Modern.az

Deyirlər ki, Siyavuş milyonerdi, mülkləri var... - Deputatla MÜSAHİBƏ

Deyirlər ki, Siyavuş milyonerdi, mülkləri var... - Deputatla MÜSAHİBƏ

Müsahibə

24 May 2024, 09:01

"Parlamentdə 70-75 yaşlı deputatlar var ki, oradakı gənc həmkarlarından qat-qat səmərəli işləyirlər"

"Ziyafət Əsgərovla 8 il yataqxanada bir otaqda qalmışıq"

"İstənilən müxalifət liderilə debata hazıram"

 

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Modern.az-ın redaksiyasında qonaq olub. Əməkdaşımız deputatla bir sıra məsələlər ətrafında söhbətləşib.


Siyavuş Novruzovla müsahibəni təqdim edirik:
 

- Siyavuş müəllim, parlamentin növbədənkənar sessiyasının çağırılması ilə bağlı deputatlar imza toplayıb. Bu, növbəti parlament seçkiləri ilə əlaqədar ola bilərmi?


- Biz hər il parlamentin müddətini uzadırıq. Mayın sonunda plenar iclaslar bitir. Amma komitələr, deputatlar işləyir. İyunun 15-dən deputatların seçicilərlə görüşləri başlayır. Bu, onunla bağlıdır. Elə olub ki, biz iyulun 15-nə kimi plenar iclas keçirmişik. Amma gündəmdə parlament seçkiləri ilə bağlı müxtəlif fikirlər də var. Lakin bununla bağlı rəsmi qərar yoxdur. Qərar olduqda parlament də məsələ ilə bağlı öz işlərini görəcək. 


- Parlament seçkiləri qapıya dirənsə də, ölkədə seçki ab-havası duyulmur. Siyasət meydanında passivlik müşahidə olunur...


- Siyasi partiyalar gərək hər zaman seçkilərə hazırlaşsınlar. Siyasi partiyalar yenidən qeydiyyatdan keçib, amma fəaliyyətləri hiss olunmur. Sanki partiyaları bir yerə yığıb onlara seminar keçmək lazımdır.
Baxın, son bir il ərzində Yeni Azərbaycan Partiyasından başqa heç bir partiya vacib məsələlərlə əlaqədar iclas keçirməyib. Sədrlər partiyalarının potensialını ortaya çıxarmalıdırlar. Kimlərin namizəd ola biləcəyi müəyyənləşdirilməlidir. Bundan sonra onların hansı dairədən seçilə biləcəyinin tədqiqatı aparılmalıdır. Bunlarla deyil, başqa işlərlə məşğul olurlar. Biri mollalıq edir, biri cümə günləri aparır. Sən partiya sədrisən e, partiya həyatı ilə məşğul olmalısan. Seçki keçiriləndə də deyirlər ki, saxtakarlıq oldu, uduzduq. Seçki ilə bağlı hansı addımı atmısan ki?

Prezident seçkilərində namizədlərin irəli sürülməsinin bitməsinə bir həftə qalanda 3 nəfər bitərəf namizədliyini irəli sürdü. Sonra da dedilər ki, biz imza toplaya bilmədik. Yəni bu addımlar sırf ara qarışdırmağa xidmət edir. 

Bu il Azərbaycanda iki seçki keçiriləcək: parlament və bələdiyyə seçkiləri. Bunun iki ay qabaq, yaxud sonra olacağının məsələyə aidiyyəti yoxdur. Partiya sədri olaraq tədqiqat aparan bir İlqar Məmmədovdur. O da partiyanın yox, özünün tədqiqatını aparır ki, hansı dairədən namizədliyini verə bilər. Səndən başqa partiya üzvləri də var axı. Bəs onlar necə olacaq? Partiya sədri üzvləri yox, özünü düşünürsə, onda cəmiyyət kimi düşünməlidir?


- Parlament seçkilərindən söz düşmüşkən, namizəd kimi yenidən iştirak edəcəksiniz?
 

- Mən iqtidar partiyasını təmsil edirəm. Partiya rəhbərliyi hansı qərarı qəbul edəcəksə, ona uyğun davranacağam. Konstitusiyaya görə, yaşı 18-ə çatmış, 10 ildən artıq Azərbaycanda yaşamış istənilən vətəndaş parlament seçkilərində iştirak edə bilər. Parlament seçkilərində ali təhsil tələb olunmur. Bununla yanaşı, bir partiya öhdəliyi də var. Partiya sıralarındasansa, onun qərarlarına da tabe olmalısan. Əgər partiya məsləhət bilmirsə, deməli, sən namizəd kimi seçkidə iştirak etməməlisən.

Bizim partiya deputatların 5 illik tədqiqatını aparır. Seçicilərin ona münasibəti, parlamentdə və mətbuatdakı çıxışları, eləcə də ictimai-siyasi rolu araşdırılır. Daha sonra onun hansı dairədən namizədliyinin irəli sürülməsi məsələsi aydınlaşdırılır. Eyni zamanda, həmin dairədə kişi, yoxsa qadın, yaşlı, yaxud gənc tələb olunduğu tədqiq edilir. Siyasi partiya ilboyu bu tədqiqatı aparmalıdır ki, yaxşı nəticələr əldə olunsun.

O günləri biri çıxıb deyir ki, “bura Rauf Arifoğlu ilə İqbal Ağazadənin dairəsidir”. Bəyəm onlar ora adlarını daimi yazdırıblar? İki dəfə namizədliklərini həmin dairədən verib seçilməyiblər. İstənilən şəxs həmin dairədən namizədliyini irəli sürə bilər. Bu, qanunun tələbidir.


- Həm mətbuatda, həm də sosial şəbəkələrdə bildirilir ki, YAP yaşı 60-a çatan şəxslərin deputatlığa namizəd olmasına sədd qoyacaq. Siz necə düşünürsünüz, deputatın yaş məhdudiyyəti olmalıdır?
 

- Bu, səhv fikirdir. Dünyanın hər yerində - elə qardaş Türkiyənin özünü götürək, yaşlı insanlara üstünlük verildiyini görərik.
Bunu mən deyə bilərəm, çünki hələ 60 yaşım yoxdur. Deyə bilməyəcəklər ki, özünü müdafiə edir. İnsan yaşlaşanda ağlı qaçmır ki, əksinə, daha da müdrikləşir. Azərbaycanda ağsaqqal anlayışı önəmlidir. Bu yaxınlarda Anarın heç bir kitabını oxumayan birisi deyir ki, “Anar getsin, evində ölsün”. Sənin valideynin barədə bir başqası belə desə, xoşuna gələr?

Dünən ortaya çıxan, bir sətir yaza bilməyən, mübtəda ilə xəbərin yerini itirən adamlar Azərbaycanın məşhur bəstəkarlarına, rəssamlarına, alimlərinə yaş iradı tutur. Onlar bu yaşa qədər enişli-yoxuşlu yollar keçiblər, çalışıblar.

Ona görə də insanları yaşa görə dəyərləndirmək düzgün deyil. Parlamentdə 70-75 yaşlı elə deputatlar var ki, oradakı gənc həmkarlarından qat-qat səmərəli fəaliyyət göstərir, həm dövlətə, həm seçicilərə, həm də Milli Məclisə xidmət edirlər.



- Mətbuat bir müddət referendumun olacağından da yazdı. Sizcə, referendum olacaq?


- Referendum yəqin ki, olacaq. Referendumu cənab Prezident təyin edir. Bir də parlament referendumu çağıra bilər. Referendum üçün kifayət qədər məsələlər var. Məsələn, parlament üzvlərinin sayının artırılması, majoritar və proporsional seçki üsulunun bərpası... Yaxud rayon İcra hakimiyyətlərinin statusu Konstitusiyada göstərilib, amma yeni strukturlar da formalaşdırılıb. İşğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında Prezidentin Xüsusi Nümayəndəliyi yaradılıb. Bu layihə özünü doğruldur.
İndi rayonlarda Prezidentin səlahiyyətli nümayəndəsi, İcra Hakimiyyətinin başçısı və bələdiyyə sədri olmaqla üç struktur mövcuddur. Regionlara iqtisadi zonalar üzrə rəhbərin təyin olunması məsələsi var. Cənab Prezidentin təşəbbüsü ilə Milli Məclisə bələdiyyələrlə bağlı qanun layihəsi daxil oldu, biz onu qəbul etdik. Yalnız 3000 əhalisi və 1000 evdən ibarət olan ərazilərdə bələdiyyələr olacaq. Yerdə qalanların hamısı birləşəcək. 5-7 kənd bir bələdiyyədə olacaq. Bu, idarəetməni yüngülləşdirəcək. Vəsaitlərin toplanıb insanlara xərclənməsinə, sosial layihələrin həyata keçirilməsinə kömək göstərəcək.

Elə rayonlarımız var ki, 148 kəndi var. Nə vaxtsa oba qurulub, sonra tədricən 40 ev formalaşıb, kənd olub. Həmin kəndlərin təminatı da çox çətinlik yaradır. Elə kəndlər var ki, ora qaz çəkmək çox çətindir. 60 kilometr rayon mərkəzindən aralıda yerləşir. 40 evdən ötrü 60 kilometr qaz xətti çəkməlisən. Vətəndaş deyir ki, bu mənim hüququmdur. Bakıda bir şagirdin təhsilinə təxminən 800 manat xərclənirsə, Daşkəsəndə 6700 manat xərclənir. 3 şagirdi olan kənddə məktəb tikilib, direktor, direktor müavini, xadimə çalışır. Həmin şagirdləri avtobusla digər kənddəki məktəbə planlı şəkildə aparıb-gətirmək olardı. Bütün bu məsələlərin təkmilləşdirilməsi üçün referenduma ehtiyac var.
 

- Bələdiyyələrin birləşdirilməsi prosesi nə vaxt başa çatacaq?
 

- Bu proses çox asandır. Hər rayonda kəndlərin sayı var. Qanunda çox gözəl qeyd olunub ki, kiçik kəndlər ən böyük kəndə birləşdirilməlidir. Önəmli məsələ ondan ibarətdir ki, birləşmə Milli Məclisin səlahiyyətinə verilib. Birləşmə üçün müraciət olunacaq. Milli Məclis müraciətlərə baxacaq və qərar qəbul edəcək. Bu da yaxşıdır ki, parlamentdə hər dairənin, rayonun deputatı var. Onların bu məsələlərdə köməyi olacaq. 
 

- Siz müxalifətin üzərinə sərt formada gedən YAP-çı deputat kimi tanınırsınız. Bu nədən qaynaqlanır?
 

- Bilirsiniz, mən bu adamları yaxşı tanıyıram. 90-cı illərdən bu yana Azərbaycanın ictimai-siyasi həyatındakı adamlarla bir yerdə olmuşam. Bunların nəyə qadir olduğunu bilirəm. Üç gün belə deyəcəklər, 5 gündən sonra isə valı dəyişəcəklər. Onlar ancaq xaricdən verilən diqtəni yerinə yetirən adamlardır. Birinci Qarabağ müharibəsi zamanı hamısı qaçıb gizlənmişdi. Kəlbəcərin icra başçısı özünə 40 gün-40 gecə toy elədi. Parlamentin sədri İsa Qəmbər, prezidentin müşaviri Arif Hacılı, dövlət katibi Əli Kərimli ölkənin o çətin vəziyyətində bir həftə Kəbəcərdəki həmin toyda iştirak etdi. Yeyib-içib geri qayıtdılar. Onlar gələndən sonra Kəlbəcər işğal olundu. Bunun nəticəsində Sürət Hüseynov kimi adamlar ortaya çıxdı. Bir dəfə qışqıran kimi hamısı qorxub qaçdı. Bunları yaxşı tanıdığım üçün üzərlərinə sərt gedirəm. 
 

- Elə olubmu ki, sərt tənqid etdiyiniz adamlar axşam zəng edib heç nə olmamış kimi davransın?


- Bəziləri olub. Müxalifətçilərin özlərinin məclislərində iştirak etmişəm. Övladlarının toyuna çağırıblar, getmişəm.


- Siyasətdə düşmənçiliyə necə baxırsınız?


- Siyasətdə düşmənçilik prinsipindən uzaq olmaq lazımdır. Amma əvvəllər bəziləri sırf düşmənçilik aparırdı. Halbuki, siyasi mübarizə düşmənçilik demək deyil. Məgər bizim aramızda qan davası var? Söhbət əqidə müxalifliyindən gedir. Əfsuslar olsun ki, bəziləri iqtidara yox, dövlətə, xalqa müxalifdir.
Biz torpaqlarımızı işğaldan azad etməklə xəcaləti üzərimizdən götürdük. Xaricdə bizi ələ salırdılar. Bir məclisə gedə bilmirdik. NATO Parlament Assembliyasının üzvüyəm. Axır sözləri belə olmuşdu ki, kişiliyiniz çatırsa,  gedin torpaqlarınızı geri alın. İndi NATO-ya başıuca gedirik. Onlar da sakit otururlar. Allah cənab Prezidentin canını sağ eləsin! Neçə ilin iztirabını canımızdan çıxardı.
Bax, bu qələbəni dəstəkləmirsənsə, deməli Azərbaycan xalqı qarşısında danışmağa haqqın yoxdur.
 

- Dəfələrlə AXCP sədri Əli Kərimlini debata çağırmısınız. Amma bu debat hələ ki baş tutmayıb. Səbəb nədir?
 

- Siyasətdə olduğum dövrdə Əli Kərimli, İsa Qəmbər, Pənah Hüseyn, Etibar Məmmədov, eləcə də digər siyasətçilər və partiya sədrləri ilə debatlarda iştirak etmişəm. Hər kəs də öz fikrini deyib. Əli Kərimli son zamanlar “TikTok"erlik edir. Kompüteri qabağına qoyub danışır. Kompüter də əşya olduğuna görə ona cavab vermir. Əgər sualın varsa, gəl danışaq: sən bir sual qoyacaqsansa, mən beş sual verəcəm. Onun dediklərinin hamısı yalan və böhtandır. Yalanla insanların beynini doldurmağa, onları çaşdırılmağa çalışır. Bu da Əli Kərimliyə verilən tapşırıqdır ki, icra edir. Görünür ki, üzbəüz fikir mübadiləsinə cəsarəti çatmır. Baxın, o, heç bir seçkidə iştirak etmir. Nə prezident, nə də ki parlament seçkilərinə qatılır. Belə olan halda Əli Kərimli seçkiyə necə qiymət verə bilər? Seçkiyə qiymət vermək üçün əvvəlcə bu prosesdə iştirak etməlisən. Sən nə ilə əsaslandıra bilərsən ki, seçicilər sənə dəstək verir? Əsaslandıra bilmirsən. İstənilən vaxt, lap sizin mətbuat orqanınız dəvət etsin, onunla debata çıxım. Tək o yox, istənilən müxalifət liderilə debata hazıram.
 

- Bu günlərdə Prezident Administrasiyasında siyasi partiya sədrlərilə görüş keçirildi. Nəhayət orda Müsavat Partiyası da iştirak etdi, amma AXCP yox...
 

- Onlara hələ tapşırıq verən yoxdur. Amerika səfiri göstəriş versəydi, gəlib iştirak edəcəkdilər.
 

- Demək istəyirsiniz ki, Müsavata göstəriş vermişdilər?
 

- Yox, Müsavatda baş verən dəyişiklikdən sonra münasibətlər də dəyişib.



- "Siyasi partiyalar haqqında" yeni qanun qəbul olundu. Sizcə, yeni partiyalar yarana bilərmi?



- Təbii ki... Yeni partiyalar daim yaranmalıdır. Bu inkişaf getməlidir. "Siyasi partiyalar haqqında" qanun elədir ki, oradakı şərtlər daxilində partiya yaratmaq çətin deyil. Cəmi 5 min imza tələb olunur. Bunun üçün də vaxt qoyulmayıb. Nə zaman 5 min imza toplasan, onda partiya da yarada bilərsən. 5 min imza Azərbaycan seçicisinin heç 0,1 faizi etmir. Bir ölkədə seçicilərin 1 faizinin səsini toplaya bilməyən şəxs necə siyasi partiya lideri ola bilər?

Azərbaycanda yeni nəsil və düşüncə tərzi formalaşır. Partiyalar artıq öz funksiyalarını dəyişir və mövcud reallığa uyğunlaşır. Partiyanın funksiyası hakimiyyətə gəlib xalqı idarə etməkdir. Ölkənin idarə edilməsi, dövlət quruluşu, inkişaf tərzi siyasi partiyaların əsas hədəfi olmalıdır. Siyasi partiyalar fəaliyyətini buna uyğunlaşdırmalıdır.


- Bəzən sizin mətbuatda səsləndirdiyiniz hansısa fikir lağlağı məqsədilə sosal şəbəkələrdə kontekstdən çıxarılıb paylaşılır. Bu sizi hövsələdən çıxarmır ki?
 

- Həmin paylaşımların altındakı rəylərə də baxıram, bəzən söyüş yazırlar. Bacarıqlı insansansa, şərhdə əsaslandır ki, mən səhv danışıram. Yoxsa söyüş yazmaq, lağlağı etməklə olmur. Bəllidir ki, həmin adamların işi-gücü yoxdur. Heç araşdırmaq potensialına da malik deyillər.
Bəli, bəzən siz deyən kimi, mənim fikirlərimi kəsib paylaşırlar, ictimaiyyətə çatdırılan məsələ qıraqda qalır. Yaxşıdır ki, digər mətbuat orqanları var, baxıb tutuşduranlar olur.
Məsələn, mənim uşaqpulu ilə əlaqədar çıxışım olmuşdu. Rusiyada uşaqpulunun verilməsi ilə əlaqədar qərar qəbul edildi. Sonradan gördülər ki, Rusiyanın müsəlman xalqları say baxımından artır. Bunlar əhalinin artmasını istəyirdilər, ona görə vəsaitlər müəyyənləşmişdi. Lakin müsəlman əhalinin artdığını görüb, uşaqpulunu dayandırdılar. Bu barədə danışmışdım. Həmin fikri belə kəsib vermişdilər ki, guya, “o ölkədə uşaqpulu verirlər ki, orada ölkənin əhalisi azalır” demişəm. Mən belə paylaşımlar edən adamlara gülürəm.


- Milli Məclisin Regional məsələlər komitəsinin sədrisiniz. Maraqlıdır, hansısa regionlar öz inkişafına görə digərlərindən xüsusilə fərqlənir?


- Azərbaycanda bu il 7 rayonu çıxmaq şərtilə bütün rayonlar özü-özünü təmin edir. Dövlət büdcəsindən dotasiya almır. Bu postsovet məkanında ən yaxşı göstəricidir. 7 rayona da işğaldan aza olunan ərazilərimiz, bir də Lerik daxildir. Lerik rayonu dağlıq olduğuna görə özü-özünü təmin edə bilmir, büdcədən dotasiya alır. Biz məsələ qaldırdıq ki, hansı rayon daha çox vergi toplayırsa, həmin vəsaitin 50 faizi rayonda qalsın. Beləliklə də, rayonda müxtəlif işlərin görülməsinə şərait yaransın. Azərbaycanın çox imkanlı regionları var. 10 böyük rayondan 2-si elə işğaldan azad olunmuş ərazilərdir - Kəlbəcər və Laçın.


- Azərbaycanda pensiyaların məbləği qanedicidir?
 

- Pensiya siyasəti neçə illərdir ki, təkmilləşdirilir. Proses hələ də yekunlaşmayıb. Minimum pensiyaya görə Azərbaycan postsovet məkanında öndə gedir. Yalandan deyirlər ki, Gürcüstanda, Ermənistanda minimum pensiya bizdən çoxdur. Araşdırsınlar. İndi vətəndaşı aldatmaq mümkün deyil. İnternetdən məlumat almaq olar. Bizdə pensiyalar həm artırılır, həm də indeksasiya edilir. Ölkədə inflaysiya varsa, pulun dəyəri azalır. Ona görə də pensiyanın məbləğinin artmasından əlavə, 10 faiz də indeksasiya gedir.

Bəzən görürsən ki, Qarabağ müharibəsi veteranlarını da pensiyaçılarla qarışdırırlar. Veteranların aldığı təqaüd deyil, müavinətdir. Onu 20 yaşında, 70 yaşında olan da alır. Azərbaycanda 180 mindən çox Qarabağ müharibəsi veteranı var. Dövlət Qarabağ veteranları üçün 80 manat müavinət müəyyənləşdirib.
Qarabağ müharibəsində iştirak edənlərin 60 faizi işləyir. Onlardan elələri var ki, ayda 2000, 5000 manat maaş alır. 500 manat maaş alan da var.

Azərbaycanda müharibə iştirakçılarına, qazilərə göstərilən diqqət heç bir müharibə aparan ölkədə yoxdur. Məsələn, Rusiyada zabit ölür, ailəsini çağırırlar, birdəfəlik vəsait ödəyirlər və sonra “sən bizi, biz də səni tanımırıq” deyirlər. Azərbaycanda isə dövlət, Heydər Əliyev Fondu, Yaşat Fondu müəyyən vəsaitlər verir. Qazilərə və şəhid ailələri mənizllə təmin olunur. Uşaqları pulsuz təhsil alır, banklara olan kredit borcları ödənilir. Məsələn, onlara verilən evin ən azı 100 min manat qiyməti var. Ölkə daxilində və xaricində ödənişsiz müalicə, ailə üzvlərinin, övladlarının işlə təmin oluması kimi məsələlər yalnız Azərbaycandadır. Hələ müharibəni yekunlaşdırmamışıq. Ortada sülh müqaviləsi yoxdur. Bununla belə, artıq xeyli təminatlar həyata keçirilib.
 

- Qarabağ veteranlarının müavinəti 80 manatdan yuxarı qalıdırıla bilər?
 

- Mən özüm iki müharibə veteranıyam. Müharibə veteranlarının dərdlərini bilirəm. Onların dərman və psixoloji problemləri var. Hərdən deyirlər ki, kompüterə saldıq, bunda heç nə çıxmadı. 18-20 yaşlı gənclərdir. Birinin yanında kiminsə qıçı qırılıb, birinin başı qopub. Biri qandan, digəri ölüdən qorxub. Kompüter göstərir ki, başında hər şey qaydasındadır. Amma onun psixoloji problemi var. O cür insanlara güzəşt edilməlidir. Lap düşmürsə belə, onlara əlillik dərəcəsi və təqaüd verilməlidir. O gedib müharibədə iştirak edib. Bir gün, ya on gün fərqi yoxdur. Bəlkə onun bir gün silah götürməsi 40 günün taleyini həll edib.
Psixoloji travmaları heç nə müəyyən etmir. O travmalar illər sonra üzə çıxır. Əfqanıstan müharibəsindən illər sonra nə qədər adamın başı xarab oldu, başqa xəstəliklər tapdı. Çünki adam öldürmək asan məsələ deyil.
Qarabağ veteranları sayca o qədər də çox deyillər. Qəhrəmancasına vuruşublar, hesab edirəm ki, nəzərə alınmalıdırlar.



- “91-lər” vardı. Yeni Azərbaycan Partiyası onların üzərində qurulmuşdu. Sonra sizin nəsil gəldi, indi də yeni nəsil formalaşıb. O nəsillə yeni nəsil arasında nə oxşarlıq və ya fərqlilik var?

 

- Biz ötürməni təmin edə bilirik. Orta nəsil körpü rolunu oynayır. Mən YAP-da Təşkilat şöbəsinin müdiri, həm də icra katibinin müavini, eyni zamanda Gənclər Birliyinin sədriydim. Gənclər Birliyinin 10 il sədri olmuşam. Sonra rəhbərliyə dedim ki, “artıq 20 yaşlı gənci başa düşə bilmirəm, bu postdan getməliyəm. Siz məni çıxarmaq istəmirsiniz, ancaq mən fəaliyyətimlə partiyaya ziyan verirəm. Bu posta gənc gəlməlidir ki, öz yaşıdlarını başa düşsün”.
Mən 4 müavinimlə YAP Gənclər Birliyindən getdim. Yerimə Ramin Həsənov gəldi və ona gənc müavinlər təyin olundu.
Mən həmişə daxildə islahatın aparılmasının tərəfdarı olmuşam. Rayon təşkilatlarının müəyyən sədrləri vardı ki, çağırıb deyirdik: “Sən yaxşı adamsan, xidmətlər göstərmisən. Amma mövcud ictimai-siyasi proseslərə cavab verə bilmirsən. Rayon camaatı daha sənin ətrafına yığışmır”. Onu başa salırdıq ki, sən özün istefa verəcəksən. Konfrans da yeni sədr seçəcək.  Minnətdarlığımızı bildirir, fəxri fərmanlarımızı verirdik.
Ehtiram həmişə olub. Onlarla əlaqə qırılmayıb. Yoxsa filankəs getdi, daha onun üstündən bir xətt çəkək, belə şey yoxdur.
 

- Bəs Hüseynbala Mirələmovun üstündən xətt çəkmədiniz?
 

- Xeyr. Hüseynbala müəllimin üstündən xətt çəkilmədi, onu partiyadan çıxardılar. Hüseynbala müəllim yaxşı insan və yazıçıdır. İndi nəsə oldu, keçdi.
 

- Zamanında partiyanızın rayon təşkilatlarının rəhbərləri bir müddət həm də icra başçıları oldular. Yəni partiyadan kifayət qədər yararlana bildilər...
 

- Bu ilkin dövrlərdə belə oldu. Sonradan məsələnin düzgün olmadığını anladıq. Ulu öndər Heydər Əliyevdən xahiş etdik ki, bu məsələyə dəyişiklik olunsun. 
 

- Zaman-zaman bəzi ölkələri Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham etmisiniz. Bu məsələlərə görə xaricdən hansısa təşkilat üzərinizə gəlibmi?


- Belə bir təşkilat olmayıb. Norveç bizim daxili işlərimizə çox qarışırdı. Ən çox onları tənqid edirdim. Amma onlar hətta məni tədbirlərinə çağırırdılar. ABŞ-la dostluq qrupunun üzvüyəm, amma dəfələrlə bu ölkəni Azərbyacanın daxili işlərinə qarışmaqda ittiham etmişəm. Bununla belə, səfir ayda bir dəfə məni evinə dəvət edir, görüşürdü. İctimai-siyasi məsələlərə baxan katiblə münasibətlərimiz olurdu, çörək kəsirdik. Ona başa salırdım ki, belə olmaz. Onu da deyim ki, Obamadan sonra ABŞ səfirliklərdə xətti dəyişdi.



- Siyasətdə Siyavuş Novruzov obrazı var. Onun qılıncının dalı da, qabağı da kəsir. Bu naxçıvanlı olmaqdan irəli gəlmir ki?

 

- Xeyr. Hərdən deyirlər ki, naxçıvanlıları vəzifəyə, qabağa çəkirlər. Birinci gündən ölkənin həlledici məsələlərin içərisində olmuşam. Milli Azadlıq Hərəkatında iştirak etmişəm. Döyüşə getmək lazım olanda, getmişəm. Partiya quruculuğunda iştirak etmişəm. Dövlət çevrilişinə qarşı mübarizə aparmışam. Gəncə hadisələri zamanı Ulu öndərlə əlaqə saxladıq. Dedi ki, siz hökumətin, Elçibəyin yanında olacaqsınız, vəssalam.
 

- Ortada belə söhbət gəzirdi ki, Elçibəy də Heydər Əliyevə işləyirdi...
 

- Mən Əbülfəz Elçibəyin evində Heydər Əliyevin şəklini görmüşəm. Heydər Əliyev Elçibəyə böyük dəstək olub. SSRİ zamanı onu həbs edəndə çox iş verəcəkdilər. Heydər Əliyev ona ən aşağı həbs müddəti verdirmişdi, tapşırmışdı ki, onunla heç kəsin işi olmasın. Əbülfəz Elçibəy sovet dönəmində Heydər Əliyevin himayəsində olub.


- Dostlarınızla, sinif yoldaşlarınızla əlaqələriniz qalırmı?
 

- Müxtəlif yerlərdə - rayonlarda, Bakıda, Moskvada dostlarım var. Kəndə gedəndə zəng edib dostlarla  görüşürəm. Bakıda olanlarla da görüşməyə çalışıram. O cümlədən əsgərlik və tələbə yoldaşlarım var, onları da unutmuram.


- Sizdə bu sadiqlik haradandır?
 

- Bu, insanın daxili aləmindən gəlməlidir. Axıra kimi dostluq edirəm. Dostumun işləyib-işləməməsinin mənim üçün əhəmiyyəti yoxdur. Elə adamlar var ki, hazırda işsizdir. Mən həmin adamı axtarıram. Məsələn, mərhum Hadi Rəcəbli ilə həftədə bir neçə dəfə danışırdıq. Ölümündən bir gün əvvəl görüşə razılaşmışdıq. O darıxırdı. İstəyirdim ki, darıxmasın. Hadi müəllim aktiv adam idi.

Mən keçmiş deputatların hamısı ilə əlaqə saxlayıram. Sinif yldaşlarıma birdən gecə də zəng vura bilərəm. Olan-keçənləri yadımıza salır, söhbət edirik. Moskvadan gələnlərlə burada görüşürük. Bulvarda gəzirik, çay içirik. Mənim bəxtim gətirib ki, yaxşı insanlarla rastlaşmışam. Bir əsgər yoldaşım var, Çeçenistanda belinə güllə dəyib. Arada yardım edirəm. Tələbə yoldaşlarımın çoxu polis, prokurordu. Hüquq fakültəsində bizim Məmmədxan müəllim var idi. Deyirdi ki, “hamınız bura tapança eşqinə gəlmisiniz”. İndi tələbə yoldaşlarımın hamısı polis, prokurordu, məhkəmədə çalışırlar.

Vaxtilə yataqxanada ən çox yaşayan mən olmuşam. Ziyafət Əsgərovla 8 il yataqxanada bir otaqda qalmışıq. Deyirlər ki, Siyavuş milyonerdi, mülkləri var. 8 il sərasər yataqxanada qalmışam. Bu günümüzə asan gəlib çıxmamışıq. İki müharibə veteranı kimi kazarmalarda, sonra yataqxanada yaşamışam. İndi siyasətlə məşğul olanların əksəriyyəti o yataqxanadan çıxanlardır. Qonşu binada Fazil Mustafa qalırdı, Əli Kərimli ilə bir yerdə.
 

- Ziyafət Əsgərov Milli Məclis sədrinin birinci müavini idi. Nəsə demək istəyəndə sizə pas atırdı, siz də davam edirdiniz…


- Biz neçə ildir ki, bir-birimizi yarım kəlmədən başa düşürük. Yataqxanada bir otaqda qalmışıq, partiya həyatında birgə fəaliyyət göstərmişik…
 


- Yaxşılıq etdiyiniz adamların sonradan naxələf çıxdığı hallar olub?

 

- Belə hallar olub. Amma yaxşılıq etdiyim insanların əksəriyyətini heç yadda da saxlamamışam. “Filankəsə kömək etmişəm, mənə borcludur” deyib qeydiyyat aparmıram. Məsələn, bayramda bir nəfər qutuda konfet gətirmişdi, məni təbrik etdi. Soruşdum ki, səni tanımıram, kimsən, hardan gəlmisən? Cavab verdi ki, filan vaxtda onun təhsil məsələsinə kömək etmişəm. Yaxud filan yerdən işdən çıxarılanda mən zəng vurub qarşısını almışam.
Partiya sədrlərinin hər birinin özünün, övladlarının, ailəsinin problemləri olub, kömək üçün yanıma gəliblər, dəstəyimi əsirgəməmişəm...
 

- Azərbaycanın şahmat rossmeysteri Şəhriyar Məmmədyarov yutubda yayımlanan bir verilişdə qadınların bütün sahələrdə kişilərdən geridə olduğunu bildirib. Onun bu açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bu barədə sizin mövqeyiniz necədir?


- Şəhriyar yəqin ki, idman sahəsində üstünlüyü nəzərdə tutur. Şahmat güc yox, beyin, ağıl, düşüncə, taktika yarışıdır. Buna baxmayaraq, qadınlarla kişilər şahmatda üz-üzə gəlmirlər. Boks, karate və digər idman növlərində də qadınlarla kişilər qarşılaşmırlar. Amma siyasət, elm, təhsil, səhiyyə, dövlət idarəçiliyi kimi sahələrdə qadınla kişi arasında fərq yoxdur. Ailənin özündə də, dövlətin idarə olunmasında da qadınla kişi bərabərdir.
 

- Hansı hobbiləriniz var?
 

- Gəzməyi və üzməyi sevirəm. Amma vaxt çatmır, səhər-axşam kompüterə baxmalısan. Kompüter adamın hobbisini əlindən alıb. Gecə nəsə oxuyursan, səhərə kimi yeni xəbərlər çıxır. Səhər tezdən o xəbərləri oxumalısan ki, işə çatanda zəng edən jurnalistlərin suallarına cavab verə biləsən. İnsan öz həyatını tamamilə yadından çıxarıb. Rusiya-Ukrayna, İsrail-Fələstin müharibəsini, ABŞ-dakı seçkiləri, Gürcüstandakı mitinqləri, Ermənistanda ortaya çıxıb konsert verən keşişin addımlarını izləməlisən. Tək Azərbaycan telekallarına yox, BBC, CNN, eləcə də Rusiya televiziyasına baxmalısan. Vaxt sanki uçur.
 

- Asudə vaxtınız olanda nə edirsiniz?
 

- Vaxt tapan kimi gəzirəm.
 

- Həm özünüz, həm də həyat yoldaşınız vəzifəli şəxslərsiniz. Ailədəki məişət işlərilə daha çox hansınız  məşğul olur?
 

- Hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirir. Üzərimizdə həm dövlətin, həm ailənin, həm də övladların məsuliyyəti var. Bunu daşımaq elə də asan deyil. Hər kəs Azərbaycanda olan klassik ailə nümunəsində olduğu kimi məsuliyyətini dərk edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?