Çeçenistan rəhbəri Ramzan Kadırov 2005-ci ildə Rusiya xüsusi təyinatlıları tərəfindən öldürülən keçmiş “İçkeriya-Çeçen Respublikasının prezidenti” Aslan Məshədovun ölümü barədə danışıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yerli sakinlərlə görüş zamanı Kadırov mücahidlərin liderinin əslində Şamil Basayevin əli ilə öldürüldüyünü bəyan edib.“İçkeriya liderləri və silahlı dəstə başçıları heç zaman qarşılarına dövlət qurmaq məqsədi qoymamışdılar. Onlar xarici dövlətlərin təsiri altında idilər və Çeçenistanı dağıtmaq, Rusiyanı məhv etmək məqsədi güdürdülər. Basayev qəsdən bəzi xüsusi xidmət orqanlarına gizli məlumatlar sızdıraraq Məshədovun öldürülməsinə nail olmuşdu”.
Kadırovun sözlərinə görə Aslan Məshədov 2005-ci ilin yazında müqavimətin faydasız olduğunu tam anlamışdı və onunla danışıqlara getmişdi. Lakin Basayev bu barədə xəbər tutaraq Məshədovun gizləndiyi yeri rus hərbçilərinə ötürmüşdü.
Aslan Məshədov 1997-ci ildə Çeçenistan prezidenti seçilib.
O 2005-ci il martın 8-də Tolstoy-Yurt kəndində gedən döyüşlərdə öldürülmüşdü.
Vüqar İsmayılov