Azərbaycandan dini təhsil almaq üçün xaricə ancaq özəl yollarla gedirlər
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra yerli dini kadrların hazırlanmasında bir sıra islahatlar həyata keçirilib. Bu məqsədlə İslam Universiteti fəaliyyətə başlayıb və qısa müddət ərzində yüzlərlə gənc bu təhsil müəssisəsinin məzunu olub. Hal-hazırda bu potensialın əksəriyyətindən dini müəssisələrdə - axund, imam-camaat, müəzzin və başqa dini vəzifələr üzrə istifadə olunur.
Müstəqillik illərində yüzlərlə azərbaycanlı xaricdə də dini təhsil alıb. Onların bir qismi təhsilini başa vurduqdan sonra ölkəmizə qayıdaraq dini ayin və mərasimlərin aparılmasında iştirak edirlər. Xaricdə təhsil alan tələbələr arasında ölkəmizin müxtəlif məscidlərinə rəhbərlik edənlər də var. Lakin müşahidələr göstərir ki, xaricdə dini təhsil alan tələbələrin ümumi fəaliyyəti heç də yaxşı deyil.
2009-cu ildə keçirilən referendumdan sonra “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilib. İndi qanunun 21-ci maddəsinə əsasən də İslam dininə aid dini ayin və mərasimlərin aparılması yalnız ölkəmizdə dini təhsil almış vətəndaşlarımız tərəfindən aparıla bilər.
Modern.az Azərbaycandan dövlət xətti ilə müsəlman ölkələrinin ali dini unversitetlərinə tələbə göndərilməsi ilə bağlı məsələni araşdırıb. Bəllidir ki, xüsusi dövlət proqramı üzrə hər il Azərbaycandan xarici ölkələrin ali məktəblərində ali təhsil almaq üçün gənclər göndərilir. Bəs dini təhsil almaq üçün dövlət xətti ilə xarici ölkərələ göndərilənlər varmı?
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən bizə verilən məlumatda bildirildi ki, belə bir hal müşahidə edilməyib. Qurumun mətbuat xidmətinin rəhbəri Saleh Aslanov bildirdi ki, hal-hazırda dövlət xətti ilə xaricdə dini təhsil alan yoxdur.
Təhsil Nazirliyinin Xarici əlaqələr şöbəsindən də saytımıza bildirildi ki, hazırda dövlət xətti ilə xaricdə dini təhsil alan azərbaycanlı tələbə yoxdur. “Gələcəkdə bunun olub-olmayacağını indidən demək düz olmaz”-deyə adının çəkilməsini istəməyən nazirlik əməkdaşı bildirib.
Modern.az