Modern.az

Bu simptomları hiss edəndə mütləq həkimə gedin! - Hepatoloqla MÜSAHİBƏ - FOTOLAR

Bu simptomları hiss edəndə mütləq həkimə gedin! - Hepatoloqla MÜSAHİBƏ - FOTOLAR

Müsahibə

3 May 2024, 16:50

"Referans Medical Group"un yeni Hepatoloji Mərkəzinin Baş həkimi, tibb üzrə fəlsəfə doktoru, infeksionist-hepatoloq, doktor Hicran Xıdırova Modern.az-a müsahibə verib. O, qaraciyər sağlamlığı, piylənmə, hepatit və sair mövzularda suallarımızı cavablandırıb.

 

Müsahibəni təqdim edirik:

 

- Müsahibə üçün təşəkkür edirik. Təcrübənizə əsasən, qaraciyərlə bağlı ən çox hansı xəstəliklərə rast gəlirsiniz?

 

- Gün ərzində qəbuluma gələn hər 5 pasiyentin birində qaraciyər yağlanması problemi olur. Virus hepatitlər, qaraciyər yağlanması və alkoqol qəbuluna bağlı toksiki hepatitlər də sıx müşahidə olunur.

Qaraciyər sağlamlığı ilə diabet və piylənmə arasında əlaqəni necə izah edə bilərsiniz?

 

- İstər diabet, istər qaraciyər yağlanmasnını yaranma mexanizmi əsasında metabolik disfunksiyaya dayanan patologiyalar durur. Bu səbəbdən hər bir diabet və ya qaraciyər yağlanması olan pasiyentdə bu və ya digər dərəcədə qaraciyərin həm organik, həm də funksional pozulması müşahidə edilir.


- Bəs, qaraciyər xəstəliklərində genetikanın rolu varmı?

 

- Bəli, bildiyimiz və bilmədiyimiz bir sıra genetik qaraciyər xəstəlikləri mövcuddur. Eyni zamanda qaraciyər xəstəliklərində genetik meyilliliyin olduğu da təsdiq olunmuşdur.

 

- "Hepatit C" və ya siroz kimi xroniki qaraciyər xəstəlikləri ilə mübarizədə son illər hansı yeniliklər baş verib?

 

- Artıq bir neçə ildir ki, "Hepatit C"nin müalicəsində "birbaşa təsir edən preparatlar" mövcuddur. Bu müalicələr aparıldıqdan sonra irəli fibrozu və sirrozu olmayan pasiyentlərdə "Hepatit C" virusunun müalicəsinin aparılması daha mümkün olmuşdur. Sirrozun müalicəsində isə səbəbə bağlı olaraq, müalicələr pasiyent üçün individual və uzunmüddətli olaraq tətbiq olunur.

 

- Qaraciyərin sağlamlığını qorumaq və ya qaraciyər xəstəliklərinin qarşısını əvvəlcədən almaq istəyən xəstələrə adətən hansı məsləhətləri verirsiniz?

 

- Düzgün həyat tərzi, sağlam qida rejiminə riayət edərək fiziki aktivliklərini qorumaq kimi məsləhətlər veririk. Ancaq həkim məsləhəti olmadan dərman preparatı qəbulu və bitki dəmləmələrini içmələrini məsləhət görmürəm.

 

- Müəyyən qaraciyər xəstəliklərinin müalicəsi üçün qaraciyər transplantasiyası məsləhət görülür. Bunun potensial riskləri və faydaları nələrdir?

 

Qaraciyər transplantasiyasını artıq qaraciyər fuksional fəaliyyətini itirmiş pasiyentlərə məsləhət görürük. Lakin istər donorun tapılması, istərsə də əməliyyatın özü çox böyük risklər daşıyır. Qeyd edək ki, hal-hazırda bu problemlərin həllini bir qədər yüngülləşdirmək üçün qaraciyər transplantasiyası əməliyyatə Azərbaycan səhiyyə sisteminin dövlət proqramına əlavə olunmuşdur.


- Xüsusilə xroniki qaraciyər xəstəlikləri olan insanlarda qaraciyər xərçəngi inkişaf riskini azaltmaq üçün hansı profilaktik tədbirlər görülə bilər?

 

- Qaraciyərin qeyri-invaziv müayinə metodlarından olan və bizim mərkəzimizdə müayinəsi aparılan "fibroscan" müayinə sayəsində qaraciyərin fibroz dərəcəsi dəqiq və rəqəmsal göstəricilər ilə təyin olunduqdan sonra bu pasiyentlər üçün xüsusi müayinə planı hazırlanır ki, vaxtaşırı bu müayinələrdən keçmək ilə pasiyentlərdə HCC (qaraciyər xərçəngi) riskini önləmək və ya erkən diaqnostikasını aparmaq mümkündür.

 


- Pediatrik xəstələrdə qaraciyər xəstəlikləri ilə mübarizə böyüklərin müalicəsindən necə fərqlənir?

 

- Adətən erkən yaşlarda genetik qaraciyər xəstəliklərinə rast gəlirik, lakin müəyyən qan xəstəlikləri və digər xroniki patologiyası olan körpələrdə qaraciyər xəstəliklərini daha sıx görürük. Məhz bu səbəbdən ailə anemnezində bu və ya digər qaraciyər xəstəliyi olan valideynlər evlənmədən öncə "check-up" müayinəyə cəlb olunaraq, daha sonra evlilik və övlad sahibi olmaları məsləhət görülür.

 

- Son olaraq, insanlar hansı simptomları gördükdə mütləq hepatoloqa müracit etməlidir?

 

- İstədiyimiz qədər bu simptomları sadalaya bilərik, lakin insanlar ən əsasları qaşınma, dəridə ləkələrin yaranması, saralma, hədsiz köp hissi, qəbzlik, sağ qabırğa altında ağrı və bir sıra simptomlar hiss edən zaman mütləq qaraciyərin səssiz orqan olduğunu xatırlayıb, həkim kontroluna gəlməlidirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?