Modern.az

Uzun müddət davam edən öskürəyin səbəbi nədir? - Pulmonoloqla MÜSAHİBƏ

Uzun müddət davam edən öskürəyin səbəbi nədir? - Pulmonoloqla MÜSAHİBƏ

Müsahibə

20 May 2024, 16:42

Modern.az Referans Poliklinik Əhmədli filialının Baş həkimi, Pulmonoloq Dr. Əsəd Beydullayevin müsahibəsini təqdim edir:

 

- Doktor əvvəl bundan başlayaq. Əksər halda həkimə getməyə səbəb olan öskürək nə üçün baş verir?

 

- Öskürək tənəffüs yollarının təbii müdafiə reaksiyasıdır. Əsas funksiyası tənəffüs yollarına düşmüş yad cisimləri, zərərli toz və qaz hissəciklərini, bronx sekretlərini tənəffüs yollarından uzaqlaşdırılmasıdır. Əksər hallarda heç bir müalicəsiz öz-özünə keçə bilər. Ciddi olmayan səbəblərdən ola biləcəyi kimi ağır xəstəliklərin də xəbərçisi ola bilər. Davam etmə müddətinə görə 3 həftəyə qədər kəskin, 3-8 həftəyə qədər yarımkəskin, 8 həftədən artıq olduqda isə xroniki sayılır. 3 həftəyə qədər davam edən öskürəklərə ən çox tənəffüs yollarının virus və bakterial infeksiyaları səbəb olur. Xəstələri daha çox narahat edən 3 həftədən artıq davam edən yorucu öskürəklərdir.

 

- Qrip xəstəliyindən sonra davam edən öskürəyin səbəbi nədir?


El arasında qrip və ya soyuqdəymə kimi adlandırılan üst tənəffüs yollarının virus və ya bakterial infeksiyalar səbəbi ilə meydana gələn xəstəlikləri zamanla alt tənəffüs yollarında da iltihablanmaya gətirib çıxarır və kəskin bronxit xəstəliyi yaranır. Bu halda uzun sürən öskürəkli bəlğəm xəstəni narahat edir. Otaq temperaturunda bol qazsız maye içməklə, vitaminli və sağlam qidalarla qidalanmaqla, soyuq və qıcıqverici qida və qazlardan uzaq durmaqla xəstəliyin davam etmə müddətini qısalda bilərsiniz.

 

- Hər il daha çox diaqnoz qoyulan allergiya xəstəliyi öskürəyə səbəb olurmu?


- Bəzi insanların uzun müddət davam edən öskürəyinin səbəbi hər hansı bir maddəyə qarşı allergiyasının olmasıdır. Bu həssaslıq özünü burun axıntısı, dəri və gözlərdə qızarma və qaşıntı, davamlı asqıraqla göstərə biləcəyi kimi öskürəklə də biruzə verə bilər. Əksər halda rast gəlinən allergenlər (allergiyaya səbəb olan maddələr) toz, kif göbələyi, bitki tozları, bəzi kimyəvi qazlar, ətir qoxularıdır. Bu öskürəklər quru, qıcıqverici və tutma şəklində olur. Adətən allergiyası olan insanlar nəyə həssas olduqlarını özləri zamanla təyin edirlər. Səbəb naməlum qaldığı zaman allerqoloqa gedərək müvafiq müayinələrdən keçib təyin edə bilərsiniz. Əsas müalicəsi allergendən uzaq durmaqdır, təbii ki bu mümükün olmadıqda allerqoloq müvafiq dərmanlar yazır.

 

- Siqaretə bağlı meydana gələn öskürəyin xarakteri necədir?


- Günümüzün ən böyük bəlalarından biri olan siqaret asılılığı bu xəstəliyin əsas səbəbidir. Xəstəlik özünü bronx divarlarında qalıcı daralma, çoxlu sarı qatı bəlğəm ifrazı, xüsusən səhərlər artan bol bəlğəmli öskürək və təngnəfəsliklə biruzə verir. Siqaretdən uzaqlaşmaq, sağlam həyat tərzi, sağlam qidalanma, bol qazsız təmiz su içilməsi xəstəliyin fəsadlarını azalda bilər. Çox təəssüf ki siqaret atılsa da, vurduğu zərərlər yaxşılaşmaz, yalnız xəstəliyin davam edərək ağciyəri zədələməsi dayanar.


- Gecə öskürəklərinin ən çox səbəbi hansı xəstəliklərdir?


Qastroezofageal refluks xəstəliyi. Bir pulmonoloq olaraq rastlaşdığımız uzun müddət davam edən öskürəklərin içində ən çox rast gəlinən səbəb refluksdur. Əsas səbəb mədənin tam qapanmaması və mədə möhtəviyyatının üst tənəffüs yollarına gələrək qıcıqlanma və öskürəyə səbəb olmasıdır. Xəstələr daha çox axşam yatağa uzandıqdan az bir müddət sonra öskürəyin başladığını söyləyirlər, oturub su içdikdən sonra öskürək azalır. Yatağın baş hissəsinin yüksəldilməsi, bol təmiz qazsız su qəbulu, qıcıqverici qida va mayelərdən uzaq olmaqla xəstəliyin kəskinliyin azaltmaq olar. Şikayətlər keçmədiyi halda qastroentroloq müayinəsi tövsiyə olunur.

 

- Öskürək astma xəstəliyi səbəbindən ola bilərmi?


Astma xəstəliyi özünü döş qəfəsində basqı hissi, xışıltı və xırıltılı tənəffüs, şəffaf və çətin ayrılan bəlğəmli öskürəklə biruzə verir. Allergik və ya qeyri-allergik ola bilər. Bəzi halda xəstəlik yalnız öskürəklə müşahidə olunur. Xəstələr şikayətlərin daha çox səhərə yaxın başladığını söyləyirlər. Allergik astması olan insanlarda həssas olduqları maddəylə qarşılaşdıqdan sonra da bu əlamətlər müşahidə oluna bilər.Astma xəstəliyi şübhəsi yaradan hallar olduğu zaman mütləq pulmonoloqa müraciət etməyiniz və diaqnozu təsdiqləməniz lazımdır. Xəstəliyin ağırlığına görə müvafiq müalicəni almaqla öskürək və digər əlamətlərdən uzaq olmaq olar.


- Öskürəklə yanaşı burun axıntısının olması nəyə işarə edir?


- Alın və burun ətrafı ciblərin iltihabı zamanı (haymorit,frontit) və ya burun selikli qişasının iltihabı zamanı burun arxasıdan boğaza axıntı da öskürək səbəbi ola bilər. Xəstələr burundan boğaza davamlı axıntı olduğunu söyləyirlər, daha çox gecələr uzandıqdan sonra artan öskürəklərlə özünü göstərir. Sadə əlamət kimi görünsə də uzun müddət davam etdikdə xroniki hal alaraq həyat komfortuna ciddi təsir edə bilər. LOR həkiminin baxışı tövsiyə olunur.

 

- Yüksək hərarət və öskürək bir arada olduqda mütləq olaraq pnevmoniyamı düşünək?


- Xalq arasında sətəlcəm kimi də tanınan pnevmoniyalar ağciyərlərin infeksion və ya qeyri-infeksion səbəbdən iltihablanması ilə meydana gəlir. Xəstəlik özünü əksər halda yorğunluq, bəlğəmli və ya bəlğəmsiz öskürək, bədən hərarətinin yüksəlməsi, tərləmə,  nəfəs darlığı ilə biruzə verir. Öskürəklə yanaşı bu halları müşahidə etdikdə mütləq həkim müayinəsinə getmək, diaqnozu təsdiqləyərək müalicəyə başlamaq lazımdır. Vaxtında müalicə olunmamış pnevmoniya ciddi fəsadlara səbəb ola bilər.

 

- Ağciyər xərçəngi və öskürək... Nə zaman qorxmaq lazımdır?

 

Hər bir insanda ola bilmək ehtimalı olsada risk qrupu çox siqaret çəkən, orta yaş üstü kişilərdir. Kişilər arasında ürək-damar xəstəliklərindən sonra ölüm səbəbinə görə ikinci yerdə dururur. Əgər siz bu risk qrupundasınızsa və uzun müddət davam edən öskürəkdən əziyyət çəkirsinizsə mütləq müayinə olunmanız lazımdır. Vaxtında qoyulmuş diaqnoz sizin həyatınızı xilas edə bilər. Siqaretdən uzaqolmaqla siz ağ ciyər xərçəngi riskini 10 dəfə azaltmış olursunuz.

 

- Xüsusən gecələr uzanan kimi başlayan boğulma və öskürək nəyin xəbərçisidir?


- Yatağa uzanıldığı anda meydana gələn boğulma və öskürəklər oturduğunuz zaman azalırsa, orta yaş üstündəsinizsə, ayaqlarda şiş olursa, yanaşı hipertoniya xəstəliyindən əziyyət çəkirsinizsə ürək çatmazlığı xəstəsi ola bilərsiniz. Kardioloq müayinəsi mütləqdir.

 

- Nə zaman vərəm xəstəliyini düşünək?


Vərəm ən çox diqqət edilməsi lazım olan xəstəliklərdən biridir. Əgər sizdə uzun müddət davam edən öskürəklə yanaşı çəkinizin azalması, gecə tərləməsi, səbəbsiz yorğunluq, iştahsızlıq kimi hallar varsa VƏRƏM ola bilərsiniz. Mütləq olaraq həkim müayinəsinə getməniz tövsiyə olunur. Unutmayın vərəm müalicə oluna bilən xəstəlikdir,hava damcı yolu ilə yoluxur, genetik deyildir (yəni nəslin vərəmlə heç bir əlaqəsi yoxdur). Vərəm xəstəliyi aşkar edilərsə müalicəylə yanaşı maska taxaraq digər insanları yoluxmadan qoruya bilərsiniz.
Unutmayın vaxtında qoyulmuş diaqnoz sizi maddi məsrəfdən və ağırlaşmış xəstəlikdən qoruya bilər! Hamınıza sağlam, öskürəksiz həyat arzu edirəm!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdakı silahlı insidentdə qətlə yetirilən polislər torpağa tapşırıldı