Modern.az

Azərbaycandan Sarkisyanın atəşkəs istəyinə CAVAB

Azərbaycandan Sarkisyanın atəşkəs istəyinə CAVAB

Ölkə

4 Aprel 2016, 16:15

"İlk olaraq Azərbaycan tərəfindən əks-həmlə və cavab tədbirlərinin birtərəfli qaydada dayandırılması barədə 3 aprel 2016-cı il tarixində qərar qəbul edilmişdi.

Azərbaycan tərəfinin bu sülhpərvər və xoşməramlı niyyətinə baxmayaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edir".

Modern.az-ın məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyanın atəşkəs haqqında açıqlamasına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi qeyd edib ki, Azərbaycan atəşkəsə hazırdır:

"Lakin Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.  

Azərbaycan dəfələrlə bəyan edib ki, atəşkəsin pozulması və gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğudur".

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağda atəşkəsin əldə olunmasını istədiklərini deyib.  

“Ermənistan və Dağlıq Qarabağ hərbi əməliyyatların dayandırılmasına tərəfdardır. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində kompromislərə hazırdır”,-deyə o bildirib.  

Bununla yanaşı, o bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağdakı separataçı rejimlə danışıqlar aparmalıdır.

Qeyd edək ki, aprelin 2-dən etibarən cəbhədə şiddətli döyüşlər başlayıb. Silahlı toqquşmalar hələ də davam edir. Döyüşlərdə Azərbaycan ordusunun 15 hərbçisi şəhid olub.  

Aqşin KƏRİMOV  


Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi