə şəhərdən kənarda yerləşirdi. 

Evləndikdən bir ay sonra Murad Amerikaya təlimə getdi. 6 ay dil kursu keçməli idi. Dedi ki, sən də gəl, mən də sənədlərimi hazırlayıb ora getdim. Murad əsas təlimə - “Ranger” kursuna gedəndə isə mən Bakıya qayıtdım.


- Murad Mirzəyev şəkillərdəki baxışlarından sərt, ciddi insana bənzəyir. Onun xarakteri də elə idimi? 
 



- Bəli, Murada deyirlər ki, sərt baxışlı, vahiməli... şəkildə elə görünür. Ancaq o hərbdə başqa cür insan olub, evə daxil olanda başqa. Çox mülayim, səbirli, təmkinli idi. Həddindən artıq qayğıkeş, ailəsinə sadiq insan idi. Hərbçilərin, xüsusən də Muradgilin vaxt olmurdu ki, ailəyə sərf etsin. Çalışırdı ki, günün bir saatı boş olsa, onu bizə sərf etsin. Evdə heç vaxt hiss etmək olmazdı ki, bu insan hərbçi - xüsusi təyinatlıdır.
Murad hərbi sahəyə çox bağlı idi. Onun həm peşəsi, həm hobbisi, həm də əyləncə yeri hərbi idi.
Hərbçiyə naz etmək ki, mən qadınam və s., bu alınan deyil. Mən təhsilimi kənara qoydum, davam etdirmədim. Evdə mən işlədim, çöldə o. Murad həmişə harasa gedəndə çox arxayın olurdu, bilirdi ki, özü qədər inandığı bir nəfər də evdə qalır. Ailə qurandan sonra özümü kənara çəkməmişəm. Deməmişəm ki, mən xanımam, incə məxluqam və s. Biz ailə quranda Murad kapitan idi. Bir hərbçi evindən, ailəsindən arxayın deyilsə, heç vaxt onun işində irəliləyiş ola bilməz. Murad kapitan rütbəsindən polkovnik rütbəsinədək yüksəldi. Bizim ən sevdiyimiz gün həftənin 5-ci günü idi. Çox sevirdi kinoya baxmağı.
Murad o qədər vətənpərvər insan idi ki, mən şadam ki, ona bu yer qismət oldu, Qarabağ torpağında şəhid oldu.
40 yaşına Qarabağda qədəm qoydu. Sonuncu doğum günündə ona mesaj yazdım, şəklini profilimə qoydum, dedi ki, çıxart, belə şeylərdən heç xoşu gəlmirdi. Göstərişi sevən insan deyildi. Ancaq diqqətcil idi. Övladları ilə vaxt keçirməyi sevirdi. Ekstremal şeyləri çox sevirdi. Onda qorxu deyilən hiss yox idi.
 

- O hərbi təhsilini Türkiyədə, “Kara Harb Okulu”nda davam etdirib. 1998-ci ildə bu məktəbi bitirib. Türkiyə, orada aldığı hərbi təhsil onun həyatına necə təsir edib? Türkiyə onun üçün nə ifadə edirdi?



- Bəli, o, Atatürkün bitirdiyi “Kara Harp Okulu”nda yüksək səviyyədə təhsil almışdı. Muradın hərbçi kimi formalaşmağında Türkiyə təhsilinin çox böyük önəmi olub. Çünki Atatürk ruhu tam başqadır. Mən Atatürkün həyatına, onun dediyi sözlərə baxanda, elə bilərəm Muradı görürəm. Çox sevirdi, Atatürkü. Mənə deyirdi ki, Türkiyəyə getməzdən öncə başqa cür insan imiş. Ora getdikdən sonra isə həm xasiyyəti, həm də dünyaya baxışı dəyişib. Həm cəsur, həm savadlı olmağı hər hərbçi bacarmır. Muradda bunların hamısı toplanmışdı. Ona diplomatik missiyada attaşelik vəzifəsi təklif etmişdilər, ancaq razılıq vermədi. Dedi ki, mən kabinetdə otura bilən hərbçi deyiləm, risk etməyi, vuruşmağı sevən adamam.

O şəhid olandan sonra bizi “Kara Harb Okulu”na dəvət etdilər. Orada dərs otaqlarından birinə Muradın adı verilib, şəkli qoyulub. “Kara Harb Okulu”nun girişində iri sütünlar var. O sütünlarda “Kara Harb Okulu”nu bitirib şəhid olanların adları var. Həmin adların arasında Muradın da adı yazılıb.
Muradda həm qırmızı beret var idi, həm da yaşıl, bu, hər hərbçidə olmur. Biz ora gedəndə bir törən təşkil olundu. Türkiyənin əvvəlki müdafiə naziri Hulusi Akarla şəkil çəkdirdik. Onda övladlarım Nurlana qırmızı, Dənizə yaşıl beret geyindirmişdim. Hulusi Akar uşalara baxdı və dedi ki, sizin atanız həqiqətən də yüksək səviyyəli hərbçi olub ki, bu iki beretə sahib idi. 

Türkiyədə şəhid ailəsinə olan yanaşma tamam başqa cürdü. Orada yaxamıza taxmaq üçün "şəhid ailəsi" yazılan kart verdilər. Dedilər birdən səhv anlayarsınız, biz istəyirik ki, generallar bunu oxuyub sizə yaxınlaşsınlar, əl verib görüşsünlər. Orada şəhid anlayışı tam başqadır.
 

- Şəhidə və ailəsinə Türkiyədəki münasibətdən danışdınız. Bəs bu münasibət Azərbaycanda necədir? 
 

- 2016-ya qədər susqunluq idi. Bu tarixdən sonra şəhidlik nədir, şəhid ailəsi ilə necə davranılmalıdır kimi məsələlər münasibət formalaşdı. İndi bizim dövlət qurumlarında, İcra hakimiyyətlərində şəhidlərlə, qazilərlə bağlı ayrıca şöbə yaradılıb. Müharibədən sonra şəhid anlayışı bizdə də dəyişdi. 

Mən heç vaxt şəhid ailəsi olduğumu bildirməmişəm, bundan istifadə etməmişəm, amma tanıyanlar, bilənlər çox hörmət edirlər. Dövlətimdən də, millətimdən də razıyam. Şəhid ailəsi o demək deyil ki, hər şeyi tələb etməlidir. Şəhid ailəsi ucalıq deməkdir. Millətimdən də, dövlətimdən də heç vaxt şikayət etmərəm. Ancaq son vaxtlar xoşuma gəlməyən bəzi nüanslar var. Bəzi şəhid ailələri bu addan sui-istifadə edirlər. Şəhid ailələri bu adın qiymətini dərk edib, onu ucuzlaşdırmasınlar. Mənim şəhid yoldaşı olan xeyli rəfiqəm var. Bir-birimizə ailəvi yaxınıq, sadiqik. Bir-birimizlə təsəlli tapmışıq. O xanımları tanıyıram. Onlar çox qürurlu insanlardırlar. Şəhidlərin adı tarixə yazılıb. Əgər şəhidin adı əbədiləşdirilməlidirsə, bunu dövlət qurumu etməlidir. Mən hətta maşınında şəhidimin şəklini gəzdirənlərə etiraz etmişəm. Demişəm ki, mənim yoldaşımın şəkilini qoyub maşın sürməyi qəbul etmirəm, hamı çıxarsın.

“Kara Harb Okulu”nda azərbaycanlı tələbələr də təhsil alır. Onlar ora böyük fərəhlə qəbul olunurlar. Mənə Muradla fəxr etdiklərini deyirlər. Bu, mənim üçün bəsdir. Bilirsiniz, onun haqqında kitab yazılanda da mən çox danışmamışam. Düşünmüşəm ki, qoy, hərbçi yoldaşları danışsın, belə daha yaxşı olar. Çünki o, ailəsinə heç nə danışmayan, hərbi sirri verməyən bir insan idi. 
 


- Övladları ilə bağlı arzusu nə idi? Onları harada görmək istəyirdi?

 

- Murad şəhid olanda oğlum birinci sinfə, qızım isə bağçada gedirdi. Eyni zamanda əlavə kurslara gedirdilər. Qızım çox gözəl şeirlər deyirdi. Murad hər də gələndə "ata mən təzə şeirlər öyrənmişəm" deyirdi, o da yorğun olmasına baxmayaraq, səbrlə dinləyirdi. Münasibətləri çox gözəl idi. Bir dəfə oğlundan kim olmaq istədiyini soruşdu. Dedi, ata mən insan olmaq istəyirəm. Bu cavab Muradın o qədər xoşuna gəldi ki...
Murad son zamanlar təlimə gedəndə oğlunu da özü ilə aparırdı. İstəyirdi ki, ona da nələrisə öyrətsin, tək hərbini yox, həyatı öyrətmək istəyirdi. Uşaqlar kiçik idi, arzuları yarımçıq qaldı. Murad üçün əsas bu di ki, övladları sağlam böyüsünlər.
 

- Onun sizə danışdığı hərbi xatirələri də dinləmək maraqlı olardı...
 

- Murad tez-tez 5-10 günlük təlimə gedirdi. Amma heç vaxt evdə gəlib bu haqda danışmazdı. Heç vaxt sirr verən insan olmayıb. Gəlib sakitcə oturardı. Mən bilirdim onun işinin prinsipi nədir, bunu üzündən hiss edirdim ki, haradasa gərginlik var. O həmişə öz hərbçi yoldaşlarına da deyirdi ki, iş haqqında ailədə danışmaq düzgün deyil.  
Aprel döyüşləri başlayan ərəfədə məlumat yayıldı ki, vertolyot vurulub. Mən ondan soruşdum ki, şəhərdə məlumatlar var ki, müharibə başlayıb. Dedi, nə məlumat, şayiələrə inanma, sakitçilikdi. İstəmirdi ki, narahat olaq...
 


- Bəzən şəhidlər sanki şəhid olacaqlarını əvvəlcədən hiss edirlər. O sizə bu haqda nələrsə demişdimi?

 

- Mən həmişə bu məsələdə nikbin olmuşam. Düşünürdüm ki, o özünü qoruyar, nəsə olmaz. Hətta bir dəfə yayda bir döyüşə getmişdi, 3 gün ondan xəbər çıxmamışdı. O zaman şəhidlərimiz də olmuşdu.
Mən həmişə deyirdim ki, özündən muğayət ol. O da deyirdi ki, narahat olma, önə getmirəm. O söz məni o qədər sakitləşdirirdi ki... Düşünürdüm ki, Murad heç vaxt öndə olmaz. Amma o ən öndə gedənlərdən imiş... Elə ön sırada da şəhid olmuşdu. Onun alnına şəhidlik, “Milli Qəhraman”lıq yazılıbmış. Sadəcə, mən bunu görməmişəm…
Bir dəfə dedi ki, mənə nəsə olsa, hər şeyi sənə tapşırıram. Mən də dedim ki, birdən fikirləşərsən ki, sənə nəsə olsa, "Vətən sağ olsun!" söyləyəcəm... Dedi ki, o sözü elə mərd dayanıb deyəcəksən ki, gözündən yaş da gəlməyəcək.
28 mart onun evdən son çıxış günü olub. Bayram yenicə ötmüşdü, deyirdi ki, vaxtı olan kimi gedəcək ata-anasını görməyə. Ancaq vaxtı tapmadı getməyə, onlar bizə gəldilər. Sonra dedi ki, gedək uşaqlara alış-veriş edək. Getdib etdik. Evə gəldik dedi ki, hamısını bir-bir geyindir, baxacam. Sanki ürəyinə dammışdı ki, bu gedişin dönüşü olmaya bilər. Martın 28-i səhər bizimlə görüşüb evdən çıxdı... 
 

- Onunla son danışığınız nə zaman olub? Nələr deyib? 
 

- Son danışığımız 2 aprel tarixində olub. Dedi ki, narahat olma, hər şey yaxşıdır. Nə vaxt gələcəyini sorduşdum, dedi nə gəlmək, hələ gəlməkdən danışma.
Aprelin 2-dən 3-nə keçən gecə ağır döyüş olub. Ön sırada ən strateji mövqedə son ana qədər vuruşublar. Səhərə yaxın ermənilər onların yerini təyin edib.
Muraddan 10 gün xəbər olmadı. Sonra dedilər ki, Muradın meyiti tanınıb, 11 aprel tarixində dəfn olundu. 
2016-dan bəri çox duyğularım olub. Həyatı, insanları günahkar bilmişəm. Ancaq 2 övladım üçün dik durmağa məcbur idim. Övladlarıma 1 ildən sonra atalarının şəhid olduğunu dedim. Qızım Dəniz çox ağladı, Nurlan isə bu xəbəri başqa cür qarşıladı, sanki dərdi içinə saldı... O dövr mənə çox çətin idi. Uşaqlar indi dərk edirlər ki, şəhid ölü sayılmır.


- Qarabağ işğaldan azad olundu. Murad Mirzəyev Qarabağın işğaldan azad olduğunu görsəydi, nələr deyərdi?


- Qələbə günü oğlum mənə dedi ki, kaş ata bu günləri görərdi, ata bunu görməyə çox layiq insan idi. Dedim ki, oğlum haqlısan, atanın ruhu şaddır, çünki torpaqlarımız azad olunub. Biz elə dövrün uşaqları olmuşuq ki, hər şey gözümüzün önündə baş verib. 20 yanvar, Qarabağ hadisələri, qaçqın və köçkünlərin gəlməyi.., bunlar istər-istəməz bizdə qisas hissini gücləndirib.
Kaş Murad da bu günləri görəydi. Mən müharibə vaxtı yerimdə otura bilmirdim, istəyirdim ki, gedim necəsə kömək edim.
Onun şəhid olduğu Talış kəndi azad ediləndə o qədər ağladım ki, ancaq ürək eləmirəm ora getməyə.
Qarabağ mənim üçün müqəddəs torpaqlardı. Murad kimi qəhrəmanlar o torpaqlara bizdən fərqli olaraq sürünərək, minalı yerləri qaranlıqda keçərək getmişdilər... Bunu heç vaxt unutmamalıyıq!

 

Şəbnəm Zahir

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusunda dərc olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!