Modern.az

Prezident İlham Əliyev həm qələbənin, həm də sülhün memarıdır - Eldar İbrahimov

Prezident İlham Əliyev həm qələbənin, həm də sülhün memarıdır - Eldar İbrahimov

Müsahibə

9 Sentyabr 2025, 14:40

Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü, professor Eldar İbrahimov Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
 

- Eldar müəllim, bu gün Milli Məclisin xüsusi iclası keçirilib. “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” adlı iclasda sizin çıxışınızı görmədik. Mümkünsə mövzu ilə bağlı fikirlərinizi eşitmək istərdik.


- İclasda çıxış etmək üçün sadəcə vaxt çatmadı. Onu qeyd edə bilərəm ki, 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda yüksək səviyyəli görüşün keçirilməsi çox böyük tarixi hadisədir. Bu tarixli görüşdə imzalanan əhəmiyyətli sənədlər ABŞ - Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi ilə yanaşı, eyni zamanda ölkəmizə Ermənistanla münasibətləri sülh şəraitində qurmaq imkanları yaradır. Artıq bölgəmizdə müharibə olmayacaq, xalqlar sülh şəraitində, birgə təhlükəsiz yaşaya biləcəklər. Bu şəraitin memarı isə fateh sərkərdə, Prezident İlham Əliyevdir. 44 günlük Vətən Müharibəsinin qalibi olan Ali Baş Komandan İlham Əliyev həm də, sülhün banisidir. Onun qətiyyəti və prinsipiallığı nəticəsində bölgədə təhlükəsizlik bərqərar olur, qarşılıqlı və sərfəli əməkdaşlıq üçün əlverişli mühit formalaşır .
       
- Məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasında sülh sazişi paraflanıb. Rəsmi Bakının sülh sazişinin imzalanması üçün irəli sürdüyü iki əsas şərt var. Birinci şərt artıq icra olunub, erməni tərəfi ikinci şərtin yerinə yetirlməsini uzada bilərmi?
 

- Azərbaycan tərəfindən sülh müqaviləsinin imzalanması üçün Minsk Qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciət ünvanlanması və Ermənistan Konstitusiyasına dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması təklifləri irəli sürülüb. Hər iki təklif Ermənistan tərəfindən qəbul edilib. Bu məsələ ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq imzalanan Birgə Bəyannamədə öz əksini tapıb.
Artıq Minsk Qrupu rəsmən tarixin arxivinə göndərilir. Belə ki, Birgə Bəyannamənin 2-ci bəndinə əsasən, hər iki ölkənin XİN-ləri ATƏT-in hazırkı sədrinə Minsk Qrupunun ləğv olunması haqqında ünvanladığı müraciətə müsbət münasibət bildirilib və dekabrın 1-də bu məsələ öz rəsmi həllini tapacaq. Eyni zamanda Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən “sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması”nın zəruriliyi tanınır. Bununla da Ermənistan Konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur. 2026-cı ildə Ermənistanda Konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirildikdən sonra sülh sazişinin yekun imzalanması təmin olunacaq. Vaşinqton görüşündən sonra birmənalı şəkildə demək olar ki, Ermənistan razılaşmalara əməl etməli olacaq. Paşinyan hakimiyyətinin geri çəkilmək, yanlışlıqlara yol vermək imkanı sıfıra bərabərdir. Azərbaycan Prezidenti İlham Əliyev Ağ evdə baş tutan uğurlu görüşdən sonra KİV-ə verdiyi müsahibədə də bu məsələyə toxunaraq bildirdi ki, zaman Ermənistanın əleyhinə işləyən faktordur. Xarici təzyiqlər fonunda Ermənistan bu prosesdən boyun qaçırsa, ilkin olaraq ABŞ və onun dövlət başçısına qarşı hörmətsizlik və etimadsızlıq edəcək, bütövlükdə isə rəsmi İrəvan çıxılmaz və çətin bir vəziyyətə düşəcək. Ona görə də Ermənistan ən qısa müddətdə mümkün alternativ variantlar vasitəsilə konstitusiyaya dəyişiklikləri həll etməlidir. Əks halda, Ermənistan ödənməsi çətin olan bir hesabı boynuna ala bilər. ABŞ digər vasitəçilərdən fərqli olaraq Ermənistanı cəzalandırmaq üçün bütün real imkanlara və rıçaqlara malikdir.
           
- Zəngəzur dəhlizinin açılması məsələsi də gündəmdədir. Bu dəhlizin açılmasının əhəmiyyəti haqqında nə düşünürsünüz?

- Vaşinqtonda imzalanan Birgə Bəyannamənin əsas hissəsini tərəflər arasında Zəngəzur dəhlizinə dair əldə olunan razılaşma təşkil edir. Bildirirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev cənabları dəfələrlə çıxışlarında, KİV-ə verdiyi müsahibələrində Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılacağını bəyan etmişdir. Vaşinqton görüşündə Azərbaycanın bu tələbi də Ermənistan tərəfindən qəbul edildi və imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur dəhlizi reallaşır. Vaşinqtonda Zəngəzur dəhlizinin işə düşməsi ilə əlaqədar ABŞ ilə Ermənistan arasında saziş imzalanmışdır. Bu məsələnin həlli ABŞ prezidenti Trampın Nobel Sülh Mükafatına namizədliyi üçün ciddi zəmin yaradır. Bu görüş və imzalanan Bəyannamə Rusiyada da rəğbətlə qarşılanır və Vaşinqton görüşünə xüsusi önəm verilərək ərazi bütövlüyünə hörmət, sərhədlərin tanınması və güc tətbiq etməmək prinsiplərini ön plana çıxarır. Vaşinqtonda əldə olunan razılaşmalar, imzalanan sənədlər bir daha Azərbaycanın uğuru, Prezident İlham Əliyevin növbəti qələbəsidir. Sülh gündəliyinin müəllifi də Azərbaycan Prezidenti İlham Əliyevdir.
       
- Necə fikirlərşirsiniz, Vaşinqton görüşünü Azərbaycana qarşı fəaliyyət göstərən güclərə böyük zərbə kimi qiymətləndirmək olarmı?

- Bəli, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ prezidenti D.Trampla görüşü səmimi söhbətləri, birgə bəyanatları bir daha keçmiş qondarma qurumu “tanıyan” fransız deputatların, Avropa parlamentinin, Qərb mediasının, bəzi ermənipərəst beynəlxalq təşkilatların, erməni lobbisinin, Azərbaycanı sanksiya, təcridlə hədələyənlərin, Borellərin, Frenk Pallonelərin, Adam Şifflərin iflası oldu. Belə demək mümkünsə, onlar rəzil bir vəziyyətə qalmış oldular.

Çünki Vaşinqtonda baş tutan tarixi səfər həm də Azərbaycan-ABŞ əlaqələrinin inkişaf etdirilməsi ilə yadda qaldı. Xüsusilə də, ABŞ Prezidenti Azərbaycan Prezidenti haqında xoş sözlər söylədi, fikirlər səsləndirdi. Bununla da bir daha təsdiqləndi ki, Prezident İlham Əliyev hələ 2024-cü ilin noyabrın 5-də ABŞ-da keçirilən seçkilər zamanı Trampın namizədliyini dəstəkləməklə düzgün və müdirik mövqe sərgiləyib. Vaşinqton görüşündən sonra qeyd etmək olar ki, ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur. Prezident İlham Əliyevlə Prezident Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq bu səfər çərçivəsində ABŞ lideri  tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalandı.
Eyni zamanda, Prezidentimiz İlham Əliyev də bu münasibəti və Trampın sülhə töfhə vermək cəhdlərini yüksək qiymətləndirərək, onun Nobel Sülh mükafatına namizədliyinin irəli sürülməsi təşəbbüsü ilə də çıxış etdi. Diqqətçəkən məqam ondan ibarətdir ki, Prezident İlham Əliyevin təşəbbüsünə Nikol Paşinyan da dəstək verdi və öz çıxışında ABŞ Prezidenti Trampın Nobel Sülh mükafatına layiq olduğunu bildirdi.

 Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə 2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını azad etdi və Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur oldu. Sonra mövqelərini daha da möhkəmləndirən Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün müvafiq şərtlərini açıqladı, Ermənistan isə bu şərtləri Vaşinqton görüşündə qəbul etdi. Bundan sonra tam əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı ancaq yeni-yeni uğurlar və qələbələr gözləyir.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?