Modern.az

Qurbanlığı bahalaşdıranlar gərək özlərinə müsəlman deməsinlər! - MÜSAHİBƏ

Qurbanlığı bahalaşdıranlar gərək özlərinə müsəlman deməsinlər! - MÜSAHİBƏ

Müsahibə

12 İyun 2024, 09:20

Sabir Rüstəmxanlı: "Ailə institumuzu dağıtmaq üçün hər şeyi edirlər"


Deputat: "O adamları televiziyaya çıxarmaq günahdır"

"Memuar yazmağa başlamışam"

 

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı Modern.az saytının redaksiyasında qonaq olub.


Millət vəkili ilə müsahibəni təqdim edirik:
 

- Sabir müəllim, bu il parlament seçkilərinin erkən keçirilməsi gözlənilir. Partiyanız seçkilərə hazırlaşırmı?
 

- Parlament seçkiləri ilə əlaqədar konkret bir qərar yoxdur. Seçkilərin COP29 konfransından əvvəl keçirilməli olduğu barədə fikirlər var. Ancaq hansı qərar qəbul olunacaqsa, ona uyğun da icra həyata keçiriləcək. Bununla belə, partiyalarda seçkilərə hazırlıq işləri gedir. O cümlədən bizim partiyamız da seçkilərə hazırlaşır. Bütün bölgədə regional şöbələrimiz bu istiqamətdə fəaliyyət göstərir.


- Yaşı 70-dən yuxarı olan şəxslərin namizədliyi müzakirə mövzusu olub. Belə təkliflər var ki, yaşı 70 və 70-dən yuxarı olanlar namizədliyini irəli sürməsin. Sizin yaşınız da 70-i ötüb. Necə düşünürsünüz, parlament seçkilərində yaş senzi olmalıdır?

- Absurd və mürəkkəb məsələdir. Hansısa yaşlı adam müəyyən bir şəkildə yerini gəncə verə bilər. Mən durdum, sən gəl burada otur. Belə bir təcrübə yoxdur. Çünki o gənc yetişməli, sonra gəlməlidir. Gənc mənim yox, öz yerini tutmaq üçün çalışmalıdır. Mən öz yerimdə oturmuşam, sözümü demişəm. Müəyyən prinsiplərə uyğun olaraq da yerimdən duracam. Ancaq birinin gəlməsi, digərinin getməsi prosesi yoxdur.

Milli Məclisdə yeni nəsil deputatlar təmsil olunur. Onların arasında mənim də rəğbət bəslədiyim, hörmət etdiyim cavanlar var. Amma təbii ki, yerində olmayanlar da var. Gəncdir deyə onu seçmişik. Amma bu gəncin səsini eşitməmişik, ciddi təklifini, maraqlı təşəbbüsünü görməmişik. Xidməti nədən ibarətdir bilinmirsə, onda gəncliyin nə üstünlüyü var? Gənclik hər zaman üstünlük deyil ki...

Milli Məclisdə yaş deyil, ağıl ön planda olmalıdır. Parlamentdə üstünlük təcrübə, dövlətin mənafeyini düşünmək, qanunlara sayğıdır. Onsuz da bizdən asılı olmadan yaş dəyişir. Elə bir vaxt gəlir ki, millət xahiş etsə, qal, sən deyirsən ki, yox, mən kreslodan duracam. Müəyyən vaxtdan sonra insan qalmalı deyil. Mən nazir olmuşam, özüm istefa vermişəm. “Azərbaycan” qəzetini parlamentə özüm təhvil vermişəm. Bir çox yerlər olub ki, mən özüm oradan könüllü uzaqlaşmışam. Mənim üçün bir yerə yapışıb durmaq xəstəliyi yoxdur.
Məncə, 70 yaşdan yuxarı olanların hamısı Milli Məclisdən kənarda qalmalıdır deyə, bir şey olmayacaq. Milli Məclisdə belə məhdudiyyət yoxdur.
 


- Şəxsən namizəd olmaq barədə düşünürsünüzmü?

 

- İndidən bunu deyə  bilmərəm. Seçkilərin nə zaman keçiriləcəyi ilə bağlı qərar verildikdən sonra bu barədə nəsə demək olar. İndiyə kimi bizim partiya parlamentdə 3 deputatla təmsil olunur. Növbəti çağırışda neçə nəfərlə təmsil oluna bilərik, nə qədər namizədimiz seçilə bilər, bu kimi məsələlər partiyada müzakirə olunacaq. Ondan sonra neçə nəfərin namizədliyinin irəli sürüləcəyi dəqiqləşəcək və müvafiq qərar verəcəyik. Biz çalışacağıq ki, indiki say azalmasın. 
 

- Seçki dairənizi dəyişə bilərsiniz?


- Bununla da bağlı məsələ müzakirə olunacaq.
 

- Sabir müəllim, həyat yoldaşınız Tənzilə xanım əvvəllər seçkidə iştirak edib. Onun budəfəki seçkilərdə namizədliyini irəli sürməsi mümkündürmü? Yəni öz aranızda bu barədə söhbətiniz olub?
 

- Tənzilə xanım da partiyanın üzvüdür. O həm Türk dünyası ilə əlaqələr üzrə məsuldur, həm də Qərbi Azərbaycan İcmasının fəallarından biridir. Həm bu icmanın, həm də partiyanın, eləcə də özünün istəyi nəzərə alınacaq. Bir ailədən bir nəfər namizəd ola bilər. Mən namizəd olsam, Tənzilə xanım, o namizəd olsa, mən seçkilərdə iştirak etməyəcəm. Onunla aramızda olan söhbəti burada açmaq istmirəm. Təbii ki, danışacağıq.
 

- Hazırkı ədəbi mühiti necə dəyərləndirirsiniz?
 

- Mən təbiət etibarilə nikbin adamam. Hər şeyə işıqlı baxıram. İçimdə qaramatlıq yoxdur. Sovet vaxtında da belə idi. Bilirdim ki, hər qaranlığın aydın səhəri var. Bu mənada ədəbiyyatımız haqqında heç vaxt ümidsiz düşünməmişəm. Azərbaycan xalqı çox istedadlıdır. Tarix boyu böyük ədəbiyyat, mədəniyyət yaradıb. Heç vaxt qısır qalmayıb. Hər dövrdə böyük şair və yazıçılarımız olub. Ədəbiyyat sovet dövründə ideoloji sistemin bir tərəfi idi, ədəbiyyatın nəşrinə, inkişafına, mükafatlanmasına əhəmiyyət verilirdi. İndi belə şeylər yoxdur. Bu gün hamı kitabı özü yazır, çap etdirir, təəssüf ki, bəzən özü də yayır. Nə pullu nəşriyyat, nə də dövlət hesabına kitab nəşr etmək olmur.

Mədəniyyət Nazirliyi az sayda kitab çap etdirir. Bunun özü pis deyil. Kitabın kəndlərə, rayonlara getməsi prosesi dayanıb. Çünki əvvəlki sistem yoxdur və az tirajla da həmin kitablar rayonlara gedə bilməz. Amma nəşriyyatlarımızın, kitablarımızın sayı çoxalıb. Ədəbiyyat yoxdursa, bu qədər kitab haradandır? Çox istedadlı və iddialı gənc yazarlarımız var. Lakin bəzən iddiaları özlərindən böyük olur. Bu istedadlarını fərqli istiqamətlərə yönəldirlər. Oturub nəsə yazmaqdansa, özlərindən əvvəlkiləri hədəf seçir, bəyənmirlər. Məlum deyil ki, həmin şəxslərin yaşına gələndə, ortaya məhsulla çıxa biləcəklərmi? Amma bu da gəncliyin xüsusiyyətidir.
Bəli, tənqid edə, o bu işi də görməlidir, niyə görməyib deyə bilərsən. Biz də bunu etmişik. Amma yaşa dolanda görürsən ki, hər şey təkcə bizdən asılı olmur. Ədəbiyyat canlı prosesdir. Hər şeyi həll edən istedaddır.

Ədəbiyyata nə qədər maneə artırsa, üst qatda yolu kəsilirsə, o, daha dərin qatlardan keçir. Obrazlılıq, bədiilik artır. Sovet dönəmində fərqli yanaşma vardı. Hər şeyi açıq demək bəzən ədəbiyyatın bədiiliyini aşağı salır. Sovet dövrü yazıçıları ədəbiyyatımızı ərəb-fars sözlərindən təmizləməklə böyük xidmət göstəriblər. Yeni nəsil yazıçılarımız sovet dövrünün quru təhkiyə tərzini dəyişir. Obrazlar sistemi, yazı tərzi dəyişilir. İndi dünya ədəbiyyatına çıxış imkanları böyükdür. Düşünürəm ki, indi də yaxşı kitablar yazılır və yazılacaq.
 


- Qarabağ müharibəsi və Zəfərimizlə bağlı sanballı əsərlər nə zaman yazılacaq?

 

- Bu cəhətdən təcrübə göz qabağındadır. 1918-ci ildə ermənilərin Qafqazda törətdikləri vəhşiliklər yalnız bir neçə əsərdə əksini tapıb. Məmməd Səid Ordubadinin “Qanlı sənələr”, Mir Möhsün Nəvvabın yazdığı xatirələr,  başqa əsərlər bəlkə də yazıla bilərdi. Amma sovet dövrü başlandı və o proses dayandı. Bir ölkənin içərisində yaşadığımıza görə qarşılıqlı ittihamlar olmaz dedilər. Ermənilər bizim barəmizdə yazırdılar. Biz cavab verəndə nə Moskvada, nə də Azərbayanda onu dərc etməyə icazə verilirdi.  

Azərbaycanda hazırda Qarabağ haqda demək olar ki, yazmayan yazıçı yoxdur. Mən şəxsən borclu qalmamışam. 44 günlük Vətən müharibəsi bitən kimi bir neçə gün ərzində “Qarabağa dönüş” poemasını yazdım. Onun haqqında fikir bildirilib və qeyd edilib ki, qələbə haqqında ilk dastandır. Daha sonra “Zəfər mahnısı”nı yazdım. Sonra Ağdamda, Füzulidə gördüklərimiz barədə yazılar qələmə aldım. Qarabağla bağlı əvvəllər yazdığım əsərlər də var. “Difai fədailəri” 1906-cı ildə Umudlu kəndində ermənilərin bizə qarşı törətdikləri vəhşiliklər barədədir. Məsələn, Fazil Güney bizim gözəl yazıçımızdır. O, “Qaraqan” adlı böyük poema yazıb. Başqa yazıçılarımız da var. Gənclərin Qarabağla bağlı yazıları çoxdur. Dəyərli əsərlər var. Təbii ki, bir az zaman keçəcək, məsələ daha ciddi təhlil olunacaq. 1812-ci ildə baş verən və rusların Vətən müharibəsi adlandırdıqları Rusiya-Fransa müharibəsi barədə 60 ildən sonra yazılıb. İkinci Dünya müharibəsi barədə yazıların çoxu da rus yazıçıları tərəfindən aradan xeyli vaxt keçəndən sonra qələmə alınıb.
 

- Azərbaycan Prezidenti İlham Əliyev iki gün öncə Türkiyədə səfərdə oldu, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşdü. İki liderin görüşünün əhəmiyyətini və bundan sonrakı prosesləri necə dəyərləndirirsiniz?
 

- Azərbaycan Prezidentinin Misirdən sonra Türkiyəyə işgüzar səfəri son dərəcədə əhəmiyyətlidir. Bu səfər Yaxın Şərqdə gedən proseslərlə bağlıdır. Azərbaycanla Türkiyənin Qəzzadakı facilərlə bağlı mövqeyi eynidir. Azərbaycan da, Türkiyə də, Misir də Fələstin dövlətinin yaradılmalı olduğunu düşünür. Bu məsələlərin birgə müzakirəsi gərəklidir. Azərbaycanla Türkiyənin yaxınlaşması və bununla paralel olaraq Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması bizim düşündüyümüzdən daha ciddi şəkildə dünya siyasətinə təsir göstərir. Dünya bunu görməzdən gələ bilməz. Azərbaycanla Türkiyənin həm insan potensialı, həm təbii ehtiyatları, Orta Dəhlizin üstündə yerləşmələri bölgənin əhəmiyyətini artırır. Ona görə də bu görüşlər ardıcıl olmalıdır. Qarşıda TDT ölkələrinin rəhbərlərinin Şuşada Zirvə toplantısı olacaq. Bununla yanaşı, alt səviyyədə, nazirliklər, komitələr, agentliklər, QHT-lər səviyyəsində də türk dövlətləri ilə ardıcıl görüşlər keçirilməlidir. 

Bu gün hamıya ziyalı deyirik. Lakin elələri var ki, Azərbaycandan kənara çıxmayıb, burada yazır, burada danışır. Türk dünyası da deyəndə ağzını büzür ki, “nə türk dünyası?”.

Mənim təsəvvürümə görə, yeni tipli ziyalılar yetişməlidir. Azərbaycanla yanaşı, digər türk dövlətlərini tanımalı, əlaqələr qurmalıdırlar. Yeni elmi-ictimai layihələr ortaya qoymalıdırlar ki, dövlət başçılarına yardım etsinlər.  Bu baxımdan görüşlər vacibdir.

Qarabağa dönüşdən bəhs edən poemamda da yazmışam ki, bu qələbənin iki qəhrəmanı var: Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev.

Ərdoğan diplomatik, siyasi gedişləri, İlham Əliyev isə Ali Baş Komandan kimi ordunun qabağında öz gücü, iradəsi və cəsarətilə gedirdi. Bu gün artıq Qarabağ yad ünsürlərdən təmizlənib. Amma həll olunmayan məsələlər var. Zəngəzur dəhlizi açılmır, Ermənistanın taleyi necə olacaq, bilinmir. Xarici siyasətçilər arasında bizə qarşı yumşalma yoxdur. Vadran Osankanyan erməni xalqını qorxudur ki, sabah 200-300 min azərbaycanlı Ermənistana yerləşəcək. Qərbi Azərbaycana qayıdış konsepsiyası onları qorxuya salıb. Amma sən dedin-demədin, ora bu insanların dədə-baba torpaqlarıdır, qayıdacaqlar. Sülh müqaviləsi də imzalanacaq. Sonsuz müharibə yoxdur. Xalqların rahat yaşaması üçün sülhə ehtiyac var. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Ermənsitanla Türkiyənin yollarını açacaq. Bizdən çox bunun Ermənistana xeyri olacaq. Ermənistan inkişaf edəcək. Bu istiqamətdə atılan addımları biz müdafiə etməliyik.
 


- Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanla əsas müxalifət təşkilatı olan Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özel arasında görüşü necə qiymətləndirmək olar?


- Bu görüş çox maraqlıdır. Avropadakı seçkilərə seçicilərin bəzən 30, bəzən də 40 faizi gedir. Bütün millətin fikrini bu rəqəm göstərə bilməz. Amma Türkiyədə seçkilərə böyük maraq var. Bəzən əhalinin 95 faizi səsvermədə iştirak edir. Ona görə də siyasi partiyalar Türkiyədə real gücdür. Dövlət bütün siyasi partiyalara lazımi şəraiti yaradır. Həm də Türkiyədə bizdəki kimi partiyalar çox deyil. Təəssüf ki, Türkiyədə bəzən siyasi mühit  çərçivədən çıxır, bir-birilərini qarşılıqlı şəkildə ittiham etmək səviyyəsinə qalxsalar da, normal siyasi mübarizə ənənəsi var. O ənənəni pozanlar partiya adı ilə ortaya çıxan terrorçu qruplardır. Bunlar olmasa, Türkiyənin siyasi mühiti normal və demokratikdir. Ölkədə də insanlar rahatdırlar ki, seçki şəffaf keçirilir. Güclü adamı seçirlər. Ərdoğan Prezidentdir. Amma o da İzmir, İstanbul, Ankarada bələdiyyə seçkilərinə təsir göstərə bilmədi. Həmin şəhərlərdə CHP-nin namizədləri qalib gəldi. Deməli, seçki ədalətli, şəffaf keçirilib. Deməli, haradasa, AKP-nin səhvləri var. İndiki iqtidarın Azərbaycan və Türk dünyası üçün siyasətini olduqca yüksək qiymətləndirirəm. 
 

- Son dövrlər Türkiyədəki iqtidar-müxalifət yaxınlaşmasından biz hansı nümunələri götürə bilərik?
 

- Azərbaycanda artıq bunun təməli qoyulub. 2020-ci ildə siyasi partiyalar arasında ümumi razılıq yarandı ki, Qarabağ məsələsi ilə bağlı iqtidarla mövqeyimiz eynidir. O dialoq bu günə kimi davam etdirilir, görüşlər keçirilir. Bir sıra partiyaların qərargah alması, ümumi münasibətlərinin yumşalması, mətbuatda qarşılıqlı ittihamların azalması, milli problemlərin, partiya maraqlarının önünə keçməsi - bütün bunlar hamısı cəmiyyətimizdə gedən normal proseslərdir.

Bizə olduğu kimi, Türkiyəyə də düşmən mövqe sərgiləyən xarici qüvvələr var. Türkiyə öz içindəki problemlərlə yanaşı, ətrafındakı böyük güclərlə savaş içərisindədir, terror ən böyük təhdiddir. Ömrü boyu kürdlərlə türklər yanbayan, qardaş kimi yaşayıblar, indi də yaşayırlar. Normal insanların arasında heç bir problem yoxdur. Amma bu məsələni gecə-gündüz qaldıran, İraqda, Suriyadaki kürdləri silahlandıran, revanşist gücə çevirmək istəyən qüvvələr var. Bölgəni qan gölünə çevirmək istəyən qüvvələr pis niyyətlərini sürdürürlər. Türkiyədəki siyasi partiyalar məncə bu məsələləri başa düşür.

Türkiyə olduqca demokratik ölkədir. Türkiyənin istənilən şəhərində sabaha kimi sərbəst dolaşa bilərsiniz. Gedin görüm, ABŞ-da şəhər mərkəzindən bir-iki kilometr kənara çıxanda hansı mənzərə ilə qarşılacaqsınız...  Qaradərililərin, miqrantların vəziyyətinə baxın. Azərbaycan və Türkiyə dünyada gedən proseslərin cavabı olaraq öz daxilində vətəndaş həmrəyliyinə, milli birliyə həmişə ciddi önəm verməlidir. Ədəbiyyatımız da bu istiqamətdə çalışmalıdır. Böyük maraqlarımızı xırda istəklərə qurban verə bilmərik.
 

- Hazırda Azərbaycanda boşananların sayı evlənənlərin sayından çoxdur. Bunun səbəblərini siz nələrdə görürsünüz?
 

- Ailə dəyərləri mənə elə gəlir ki, hələ qorunur. Düşünürəm ki, boşanmalar ailə dəyərləri ilə bağlı deyil. Həyat şərtləri, maddi imkansızlıq boşanmalara səbəb olur. Hesab edirəm ki, bu şəkildə gedə bilmərik. Bizim Avropadan, başqa ölkələrdən fərqimiz ailəyə bağlılığımızdır. Təəssüf ki, bizə kənardan təqdim olunan gender bərabərliyi kimi bəzi qanunlar mənfi vəziyyət yaradıb ki, qadın hüquqlarını yox, kişi hüquqlarını qorumaq dövrü başlayacaq. Bu məsələlər var. Bizdə birinci sinifdən yuxarı siniflərə qədər mənəviyyat, əxlaq, adət-ənənə, bizi biz edən dəyərlər mənəviyyat dərslərində öyrədilməlidir. Orta məktəblərdə cinsi münasibtələr barədə dərs salınmasını təklif edənlər var. Buna ehtiyac yoxdur. Mənəviyyat bütün bunların hamısını əhatə edə bilər. Bütün Türk dünyası ailənin qorunması ilə seçilir. Müxtəlif yollarla bizdə ailə institunun dağılması üçün çalışırlar. Bu, guya insan azadlığı, liberallıqdır. Mən bunları qəbul etmirəm. Hesab edirəm ki, hər xalq öz adət-ənənəsinə, kökünə, yaratdığı böyük dəyərlərə sadiq olmalıdır.
 

- Televiziya verilişləri, efir mədəniyyəti ilə əlaqədar ictimaiyyətin ciddi narazılıqları var. Siz nə düşünürsünüz?
 

- Həm dünyada gedən proseslər, həm  Avropada yaşanan proseslər bizə də təsir edir. Bəli, Azərbaycan televiziyalarının cəmiyyətə çox ciddi mənfi təsirləri var. Televiziyaların təsiri ilə bağlı ayrıca danışmaq lazımdır. Aparıcısından, diktorundan, onun bayağı geyimindən, danışığından, özünü ara məclislərinin adamı kimi aparmasından, yekəxanalığından bəhs etmək olar. Ədəbi dili bilməyən adamların efirə çıxarılması şübhəsiz ki, günahdır.
 


- Hazırda hansısa əsər üzərində işləyirsiniz?

- Hazırda memuar yazıram. Memuarın bir hissəsi əvvəlcədən hazır yazılıb. Məsələn, “Atamın ruhu”, “Babadağ ziyarəti”, hekayələr - bunların hamısı memuarın parçalarıdır. Mənim həm də “Xətainin yurdu” adlı sənədli romanım var. O da meydan hadisələri haqqındadır.  Amma sonrakı dövrləri də yazmaq lazımdır. Düşünürəm ki, memuarı başa çatdıra biləcəm.
 

- Qurban bayramı ərəfəsində qoyun ətinin qiyməti qalxıb. Satışda 14-15 kiloluq diri qoyun ən azı 300 manatadır. Millət vəkili olaraq fürsətcillərə nə deyə bilərsiniz?


- Dövlət müəssisələrində qiymət tənzimlənməsi olmalıdır. Kənd təsərrüfatı məhsulları azalanda dövlət əlavə tədbirlər görür. Dövlət pulunu ödəyir ki, vətəndaşa ziyan dəyməsin. Məhsul çox olanda da dövlət alır, saxlayır. Tənzimləmə prosesi gedir. Mal-qaranın, qoyunların qiyməti Qurban bayramında necə tənzimlənir, bunu deyə bilmərəm. Amma onu bilirəm ki, müstəqillik dövründə heyvandarlıq xeyli inkişaf edib. Azərbaycanda kifayət qədər heyvan var. Qurban bayramı İslamla bağlıdır. Dinin tələblərini yerinə yetirmək istəyən bir ailə qoyun almaq istəyirsə, onun qiymətini bahalaşdıran gərək özünə müsəlman deməsin. Bir çox məsələlərdə ziddiyətli məqamlar yaranır. Məsələn, deyəndə ki, indi sinə vurmaq vaxtı deyil səni topa tutarlar. Amma həmin şəxslər gedib bazarda heyvanı ikiqat artığına satır, camaatı aldadır. Guya dindardır, Allahına inanır. Mən ömrüm boyu insanlara yardım edə bilmək üçün yaşamışam. Bu il Qurban bayramında yəqin ki, şəhid ailələrinə, qazilərə qurban payı göndərəcəm.
Qiymətləri qaldıranlarla məşğul olmaq lazımdır. İmkanın var deyə, qiyməti ikiqat qaldırmaq nə bizim millətə, nə dinimizə yaraşır. Mən insanların vicdanına müraciət etmək istəyirəm. Hər dükanın yanında polis dayana bilməz ki... Biz bundan asılı olmamalıyıq. Yollarda da bu qədər polis olmamalıdır. Hər kəs bilməlidir ki, ölkənin qanunlarına necə tabe olmalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır