Modern.az

Arxamca deyirdilər ki, “Tütün kralıdır”, “Siqaret baronudur” - MÜSAHİBƏ

Arxamca deyirdilər ki, “Tütün kralıdır”, “Siqaret baronudur” - MÜSAHİBƏ

9 Sentyabr 2024, 15:20

III, IV, V və VI çağırış Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Modern.az-ın qonağı olub.

Rüfət Quliyev deputatlığa namizəd olmamasından, bundan sonra görəcəyi işlərdən və başqa mövzulardan danışıb. Onunla müsahibəni təqdim edirik:
 

- Rüfət müəllim, deputatlığa namizədliyinizi irəli sürməməyiniz çoxları üçün gözlənilməz oldu. Belə bir qərar verməyinizə səbəb nə oldu?
 

- Mən biznesdən, elmdən gəlmişəm. 39 illik ali məktəb müəllimiyəm. Bununla fəxr edirəm ki, elmlər doktoru, professoram. Mənim digər titullardan çox elmi titula önəm verməyim maraq doğurur və həmişə bu barədə sual verirlər. Vəzifədən çıxan adam haqqında hansı sənəddə sabiq nazir, keçmiş icra başçısı, eks-deputat yazılır? Amma elmlər doktoru, professor titulu varsa, bunlar yazılır.
Mən sahibkar olmuşam, böyük şirkətləri idarə etmişəm. Sonda da “European Tobacco Baku”da 1999-cu ildən 2017-ci ilə kimi İdarə Heyətinin sədri olmuşam. Həmişə arxamca danışıblar ki, “tütün kralıdır”, “siqaret baronudur”. Yazsınlar da... Mən jurnalistlərin çörəyinə bais olmaq istəmirdim. Sadəcə olaraq, daha sonra yazanlara deyirdim ki, zəhmət olmasa, incə barmaqlarınızla internetdə yoxlanış edin. Mən 2017-ci ildə oradan ayrılmışam. Konstitusiyanı pozmamaq üçün məcbur qalıb sahibkarlıq fəaliyyətimi dayandırdım.

90-cı illərdə Azərbaycanda iki nəhəng şirkətin məsləhətçisi olmuşam və kifayət qədər də maaş almışam. Sonra həyatımı elə qurdum ki, 2005-ci ildə millət vəkili seçildim. 2005-ci ildən 2010-cu ilə kimi 5 il məhkəmələrdə oldum. Müxalifət məni məhkəməyə verdi ki, İdarə Heyətinin sədri işləyə bilməzsiniz. Dedim ki, “axı, mən rəsmi maaş almıram. Mən şirkətə köməklik edirəm, yəni məsləhətlər verirəm. Ona görə kabinetdə oturmağa ixtiyar verilib”. Sonda, təbii ki, məhkəməni mən qazandım. Mənim 340-a yaxın elmi məqaləm, kitabım, monoqrafiyam, dərsliyim var. Yalan olmasın, 15-20 ölkədə dərc olunmuşam. 20-25 ölkədə çıxışlar etmişəm.

Bu yaxınlarda Rusiyanın Tümen şəhərində olmuşam. Orada Sahibkarlıq İnstitutu açılıb. Onun da astanasında duran etnik azərbaycanlı, Rusiya vətəndaşı Eduard Zakir oğlu Omarov məni ora dəvət etmişdi. Fikrim belə oldu ki, bundan sonra elmi işimdə irəliləyişlər edim, həm də bizneslə məşğul olum. Pensiya yaşıma az qalıb. Fikirləşdim ki, pensiyaqabağı 5-10 manat pul qazanım, pensiyaya çıxanda da mənə rahat olsun. Amma həyatda heç vaxt "bu, son qərardır" demək olmaz. Son qərarı ancaq göydəki Allah bilər. Hələlik belə qərar verdim.

Hesab edirəm ki, düzgün qərar vermişəm. Mən bitərəf deputat olsam da, ömürboyu hakimiyyətin xəttini müdafiə etmişəm. Lazım gələndə müəyyən nazirliklər, dövlət qurumları haqda tənqid də səsləndirmişəm. Buna görə problemlər də yaşamışam. Problemlər nazirliklərin, qurumların rəhbərləri ilə yox, onların şöbə müdirləri, department müdirləri ilə olub. Mən budəfəki seçkiyə getməyəcəyimi dərhal elan etdim. Bəzi dostlarım mənə zəng edib dedilər ki, “sən çox müdrik adamsan”. Dedim ki, mən niyə seçicilərimi aldadım, seçicilərim düşünsün ki, sənədlərimi verəcəm. 
 

- Bundan sonra akademik fəaliyyətlə məşğul olacağınızı bildrimisiniz. Deputat olduğunuz müddətdə elm və təhsil sahəsindən kənarda deyildinizmi? Yenidən o sahəyə qayıtmaq çətin olmayacaq?
 

- Mən elmi fəaliyyətimə Azərbaycan Texniki Universitetində başlamışam, orada çalışmışam. 10 ildən çox kafedra müdiri olmuşam. İndi bir neçə universitetdən yaxşı təklif almışam. Sözün açığı, o təkliflər barədə düşünürəm. Master-klass dərsləri keçmək üçün sənədlərimi vermişəm. Fəaliyyətim daha çox biznes savadı verməyə yönəlib. Bu gün bizim professional biznesmen və idarə edənlərin keyfiyyətini və kəmiyyətini artırmağa ehtiyac var. Bu, maraqlı mövzudur. Tumendən heyət gələcək. Həmin heyətin tərkibində cənab Omarov da olacaq. Onun institutunun burada filialının açılması məsələsi var. Biz gərək, professional sahibkar sinifini formalaşdırmağa başlayaq. Mən elmdən uzaqlaşmamışam. Dərs deməyi çatdıra bilmirdim. Son 5 ildə mənim üçün dərs demək çətin idi. Amma mənim “CBC” TV-də iki verilişim var. “Dünya iqtisadiyyatı və Azərbaycan” adlı verilişim bilavasitə elmdir. İkincisi, “Sahibkar saatı” verilişidir. İkisinin də müəllifi mənəm. Deputat olanda elmə lazımi qədər vaxt sərf edə bilmirdim. İndi kifayət qədər vaxtım var. Dərs də deyəcəm.
 

- Siz universitetdə rus sektorunda dərs deyirsiniz? 

- Bəli. Anadangəlmə rus sektorudur.
 

- Tələbələrlə necə yola gedirsiniz, onlarla münaqişəniz olubmu?
 

- 1986-cı il sentyabrın 16-dan o vaxt Politexnik İnstitutu adlanan indiki Azərbaycan Texniki Universitetində dərs deməyə başlamışam. Kiyev Universitetinin məzunu idim. 22 yaşda auditoriyada dərs demək çətin məsələ idi. Məzun olan kimi Moskva Universitetinin aspiranturasına da daxil oldum. Bir ara çalışdım ki, gedib orada elmi iş yazam. Sonra elə oldu ki, atam elmi işimi burada yazmağıma qərar verdi. Ata mənim üçün müqəddəs insan olduğu üçün geri qayıtdım.
Bəli, mənim tələbələrlə münaqişələrim olub. Buna səbəb isə tələbənin dərsə gəlməməsi və dərs oxumamasıydı. Mən bu halları qəbul etmirəm.
Tələbəyə deyirdim ki, dərsə gəlmirsən, sonra problemlər yaşanacaq. Deyirdi ki, “bir-birimizi birtəhər yola verərik”. Mən də cavab olaraq deyirdim ki, “bir təhər yola vermək alınmayacaq”. Onda bir neçə dəfə üst-üstə 3-4 tələbə ilə böyük konflikt yaşadım. Sözün açığı, konfliktlərin sonunda məndən bir çox xahişlər olundu və onlara köməklik etdim. Mən bu gün keçmiş tələbələrimi görürəm. Onlar kifayət qədər yüksək vəzifələrdə çalışırlar.
Hərbi komissar, müəssisə müdiri, yol polisi işləyən keçmiş tələbələrim var. Arada mənim maşınımı görəndə  “çest” də verirlər. Sürücü deyir ki, “nə yaxşı deputatı tanıdılar...”. Mən də deyirəm ki, "deputatı tanımırlar, Rüfət Quliyevi tanıyırlar". Hərdən maşını saxlayıb onlarla görüşürəm də.
Öz tələbələrimlə həmişə fəxr etmişəm. Maliyyə və maddi məsələlərlə bağlı səhvlərim olmayıb. Amma hə, əsəbi olmuş ola bilərəm. Bu da tələbənin dərsə gəlməməsi ilə bağlı yaranıb. Mən dərsə gəlməyən tələbələri qəti başa düşmürəm. 

- Heç olubmu ki, “2” yazdığınız tələbəyə sonradan güzəşt edəsiniz?


- Olub. Qiyabi tələbələrdən biri imtahan üçün yanıma gəlmişdi, əlləri qabar-qabar idi. Heç nə bilmirdi. Ona dedim ki, siz heç nə bilmirsiniz. Dedi ki, “Rüfət müəllim, mən sizin barədə kifayət qədər eşitmişəm. Siz onsuz da insanlara ürək yandıran adamsınız. Onsuz da mən oxuyan deyiləm. Sürünə-sürünə gəlib 3-cü kursa çıxmışam. Qiymətimi yaz, sürünə-sürünə çıxım gedim”. Dedim ki, “halaldır. Sənin bu sözlərinə və qabarlı əllərinə görə qiymət yazacam”. Kəsilən tələbələrə həmişə nəsihətlər vermişəm. Bir tələbə vardı ki, böyük vəzifəli şəxsin oğlu idi. Məni universitetin rəhbərliyi çağırıb dedi ki, “buna kömək etmək lazımdır”. Gördülər alınmır, dedilər ki, atası şəxsən gəlib xahiş edəcək. Dedim ki, “atası gəlməsin, amma özü 20 cümlə əzbərləyib gəlsin”. 20 cümlədən 10-nu mənə dedi, "3" yazdım. O tələbə mənə dedi ki, “Rüfət müəllim, məni bu universitetdə oxumağa məcbur edə bilən olmamışdı. Siz birinci və axırıncı adamsınız ki, 10 cümləni mənə əzbərlətdiniz".
İnsan kimin üçün oxuyur, özü üçün. Cəmiyyətdə uğurlu olmaq üçün oxumaq lazımdır. Mənim babamın bir sözü vardı, deyirdi ki, “hambal da olsan, hambalbaşı ol”. Dövlət kifayət qədər şərait yaradıb. Yaxşı, bu avaralardan biri xaricə getdi, orada oxuya biləcək? İki ayın içərisində geri göndərəcəklər. İndiyə kimi valideynlər düşünürlər ki, diplomu olsa, övladlarının ömürlük çörəyi olacaq. Bu, yanlış düşüncədir. Statistika göstərir ki, hər il ali məktəbi bitirən tələbələrin 48 faizi iş tapa bilmir. Ona görə ki, bunlar professional oxumayıblar, ixtisaslarını yaxşı məniməsəməyiblər. 
 

- Siyasi proseslərdən kənarda qalmaq sizi darıxdırmayacaq ki?
 

- Mən siyasətdən getməmişəm. Siyasi şərhlər və analitikalar yenə də olacaq.
 


- Vaxtilə siqaret istehalı ilə məşğul olan şirkətə rəhbərlik etmisiniz. Biznes sahəsində fəaliyyətiniz yenə də qalırmı?

 

- O sahəyə yenidən qayıtmağımın hələ bir çiləsi çıxsın də.  Yalan olmasın bu gün 7-8 təklif var. Deputat  işlədiyim vaxtlarda istər Azərbaycanda, istər MDB məkanında, istərsə də xarici ölkələrdə əlaqələrim olub. "6-cı əl sıxmaq" qaydası var. Hansısa işi görəcəksənsə, 5 əl sıxacaqsan, 6-cı əli sıxandan sonra iş həll olunacaq. Dəvətlər çoxdur. Bir neçəsinə məsləhətçi kimi başlamışam. Özümü sözün açığı, zorlamaq istəmirəm. 61 yaşım tamam oldu. Kifayət qədər işləmişəm. 
 

- Ukraynda ali təhsil almısınız. Oradakı tələbə yoldaşlarınızla əlaqələriniz qalırsa, onlar Rusiya ilə müharibənin sonunu necə görürlər?
 

- Nə deyəcəklər? Səhv ediblər. Azərbaycan Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü tanıyıb və tanıyacaq. Bu, cənab Prezidentin sözləridir. Mən də hansısa məsələnin müharibə ilə həllinin tərəfdarı deyiləm. Qərbin bəzi ölkələri məqsədlərinə nail oldular. İki qardaş xalqı bir-birinə vurdular. Qərb bizə bəyəm 2-li, 3-lü standartlar göstərməyib? Gərək rəhbər olan insan dahi ola. Ancaq dahi insan bilər ki, gələcəyi necə etmək olar. Ukrayna mənim üçün ikinci ana vətəndir. Mən o vaxt ümumilli lider Heydər Əliyevin proqramı ilə Ukraynaya getdim. Çox razıyam. Allah ona qəni-qəni rəhmət etsin, qəbri nurla dolsun. Ukraynalılar Qərbin oyununa getdilər. Qərbin bəzi dövlətlərinin oyunlarının sonu nə oldu? Dövlətlərin adını çəkmək istəmirəm. Bəlli məsələdir. Ümumilli liderin dediyi kimi, “müstəqilliyin qiyməti yoxdur.
Tələbə yoldaşlarım məndən soruşurlar ki, Ukrayna niyə bu günə düşdü? Deyirəm ki, sizin normal rəhbəriniz olmayıb. Hərdən mənə yarızarafat, yarıgerçək deyirlər ki, “nə olardı, Allah bizə də Heydər Əliyev kimi rəhbər yollayardı”.
Qərb Ukrayna və Rusiyanı məngənəyə saldı. Amma Qərb Rusiyanın tam dağılmasını istəmir. 1991-ci ildə SSRİ dağıldıqdan sonra nüvə silahı bir əldən 15 ələ keçdi. Onda, həqiqətən, böyük problemlər yaşandı. Bu gün Qərb bilir ki, nüvə bir nəfərin - cənab Putinin əlindədir. İndi nüvə silahının qorxusundan Rusiyanın tam dağılmasını istəmirlər. Ukraynaya baxanda, mənim ürəyim ağrıyır. Dostlarımla da danışıram. Deyirlər ki, “neyniyək səhv etdik”. 
 

- Deputat olduğunuz dövrdə ən yaddaqalan seçici müraciəti nə olub? 
 

- Ümumiyyətlə, mən seçicilərimdən çox razıyam. Deputat olduğum zaman nazirə, nazir müavininə, prokurora nə vaxt zəng etdimsə, müsbət cavab aldım. 15 müraciətdən biri şəxsi olur. Dayıoğlu, bibiqızını da xahiş edirsən. Mən müqəddəs adam-zad deyiləm. Bir seçici müraciəti oldu ki, hələ də yadımdadır. Bir adam gəlib dedi ki, “xəstəyəm, dərmana ehtiyacım var”. Həkim yazan resepti gətirməsini istədim.  Bir saatdan sonra resept gətirdi. Başa düşdüm ki, resept 6-7 il əvvəl yazılıb. Dedim, “sənə bu dərmanlar lazımdı?”. Dedi ki, “hə, xahiş edirəm pul verin, gedim alım". Ona aptekə gedib bu dərmanları pulla almasına ehtiyac olmadığını dedim. Bir dostum vardı -aptek sahibi, ona zəng etdim və dedim ki, “sənə vatsapla göndərdiyim reseptdə yazılan dərmanların hamısını gələcək adama ver. Pulunu mən ödəcəyəm. Amma sən digər apteklərə də de, aparıb dərmanların əvəzində pul istəsə, verməsinlər”.
Sonsuz bir ailə vardı. Övlad istəyirdilər. Orada anaya elə suallar verirdilər ki, mən elmlər doktoru, professor olaraq cavab verə bilməzdim. Düzgün addımdır ki, hər ailəyə uşaq vermək olmaz.  Amma proses çox uzandı. İdarəyə zəng edib dedim ki, gəlib qol çəkəcəm. Bunlar uşağı götürdülər. Mənə zəng etdilər ki, uşağın adını Rüfət qoymaq istəyirik. Dedim ki, yox, Rüfət qoymayın.
 

- Niyə?
 

- Ona görə ki, onlar görüşlərə gələndə babalarının adını qoymaq istəyirdilər. Sonra gördülər ki, bu işə kömək edirəm, o uşağa mənim adımı vermək istədilər. Bu gün bizim ən böyük borcumuz şəhid ailələlərinə, qazilərədir. Əfsuslar olsun ki, bəzi məmurlar hətta mənə gəlib çirkin şeylər danışanda əsəbiləşmişəm. Əsəbiləşəndə sonra əziyyətini çəkəcəyim addımları ata bilərəm. Bəli, mən bilirəm ki, Lənkəranda hüquq-mühafizə orqanlarının nümayəndələri ilə qazilər arasənda mübahisə olub. Zəng vurub demişəm ki, “bu adamlar ölüm görüblər. Sən-mən isti yerimizdə oturanda, onlar ölümlə burun-buruna gəliblər. İndi yanınıza gəlib, bir az əsəbidir, güzəştə get. Bu insan mənə ərizə yazsa, məcbur olub ən yuxarıya qədər gedəcəm”. Həkimlərə də deyirəm, "100 dəfə gəlirsə, yüz dəfə qəbul edin". Mən bir dəfə xəstəxanaya getmişdim. Gördüm, hərbi formada bir gənc əziyyət çəkə-çəkə gəlir. Ona yer verdim, gördüm gözləri yaşarıb. Həkimin otağına gedib Qarabağ qazisinin növbədə olduğunu dedilər, onu dərhal qəbul etdilər. Həkimə dedim ki, məni qəbul etməsəydiniz, problem yox idi. Amma bunları qəbul etmək lazımdır. Cəmiyyətdə də bu insanlara rəğbət var.
 

- Məmurların fəaliyyətini necə qiymətləndirirsiniz? Bu sahədə hansısa islahatlara ehtiyac varmı?
 

- Ən çox məhkəmə sistemində islahatlara ehtiyac var. Deməli, vergi, gömrük sistemində böyük islahatlar keçirildi. Hüquq-mühafizə orqanlarında çox böyük dəyişikliklər olub. Amma yenə də, hərdən bir nəsə olur. Məhkəmə sistemində isə islahatlar getdi, amma effekt vermədi. Mənə deyirlər ki, Türkiyədə də illərlə məhkəmələr gedir.  Bu gün notariusda olmuşam. 10 dəqiqə ərzində məsələ həll olunub. Qabaq hamı bu xidmətdən narazıydı. İndi hamı razıdı. "Asan xidmət"ə görə Azərbaycana, cənab Prezidentə xüsusi alqışlar düşür. Asan sistem yaratdılar. 
  

- Məsələn, tez-tez İcra hakimiyyətlərinin ləğvi məsələsi gündəmə gətirilir...
 

- Mən bu məsələdə o mövqedəyəm ki, necə məsləhətdir? İcra hakimiyyətlərinin bir çoxu öz funksiyalarını yerinə yetirib. Orada daha dərindən islahatlar gedə bilər. Düşünürəm ki, ölkə rəhbərliyinin başqa fikri var. Bu idarəetmə sistemi kökündən dəyişəyəcək.

- Xüsusi nümayəndəliyə keçəcək?

- Belə bir fikir də var. Hər şey yenilənməlidir. İndi 5 ayın içərisində dünya dəyişir. Bu sistemə də əl atıla bilər.  Azərbaycan dövlətçiliyinin qorunmasında, inkişafında İcra hakimiyyətləri işlərini görüblər. Rüşvət alıb tutulanları da olub. İndi də var. Yəni hər şey camaata əyan olur. Camaata da əyan olanda gizlətmək olmaz. Yaxşı, yazılanların 90 faizi yalan olsun. 10 faizi ki doğrudur. Türmədə yer qalmayıb. Hamısını gərək, "paçka-paçka"  türməyə salasan. Adam gərək, özü düşünsün ki, necə addım atmaq lazımdı ki, nə şiş yansın, nə kabab.


- Bazarlarda qiymətlər qalxır, insanlar bundan narahatdırlar. Bahalaşmanın səbəbini necə izah edərdiniz?
 

- Bazar iqtisadiyyatının əsasında xaos durur. Bunu mən yox, rəhmətlik Karl Marks deyib. Karl Marksın nəzəriyyəsi tam qəbuldur. Sonu bir az yaxşı olmadı. Lenin sonra gəlib dedi ki, hökmən çevriliş olmalı, idarəetməyə proletariat gəlməlidir. Onu da deyim ki, mənim Sovet dövrünə böyük rəğbətim var. O vaxt mən bilirdim ki, hökumət uşağı birinci səsi çıxan gündən ölənə qədər müşaiyət edir. Bazar iqtisadiyyatını istədik, quruldu. Bazar iqtisadiyyatında bazar qanunları var. Daim inflyasiya və işsizlik olacaq. Sadəcə olaraq, dövlət bunu tənzimləyib azaldır. İnflyasiya olmasa, insanların pulu hərəkətə gətirməyə həvəsi olmayacaq. Bahalaşma davam edəcək. Dövlət əlindən gələni edir. Amma bu məsələdə yeganə həll yolu malın bolluğu olmalıdır. Sovet dönəmində yol gedirdin, solda da, sağda da 100 kilometrlərlə ərazidə insanlar əkin-biçinlə məşğul idi. Bu gün insanların kənd təsərrüfatı məhsullarını yetişdirməyə həvəsi yoxdur. 
Kartofu biz özümüz istehsal edə bilmirik. Azərbaycanda qida məhsullarının 85-90 faizini özümüz əkib yetişdirə bilərik. Niyə etmirik?  Bu, başqa məsələdir. Kənd Təsərrüfatı Nazirliyi çalışır ki, nəsə etsin. Orada da nəsə dəyişikliklərə ola bilsin ehtiyac var. Niyə bizim insanlar gedib aqronomiyanı, torpaqşünaslığı oxumurlar. Lənkəranda qəbullar zamanı gələn deyir, oğlumun, qızımın diplomu var. Açıb baxıram ki, ixtisaslar dünya iqtisadiyyatı, dünya iqtisadi münasibətləridir. Dedim, niyə aqronomiyaya qoymadınız? Cavab belə oldu ki, “torpaqda eşələnəcək?”. Bu gün Türkiyədən aqronom gəlir. Bizimkilər bu sahədə məşğul olmaq, öyrənmək istəmirlər. Bu gün elə peşələr var ki, yaxşı çörək verir. Mexaniklər, savadlı fermerlər, aqronomlar lazımdır. 
 


- Rüfət müəllim, ictimai müzakirələrdə qidaların keyfiyyətindən şikayət edilir. Çoxları deyir ki, satışdakı yağ, çay, kolbasa, şirniyyat və bir çox məhsulların tərkibi malın üstündə yazılanla uyğun gəlmir. Məsələn, iddialar var ki, kərə yağı adı altında marqarin satılır və s. Bu haqda fikirləriniz maraqlıdır.

 

- Bizdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) var. Kifayət qədər işləyir. Bir az qılıncını qaldıran kimi  səs-küy qaldırılır ki, AQTA sahibkarları boğur. Dövlət qurumudur, yoxlamağa məcburdur. Süpermarketə girirəm, məhsula baxıram ki, vaxtı keçib. Məndən qabaq da kimsə bunu götürüb baxıb, lakin səs eləmədən yerinə qoyub. Mən isə qaldırdım başladım şüvən salmağa. AQTA-nın nömrəsi var, müdüriyyət var. Supermarketlərin sahibləri çox imkanlı adamlardır. Onlar marketi icarəyə veriblər, onların olanlardan xəbərləri yoxdur. Vaxt sərf edib, məhsulun tərkibinin düz gəlmədiyi ilə bağlı yazmaq istəmirik. Fikirləşirik ki, dövlət orqanıdı da, gəlib yoxlayıb 5-10 manat pul alıb çıxıb gedəcək. Gərək, hər vətəndaş öz hüquqlarını qorusun. Bizdə bir az fəal olan kimi, “bu, işverəndi” deyirlər.
Marketdə vaxtı keçmiş məhsulu görüb reaksiya verməsən, qohumun, qızın, oğlun onu alacaq. O zəhərləndisə, məsuliyyətin bir payı da sənə düşür. Onu bilirəm ki, AQTA-da elə labarotoriyalar var ki, bəlkə, ABŞ-də yoxdur. Şəxs yağı götürsün, aparsın desin ki, mən vətəndaşam, xahiş edirəm bunu yoxlayın. 
 

- Yaxın 1-2 ildə manatın devalvasiyası baş verə bilər?
 

- Deavlvasiya olması üçün makroiqtisadi göstəricilərdə mənfi dəyişikliklər olmalıdır. İqtisadi artım, saldo, qızıl,  valyuta ehtiyatları müsbətdir. Mərkəzi Bankın 10 milyard dollara qədər rezervi var. O gün mənə deyirlər ki, bilirsiniz, yaman dollar satılır. Kifayət qədər məhsul idxal edirik. Bunun da pulunu dollarla veririk. Aeroporta girirsən, bir Ay və Marsa uçuş yoxdur. İnsanlar istirahətə gedirlər. Əcəb edirlər. Həmişə deyirəm ki, qiymətlərə əl gəzdirin, yetim-yesirə də imkan yaradın ki, onlar da harasa uçsun. Gürcüstandan Avropaya 40 avroya uçurlar. Bizdə ən ucuz bilet 200 avrodur. Biz istəyirik ki, dövlətin əlində sehirli çubuq olsun, vuran kimi bütün problemlər həll olunsun. Mümkün deyil. Hiss edirəm ki, AZAL-da dəyişikliklər var. Mən həmişə rayonlardakı aeroportların icarəyə verilməməsini tənqid etmişəm. Dedilər ki, "Rüfət aeroportu xarici şirkətlərə satmaq istəyir". Sonda cənab Prezident bu barədə çıxış etdi.


- Böyük əksəriyyət Bakının tıxac problemindən narazılıq edir. Siz də tıxaca düşürsünüzmü? Ümumiyyətlə bu problemin həlli mümkündür?
 

- Hər il bizə gətirilən maşınların sayı aşağısı 7, yuxarısı 20 faiz artır. Maşınlar da yolla gedir. Düzgün idarə olunmur.  Büdcədən bu istiqamət üçün 100 milyon manat götürülmüşdü. O pul möcüzə kimi itdi-batdı. Cənubi Koreyanın paytaxtı Seulda 6 zolaqlı yol var. Orada yol polisi bizdəki kimi qışqırmır. Orada yollara kompüterlə süni intellekt nəzarət edir. Biz də deyəsən ona yaxınlaşırıq. Parklanma ilə əlaqədar əməlli-başlı mübarizə aparmışam. Vətəndaşa imkan yaratmadan 20 manat cərimə yazıb, tülkü kimi qaçırlar. Hara qaçırsan? Şərait yarat, saatı 1 manatdan 2 manatdan al. Gündə 4 dəfə maşının şəklini çəkirlər. Bunlar düzələcəkmi...
 

- Bəzi insanlar kolleksiya yığmağı xoşlayırlar: siqaret, açıqca, içki, saat, maşın və s. Sizin də kolleksiyanız?
 

- Mənim kitabxanamda 15 mindən yuxarı kitabım var. Hamısı da rus dilindədir. Mən ədəbiyyat oxumağı xoşlayıram. Yaxşı radio avadanlıqları var. Radio xəstəsiyəm. Geyim mənim üçün maraqlı deyil. Mən sizə deyə bilərəm ki, Yaponiya, Almaniya şirkətlərinin hansı radioelektronikası daha yaxşıdı, neçəyədir.  Amma ən çox sevdiyim kitabdır. Mənə deyirlər ki, sən fanatiksən. Gündə kitab oxumalıyam. Son vaxtlar tarixi kitablar oxuyuram. Əfsuslar olsun ki, Azərbaycan tarixini mən oxuduğum kitablar səviyyəsində yazmırlar.
Evdə demişəm ki, mən öləndən sonra kitablarımı satmasınlar. İndi nəvəm var. Onun da kitablara həvəsi var, ingiliscə oxuyur.  Kinodur, musiqidir mənim maraq dairəmdədir. Maşın kolleksiyası mənlik deyil.
 

- Övladlarınız siyasətlə maraqlanırlar, onları hansı istiqamətə yönəltmisiniz?
 

- Övladlarımın biri Dubayda, digəri Qətərdə oxuyub. İkisinin də ixtisasları maliyyədir. Mən istəmişəm ki, həkim olsunlar. Həkimlikdən nüfuzlu və gözəl peşə yoxdur. 
 

- Hobbiniz nələrdir?
 

- Ağacları, gülləri sevirəm. Bağımda ağacları gülləri seyr edirəm. Fiziki işləri, açıq deyim ki, xoşlamıram. Tənbəlliyim var. Kaktus kolleksiyam var. Keçən dəfə xaricdən gələndə "yapon vişnəsi" aldım, adı Sakuradır. Onu düz yataq otağının qabağında əkmişəm. Gündə pəncərəni açıb baxıram. Bir ağac da var Pavloniya. İndi onunla çox maraqlanarım.
İçki ilə filan aram yoxdur. Hamı necə, mən də elə - 50-100 qram içərəm. Hərdən bir mənə deyirlər ki, bilirsən bu nə çaxırdır, bir butulkası 2000 avrodur. Belə şeyləri xoşlamıram. Süni maraqlar yaradırlar.
 

- Xeyriyyəçilik işləriniz varmı?
 

- Həyatımızın 90 faizi xeyriyyəçilikdir (gülür). Hər kəs xeyriyyəçiliyi maliyyə ilə bağlayır. Mən 7 il Ali Attestasiya Komissiyasının üzvü olmuşam. Bir çox gənc alimlərin elmi rəhbəri olmuşam. Bu, xeyriyyəçilikdir də. Bircə adam deyə bilməz ki, Rüfət məndən pul alıb...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı