Deyirlər, alim olmaq asandır, insan olmaq çətin. Vətənpərvər olmağı da hamı bacarmır. Çünki Vətəni sevmək üçün candan yanan insan olmalısan, təkcə özün, ailən üçün deyil, doğulduğun torpağın rifahı naminə səylərini, bacarığını ortaya qoymalı, ürək yandırmalısan.
Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) kafedra müdiri, sosiologiya elmləri doktoru, professor Ağamalı Məmmədov da məhz belə insanlardandır.
17 yaşından Rusiyada yaşayan Ağamalı Məmmədov Rusiya Prezidentinin Mədəniyyət üzrə Premiya mükafatçısı və Potanin Fondunun "Educatıon-Online Grant" mükafatçısıdır. Həmyerlimiz, həm də sosiologiya sahəsində 52 kitabın, 250 elmi məqalənin müəllifidir, 60-dan çox konfransın məruzəçisidir. Hirş indeksinə əsasən elmi əsərləri 48-ci yerdə qərarlaşıb. Qeyd edək ki, Hirş indeksi alimin əsərlərindən sitat gətirilməsi əsasında onun əsərlərinin populyarlığının beynəlxalq reytinqidir. Ağamalı Məmmədovun əsərlərindən 3750 dəfəfən çox sitat gətirilib.
Bu günlərdə Vətəndə olan Ağamalı Məmmədovla görüşüb həmsöhbət olmuşuq.
Modern.az saytı alimlə müsahibəni təqdim edir:
- Ağamalı müəllim, Sizi daha yaxından tanımaq istərdik.
- Mən 1958-cil yanvarın 9-da Bakının Binə qəsəbəsində anadan olmuşam, uşaqlığım həmin dövrə xas olaraq keçib. Oxumaq, təhsilli və savadlı olmaq həmin dövrün tələbi və sosial trampilin kimi qəbul edilirdi. Valideynlərimizdən daim eşitdiyimiz “Oxu, adam ol” nəsihətini qulağımıza sırğa eləmişdik.
Hamıda kitab oxumağa bir ehtiyac vardı
- Bizim nəsildə təhsilsiz, diplomsuz adama rast gəlmək qeyri-mümkündür. Atam tanınmış müəllim idi, anam isə məktəblərarası klinikada işləyirdi. Valideynlərimizin üzərimizdə güclü nəzarət vardı. Ailədə 3 qardaşıq. Bilirsiniz də, oğlan uşaqları qızlara nisbətən daha dəcəl olurlar. Anam bizimlə güclə baş çıxarırdı. Çətin vaxtlar idi. Dövrün tələbinə uyğun olaraq həyatla reallıq arasında fərq var idi. Televiziya və radio başqa şey deyirdi, həyatda da isə hadisələr tamam başqa məcrada cərəyan edirdi. Özünü qorumaq çətin idi, dini davranış nümunələrinin qarşısı köklü şəkildə alınırdı. Amma bir reallıq var idi ki, elmə, təhsilə maraq çox güclü idi. Hamı oxumaq, ali təhsil almaq istəyi ilə alışıb yanırdı. Qatarda, avtobusda hara baxsan əlində kitab oxuyan, imtahana hazırlaşan tələbələri görərdin. Bulvara gedəndə də əksəriyyəti kitab oxuyan görürdün. Sanki kitab oxumaq hamı üçün bir ehtiyaca çevrilmişdi. İndi isə təəssüf ki, bunu demək çətindir. Siz də etiraf edərsiniz ki, kitab oxuyanların sayı indi çox azdır. Gənclər, ümumiyyətlə ktab oxumaq istəmirlər.
- Müxtəlif olimpiadalarda iştirak etsəniz də, heç bir medal almamısınız. Amma bu sizə uğurlar əldə etməyə mane olmayıb...
- Uşaq bağçasında da, orta məktəbdə də rus dilində təhsil almışam. Orta məktəbi 50 il bundan əvvəl bitirmişəm. Məktəbdə hər cür qəbildən olan uşaq təhsil alırdı. Belə götürəndə mən nə Alp dağlarına çıxmışam, nə də yamac paraşütü ilə Şimal qütbünə uçmuşam. Mən sadəcə, dəsrlərimi oxuyurdum və bütün qiymətlərim əla idi. Olimpiadalarda iştirak etsəm də, medalım yox idi. Lakin bu, mənim Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olmağıma mane olmadı. Mən universiteti fərqlənmə diplomu ilə bitirmişəm.
Vətəndən ayrı yaşamaq çətindir
- Doğulduğunuz, yaşadığınız Binə qəsəbəsini 17 yaşında tərk etdiyiniz vaxtdan 50 il keçib. Arxaya baxanda nə görürsünüz? Bu ayrılıq sizə nələri verdi, nələri aldı?
- Sinif yoldaşımlarımdan biri bu yaxınlarda mənə yazmışdı ki, “orta məktəbdə çox darıxdırıcı olmusan, çünki bütün günü dərs oxuyurdun”. Bəli, elə idi. Bu, bir günah və ya səhv deyil. Mən çox oxuyurdum, öz üzərimdə çox işləyirdim və ona görə də hazırdakı vəzifədə çalışıram və MDU-nun professoruyam. Mən ali təhsilimi başa vurduqdan sona Yakutiya Universitetində işlədim, prorektor vəzifəsinə layiq görüldüm. Orada ömrümün 20 ilini keçirmişəm. Xeyli müddət Yakutiya şəhər merinin müavini vəzifəsində çalışmışam.
Doğulduğum, uşaqlıq illərimi keçirdiyim Binə qəsəbəsini 17 yaşımda tərk etmişəm. Gənc oğlan idim, xəyallarım, arzularım vardı. Şükür, peşman deyiləm.
Təbii ki, Vətəndən ayrı yaşamaq çətindir. Amma harada yaşamağımdan asılı olmayaraq, mən bir azərbaycanlıyam, öz kökümə, dəyərlərimə çox bağlıyam. Sevinirəm ki, nəyəsə nail olmuşam və ölkəmin başını uca etməyə çalışmışam.
- İşinizlə bağlı hansı xarici ölkələrdə olmusunuz?
- Hollandiyada, Kubada, Almaniyada və Türkiyədə dərs vermişəm, ümumiyyətlə, Portuqaliyadan başqa bütün Avropa ölkələrində olmuşam. Kitablarım və dərsliklərim Böyük Britaniyada və Almaniyada geniş yayilib.
Hər kəs öz həyat trayektoriyasını seçməkdə azaddır
- Sizcə kamillik nədir və hər kəs öz həyat traektoriyasını seçməkdə azaddırmı?
- Təbii ki, hər kəs öz həyat trayektoriyasını seçməkdə azaddır, lakin heç kim elmi bilikləri və səbirli işləri təxirə salmayıb. Niştsenin təbirincə, insan öz inkişafında üç mərhələdən keçir. Belə ki, bütün məlumatları toplayanda dəvə, sonra hər şeyi öyrəndiyinə inandığı zaman şir, nəhayət, uşaqlığa keçir. Uşaqlıq mərhələsində sənə elə gəlir ki, hələ çox çeyi anlamamısan. Mənə elə gəlir ki, ikinci və üçüncü mərhələlər birincini tamamilə sıxışdırıb. Düşünürəm ki, boşboğazlıq etmək, səbirsizlik və qətiyyətsizlik göstərmək bunun nəticələridir.
Biz gənclərə ancaq məsləhət verə və örnək göstərə bilərik
- Maraqlıdır, övladlarınızın tərbiyəsində əsas nəyə üstünlük vermisiniz?
- 40 ildən çoxdur işlədiyim universitetdə minlərlə gənclə qarşılaşıram. Bəzilərinin geyimi, əxlaqı xoşuma gəlmir. Bəlkə də bu, azərbaycanlı olmaq mentalitetindən irəli gəlir. Bu, onlarin sərbəst secimidir. Biz ancaq məsləhət verə və ornək göstərə bilərik. Bu, zor gücü ilə, ya da əmrlə olan şey deyil. Vaxtilə bizim də hərəkətlərimiz bəzi adamlarin xoşuna gəlmirdi. Bəlkə də bu məsələdə narazılığım, deyingənliyim yaşımla əlaqədardır, bilmirəm.
İki qızım, 4 nəvəm var. Avropada, Rusiyada uşaq böyütmək çox çətindir. Övladlarımın tərbiyəsində əsas ona diqqət yetirmişəm ki, savadlı, hərtərəfli yetişsinlər, öz ayaqları üstündə dura bilsinlər. Ən əsası da ədalətli, vicdanlı olsunlar. Qızlarım və nəvələrim hazırda Londonda yaşayırlar.
- Siz əsasən tələbə gənclərlə işləyirsiniz. Bir sosioloq-psixoterapevt kimi deyə bilərsinizmi, övladlarımızı düzgün tərbiyə etmək, hərtətəfli yetişdirmək üçün əsas nəyi diqqətdə saxlamaq məsləhətdir?
- Bəzən gənclər böyüklərin davranışını süngər kimi qəbul edirlər. Bu dünyaya “utancaq” gəlmiş varlıqlar birdən-birə həyatın axarında fəal iştirakçıya çevrilirlər, müqəddəs və icazə verilən sərhədləri özləri üçün müəyyənləşdirirlər. Gənclərin tərbiyəsində, həyatda düzgün istiqamət götürməsində valideynlər, müəllimlər, dini qurumlar öz rolunu oynayır və oynamalıdırlar. Düşünürəm ki, bu məsələdə hər şeydən əvvəl ziyalıların üzərinə daha çox vəzifə düşür. Ziyalılarımız öz sözünü deməlidir. Onlarin sözləri cəmiyyətə daha acıq olmalıdır.
Azərbaycan gəncləri çox vətənpərvərdirlər
- Ağamalı müəllim, gəlin, etiraf edək ki, gənclərimiz Vətən müharibəsində Qələbəmizin qazanılmasında aparıcı rol oynadılar. Bir ziyalı kimi Azərbaycan gəncləri haqqında fikirləriniz maraqlıdır.
- Vətənimizin hazırkı gündə çox elmli, dünyagörüşlü gənclərə ehtiyacı daha çoxdur. Azərbaycan gəncləri, ümumiyyətlə, bütün əlamətdar hadisələrdə çox vətənpərvərdirlər, öndədirlər, fəaldırlar. 44 günlük Vətən müharibəsində biz bunun bir daha şahidi olduq. Möhtəşəm idi, gənclərimiz! Bu, ayrı söhbətin mövzusdur. Amma gəlin etiraf edək ki, indiki gənclərin çoxu yaşlı nəslə, onların həyat təcrübəsinə əsaslanan məsləhət və nəsihətlərinə qulaq asmaq fikirində deyillər. Bu da təəssüf doğurur.
Çalışmışam ki, həmişə birinci olum və ən yaxşısını bacarım
- Kafedra müdiri olmaq və pedaqoji fəaliyyət göstərməklə yanaşı, siz həm də sosiologiya sahəsində 50-dən çox kitabın, 300-ə yaxın məqanin müəllifisiniz. Üstəlik səhnə əsərləri də qələmə alırsınız. Bu yaxınlarda Yakutiyada əsəriniz tamaşaya qoyuldu. Bütün bunları necə çatdırırsınız?
- Bayaq da qeyd etdiyim ki, ağlım kəsəndən ailəmdə ancaq və ancaq oxumaq, təhsilli, bilikli olmaq söhbəti eşitmişəm. Çalışmışam ki, harada yaşamağımdan, işləməyimdən asılı olmayaraq, həmişə birinci olum, ən yaxşısını bacarım və ən çoxunu edə bilim. Düşünürəm ki, buna nail ola bilmişəm. Dönüb geriyə baxanda, yaşadığım ömür üçün özümə hesabat verəndə məmnun qalıram.
Lomonosov adına Moskva Dövlət Universitetində kafedra müdiri kimi vəzifənin məsuliyyəti var üzərimdə. Əlbəttə, çətindir. Sosiologiya sahəsində 52 kitabın, 250 elmi məqalənin müəllifiyəm, eyni zamanda bədii əsərlər üzərində işləyirəm. Dayanmaq yoxdur, işləyirsənsə, yaradırsansa, deməli varsan, sənə ehtiyac var. Sizin də qeyd etdiyiniz kimi, “Şüşə üzərində” pyesimin motivləri əsasında səhnələşdirilən “Qarın nəfəsi” adlı tamaşanın ilk premyerası paytaxt Yakutskdakı P.A.Oyunski adına Saxa Akademik Teatrında keçirildi. Əsərdə vətəndən uzaqda yaşayan mühacirin tənhalıq həyatından, qürbət hissi yaşayan fərdin özünə qayıtmaq anından bəhs olunur. Bugünlərdə böyüklər üçün nağılı yazıb bitirmişəm. Nağıl “Həqiqətin dili sadədir” adlanır. Bu əsərdə çox mühüm məqamlar gizlənib. Personajların dili bir çox mətləblərə işıq salır.
- Ağamalı müəllim, bir aydan sonra Azərbaycanda milli mətbuatın 150 illiyi tamam olur. Fikirlərinizi bilmək maraqlı olardı.
- 1875-ci il iyulun 22-si Azərbaycan tarixində önəmli tarixlərdən birirdir. Məhz bu tarixdə görkəmli maarifçi, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzeti ilə xalqımızın milli ruhunun formalaşmasında yeni mərhələ başlayıb, ilk dəfə ana dilimizdə qəzet nəşr olunub. Milli mətbuatımız o gündən bu günə mühüm inkişaf yolu keçib. Media güzgüdür. Bu sahədə çalışanların zəhməti böyükdür. Mən bütün media nümayəndələrini qarşıdan gələn yubiley münasibətilə ürəkdən təbrik edir, maraqlı və həm də şərəfli peşənizdə uğurlar arzulayıram.
Həyat insanın potensialını reallaşdırmaq üçün ona verilən zamandır
- Sizin üçün həyatın mənası nədir?
- Həyatın mənası elə onun özündədir. Onun hər dəqiqəsinin, saniyəsinin qədrini bilmək gərəkdir. Bu, insanın ən yüksək potensialını reallaşdırmaq üçün ona verilən fürsətdir, zaman kəsiyidir. Bilirsiniz, insanın doğulmasında təsadüfi heç nə yoxdur. Adi xromosom dəstini götürsək belə, 170-dən çox mümkün variant var. Ancaq yalnız bir konkret şəxs doğulur. Sizcə, bu təsadüfdür və ya təbiət bunu kor-koranə edib? Həyatda təsadüfi heç nə yoxdur.
- İnsanın həyata gəlişi qədər, tale və ya təsadüfdür?
- Bütün ömrünü, həyatını elmə, sosiloji problemləri öyrənməyə həsr etmiş bir insan, bir ziyalı kimi mənə inanın ki, hər bir insan ona məxsus informasiya və yerinə yetirməli olduğu missiyası ilə doğulur. Deyilənə görə, Ana dünyaya körpə gətirəndə bu haqda fikirləşir. İstənilən halda müəyyən məqsəd, missiya müəyyən edilir. Və bu, boş yerə getsə, heyif olar. Biz buna əməl edirikmi?
Şair gözəl deyib: “Həyatı soruşmadan yaşa. Nəhayətində elə yaşamaq lazımdır ki, Kainatın məhəbbətini qazana və Əbədiyyət zəngini eşidə biləsən”.
- Ən sonuncu oxuduğunuz kitab hansıdır?
- Demək olar ki, gün ərzində 3 müxtəlif janrda kitab oxuyuram. Biri sırf elmi mövzuda, digəri publisistika, üçüncüsü isə bədii janrdadır. Dərin psixologiyanın banisi Karl Qustav Yunqun əsərləri qiymətlidir. Nasizm psixologiyası ilə bağlı Amerika toplusu və hazırda iş masamın üstündə bədii janrda oxuduğum kitab yapon yazıçısı və tərcüməçisi Haruki Murakaminin 3 hissədən ibarət olan “Siçovul triologiyası” əsəridir.
- Hobbiniz varmı?
- Mən işimi elə hobbi kimi sevirəm. Boş vaxtlarımda təbiət qoynunda olmağı, yürüməyi, teatra getməyi və nəvələrimlə vaxt keçirməyi çox sevirəm.
Heç nə havayı qazanılmır
- Milli mətbəximizdən hansı yeməkləyi xoşlayırsınız?
- Siz soruşun ki, nəyi xoşlamırsınız. Demək olar ki, Azərbaycan mətbəxinin bütün yeməklərini xoşlayıram. Ən çox xoşladığım, təbii ki, bakılı olduğum üçün düşbərə və dolmadır.
- Bəs özünüz yemək hazırlamağı bacarırsınız?
- Təəssüf ki, yemək hazırlamağı demək olar ki, bacarmıram.
- Həyatda şansa inanırsınızmı?
- Həyatda hər şeyi şansa buraxmaq olmaz. Allah deyir səndən hərəkət, məndən bərəkət. Qismətini reallaşdırmaq üçün zəhmət çəkməlisən. Heç nə havayı qazanılmır.
Səadət Hakıyeva