Modern.az

27 dekabrın məşhurları...

27 dekabrın məşhurları...

27 Dekabr 2010, 10:45

27 dekabr tarixdə bir sıra hadisələrlə yadda qalıb. 1939-cu ilin bu günündə Ərzincanda (Türkiyə) baş vermiş zəlzələ 30 min nəfərin ölümünə səbəb olub. 1945-ci ildə 28 dövlətin iştirakı ilə Dünya Bankı qurulub. İspaniya 40 il davam etmiş diktatorluq rejmindən məhz bu gündə (1978-ci il) demokratiyaya keçib. 1991-ci il dekabrın 27-də Çin Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb.
27 dekabr tarixi həm də bir sıra məşhir simalarla bağlı gündür.

Azərbaycan Respublikasının xalq artisti, xanındə Əbülfət Əliyev tarixin bu günündə dünyasını dəyişib.
Əbülfət Əsəd oğlu Əliyev 30 dekabr 1926-cı ildə Şuşada doğulub. Məşhur xanındə səhnədə - Opera və Balet Teatrında bir sıra yaddaqalan rollar oynayıb. Məcnun ("Leyli və Məcnun"), Kərəm ("Əsli və Kərəm"), Qərib ("Aşıq Qərib"), Şah İsmayıl ("Şah İsmayıl") rolları buna misal ola bilıər. Oxuduğu bəzi təsniflərin musiqisi özünə məxsusdur. Xanındə 1990-cı il dekabrın 27-də vəfat edib.

27 dekabr tarixi Pakistanın siyasi lideri Benazir Bhuttonun qətlə yetirildiyi gündür. O, 1953-cu il iyunun 23-də Pakistanın Karaçi şəhərində anadan olub. Atası Pakistanın baş naziri olmuş Zülfüqar Əli Bhuttodur. Anası İran kürdlərindən Begüm Nusret Bhuttodur. Bənazir Bhutto 15 yaşında Karaçi şəhərindəki orta məktəbin məzunu olub. İngiltərənin Harvard ve Oksford universitetlərində təhsil alıb.
18 dekabr 1987-ci ildə Asif Əli Zardari ilə Karaçidə evlənib və ondan üç övladı olub. Bunlar: Bilaval, Baxtvar və Aseefadır. İlk dəfə 1988-ci il seçkilərində qələbə qazanaraq baş nazir postuna yiyələnən Bənazir Bhutto, 20 ay sonra hərbi qüvvələrin köməyi ilə ölkə başçısı Qulam İshaq Xan tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. 1993-cü ildə ikinci dəfə Pakistanın baş naziri seçilən xanım Bhutto üç il sonra baş verən siyasi qalmaqallar nəticəsində yenidən vəzifəsindən kənarlaşdırıldı.
1999-cu ildən etibarən Dubayda sürgün həyatı yaşayan Benazir Bhutto, səkkiz illik bir dövrdən sonra 2007-ci il oktyabr ayının 18-də yenidən Pakistana geri qayıtmağa müvəffəq olub.
27 dekabr 2007-ci ildə, 54 yaşında ikən Pakistanın Ravalpindi şəhərində seçki mitinqindəki çıxışı zamanı sui-qəsdlə öldürülüb. Faciə 8 yanvar 2008-ci ildə Pakistanda parlament seçkiləri ərəfəsində baş verdi. Buttonun ölümündən sonra, baş nazir Perviz Müşərrəf, ölkədə üç günlük yas elan etdi

Bu gün məşhur fransız aktyoru Jerar Depardyenin (1949) doğum günüdür. Fransızlar onu ölkənin ən böyük nailiyyətləri və dəyərləri sırasına daxil edərək fəxrlə "bizim ümummilli Depardyemiz" adlandırırlar. O, karyerası ərzində 180-dən çox filmdə çəkilib. Bu filmlərdən bir çoxu Fransa kinosunun inciləri sırasına daxil olub. Depardye həm də aktiv kommersiya fəaliyyəti ilə məşğuldur. O, neft yataqlarının istismarı, çoxsaylı şərab təsərrüfatları və Parisdəki iki restoranının fəaliyyəti ilə bağlı işlərini davam etdirir.
2008-ci il oktyabrın ortalarında aktyorun 4 uşağından biri - onun davamçısı və gözəl aktyor Qiyom Depardye gözlənilmədən vəfat edib. Maraqlıdır ki, ata və oğul Depardye arasında uzun müddət münaqişə olub. Lakin son vaxtlar onlar barışmışdılar və qəfil ölüm onları həmişəlik ayırıb. Depardye oğlunun ölümünü çox ağır keçirib. O, yubiley günlərində heç bir telekanala müsahibə verməyib.

27 dekabr türk inqilabi poeziyasının banisi olan Nazim Hikmətin həbs olunduğu gün kimi tarixə düşüb. Şair, yazıçı, rəssam, senarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmət 1902-ci il yanvar ayının 20-də zədəgan ailəsində anadan olub.
O, 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olub, "Sərvliklərdə" adlı ilk şeri 1918-ci ildə "Yeni məcmuə" jurnalında dərc olunub. 1921-ci ildə Sovet Rusiyasına gəlib, 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub.
Nazim Hikmət 1924-cü ildə Türkiyəyə qayıdıb, inqilabi "Oraq-çəkic" qəzetində, "Aydınlıq" jurnalında Lenin ideyalarını tərənnüm edən əsərlərlə çıxış edib. Həmin orqanlar bağlandıqdan sonra təqib olunan və 1925-ci ildə qiyabi surətdə 15 il həbsə məhkum edilən N.Hikmət 1927-ci ildə yenidən gizli olaraq SSRİ-yə gəlib. 1928-ci ildə Bakıda şairin "Günəşi içənlərin türküsü" adlı ilk şerlər kitabı çapdan çıxıb. 1938-ci ildə yenidən Türkiyəyə qayıtdıqdan sonra həbsə alınan Nazim Hikmət 8 ay həbsxanada yatıb və işdə heç bir dəlil-sübut olmadığına görə azad edilib.
Onun "Kəllə", "Bir ölü evi, yaxud mərhumun naləsi", "Bayramın ilk günü", “Şöhrət və ya unudulan adam" pyeslərində kapitalizm quruluşu kəskin şəkildə ifşa edilib. 1932-ci ildə Türk kommunistlərini yekdil mübarizəyə səsləyən "Gecə gələn teleqram" şer toplusuna görə 5 il həbs cəzasına məhkum olunub. Bir ildən sonra amnistiya ilə azad edilib. Sonralar şair demək olar ki, hər yeni kitabın nəşrindən sonra həbsə məhkum olunub.
SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin süjetləri əsasında kinofilmlər (“Bir məhəlləli iki oğlan”, “Sevdalı bulud”, “Yaşamaq gözəldir, qardaşım”, “Məhəbbətim, kədərim mənim”) çəkilib.
N.Hikmət dəfələrlə Bakıya da gəlib, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olub, onlarla yaradıcılıq əlaqəsi saxlayıb. Şair 1963-cü ildə Moskvada vəfat edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi