Modern.az

Yanında olduğun nazirliyin yaxşısını da deməlisən, pisini də - İctimai Şura sədri ilə MÜSAHİBƏ

Yanında olduğun nazirliyin yaxşısını da deməlisən, pisini də - İctimai Şura sədri ilə MÜSAHİBƏ

Müsahibə

16 Oktyabr 2024, 11:16

Şaban Nəsirov: “Bizim sahə üzrə ən çox şikayət “Azəriqaz”la bağlıdır”
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 yanvar 2014-cü il tarixli fərmanı ilə “İctimai iştirakçılıq haqqında” qanun qəbul edilib. 2014-cü il iyunun 1-dən qüvvəyə minən qanunun məqsədi mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təmin edilməsi, vətəndaşların və vətəndaş cəmiyyət institutlarının rəyinin nəzərə alınmasıdır. Qanuna müvafiq olaraq bütün nazirliklər yanında İctimai şuralar yaradılıb. Bəs həmin şuralar necə işləyir, nazirliklər onlarla hesablaşırmı?

Modern.az saytı nazirliklər yanında İctimai şuraların sədrləri ilə silsilə müsahibələrə başlayır.

İlk müsahibimiz Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Şaban Nəsirovdur.


- Şaban müəllim, müşahidələr göstərir ki, Azərbaycanda İctimai şuralara birmənalı münasibət yoxdur. Bu da ondan irəli gəlir ki, nazirlik və ya komitə yanında yaradılan İctimai şuralar daha çox həmin qurumun müdafiəçisi qismində çıxış edir. Siz bununla bağlı nə deyə bilərsiniz? İctimai şuralar necə işləməlidir ki, ictimai nüfuz qazana bilsinlər.


- İctimai Şura üzvləri də bu ölkənin vətəndaşlarıdır. Təbii ki, burada da müəyyən problemlər yaranır. Müşahidələrimə əsasən deyə bilərəm ki, İctimai şuraya seçilən insanın özündən çox şey asılıdır. Üzv seçiləndən sonra necə fəaliyyət göstərməsi həm də şuranın özündən asılıdır. Yanında olduğu qurumu təmsil etmə məsələsinə gəldikdə, bunun bir çox səbəbləri var. Ən çox müzakirə olunan məsələlərdən biri də maliyyə məsələsi ilə bağlıdır. Bildiyiniz kimi, İctimai şuralara heç bir maliyyə ayrılmır, bu qurumlar sırf könüllülük prinsipi əsasında işləyirlər. Bəzi məsələlərdə isə İctimai şuranın yanında fəaliyyət göstərdiyi qurumun yardımına ehtiyacı olur. Buraya nəqliyyat vasitəsi, texniki avadanlıqlar və şuranın fəaliyyət göstərdiyi yer aid edilə bilər. Asılılığın ilkin etabı bununla başlayır. Əgər quruma nəzarət edir, onunla işləyirsənsə, haradasa fikirlərin kəsişmədiyi nöqtə olur. O zaman qurum müəyyən qədər xırda maneələr yaratmağa başlayır.
Məsələnin ikinci tərəfi isə şura üzvlərinin şəxsi keyfiyyətləri ilə bağlıdır. Qeyd etdiyim məsələlər həll oluna bilər, amma əgər şəxs öz marağını öndə tutursa, şuranın fəaliyyəti şəffaf olmayacaq və görünməyəcək. Məsələn, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranı göstərə bilərik. Bu şuranın tərkibi heç bir prosesdə öz mövqeyini bildirmədi. İnternetin qiyməti qalxdı, şura üzvləri heç nə demədilər, “qaynar xətt”ə zəng zamanı vətəndaşdan məbləğ çıxılır, buna münasibət bildirmədilər. Kifayət qədər şikayət var, amma şura heç nə etmir. Bütün bu məsələlər ictimai şura tərəfindən Nazirlik qarşısında qaldırılmalıdır.
Mən “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şurada olduğum vaxt Tarif Şurasına ən çox bəyanat verən biz idik. Qiymət artımına ən sərt bəyanat bizim tərəfimizdən verilmişdi. Seçilən şəxsin özünün iş prinsipindən çox şey asılıdır. Şura üzvü olduqda yanında olduğun qurumun yaxşı işini təriflədiyin kimi,  pisinə də iradını bildirməlisən. Burada ictimai maraqlar şəxsi maraqlardan öndə olmalıdır. Cənab Prezident də “İctimai iştirakçılıq haqqında” qanunu tətbiq edəndə şəffaflıq tələb etdi. Bizim qarşımıza vətəndaş və qurumlar arasında körpü rolunu oynamaq vəzifəsi qoyulub. Bizə daxil olan müraciətlər nazirliyin müvafiq şöbəsinə yönəldilir və 90% nəticə vətəndaşın xeyrinə olur.
 

- İctimai şuraların əsas vəzifələrindən biri vətəndaşlarla sıx əməkdaşlıq etməkdir. Energetika Nazirliyi yanında İctimai Şura vətəndaşlarla necə əməkdaşlıq edir? Vətəndaşlardan sizə daxil olan müraciətlər əsasən nə ilə bağlı olur?


- Burada təbliğat və təşviqat məsələləri də rol oynayır. Baxırsan ki, şuranın sosial şəbəkə hesabı var, amma heç bir əlaqə nömrəsi qoyulmayıb. Nə əlaqə nömrəsi, nə e-mail ünvanı qeyd olunub, bəs vətəndaş necə əlaqə saxlamalıdır?! Tutaq ki, vətəndaş məni tanıyır, amma əlaqə nömrəm onda yoxdursa, nə etməlidir?
Biz işimizi ilk növbədə əlçatan istiqamətdə qurmuşuq. Bu gün mənim mobil telefonum vətəndaşlara açıqdır, şəxsən mənə göndərilən şikayətlər var və lazımi şəkildə aidiyyatı quruma yönləndirilir. Əgər mərkəzi icra hakimiyyəti yanındakı şuralar bu vəziyyətdədirsə, rayonlarda yerli icra hakimiyyətləri yanındakı şuraların vəziyyətini siz düşünün.
Bizə edilən müraciətlər qanuna uyğun şəkildə cavablandırılır. Vətəndaşın xeyrinə olmasa da, ona qanunla problemin həll yolu izah edilir. Biz qanundan üstün deyilik, qanunda nə deyilirsə, ona uyğun addım atılır.
 

- Sizin İctimai şuranın fəaliyyətində prioritet istiqamətlər nələrdir?
 

- Bizim əsas prioritetimiz vətəndaşlarla işləməkdir. Onlardan gələn istənilən şikayətə adekvat şəkildə cavab veririk. Söhbət təkcə fərdi şəxslərdən getmir, bəzən obyekt fəaliyyətə başlayan zaman qaz, işıq çəkilməsi ilə bağlı problemlər yaşanır. Bu məsələlərə biz ikiqat diqqətli yanaşırıq. Çünki həmin şəxs ölkənin büdcəsinə qatqı verəcək. Biz ilk növbədə insanlarımızı düşünürük. Önümüzdəki günlərdə keçirləcək COP29 tədbiri işimizi ikiqat çətinləşdirsə də, çalışırıq ki, vətəndaşlarla olan əlaqələrimizdə heç bir gecikmə olmasın. Bizim işimiz müşahidə etməkdir, bu öz yerində. Amma ilk işimiz vətəndaşların şikayətlərinə baxılmasının təmin edilməsinə çalışmaqdır.
İndi İctimai şuraya seçkilər keçiriləndə bir məsələ qaldırırlar ki, sahə üzrə təcrübən olmalıdır. Mən bu məsələni qəbul etmirəm. Qiymətlərin yersiz qalxdığını görmək, “qaynar xətt”ə zəng edəndə həddən çox vəsaitin çıxıldığını anlamaq üçün mütəxəssis olmaq lazımdır?! Nazirliklər İctimai şuraları kifayət qədər ciddiyə alır. Onun üçün də maksimum çalışır ki, şuranı sakitləşdirsin.


- İctimai şura fəaliyyətini hansı büdcə ilə qurmalıdır? Bu barədə nə deyə bilərsiniz?
 

- Biz bu gün COP29 və “Yaşıl Dünya” ilə bağlı universitetlərdə tədbirlər keçiririk. Bu tədbirləri öz hesabımıza edirik. Belə tədbirlərin 1-nə, lap 2-nə gücümüz çatar. Əgər biz bunu daha kütləvi etmək istəyiriksə, mütləq maddi vəsait lazımdır. Bu istiqamətdə bizə Nazirlik kömək etmirsə, nə edə bilərik?!
Biz bir məsələ də qaldırmışdıq ki, bütün İctimai şuraların normal fəaliyyət göstərməsi üçün ümumi bir ofis ayrılsın. Belə olan halda həm şuralar arasında kontakt olar, həm də daha effektiv fəaliyyət ortaya qoyular.
 

- Nazirliyin fəaliyyətinə ictimai nəzarət həyata keçirə bilirsiniz? Nazirlik sizin şuranın rəyini nəzərə alırmı?


- Bizim bütün iclaslarımızda Energetika Nazirliyinin əməkdaşları iştirak edirlər. Qaldırdığımız məsələləri qeyd edirlər. 3 yaxud 6 aylıq planlarımız əməkdaşlara təqdim edilir, onlar da özləri ilə bağlı məsələlərdə koordinasiyalı şəkildə əməkdaşlıq edirlər. Elə vaxt olub ki, vətəndaş yolla gedəndə təhlükəli vəziyyətlə qarşılaşıb və faktı biz göndərib. Bizim bunu nazirliyə bildirməyimizdən dərhal sonra təhlükə aradan qaldırılıb. Bu məsələlərdə aktivlik çox vacibdir. Biz işimizi koordinasiyalı qururuq, əsas məsələlərdə hansısa anlaşmazlıq yaşamamışıq. Bəzən müəyyən qanunverici aktlar da bizə göndərilir ki, rəy verək. Mən mütəxəssis deyiləm, amma dilin normalarını bilirəm. Bəzən elə yazılar gəlir ki, nə mübtədası yerində olur, nə də xəbəri. Əgər işçi götürülürsə, buna nəzarət edilməlidir. Yazıdan anlamaq olmur ki, nə demək istəyirlər. Sözlər gah rusca, gah da dilimizdə yazılır, cümlənin başı və sonu bilinmir. Ən çox iradlarımız bu məsələdə olur. Bu məsələ ilə bağlı müvafiq şöbə ilə mütləq görüşümüz olacaq. Biz bu şəkildə göndərilən 2 sənədə müsbət rəy vermədik.

- Bilmək olarmı, hansı vacib məsələ ilə bağlı əhalinin rəyinin öyrənilməsi məqsədi ilə sosioloji sorğu keçirmisiniz?
 

- Bizim çalışdığımız sahə elədir ki, hansısa böyük sosial məsələ yaranmır ki, biz sorğu keçirək. Cəmiyyətdən təklif gəlməyib ki, sferamıza daxil olan mövzuda sorğu edək. Təbii ki, belə bir təklif olarsa,  lazımi sorğunu da keçirməyə hazırıq.
 

- Paytaxtla yanaşı, ətraf ərazilərdə də layihələr həyata keçirə bilirsinizmi?


- Bizim faktiki imkanlarımız daxilində tədbirlərimizi ancaq Bakıda keçirmək imkanımız var. Rayonlara getmək üçün maliyyə imkanlarımız yoxdur. Bizim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində görüşümüz oldu. Bu görüşləri ancaq Bakıda etmək imkanımız var. Görüşlərin ərazilərdə də keçirilməsi üçün Elm və Təhsil Nazirliyi ilə görüşdük. Şəhərdə insanların bərpa olunan enerji ilə bağlı kifayət qədər məlumatı yoxdur, düşünün rayonlar nə vəziyyətdədir. Amma məktəb və universitetlərdə bu məsələ önəm daşıyır. Onlar gələcəkdə fəaliyyətlərini bu sahədə qura bilərlər. Biz bu layihələri rayonlarda etmək istəyirik, amma bütün rayonlarda bunu edəcək imkanımız yoxdur. Bu istiqamətdə BP şirkəti ilə də danışıqlar aparmışıq.
 

- COP29 tədbiri çərçivəsində İctimai şura hansı addımlar atıb?
 

- Sadaladığım görüşlər əsasən elə bu mövzu ətrafında aparılıb. Bərpa olunan enerjiyə keçid dünyada aparıcı istiqamət olacaq. Biz buna cəmiyyətimizi hazırlamalıyıq. Avtomobillərdən tutmuş, enerji mənbələrinə qədər alternativlərin vacibliyi insanlara çatdırılmalıdır. Bu olarsa, istehsal edilən məhsullarda da qiymətlər azalacaq. Bu vətəndaşların da xeyrinədir. Bizim bütün fəaliyyətimiz bu istiqamət üzrə qurulub. Biz yaxşı bilirik ki, bu növ enerjini istehsal etməyən ölkə dünyanın marağında olmur. Çalışmalıyıq ki, Azərbaycan digər enerji növləri kimi bərpa olunan enerjinin istehsalçısı olsun. Bunu bir dövlət adamı deyə bilməz, amma mənim çəkinəcək heç nəyim yoxdur, mənə buzların əriməsi, qlobal istiləşmə, havanın çirklənməsi maraqlı deyil. Mənə bu gün maraqlı olan dövlətimizin və vətəndaşımızın qazanmasıdır. Gənclərə də onu deyirəm ki, bu şəkildə həm öz güzəranınızı yaxşılaşdıra, həm də dövlətimizin gələcəyinə xidmət edə bilərsiniz.
 

- Bəzi hallarda vətəndaşlar "Azəriqaz", "Azərenerji", "Azərişıq"ın faliyyət sahələrindən şikayətlənirlər. Energetika Nazirliyi yanında İctimai şuraya cari il ərzində bu qurumlardan hansının işi barədə daha çox şikayət daxil olub? Və hansı tədbirlərin görülməsinə nail ola bilmisiniz?
 

- Ən çox şikayət “Azəriqaz”la bağlıdır. “Azəriqaz” çalışır, amma elə problemlər yaradırlar ki, sünidir. Hansısa süni maraqlar burada rol oynayır. Şəxs iş qurur, dövlətin büdcəsinə xeyir verəcək, nə üçün işini yubadırsız?! Nə üçün edildiyini yaxşı bilirik. Amma bu mənim marağımda deyil, mənə maraqlı olan vətəndaşın işləyib dövlətə xidmət etməsidir. Sizin şəxsi maraqlarınız məni maraqlandırmır. Gələn şikayətlər böyük çoxluqla vətəndaşın xeyrinə həll edilir. Vətəndaşın hüququ var ki, istər smart, istərsə də mexaniki sayğacdan istifadə etsin. Şikayət edib rahatlıqla dəyişə bilərlər. Bəzən bəhanə edilirdi ki, sayğacda müəyyən problemlər var. Belə olan halda qanunla məsuliyyəti qurum daşıyır. Vətəndaş bilməlidir ki, bayırda olan sayğaca görə məsuliyyət onun üzərində deyil. Bu müvafiq qanunda da eyni şəkildə göstərilir. Bu proses uzun olsa da, 99% vətəndaş məhkəmədə haqq qazanır.
 

- Sədr seçildiyiniz ilk gün verdiyiniz açıqlamada bərpaolunan enerji və yaşıl enerji məsələləri ilə bağlı da müəyyən təkliflərin veriləcəyini bildirmişdiniz. Bu sahədə hansı addımlar atılıb?


- Qeyd etdiyiniz təklifləri bir çox tədbirlərdə səsləndiririk. Təkliflərimiz müəyyən qədər kütləyə də çatdırılıb. Bu sahədə biz ancaq maarifləndirmə işləri görə bilərik. Sahədə fəaliyyət göstərən bir çox QHT-lər də bildirir ki, burada gecikmək olmaz. Bu məsələnin təsirini yaxın 5-10 ildə görəcəyik. Ya prosesin içində olacağıq, ya da kənarda qalacağıq. Burada hər kəs öz xəttindən istifadə etməlidir. Bakı-Tbilisi-Ceyhan neft kəməri 20 il bundan əvvəl çəkilib. Ulu öndər hələ o vaxt Türkmənistana və Qazaxıstana da bu projeyə qatılmağı təklif etmişdi. Onlar Rusiyadan çəkindiyi üçün qoşulmamışdı. Bu gün isə öz təbii sərvətlərini satmaq üçün yol axtarırlar. Bu məsələdə hökumətin apardığı xarici siyasət uğurludur. Bizim təkliflərimiz də bu istiqamətdədir. Bu mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də danışıqlar aparmışıq. Bu Allahu-Əkbər məsələsi deyil, elm məsələsidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?