Modern.az

Nə üçün cənab İlham Əliyevlə bağlı imkanı əldən qaçırmalıyıq? - Keçmiş prokurordan TƏKLİF

Nə üçün cənab İlham Əliyevlə bağlı imkanı əldən qaçırmalıyıq? - Keçmiş prokurordan TƏKLİF

Müsahibə

13 May 2024, 13:36

“Prezidentimizin münaqişəni həll etmək bacarığı Rusiya, Türkiyə, Gürcüstanın, BMT-nin də diqqətinə çatdırılmalıdır!”

Müsahibimiz 30 il prokurorluq və məhkəmə orqanlarında çalışmış, münaqişə dövründə Qarabağ ətrafındakı rayonlarda işləmiş, Qarabağa yardımla əlaqədar birbaşa fəaliyyət göstərmiş, dəfələrlə müharibə zonasında olmuş hüquq üzrə fəlsəfə doktoru, “Azərbaycanın qüruru” qızıl medalına layiq görülmüş Ramiz İsmayıl oğlu Cəfərovdur.

Ramiz İsmayil oğlu Cəfərov 07.08.1954-cu ildə Göyçay şəhərində anadan olub. 1983-1990-ci illərdə Beyləqan rayon prokuroru, 1990-1993-cu illərdə Kürdəmir rayon prokuroru, 1995-1997-ci illərdə Mingəçevir şəhər prokuroru, 2000-2007-ci illərdə Quba rayon Məhkəməsinin sədri vəzifələrində çalışıb. Hazırda pensiyadadır.


- Ramiz müəllim, keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fəaliyyətiniz çoxlarına məlumdur. Qarabağ artıq işğaldan azad olunub. Bu günlərdə sülh danışıqları aparılır, Qazaxın 4 kəndi Ermənistandan geri alınır. Bu barədə fikirlərinizi bilmək istərdik.


- Tarixi doğma torpaqlarımızın geri qaytarılması ilə əlaqədar eşitdiyimiz hər yeni məlumat, hər bir azərbaycanlını sonsuz dərəcədə qürurlandırır, müstəqil dövlətimizin müqəddəs tarixini daha da zənginləşdirir. Doğrudan da bu gün biz əvvəlki dövrlərdə xəyalımıza sığmayan, çox gərgin və maraqlı bir zaman kəsiyində yaşayırıq.

Qarabağ problemi ilə əlaqədar rastlaşdığımız o məşəqqətli anlardan, bu problemlərin həlli ilə bağlı çətinliklərdən bugünkü nəslin bütün nümayəndələri ətraflı və dolğun məlumatlı olduğuna görə, həmin tarixi hadisələri təkrarlayıb vaxt almaq istəmirəm. 

Ancaq 30 ildən artıq davam edən münaqişənin sonunda ağlasığmaz, misilsiz tarixi qələbələrimizin nəzəri əsasını qoyan Ulu öndərimiz Heydər Əliyevin və onun siyasətini zərgər dəqiqliyi, böyük məharət və diplomatik bacarıqla həyata keçirən Ali Baş Komandanımız, möhtərəm Prezident İlham Əliyevin dahi və uzaqgörən dövlətçilik təcrübəsinə, fenomenal cəsarətinə, diplomatik uğurlarına heyran qalmamaq olmur. 

Uğurumuzun fenomenallığı və qeyri-adiliyi ondadır ki, 30 ildir gecə-gündüz hər bir azərbaycanlının arzusu yalnız 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən işğal olunmuş Qarabağın dağlıq hissəsinin və ətraf 7 rayonun işğaldan azad edilməsi idisə, bu gün eyni zamanda sovet hakimiyyəti illərində tamamilə qanunsuz və xalqımızın iradəsinə zidd şəkildə əlimizdən zorla, birtərəfli qaydada alınmış torpaqlarımızın da geri qaytarılmasının şahidi oluruq. O cümlədən Qazax rayonunun işğaldan azad olunan 4 kəndi də bura daxildir.

Əlbəttə, hamı kimi mənim də, sevincimin həddi-hüdudu yoxdur. Heç bir qurban verilmədən, tarixi torpaqlarımızın işğalçılar tərəfindən, dinc yolla, yalnız Prezidentimizin tələbi ilə geri qaytarılmasını qələbəmizin uğurlu davamı kimi dəyərləndirirəm.

Doğrusunu deyim ki, bu uğur Azərbaycan xalqının və dünya azərbaycanlılarının böyük əksəriyyəti üçün gözlənilməz bir sürprizdir. Heç birimiz bunu gözləmirdik. Bu yalnız Prezident İlham Əliyevin qlobal, tarixi problemlərimizin həllinə, Ali Baş Komandan kimi çox böyük tarixi məsuliyyətlə, əsl vətənpərvərlik hissilə, vicdanla yanaşmasının nəticəsidir. Mən bir adi seçici və xalqın sadə bir övladı kimi deyirəm ki, eşq olsun Sizə,  cənab Ali Baş Komandan! Bu alqışı bütün Azərbaycan xalqı, ilk növbədə son seçkilərdə Prezidentə səs verən bütün seçicilər böyük həvəs və sevinc hissilə edirlər.

Sonuncu Prezident seçkilərində xalqımızın İlham Əliyevə misli görünməmiş yüksək etimad göstərməsi tarixdə heç bir dövlət başçısının əldə edə bilmədiyi möhtəşəm bir uğurdur.

Zəruri hesab edirəm ki, bu qələbəni bilavasitə həyata keçirən Ali Baş Komandanımız müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən, ayrıca olaraq bu qələbəmizin təminatı ilə əlaqədar mütləq müvafiq mükafata layiq görülməlidir.


- Əldə etdiyimiz qələbə ilə əlaqədar Ali Baş Komandanın mükafatlandırılması məsələsini nə üçün zəruri hesab edirsiniz? 


- Çox düzgün vurğulayırsınız ki, əldə etdiyimiz qələbə. Bu qələbəni biz əldə etmişik, bizə bağışlamayıblar. Özü də hamımız şahidiyik ki, bu müharibəni uzun müddətdir ki, yalnız ermənilərə qarşı deyil, eyni zamanda onların bütün havadarlarına qarşı aparırdıq.

Onlara silah-sursat verənlərin, canlı qüvvə cəhətdən yardım edənlərin, diplomatik sahədə onları dəstəkləyənlərin, habelə bizim haqq işimizə mane olanların hamısını məğlub etmişik.   

Güman edirəm ki, qələbəmizin miqyası, onun diapazonu, başladığımız müharibənin riski və s. kimi hallar hələ xalqımıza tam təhlil edilib  çatdırılmayıbdır.


- Biz Şah İsmayıl Xətainin dövründən itirə-itirə gəldiyimiz torpaqlarımızın xeyli hissəsinin ilk dəfə məhz xalqımızın fenomenal igidliyi sayəsində geri qaytarılmasına nail ola bilmişik.
 

- Bəli, eyni zamanda bu qələbəmizlə, keçən əsrin əvvəllərindən bu günədək davam edən, erməni-müsəlman düşmənçiliyinin əsl səbəbi və bəhanəsi olan, minlərlə insanın ölümünə gətirən “Dağlıq Qarabağ münaqişəsi”nə birdəfəlik son qoyuldu.

Uzun müddətdir ki, dünyanın bir çox regionlarında, o cümlədən İran-İraq arasında Fars körfəzi uğrunda, Suriya və İsrail arasında Qolan yüksəklikləri uğrunda, Rusiya ilə qonşu Ukrayna, Moldova, Gürcüstan arasında və digər regionlarda ciddi ərazi münaqişələri baş verir. Bu münaqişələrin heç biri öz müsbət həllini tapa bilməmiş, əksinə böyüyüb sonu bilinməyən və bütün dünyanı narahat edən amansız müharibələrə gətirib çıxarmışdır. İsrail-Fələstin qırğını gözümüzün qarşısında baş verir.

Qarabağ məsələsi də daxil olmaqla bütün regional problemllərin heç birini həll edə bilməyən və münaqişələrin həlli qarşısında aciz qalan beynəlxalq  təşkilatların müharibəyə təkbaşına son qoyan Azərbaycan dövləti və möhtərəm Prezidentlə razılaşmaqdan başqa digər yolları qalmamışdır. Bu gün artıq Qarabağ əhalisinin etnik tərkibindən, onların hansısa statusundan, yaşam istiqamətlərini seçməsindən danışmağa, bu kimi işlərə qarışmağa və dövlətimizi qınamağa heç bir beynəlxalq təşkilatın mənəvi haqqı çatmır.

Məhz həm beynəlxalq hüquqi nöqteyi-nəzərdən, həm də suverenlik prinsiplərinə və sağlam məntiqə əsasən, bu sadaladığım məsələləri, suverenliyini və ərazi bütövlüyünü öz gücü hesabına bərpa edən müstəqil Azərbaycan dövləti kənardan müdaxilə olmadan təkbaşına həll etməyə tam qadirdir və buna hər cür haqqı vardır.

Əlbəttə ki, 30  ildən çox davam edən bu mürəkkəb regional silahlı münaqişənin məhz cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həll edilməsi onu göstərir ki, dövlətçilik və idarəçilik  təcrübəsinə görə yüksəkdə dayanan bu dahi şəxsiyyətin mütləq ucalıqlarını inkar etmək olmaz. Məhz onun dövlət idarəçiliyində fenomenal bacarığı və danılmaz cəsarəti sayəsində həlli qeyri-mümkün hesab edilən bu qlobal problem müvəffəqiyyətlə həll edildi. Həm də xüsusi qeyd edilməlidir ki, bunun çox böyük hissəsi qırğın olmadan dinc yolla nizama salındı.  

Hesab edirəm ki, öz xalqının tarixi uğuru yolunda bütün qüvvəsilə, yorulmadan mübarizə aparıb belə yüksək nailiyyətin əldə edilməsi hər bir dövlət başçısına nəsib olmur və dövlətçilik təcrübəsi də göstərir ki, bu uğura asanlıqla nail olmaq mümkün deyildir. Öz dövlətçilik təcrübəmiz də göstərdi ki, bu problemi münaqişə dövründə ölkəmizə rəhbərlik etmiş nə Ayaz Mütəllimov, nə Yaqub Məmmədov nə də ki Əbülfəz Elçibəy həll edə bildi.  

Gecə-gündüz diləyirdik ki, bu münaqişəni həll edə bilən istənilən Prezidentin qızıldan heykəlini qoyacağıq. O şəxsiyyət bizim əbədi dövlət başçımız olacaq və s.  

Əlbəttə ki, xalqımız misli görünməmiş, çox yüksək səs çoxluğu ilə İlham Əliyevi təkrar Prezident seçməsilə öz vədinə sadiq olduğunu bir daha təsdiq etdi. Lakin bu, Prezidentin xidməti qulluğu ilə əlaqədar fəaliyyətinin qiymətidir. Xalq isə onun Ali Baş Komandan kimi müharibədə əldə etdiyi möhtəşəm qələbəmizə uyğun layiq olduğu dəyərini, mükafatını görmək istəyir. Buna cənab Prezidentin tam haqqı vardır, eyni zamanda onun bu adı ilə Azərbaycan xalqının da qürur hissi keçirməyə, fəxr etməyə tam haqqı vardır.  

Hesab edirəm ki, Prezident təvazökarlıq göstərib bu mükafatdan imtina etsə də, xalqın hisslərinə hörmətlə yanaşılmalıdır. Arzulayırıq ki, bizə qələbəmizin mükafatını daşıyan şəxsiyyət Prezidentlik etsin.   

Bəs bu nailiyyətin qiyməti istər xalq, istərsə də beynəlxalq təşkilatlar tərəfindən necə verilməlidir?

Bir qədər təhlil etsək görərik ki, dünyanın aparıcı dövlətləri olan ABŞ, Rusiya və Fransa nümayəndələrinin təmsil etdiyi Minsk qrupunun 30 il ərzində həll edə bilmədiyi bir problemi 44 günlük döyüş meydanında həll edən cənab Ali Baş Komandanın təcrübəsi fenomenal bir müstəsnalıq təşkil edir. Xüsusən Şuşa kimi alınmaz bir qalanın ağır döyüş texnikalarından istifadə etmədən, demək olar ki, yalın əllə düşmənlərdən azad edilməsi dünya müharibə təcrübəsində görünməmiş bir qəhrəmanlıqdır. Hərbi nöqteyi-nəzərdən dünyanın ən inkişaf etmiş dövlətlərinin nümayəndələrinin bu döyüş təcrübəsini öyrənməyə gəlməsi bizdə böyük iftixar hissi yaratmışdır və Azərbaycan xalqının bununla fəxr etməyə tam haqqı vardır.

Əlbəttə, bu döyüş səhnəsində müstəsna qəhrəmanlıq göstərən igidlərimiz - şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin, qazilərimizin hamısına Allah şəfa versin - vaxtında və düzgün olaraq müxtəlif orden-medallara layiq görülərək mükafatlandırılıblar.

Buradan təbii olaraq belə bir sual meydana gəlir ki, bəs bu qədər qəhrəmanı olan orduya böyük bacarıqla, cəsarətlə və yüksək intellektual səviyyədə rəhbərlik etmiş, ilk dəfə 5-ci nəsil elektron texnikalarla müasir və müvəffəqiyyətli döyüş bacarığı nümayiş etdirmiş Ali Baş Komandanın  öz xalqı və dövləti tərəfindən qiyməti necə verilibdir? Bu gün bu sual verilməsə də, müəyyən tarixi dövr keçəndən sonra mütləq xalq tərəfindən və tariximizi vərəqləyənlər tərəfindən veriləcəkdir. Onda öz qəhrəmanını qiymətləndirməyən xalq barəsində necə müsbət fikir yarana bilər?

Yəni demək istəyirəm ki, bu ecazkar qələbənin rəhbəri və təminatçısı olmuş Ali Baş Komandanın qələbəmiz ilə əlaqədar mükafatlandırılması tarixi salnaməmizin tələbidir, heç bir halda bundan çəkinməli deyilik.

Digər tərəfdən, xalqımız da, ordumuz da layiq olduğumuz qürur hissini  keçirməli və bizə Milli Qəhrəmanımızın başçılıq etməsilə daim fəxr etməlidir.

Təbiidir ki, bu qiymətin verilməsində Prezidentin heç bir marağı və təşəbbüsü yoxdur. Aydındır ki, xalqının çətin günündə təmiz qəlblə, arxasında heç bir maraq düşünmədən sinəsini qabağa verib xalqını bu çətinlikdən qurtaran dahi şəxsiyyətlər bir qayda olaraq bunu xalqa və vətənə olan sevgisinə, öz vicdanının səsinə görə edirlər və yalnız qələbənin həzzi ilə ruhlanıb yaşayırlar, onları heç bir mükafat maraqlandırmır.

Lakin məsələyə təkcə bu cür yanaşmağı qətiyyən məqbul hesab etmək olmaz. Hər şeydən əvvəl ona görə ki, bu igid dövlət başçısı, cəsarətli, mərd şəxsiyyət ilk növbədə təmsil etdiyi xalqın aynasıdır. O şəxsiyyət xalqı ilə öyündüyü kimi, xalq da onunla öyünməyə haqlıdır.  

Digər tərəfdən, bu gün kiməsə maraqlı görünməyən bu məsələ min illiklər davam edən tariximiz, gələcək nəsillərimiz üçün xüsusilə vacibdir. Heç nədən, olmayan hadisələrdən və ya başqa millətin tarixi hadisələrindən özünə yalan və saxta tarix yaradan xalqlardan fərqli olaraq, həqiqi baş verən tariximizi qoruyub saxlamağı və onu real faktlarla zənginləşdirməyi bacarmalıyıq.  

Konstitusiyamızın müddəalarına görə Prezident xalqını təmsil edir. Ona görə də Prezidentə verilən hər bir müsbət dəyər məhz onun təmsil etdiyi xalqa verilən dəyər hesab edilir.  

Bu baxımdan hesab edirəm ki, möhtərəm Prezident – Ali Baş Komandan kimi Qarabağ müharibəsində göstərdiyi müstəsna komandanlıq qabiliyyətinə, çevik və cəsarətli idarəçilik bacarığına görə ölkəmizin müdafiəsi ilə əlaqədar ən yüksək mükafatı olan “AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI” adına layiq görülməlidir.

Çox yaxşı olardı ki, səlahiyyətli orqanlar, o cümlədən mövcud təlimata uyğun olaraq Müdafiə Nazirliyi Milli Məclis qarşısında vəsatətlə çıxış etsin. Eləcə də, deputatlar Milli Məclisdə cəsarətlə təşəbbüskarlıq göstərərək, müvafiq qərar qəbul etsinlər.

Bundan başqa, Qarabağ probleminin həlli bölgəyə sülh və əmin-amanlıq gətirdiyinə görə, regionla birbaşa əlaqəsi olan və sabitliyin bəhrəsini görə bilən Rusiya, Türkiyə, Gürcüstan kimi dövlətlərin də Prezidentimizin münaqişəni nizama salma bacarığını müsbət dəyərləndirməsi üçün rəsmi orqanlarımız, yaxud bir qrup görkəmli ziyalımızın imzası ilə onlara müraciət olunmalıdır.
 
Xüsusi qeyd etmək yerinə düşərdi ki, Qarabağ problemi dövlətimiz tərəfindən həll edilənədək bu münaqişənin nizamlanması barədə BMT-nin 1993-cü ilin 30 aprel, 29 iyun, 14 oktyabr və 12 noyabr tarixlərində qəbul etdiyi 4 qətnaməsi uzun illər idi ki icra olunmurdu. Nəhayət, hesab edirəm ki, məhz bu qərarların icrasının Prezidentin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən təmin edilməsi də BMT-nin diqqətinə çatdırılmalı və Prezidentimizin regional münaqişəni nizama salmaq sahəsində beynəlxalq fəaliyyətinə bu təşkilatın da müsbət qiymət verməsinə nail olmağa çalışmalıyıq.

Bu, bütün dünya azərbaycanlılarının alqışladığı, tarixi salnaməmizin daha da zənginləşməsi yolunda olduqca möhtəşəm bir addım olardı. Bu zənginlik isə bizim dövlətimizin, dövlətçiliyimizin və xalqımızın sarsılmazlığına, əbədiliyinə və dönməzliyinə xidmət edir.  

Belə bir son dərəcə dəyərli tarixi qələbənin başında duran şəxsiyyətə laqeyd yanaşmaq olarmı?

Burada dediyim sözlər kiminsə xoşuna gəlmək, kiməsə yarınmaq məqsədi daşımır. Mən bunu xalqımızın, dövlətimizin və dövlətçiliyimizin tarixini zənginləşdirmək, onu dünya xalqlarının tarixi arasında daha da ucaltmaq naminə, layiq olduğumuza görə deyirəm. Axı bizim bu nailiyyətimiz bütün dünyanın şahid olduğu real bir həqiqətdir. Nə üçün bu imkanı əldən qaçırmalıyıq?  

Bu hadisələrin real şahidləri bizik. Əsl həqiqətləri biz təsvir edə və gələcək nəsillərə çatdıra bilərik. Belə olmazsa, tarixi ustalıqla saxtalaşdırmağı bacaran düşmənlərimiz bir müddətdən sonra bu hadisələri həyasızlıqla gözdən sala və bizim əleyhimizə yönəldə bilərlər.

Baxın, Qarabağdan könüllü köçüb gedən ermənilər guya tərəfimizdən deportasiya olunduqlarını, zorla köçürüldüklərini dünya ictimaiyyətinə sırımaqla özlərinə yeni güzəştlər əldə etmək istəyirlər. Bu bizi həyəcanlandırmalı deyilmi?
 

- Ramiz müəllim, bildiyimizə görə Siz Qarabağ münaqişəsinin ilk günlərindən hadisələrin içərisində olan şəxs olmusunuz. Bir mütəxəssis kimi sülh müqaviləsinin bağlanması barədə Sizin də konkret fikrinizi bilmək istərdik.
 

- Doğrusu hələ 1988-ci ildə ilk dəfə ermənilərlə aramızda münaqişə    başlayarkən mən keçmiş Jdanov - indiki Beyləqan - rayon prokuroru kimi, o dövrün xidməti tələbinə uyğun olaraq münaqişə zonası ilə yaxından təmasım var idi, həmin zonanın əhalisi ilə tez-tez görüşlərimiz olurdu, onlara maddi və texniki yardımlar edirdik.

Dağlıq Qarabağda baş verən cinayətlərin istintaqı ilə əlaqədar rayon prokurorluğunda işləyən Vaqif adlı müstəntiq yoldaşımız SSRİ Prokurorluğunun müstəntiqləri Qdılyan və İvanovun rəhbərlik etdiyi istintaq qrupuna daxil edilmişdi. Həm onun vasitəsilə, həm də özümün birbaşa əlaqələrim vasitəsilə Qarabağda gedən proseslərdən yaxından məlumatım var idi.  

1991-ci ildə Kürdəmir rayon prokuroru vəzifəsində işləyərkən dissertant kimi Moskvada “Cinayətkarlığın səbəblərini öyrənən İnstitut”da elmi iş götürdüm. O vaxt elmi rəhbərim İqor Viktoroviç Şmarovun dissertasiyanın mövzusu ilə əlaqədar verdiyi başqa təkliflə razılaşmayaraq, “Milli münaqişələr zəminində baş verən cinayətlərin problemləri” adlı mövzunu seçdim və onu yazıb 1993-cü ilin martında uğurla müdafiə edərək namizədlik diplomunu aldım. Bununla əlaqədar həmin ildə “Milli münaqişələr zəminində baş verən cinayətlər” adlı kitabım çapdan çıxdı.

Bundan başqa, Qarabağ münaqişəsi ilə əlaqədar digər yollarla da birbaşa əlaqələrim vardı və orada gedən prosesləri yaxından izləyirdim.

Əlbəttə ki, sülh sazişi barədə mən yalnız özümə aid daxili fikrimi bildirə bilərəm.

Tarix boyu sübut olunmuşdur ki, hər bir silahlı münaqişənin, müharibələrin sonu bir qayda olaraq sülh barışığı ilə yekunlaşır. Müqavilənin başlıca, həlledici şərtlərini isə qalib gələn tərəf müəyyənləşdirir, məğlub gələn tərəf  isə bu şərtlərlə razılaşmağa və onlara əməl etməyə vadar olur.

Avropada yüz illər davam edən dağıdıcı müharibələr olub. Hitler Almaniyası ilə SSRİ arasında 4 ildən çox davam edən amansız müharibə sonda yenə təslimçilik müqaviləsi ilə nəticələndi. Lakin bu millətlər və xalqlar müharibədən sonra yenə dinc yanaşı yaşamağa davam etdilər və bu gün də, müharibənin ağrı-acısını yaddan çıxarıb mehriban qonşu kimi yaşayırlar.

Bütün dünya ictimaiyyətinə tam bəllidir ki, Qarabağ daim Azərbaycanın ayrılmaz torpağı olub. Apardığımız müharibədə qələbə çalmağımıza baxmayaraq, sülh müqaviləsində qoyduğumuz şərtlər tamamilə düzgün və ədalətli şərtlərdir.  

Dəfələrlə rəsmi şəkildə Prezidentimizin də elan etdiyi kimi, bizim heç bir dövlətin torpağında gözümüz yoxdur və öz halal torpağımızın da bir qarışını heç kəsə verən deyilik. Bu sözümüzün arxasında durub onu müdafiə etməyə kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və mənəvi stimulumuz var, müharibə meydanında da bunu tam sübut etmişik.

Siyasi arenada da, dünya dövlətlərinin böyük əksəriyyəti bizim haqq işimizi dəstəkləyir və ermənistan dövlətinin mövqeyini isə haqlı olaraq qınayırlar.

Güman edirəm ki, öz tarixi məntiqsizliyini, uzun müddətli haqsız qırğınların baiskarı olduqlarını müharibə meydanında anlayan, lakin müharibə dayandırılandan sonra məğlubiyyətini həzm edə bilməyən Ermənistan dövləti və xalqı, nəhayət ki, sülhün bizdən çox onlara vacib olduğunu dərk etməyə məcbur olacaqlar.

Onlar üçün daha vacibdir ki, regionun həm hərbi, həm iqtisadi baxımdan aparıcı güc qüvvəsi olan Azərbaycan və Türk dövləti ilə ünsiyyət qursunlar, dinc yanaşı şəraitdə yaşasınlar, onların iqtisadi potensialından yararlana bilsinlər. Əks addımların nə kimi mənfi nəticələrə səbəb olacağını isə qoy onların ağıllı alimləri, akademikləri, tarixçiləri və digər başbilənləri fikirləşsin və əsl vəziyyəti erməni xalqına başa salsınlar.  

Həyatın dəmir kimi möhkəm qanunlarına baş əyməyən hər bir cəmiyyət  mütləq bu qanunların diqtəsinin qurbanları olurlar.

Çox güman edirəm ki, gec-tez erməni xalqı və dövləti də bunu başa düşəcək və sülh müqaviləsinin bizdən qat-qat çox onlara lazım olduğunu dərk edəcəklər.

Yekunda onu demək istəyirəm ki, sülh müqaviləsinin imzalanmasının gecikdirilməsi təbii ki, dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə heç bir xələl gətirə bilməz. Çünki ermənilər də bunu yaxşı bilirlər ki, gecikmə son nəticədə yenə beynəlxalq ictimaiyyətin təsiri altında imzalanma ilə nəticələnəcəkdir. Hər şeydən əvvəl ona görə ki, şərtlər obyektiv həqiqəti əks etdirməklə, real vəziyyətdən irəli gələn halları əhatə edir.

Məsələni müharibə yolu ilə həll etməyə cəhd edilməsi isə olduqca təhlükəlidir və hər bir halda bu, erməni dövlətinin və xalqının fəlakətli sonluğu ilə nəticələnəcəkdir. Qoy bunu da onların ağıllı ziyalıları fikirləşib, təhlil edib xalqlarına başa salsınlar.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi