Modern.az

“Biz onunla yenə də dərdləşirik” - Qənirə Paşayevanın bacısı ilə MÜSAHİBƏ

“Biz onunla yenə də dərdləşirik” - Qənirə Paşayevanın bacısı ilə MÜSAHİBƏ

Müsahibə

27 İyun 2024, 08:57

"O, Allaha çox inanan insan idi, ölümdən heç vaxt qorxmurdu"


Kəmalə Paşayeva: "Bəzi əşyalarını muzeyə verdik"

"O, öz övladlarının anası olmağı deyil, çoxlarının anası, bacısı və doğması olmağı seçmişdi" 

O, nadir şəxsiyyət, unikal insan idi... 48 yaşında dünyasını dəyişən millət vəkili… Yeri heç vaxt dolmayacaq bu itkiyə hələ uzun müddət təəssüflənəcəyik. Fədakar, halal, vətənsevər, xeyirxah, insanpərvər, sadə Qənirə Paşayeva… Uşaqla uşaq idi, böyüklə böyük… Tanıyanların hamısı onu sevirdi, o da hamını. Qənirə xanımın kitabında “yorulmaq” sözü yox idi...
Çoxları ona ümid, güman yeri kimi baxır, arxa-dayağı hesab edirdi. Ona ağız açmayan insanlara belə əlindən gələn köməyi əsirgəməzdi.
Türk dünyasında böyük nüfuzu vardı... Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdan yorulmurdu… Onun Bayrağımızın, Ordumuzun Xocalıya, Ağdərəyə, Xocavəndə, Xankəndiyə daxil olduğu günlərdə vəfat etməsi bizi çox üzür. Milli ruhlu, vətənpərvər Qənirə Paşayeva bu günləri görüb sevinməliydi… Amma qəfil ölüm imkan vermədi…

Qənirə xanımın bacısı Kəmalə Paşayeva Modern.az saytı ilə həmsöhbət olub.
 
O, bacısının həyat hekəyəsi, gördüyü işlər barədə danışıb. 

 

- Kəmalə xanım, bizim üçün bu sualı vermək çox ağırdı, Sizin üçün də cavab vermək... Fərqindəyik, amma gerçəklik də var, Qənirə Paşayeva barədə keçmiş zamanda danışmalıyıq. Bu, bir az da təzadlıdır, öz dediklərimizə özümüz inanmaq istəmirik. Bu mənada sizi dinləmək istəyirik...
 

- Qənirə xanımın cismani olaraq aramızda olmaması həm ailəmiz, həm də onu sevənlər üçün çox ağırdır. Bu yoxluğu dərk və qəbul etmək çətindir. Amma Qənirə xanımın dediyi kimi, o cismən bizim aramızda deyil. Dünyada çox az insan haqqın rəhmətinə qovuşduqdan sonra unudulmur. Mübarizələri, əsərləri ilə əbədi olaraq qalmağı bacaran insanlar hər zaman milli-mənəvi dəyərlərə xidmət etməyə davam edərlər.  Məhz belə insanlar çalışmaları ilə öz ömür yollarında əbədi yolçudurlar. Necə deyərlər, uzun, incə yol bir gedərlər. Qənirə Paşayeva məhz bu insanlardan idi.  

- Qənirə Paşayeva həyatdan erkən – 48 yaşında köçdü. Onun ömür yolu o qədər rəngarəng və dolu idi ki, “Qənirə xanımın 48 ilə sığdırdığı qərinələr” ifadəsini işlətməyə bilmirsən... Sizcə, onun haqqında danışarkən bu ifadə yerinə düşürmü?  

- Qənirə xanımın həyat və yaşam fəlsəfəsində nə qədər deyil, necə yaşamaq önəmli idi. Bəli, sizin də dediyiniz kimi, Qənirə xanımın 48 illik ömür yolu çox rəngarəng və dolu olub. Qısa ömrünə nə qənirələr sığdıra bilib... Qısa ömürdə bu qədər işlər görmək hər kəsə qismət olmur. 

- Qənirə xanım haqqında yazılan "Allah rəhmət eləsin" sözlərini görmək sizdə hansı hisslər doğurur?  

- Onun yoxluğunu qəbul etmək bizim üçün çox çətindir, eyni ilə bu ifadəni işlətmək və görmək... Amma Qənirə xanıma olan dövlət və xalq sevgisi o qədər böyükdür ki, bunu sözlə ifadə edə bilmərəm. Bacısı və ailəsi olaraq rəhmət diləyənlərdən bu qədər başsağlığı almaq hər kəsə nəsib olmur. Ona olan böyük sevgi üçün təşəkkür edirik.
 
- Acıdır, ancaq soruşmağa məcburuq, ananızla, qardaşlarınızla Qənirə xanım barədə indi nələri danışırsınız?  
 
- Qənirə xanım ailəsində və yaxınlarında çox böyük izlər qoyub. Ona görə də hər an onu düşünməmək mümkün deyil. Onun dünyadan köçməsi ilə bizim həyata olan baxışımız dəyişdi. Bir daha sübut etdi ki, bu həyatda sadəcə yaxşılıq qalır. O həmişə deyirdi ki, insan cismən dünyada olmayanda belə, arxasınca “adam kimi adam idi” deyilməlidir. Biz qardaşlarımızla ancaq onun mərhəmətliyi, böyük ürəyi barədə danışırıq. O, həyatımızın hər anında bizimlə birlikdədir, daim yad edirik. 
 
- Nə vaxtsa Qənirə xanımla heç ölüm barədə söhbətləriniz olmuşdumu?.. 
 
- O, Allaha çox inanan insan idi. Ölümdən heç vaxt qorxmurdu. Həyat yoluna da diqqət etsək, həmişə ölümün üzərinə gedən insan olub. Əfqanıstan, İraq müharibəsində, Qarabağ savaşında biz bunun canlı şahidi olmuşuq. Hər zaman deyirdi ki, haqdan gəldik, haqqa dönəcəyik. O heç vaxt sabah nə edəcəyi barədə plan qurmazdı və həmişə deyirdi ki, “Allahı güldürmək istəyirsinizsə, ona planlarınızdan danışın”. Sadəcə gələcək nəslin yaxşı yaşaması üçün çalışardı. Hər insanın gücü yetdiyi qədər iz qoyub getməli olduğunu deyirdi. Dediyi kimi də oldu. 

- Siz erkən yaşlarda atanızı itirmişdiniz. Qənirə Paşayeva kənardan güclü xanım təsiri bağışlayırdı. Gerçəklik də belə idimi?
 
- Bəli, biz atamızı çox erkən itirmişik. Hər birimiz üçün çox çətin dövr idi. Çünki biz təkcə atamızı yox, müəllimimizi, dostumuzu itirmişdik. Təbii olaraq bu proses ailənin böyük övladları üçün daha çətin olur. Çünki onların üzərinə acı ilə bərabər, böyük məsuliyyət də düşür. Qənirə xanım güclü bir insan idi, amma bununla bərabər çox duyğusal idi. Hətta deyərdim ki, ailəmizdə atamdan sonra ən duyğusal adam idi. 
 


- Qənirə Paşayeva çox hiperaktiv insan idi və bu, onun haqqında bəzi zarafatlara da yol açmışdı. Məsələn, zarafatla deyirdilər ki, Qənirə xanımı bilmək olmaz, bir də gördün səhər Bakıdadır, günorta İstanbulda, axşam da Tovuzda... Bacınızla öz aranızdakı söhbətlər zamanı belə zarafatları da müzakirə edirdinizmi?
 

- Qənirə xanım qısa, amma məna dolu ömrünü xalqına, millətinə həsr edib. O, çox əməksevər idi, dörd saatdan çox yatdığının şahidi olmamışam. Hər zaman bizə zarafatla deyirdi ki, “tənbəlsiniz, nə qədər yatırsınız. O dünyada bol-bol yatacaqsınız, bu həyatda niyə yatırsınız?”. Nə qədər işləsək də, onu qane etmirdik. Zarafatla deyirdim ki, "ayda 20 min manat versən də, səninlə işləmərəm, sən insanı işlətməkdən öldürərsən". O, hər zaman işləyirdi, evə də gec gələrdi. Evdə də gecə 4-ə qədər işləyərdi, ya da yaradıcıllıqla məşğul olardı. 
Həmişə yazdıqlarını mənimlə bölüşürdü. İşimlə əlaqədar Türkiyədə yaşayıram. Qənirə xanım gecə saat 2-də, 3-də mənə səsyazısı göndərərdi. Həmişə qorxurdum ki, yəqin kiməsə nəsə olub. Amma görürdüm ki, yox, nə barədəsə yazdığını və ya çəkdiyini mənimlə bölüşür. Deyirdim ki, “rəhmətliyin qızı, saatdan xəbərin var? Bu vaxt adama səs göndərərlər?” O isə həmişəki kimi, deyərdi ki, "nə tez yatırsan?". 
 
- Dayanmadan, yorulmadan həm ölkə daxilində, həm də xaricdə görüşlərə, tədbirlərə, qəbullara gedirdi... Parlamentdə işləyirdi, kitab yazırdı, tez-tez Tovuza səfər edirdi... Necə düşünürsünüz, bəlkə elə çox gərgin iş qrafiki Qənirə xanımın səhhətində pis təsir etdi? 

- O, heç yorulmayan insan idi. Hətta deyə bilərəm ki, ailəmizdə ən az xəstələnən də o idi. Ailə olaraq həmişə onun çox gərgin iş qrafikindən narahat olurduq. Amma həmişə deyirdi ki, mən bu işlərlə yorğunluğumu çıxarıram. Yaxud da kimsə zəng edib desəydi ki, “Allah razı olsun, işimiz həllini tapdı”, elə bil yorğunluğu qalmırdı. Mən ona dərviş deyirdim, hər halda modern dərvişlər belə olurmuş. 
 

- Deyirlər ki, ananız dəfələrlə Qənirə xanımdan şəxsi həyata da vaxt ayırmasını, ailə qurmasını istəyib, məsləhətlər verib, amma o bunalara əməl etməyib...

 
- Hər bir valideyn övladının ailə səadətini görmək istəyir. Təbii ki, mənim anam da bunu çox istəyirdi, həmişə tövsiyələrini verirdi. Amma Qənirə xanımın bu həyatdakı missiyası çox fərqli idi. Onun missiyası dövlət, xalq, millət, Türk dünyası üçün çalışmaq idi. O, öz övladlarının anası olmağı deyil, çoxlarının anası, bacısı və doğması olmağı seçmişdi və bundan da çox xoşbəxt idi. 

- Qənirə xanımı biz diplomat, deputat, jurnalist olaraq görmüşük. Bəs o, bir bacı kimi necə insan idi? 

- Onun adının qarşısında çox titullar səsləndirilib. Biz onunla yenə də dərdləşirik, ruhun ölməzliyinə inananlar, bizi daha yaxşı anlayar. Öz uğurlarımızı onunla bölüşürük. Biz bacı olmaqla bərabər, həmçinin çox yaxşı dost idik. Onun bacısı olmaq böyük bir məsuliyyətdir.      
 

- Kəmalə xanım, qarşıdan Milli Məclisə seçkilər gəlir. Siz bacınızın yolunu davam etdirmək üçün özünüzü parlamentdə görürsünüz?
 

- Biz dörd bacı-qardaş iki idealist müəllimin övladlarıyıq. Bu övladlar dövlət və xalq naminə çalışmaq üçün yetişdirilib. Biz harada və hansı vəzifədə olmağımızdan asılı olmayaraq dövlətimiz, xalqımız üçün çalışmışıq, bundan sonra da çalışacağıq. Status insanı olmaq üçün çalışmamışıq.   

- Qənirə xanım bir qızı mənəvi övladlığa götürmüşdü. İndi o qız haradadır? 

- Bəli, Qənirə xanımın mənəvi qızı vardı. Həmin övladı o oxutdurdu, hətta evləndirdi də. Allah onu xoşbəxt eləsin. Amma Qənirə xanımın təkcə bir yox, bir neçə mənəvi qızı olub. Birinin adını yazıb, o birilərilərin adını qeyd etməmək olmaz. Hamısı ilə əlaqələrimiz var. Hətta bəziləri tələbədir və Qənirə xanımdan sonra biz ailəmiz adından onlara dəstək göstəririk.   

- Qənirə xanımın yoxluğundan sonra dostları ailəsini unutmayıb ki?

- Bu həyatda hər cür insan var. Bu, həyatın təbiətindən qaynaqlanır. Yaxşısı var, pisi var, vəfasızı var. Belə insanlar həmişə olub və olacaq da. Ona görə də biz yenə də Qənirə xanımın yolu ilə davam edək. O hər zaman hər şeyə gözəl qəlblə baxırdı. Biz də ailə olaraq bu yolu seçdik, gözəl dostlar və insanlar hər zaman ətrafımızda olacaq.   

- Qənirə xanımdam qalan hansısa miras, özəl əşyalar və sair şeylər var. Onların taleyi necə olacaq?

- Qənirə xanımın bütün əşyaları ailəmiz tərəfindən öz evində qorunur. Bəzi muzeylər əşyalar istəmişdilər və onları verdik. Biz həyatda olduğumuz müddətdə onun əşyaları və evi qorunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?