Artıq 2010-ci ili başa vurmağımıza sayılı günlər qalıb. Qarşıdan isə 2011-ci il - Şərq təqviminə görə pişik və ya dovşan ili gəlir. Astroloji proqnozlara inanan insanlar gələn ildə onları nələr gözləyəcəyini əvvəlcədən öyrənmək istəyirlər.
Modern.az saytı dovşan (və ya pişik) ilində bizi hansı yeniliklərin gözlədiyini, Azərbaycanın daxili həyatında hansı dəyişikliklərin olacağını öyrənmək üçün tanınmış astroloq Səbuhi Rəhimliyə müraciət edib.
“Dovşan ili 2011-ci il fevralın 3-dən başlayıb 2012-ci il yanvarın 22-dək davam edəcək...”
Astroloq Səbuhi Rəhimli deyir ki, dovşan ili 2011-ci il fevralın 3-dən başlayır.
“Yanvarın 1-dən sadəcə təqvim dəyişir. Söhbət astroloji ildən gedirsə, pişik ili Yupiter planetinin hərəkətinə görə təyin edildiyi üçün 3 fevral 2011-ci ildən başlayıb 22 yanvar 2012-ci il tarixinədək davam edəcək. Fevralın 3-nə kimi isə pələng ili hakim olacaq. Bu qısa zamanda hətta iğtişaşlar, insanların tətilləri, üsyanlar, hansısa ölkələrdə dövlət çevrilişləri də mümükündür. Yəni oxucular çaşmasınlar ki, artıq yanvarın 1-dən yeni ildir, bəs niyə ixtişaşlar davam edir”.
“Dovşan ili ümidlər, sabitlik ilidir…”
Astroloqun sözlərinə görə pişik ili pələngə nisbətən sakit ildir: “Qədim astroloqlar pişik ilini ümidlər, sabitlik ili adlandırırlar. Yola saldığımız 2010-cu il - Pələng ili nə qədər siyasi, çaxnaşmalı və münaqişlədirsə, pişik ili bir o qədər sakit, sabit ildir. Pişik ili pələng ilinin tökdüyü zibilləri süpürəcək. Əvvəlki ildə yaranmış problemlər birdən-birə olmasa da, iyun ayına qədər xeyli düzələcək, xüsusən siyasi müstəvidə sabitlik olacaq. Silahlı qarşıdurmaları, münaqişələri diplomatik yolla həll etməyə çalışacaqlar”.
Səbuhi Rəhimli qeyd edib ki, pişik ilində istedadlı insanlar üçün geniş imkanlar yaranacaq.
“Yalandan uzaq olmaq pişik ilinin əsas ideyasıdır…”
“Hər ilin devizi, simvolu var. Pələng ilinin devizi belə idi ki, “cəsarətin varsa, irəli get!”. Yalandan uzaq olmaq, yalan danışamamaq, yalan vədlər verməmək, məsuliyyətsizlik etməmək, öhdəliyimizə ancaq bacardığımız işi götürmək pişik ilinin əsas ideyasıdır. Bacara bilmədiyimiz işi öhdəliyə götürmək hər bir insana, fərdə ağır nəticə verə bilər”.
“Evlənənlərin sayı artacaq…”
Astroloq evlənmək üçün pişik ilinin uğurlu il olduğunu deyib: “Statistik hesablama aparsaq, görərik ki, pələng ilində xeyli sayda boşanmalar, o cümlədən bir-birini sevən gənclərin ayrılması baş verib. Qohum-əqraba, dostlar arasında münaqişələr olub. Qədim Çində isə (qoroskop Çin-yapon astrologiyasına əsaslandığı üçün) pişiyi pələngə nisbətən müqəddəs heyvan sayırdılar. Növbəti il boyu evlilik sahəsində daha çox göstəricilər və sağlam ailə quruluşları müşahidə olunacaq. Bu da yola saldığımız ilə görə yaxşıdır. 2010-cu ilin ağır fəsadları özünü təkrarlamayacaq, vəziyyət ən azı 70 faiz düzələcək”.
“İlin uğurlu günləri cümə axşamı və cümə günüdür...”
Pişik ilinin planeti Yupiter olduğuna görə astroloqun fikrincə, ilin aparıcı bürcləri də məhz bu planetin təsiri altında olan oxatan və balıqlar bürcüdür. “İlin əsas komandanı bu bürclərdir. 2011-ci il onlar üçün daha düşərli, perspektivli ildir. Bəzən deyirlər ki, öz ilim özümə düşmədi, yəni pişik ilindən olanlar oyun qaydalarını tuta bilsələr, il onlar üçün uğurlu ola bilər”.
“İlin aparıcı bürcləri oxatan və balıqlardır…”
“Ümumi götürsək, dünya astroloqları belə hesab edirlər ki, gələn il hava və od ünsürlü bürclər üçün daha düşərli olacaq. Hava ünsürlü bürclər əkizlər, tərəzi və dolça, od ünsürlü bürclər isə qoç, şir, oxatandır. Bu bürclər daha kəsə yolla gedəcəklər. Su ünsürlülərdən balıqlar istisna olmaqla qalanları və torpaq ünsürlülər üçün 2011-ci il nisbətən daha çətin ildir. Oyun qaydalarına riayət etmək bu bürclərin nümayəndələri üçün bir az daha çətin olacaq.
İlin aparıcı zodiak illəri pişiyin özü, keçi (qoyun) və qaban illəridir. Bu üç il dost illər olduğu üçün pişik ili bu illərin nümayəndələri üçün daha düşərli sayılır”-deyə astroloq qeyd edib.
“Pişik ilində bolluq,ucuzluq olacaq…”
Səbuhi Rəhimli 2011-ci ildə maliyyə böhranında sürətli enişin olacağını vurğulayıb:
“Təkcə astroloji yox, iqtisadi göstəricilər onu deməyə əsas verir ki, təxminən ilin ikinci yarısında maliyyə böhranında sürətli eniş, yəni böhrandan yaxşılığa doğru əsaslı dönüş baş qaldıracaq. Amma tam şəkildə ilin sonuna qədər azalmayacaq. 2010-ci illə müqayisədə insanların iqtisadi vəziyyəti 2011-ci ildə daha yaxşı olacaq. Ilin bütün astornomik göstəricilərini də nəzərə alsaq, qeyd edə bilərik ki, əgər yola saldığımız il bəzi kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz yağışdan, doludan, şaxtadan tələf oldu, ölkədə bahalıq yaşandısa, 2011-ci ildə daha bolluq, uzucluq olacaq”.
“Kino sənəti irəli gedəcək, jurnalistikada inkişaf perspektivləri müşahidə olunacaq…”
S.Rəhimli pişik ilində olacaq digər yeniliklərdən də danışıb: “Mədəniyyət sahəsində həmişə musiqi öndə idisə, gələn aktyor sənəti irəli gedəcək. Bu da kino sahəsinin, teatrın ön sıraya çıxmasına səbəb ola bilər. Ola bilsin ki, yeni seriallar çəkilsin. Dünya səviyyəsinə, dünya çapına çıxa biləcək filmlərimizin də çəkilməsi gözlənilir.
Bundan əlavə, pişik ili hüquq-mühafizə orqanları üçün çox uğurlu bir ərəfədir.
Jurnalistika sahəsində, xüsusən yazı jurnalistikasında (televiziyalarda müşahidə olunmayacaq) inkişaf perspektivləri müşahidə olunacaq.
Əkinçilik, bağçılıq sahəsində maldarlığa nisbətən daha çox inkişaf baş verəcək.
Avtomabil qəzalarının sayı kifayət qədər azalacaq, bəlkə deyərdim, iki dəfəyə qədər aşağı düşəcək. Bura ölüm hadisələri də daxildir”.
“Altı dəfə tutulma olacaq…”
“Bunlardan dördü Günəş, ikisi isə Ay tutulmasıdır. Ən təhlükəlisi isə iyulun 1-də tam Günəş tutulması olacaq. Qismət olsa, çox güman biz də bunu müşahidə edəcəyik. Çünki Günəş tutulması iyulun 1-də Bakı vaxtilə təxminən saat 13:39-da günün günorta çağına düşdüyü üçün prosesin 30-40 faizi bizdə də müşahidə olunacaq”-deyə S.Rəhimli əlavə edib.
“Qarabağ nə müstəqil olacaq, nə də Ermənistanın tərkibinə düşəcək...”
Səbuhi Rəhimli gələn il Qarabağ münaqişəsinin həlli istiqamətində də yeniliklərin olub-olmayacağı barədə məlumat verib: “Hələ 2001-ci ildə bütün mətbuat və televiziyalarda qeyd etmişdim ki, 2012-ci ilə kimi bu müstəvidə siyasi şoulardan, oyunlardan başqa, heç bir şey baş verməyəcək. Bu günd ə həmin sözümün üstündə dururam. Amma Qarabağ məsələsinin həlli ilə bağlı proses 2012-ci ildən start götürəcəksə, 2011-ci ildə buna hazırlıq konturları görünəcək və artıq bu gündən həmin istiqamətdə müəyyən inkişaflar görünür. 2012-ci ildən sonra bu nöqtə Qarabağ problemi nöqtəsindən tərpənəcək. Sonda əminliklə deyirəm ki, Qarabağ nə müstəqil olacaq, nə də Ermənistanın tərkibində düşəcək. Yəni Azərbaycanın tərkibində qalacaq”.
“2011-ci ildə terror, zəlzələ kimi hadisələr gözlənilmir...”
Astroloq pişik ilində insanların kütləvi ölümünə səbəb ola biləcək təbii fəlakətlərin baş verməyəcəyini qeyd edib: “Kütləvi fəlakətlə nəticələnən hər hansı tələfat baş verməyəcək. Təbii fəlakət baş versə də, kütləvi ölüm halları olmayacaq. Hər hansı terror, zəlzələ kimi hadisələr gözlənilmir”.
“2011-ci ildə Azərbaycan diplomatiyası erməni diplomatiyasını üstələyəcək...”
“Dünya çapında, müstəvisində Azərbaycan diplomatiyasının yüksəlişini, inkişafını müşahidə edəcəyik. Onu da qeyd edim ki, 2011-ci ildə Azərbaycanda siyasi gərginlik davam etsə də, bu qanlı qarşıdurmalarla nəticələnməyəcək”.
Sonda Səbuhi Rəhimli pişik ilinin Türk dünyası üçün önəmli bir il olacağını vurğulayıb. “Türk dünyasında böyük bir sıçrayış olacaq. Orta Asiyada aktivliyin baş verməsini müşahidə edəcəyik. Bundan əlavə, 2001-ci ildə - pişik ilində Ermənistanda Azərbaycanı dəstəkləyən hansısa qüvvələrin baş qaldıracağı gözlənilir, bu da təxminən aprel ayından etibarən müşahidə olunacaq”.
Aytən Əliyeva