Modern.az

Savaşçı xanımlar: “Döyüşlərdə aldığım xəsarətlərə görə, ana ola bilmədim” - “Qəqəni” ləqəbli DÖYÜŞÇÜ

Savaşçı xanımlar: “Döyüşlərdə aldığım xəsarətlərə görə, ana ola bilmədim” - “Qəqəni” ləqəbli DÖYÜŞÇÜ

Müsahibə

7 İyun 2024, 09:12

Azərbaycan xanımları hər sahədə özlərini sübut ediblər, o cümlədən də hərb meydanında. Birinci və İkinci Qarabağ müharibəsində fəal iştirak edən, döyüşərkən şəhidlik zirvəsinə ucalan, yaralanan onlarla qızlarımız-qadınlarımız olub. Onlar həm döyüşüblər, həm yaralı əsgərimizə tibbi yardım göstəriblər, həm də ağır vəziyyətdə olan hərbçilərin daşınmasına kömək ediblər. Savaşçı xanımlarımız vətənpərvərliyi, fədakarlığı, mərdliyi, millətinə və  torpağına hədsiz sevgisi ilə hər birimizə örənəkdirlər.

Modern.az saytı “Savaşçı xanımlar” layihəsinə davam edir. Bu dəfə haqqında söhbət açdığımız savaşçı xanım Birinci Qarabağ müharibəsinin iştirakçısı Kəmalə Qəhrəmanovadır. Əvvəlki yazılarımızdan fərqli olaraq, budəfəki qəhrəmanımız sağdır və yaşamına davam edir.

Arayış: Kəmalə Qəhrəmanova 1973-cü ildə Ağdam rayonununun Yusifcanlı kəndində anadan olub. Atası Bakıda çalışdığına görə, orta təhsilini paytaxtda alıb.
1990-cı ildən sambo idman növü ilə məşğul olmağa başlayıb. 18 yaşı tamam olanda artıq Qarabağda savaş başlanmışdı. O, könüllü kimi cəbhəyə gedərək döyüşmək istəyib. Çağırış məntəqəsində onun cəbhəyə göndərilməsindən imtina etsələr də, Milli Qəhrəman Çingiz Mustafayevin sayəsində istəyinə nail olub.
K.Qəhrəmanova Ağdam, Şuşa, Ağdərə, Kəlbəcər, Murov istiqamətində döyüşlərdə iştirak edib. Bir il xidmət edəndən sonra döyüşlərin birində yaralanıb.
Atəşkəsdən sonra, 1994-cü ildə Ali Hərbi Dənizçilik Məktəbi nəzdində açılmış şəxsi heyətlə iş üzrə zabit hazırlığı kurslarına göndərilib. 5 il zabit kimi xidmət etdikdən sonra - 1999-cu ildə öz xahişi ilə ordudan tərxis edilib.
2007-ci ilin avqust ayında Fövqəladə Hallar Nazirliyinə (FHN) işə qəbul olunub. Ehtiyatda olan baş leytenant, beynəlxalq dərəcəli idman ustası, karate üzrə I dan qara kəmər sahibi və Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin baş mütəxəssisi, xilasedicisidir.

Qəhrəmanımız döyüş xatirələrini Modern.az-la bölüşüb.


- Kəmalə xanım, necə oldu ki, Qarabağ müharibəsinə yollandınız?


- O zamankı şərait Qarabağa getməyimə yol açdı. Plansız bir addım olmuşdu. Mən Ağdamda doğulmuşam. O torpaqda böyümüş bir uşaq olmuşam. Bizi fərqli düşüncədə böyütmüşdülər, birdən-birə sovet imperiyası çökdü, dost, qardaş dediyimiz insanlar düşmənə çevrildi. Müharibəyə getmək səbəbi öz kəndimi müdafiə etmək, o zamanın haqsızlığına, ədalətsizliyinə bir üsyan idi.

Cəbhəyə getməyimə əsas səbəb, o dövrdə orduda döyüşçülərə böyük təlabatın yaranması ilə bağlı idi. Ən çox da rəhmətlik telejurnalist Çingiz Mustafayevin “215 KL” studiyası vasitəsilə etdiyi çağırış məni döyüşlərə getməyə ruhlandırdı. Onun çağırışına ilk qoşulanlardan biri mən olmuşam. 1991-ci ilin noyabr ayında orduya yazıldım.

İlk dəfə hərbi hissəyə gedəndə heç kəsin əlinə silah verib döyüşə göndərmirdilər. Mənim kimi 17-18 yaşlı uşaqlar ilk olaraq mətbəxdə kömək edirdik, əsgərlərə patron daşıyırdıq. O vaxtlar silah-sursat da çatışmırdı. Əsgərlərimiz postda hətta bıçaqla dayanırdılar. Sonra yavaş-yavaş ordu sistemi qurulmağa başlayanda əsgərlərimiz də silahla təmin olundu. Zamanla təcrübəm artdı və mən də döyüşlərə qatıldım. Mənim ilk hərbçi fəaliyətim mətbəxdən başlayıb. İlk silahım isə çömçə olub. Sonralar yavaş-yavaş silahdan istifadə etməyi, atəş açmağı da öyrəndim. 

- İlk qatıldığınız döyüşü xatırlayırsınız?

- Bəli, Ağdam istiqamətində Xramort kəndi var idi, indi Xocalı rayonunun inzibati ərazisinə daxildir və Pirlər adlanır.
1991-ci ildə Əsgəran yolu bağlandığına görə Xocalıya Şuşaya getmək olmurdu. Xramort istiqamətində gedən döyüşlərə qatılan əsgərlərə silah, patron aparmışdım. İlk döyüş təəssüratım oradan yaranıb. Hətta komandir məni döyüşün qızğın yerində silah-sursatsız görəndə bir az hirsləndi, qışıqırdı ki, “sənə kim icazə verib, bura gəlmisən?”. Ondan sonra gördülər ki, qız-oğlan fərq etmir, döyüşdə əsas cəsarətdir.

İnsana zaman lazımdır ki, düşdüyü mühitdə özünü sübut edə bilsin. Onlar da mənim cəsarətli qorxmaz, fiziki cəhətdən güclü olduğumu gördülər. Döyüş yoldaşlarım mənə “Qəqəni” ləqəbi vermişdilər. Bu adı almağım belə baş vermişdi: atəş açmaq üçün mənə 3 patron verdilər və dedilər ki, "əgər hədəfi vursan, sənə "Qəqəni" deyəcəyik". Birinci güllə havaya getdi, ikincisi hədəfin yanından keçdi, üçüncüsü hədəfə dəydi. 18 yaşımda döyüş bölgəsində artıq "Qəqəni" adı ilə tanınmağa başladım. Bu adı mənə verməklərinin digər səbəbi isə o idi ki, çox adam bilməsin hərbi hissədə xanım da var. Saçlarımı da kəsmişdim.


- Saçlarınızı niyə kəsmişdiniz?


- Döyüş şəraiti elə bir yerdi ki, sən orada uzun saç saxlaya bilməzsən. Gigiyenik səbəblərə görə deyirəm. Uzun saçları tez-tez yumaq lazım gəlirdi. Hətta biz Şuşada olanda su qıtlığı səbəbindən mən saçlarımı dibdən qırxdırıb, başımı keçəl də etdirmişdim. Onda ancaq içməyə su tapırdıq. Orada mənə qadın kimi yox, döyüşçü kimi baxırdılar. Məcburən şəraitə uyğun davranmalı idik.

- Ailəniz sizin döyüşlərə getmək qərarınızı necə qarşılamışdı?

- Normal qarşılamışdılar. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra hər kəs çox sarsılmışdı. Atam evdə deyirdi: “Əgər zərurət yaransa, hər evdən azı bir nəfər cəbhəyə getməlidir”. Ermənilər getdikcə daha çox azğınlaşırdılar.
Mən 18 yaşımı tamam edəndə atam sual verdi ki, “hansı peşə və ya sənəti seçmək istəyirsən? Sənin qərar verən vaxtındır”. Mən onda güləşə və samboya gedirdim. Fikirləşirdim ki, 18 yaşımı tamamlayan kimi gedib OMON (Xüsusi Təyinatlı Polis Dəstəsi-red.) sıralarına yazılaram. Qərarımı atama da açıqladım, soruşdu ki, “səni müharibəyə apara bilərlər, qorxmursan?”. Mən müharibəni kinoda görmüşdüm, atama cəsarətdən danışdım, o isə mənə dedi: ”Ehh, bala, avazın yaxşı gəlir, amma həyat heç də sənin düşündüyün kimi asan deyil”.
Sonrda da könüllü şəkildə çağırış məntəqsiə gedib orduya yazıldım.


- Necə oldu ki, yaralandınız? Sağalandan sonra yenidən döyüşə qayıtmaq fikrinizə mane olan tapıldımı?


- Artıq 1 il idi ki, mən döyüşlərdə iştirak edirdim. Şuşada da olmuşdum, Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Ağdamın Fərrux yüksəkliyi uğrunda döyüşlər gedirdi. Biz də Qarakənd istiqamətindəki döyüşlərdən kazarmaya qayıtmışdıq ki, istirahət edək. 10-15 dəqiqə oturmuşduq ki, komandir gəlib dedi ki, “bilirəm yorğunsunuz, ancaq Fərrux istiqamətində ermənilər əks-hücuma keçib, təcili kömək lazımıdır. Kim könüllü getmək istəyir?”. Onda biz hamımız çox yorğun idik. Neçə gün idi ki, yatmamışdıq. Hamımız ayaq üstə yatırdıq. Komandirin o sözündən sonra könüllülərin biri mən oldum.

Ermənilər hücuma keçəndə, bizim bir əsgərimiz yaralı vəziyyətdə ön mövqedə qalmışdı. Hamı gözləyirdi ki, arxadan əlavə qüvvə gəlsin ki, biz əks-hücuma keçib o yaralını döyüş meydanında çıxaraq. Şəraiti instinktiv olaraq dəyərləndirdim ki, mən onu oradan xilas edə bilərəm. Həm də düşündüm ki, mən qabağa getsəm, arxadakılar da  arxamca gələcək. Mən bizim yaralı əsgərə çatanda qarşıdakı bir erməni gördü. O da bizim əsgərə tərəf gəlməyə başladı. Sonra üstümüzə qumbara tulladı. Qumbara yanımda partladı. Çoxsaylı qəlpə yarası aldım.
Mənə deyirdilər ki, “qız uşağısan, necə oldu ki, səni döyüşlərə buraxdılar?”. Amma həmin vaxtlarda çox da baxmırdılar ki, sən xanımsan, yoxsa bəy. O an sən bir döyüşçüsən. Döyüşçülərin sayını artırırsan.

- Ağrı-acını çoxmu hiss etdiniz?

- Həmin anda insanın bədəni heç bir ağrı hiss etmir. Zərbə o qədər güclü olur ki, qəlpələr bədənə dolanda bir az yanğı hiss edirsən. Çünki qəlpələr yayılanda çox isti olur. Partlayışın dalğası məni yerə çırpdı. 

- Siz oradan necə çıxardılar?

- Mənim qəfil irəli çıxmağım, döyüşçü yoldaşlarımı sanki ayıltdı. Onlar mən əsir düşməyim deyə arxamca gəlmişdilər. Bizimkilər qumbaranı mənə tərəf atan ermənini başından vurdurlar. Sonra yaralı əsgəri də, məni də götürdülər. Allaha yalvarırdım ki, qanaxmadan huşumu itirməyim. Bəzən elə çətin situasiyaya düşürdük ki, huşu özündə olan yaralını götürə bilirdik, huşunu itirib sağ olduğunu bilmədiyimiz döyüşçünü götürə bilmirdik.
Əsir düşməkdən qorxurdum. Ölümü əsir düşməkdən üstün tuturdum. Sonra məni huşsuz vəziyyətdə Bakıya gətirdilər. Oyananda bildim ki, artq Bakıdayam.


- Kişilərin arasında hərbi xidmət etmək çətin deyildi?


- Təbii ki, çətin idi. Amma onlar mənə qızcığaz kimi baxırdılar. Deyirdilər “Qəqəni, qaç filan şeyi gətir!”.
Bir də görürsən deyirdilər: ”Ay da, Qəqəni, üzr üstəyirik, qız olduğun yadımızdan çıxır”. Döyüş yoldaşlarım olan kişilər məndən yaşca çox böyük idilər. Mənə bir bacı, övlad kimi yanaşırdılar. Həm də məni qoruyurdular.

- Döyüş yoldaşlarınız, komandiriniz xatirinizdə necə qalıb?

- Hamısı cəsarətli, mərd, ölümün gözünə dik baxan kişilər kimi yadımda qalıb. İlk komandirim Ağdamda Yaqub Rzayev olub. Çingiz Mustafayev bizi ilk dəfə onun yanına aparmışdı. Sonrakı komandirim Şuşa batalyonuna rəhbərlik edən Fəxrəddin Səfərov idi. İndi o, Şuşadadır. Orada ona ev veriblər.

- Ordudan tərxis olunandan sonra haralarda çalışmısınız?

- Müharibədən sonra 5 il orduda zabit kimi xidmət etdim. 1999-cu ildə anladım ki, zabit olmaq mənim xəyalım deyil. Gördüm ki, artıq mənə orduda ehtiyac yoxdur, mənim özümə ehtiyacım var. Hərbi sistemdən çıxmaq, mülki iş tapmaq mənim üçün çox çətin idi. Amma hərbçi paltarı geyməkdən də yorulmuşdum, toya da, yasa da hərbi formada gedirdim. Xanımlığım isə mənə üsyan edirdi. Müharibə atmosferindən çıxa bilmirdim.
1999-cu ildə öz xahişimlə ordudan tərxis olundum.
Mülki həyata qayıtdıqdan sonra, 1 il müddətində ailəmə təsərrüfat işlərində kömək etdim. 2006-cı ildə xəbər tutdum ki, Fövqəladə Hallar Nazirliyi yaranıb, orada şəxsi heyətə ehtiyac var. Müharibədə olmuş insanları nazirliyə işə dəvət edirdilər. 2007-ci ildə mən də işə qəbul olundum. Artıq 17 ildir ki, Fövqəladə Hallar Nazirliyində xilasedici kimi işləyirəm.


- İkinci Qarabağ müharibəsi başlayanda da döyüşə getmək istəyiniz baş qaldırdı?


- Sözsüz ki, bəli. Hərbi komisarlığa məruzə etdim. Onlar mənə dedilər, “Kəmalə xanım, sizi tanıyırıq, cəsarətinizə də bələdik. Fövqəladə Hallar Nazirliyinin əməkdaşısız, siz də gücləndirilmiş iş rejimində çalışırsınız. Sizə burda ehtiyac var”.

- Qarabağ işğaldan tam azad olunandan sonra döyüşdüyünüz torpaqlara getmisiniz?

- Bəli Şuşaya da, Kəlbəcərə də getdim.

- Hansı təltifləriniz var?

- Mən heç vaxt təltif arxasınca qaçmamışam. Bir gün generalımız zəng vurub məni təbrik etdi. Cənab Prezident İlham Əliyevin məni təltif etdiyini söylədi. İşdə fəxri fərman, döş nişanları verilib.


- Kəmalə xanım, ailəlisiniz?


- Bəli, ailəliyəm, ancaq övladım yoxdu. Ailə həyatı qurmaq həmişə mənim arzularımın ən önəmlisi olub. Hər bir qadın istər ki, ailəsi olsun, ana olsun. Döyüşlərdə aldığım bədən xəsarətlərinə görə, ana ola bilmədim. Atasız-anasız uşaqları götürüb baxmışam. Müəyyən bir mərhələləri aşırmaq üçün onlara dəstək olmuşam. Onların biri ailəlidir, digəri ali məktəb bitirib.

- Həyat yoldaşınızda da döyüşçü olub?

Xeyr, o, tamamilə fərqli sahədə işləyir. Müharibədə iştirak etməyən insanla ailə həyatı qurmaq istədim. İstəmədim ki, hər ikimizdə müharibədən sonrakı sindrom olsun.


Xəyalə Bayramqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?