28 dekabr tarixin bir sıra əlamatdar hadisələri ilə yadda qalıb. Məsələn, 1869-cu ilin bu günü amrikalı Villiam E.Semple saqqıza patent alıb, 1895-ci ildə Vilhelm Rentgen beynəlxalq konfransda yeni şüa kəşf etdiyini bəyan edib. 1999-cu ildə Samarmurad Niyazov (Türkmənbaşı) özünü ömürlük prezident elan edib.
1989-cu ildə sövet höküməti Qarabağa dair Mərkəzi hökümətin mövqeyinə etiraz edərək küçələrə çıxan Cəlilabad sakinlərinə milis divan tutub. Vəziyyəti nizama salmaq üçün rayona milis dəstələri yeridilib, kütləvi həbslər aparılıb. Buna cavab olaraq xalq raykom və milisin binalarını dağıdıb. Toqquşmalar zamanı 150 nəfər xəsarət alıb.
1999-cu ildə Dövlət Neft Fondu təsis edilib.
1612-ci ildə Qaliley Neptun planetini kəşf edib, lakin onun ulduz olduğunu zənn edib
1856-cı ilin bu günü ABŞ-ın 28-ci prezidenti Vüdro Vilson anadan olub. O, ABŞ tarixində elmlər doktoru elmi dərəcəsinə malik olan yeganə prezidentdir. 1917-ci ilin aprelin 6-da Vilson ABŞ-ın Birinci dünya müharibəsinə qatılması barədə qərar verib. Konqresə müraciətində o, "Bütün müharibələrə son qoymaq məqsədilə müharibəyə başlamağa" çağırırdı.
8 yanvar 1918-ci ildə o Konqresdəki çıxışında müharibədən sonrakı dünyanın yenidən qurulmasını, daimi sülhün təmin edilməsini nəzərdə tutan və "14 bənd" adı ilə məşhur olan tezislərini irəli sürüb. Bu tezislər dünyada Vilson prinsipləri” adı ilə tanınır. ”Müharibədən sonra bu tezislərdə irəli sürülən ideyalardan yalnız 5-i, o cümlədən Millətlər Cəmiyyəti qurulması fikri həyata keçirildi.
Vudro Vilsonunun adı Azərbaycanın siyasi tarixindən də keçir. 1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin höküməti 10 noyabr tarixində Vilsona dünya dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması xahişi ilə müraciət edib.
1919-cu ilin yanvarın 18-də başlanan Paris sülh konfransında ABŞ prezidenti V.Vilsonun təşəbbüsü ilə ilk dəfə Azərbaycan məsələsi ABŞ, Fransa, İtaliya və Böyük Britaniya hökumət başçılarından ibarət Dördlər Şurasının iclasında müzakirə olundu və Ə.M.Topçubaşovun nümayəndə heyətinin rəhbəri kimi tanınmasına razılığını verdi. Mayın sonu Vilson Azərbaycan nümayəndə heyətini qəbul edir. Prezidentə təqdim olunan memorandum Azərbaycan barədə məlumat verirdi və buna əlavə 6 bənddən ibarət tələblər irəli sürüldü. Burada, Azərbaycanın müstəqilliyinin tanınması, Vilson prinsiplərinin Azərbaycana şamil edilməsi, MC-nə qəbul, ABŞ hərbi departamentliyi tərəfindən Azərbaycana hərbi yardım və ABŞ-Azərbaycan arasında diplomatik münasibətlər yaradılması fikirləri öz əksini tapmışdı. Lakin Vilson müstəqillik məsələsinə fikir bildirməyərək əvvəlcə rus məsələsinin həllinə tərəfdar olduğunu bildirib. Vilson 1919-cu ildə Nobel Sülh Mükafatına layiq görülüb.
1937-ci ilin bu günü professor Əliyar Səfərli anadan olub. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsini bitirən Ə.Səfərli uzun müddət BDU-da çalışıb. Professor Əliyar Səfərli orta əsrlər Azərbaycan ədəbiyyatının tanınmış təqiqatçılarındandır. O, 17-18-ci əsrlər Azərbaycan epik şerinə dair təhqiqatların müəllifidir. Mətnşünaslıq sahəsində də səmərəli fəaliyyət göstərib. Bir sıra ədəbi abidələri aşkara çıxarmaqda rolu olub. İlk anadilli poema olan "Dastani Əhməd Hərami"ni, Qazi Bürhanəddini "Divan"ını, Məhəmməd Füzulinin "Həqiqət üs-süəda" əsərini (şərikli), Məsihinin "Vərqa və Gülşa" poemasını tərtib və nəşrində böyük rolu olub.
Əliyar Səfərli diplomatik sahədə də fəaliyyət göstərib O, 1994-98-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub, ölkəmizi Beynəlxalq İqtisadi Təşkilatda (EKO) təmsil edib.
Azərbaycanın İrandakı keçmiş səfiri Ə.Səfərli qalmaqallı diplomatik xidməti ilə yadda qalıb. Səfir vəzifəsində işləyərkən İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda onun açıq çıxışları rəsmi Tehranın sərt etirazı ilə qarşılanır. 1998-ci ildə Ə.Səfərli qeyri-rəsmi olaraq “persona-non-qrata” elan edildiyindənİrandakı səfirlik fəaliyyətnə son qoyur.
28 dekabr 1925-ci ildə böyük rus şairi Sergey Yesenin vəfat edib. Yeseninin sağlığında təkrar nəşrlər də nəzərə alınmaqla, 30-a yaxın kitabı nəşr olunub. Bunlardan əlavə, şairin sağlığında müxtəlif mənbələrdə 25-ə yaxın kitabın çapa hazırlanması haqqında məlumatlara (bəzən kitabın adı, bəzən əlyazması, bəzən çapa hazır variantı, bəzən də maketi) rast gəlinsə də, naməlum səbəblərdən onlar çap olunmayıb.
Yeseninin Bakıda keçirdiyi təxminən 4 aylıq dövrü onun yaradıcılığının ən məhsuldar dövrü hesab etmək olar. Təsadüfi deyil ki, yeseninşünaslar bu dövrü onun yaradıcılığının “qızıl dövrü” adlandırır və həmin dövrü Puşkin yaradıcılığının “Boldino payızı” ilə müqayisə edirlər. Ümumilikdə, 1924-1926-cı illərdə Yeseninin Bakı mətbuatında 51 əsəri (48 seir və 3 poema) dərc edilib. Onlardan 50-si (47 şeir və 3 poema) “Bakinski raboçi” qəzetində işıq üzü görüb. Bu əsərlərin 45-i (43 şeir və 2 poema) Yeseninin sağlığında, 5-i isə (4 şeir və 1 poema) ölümündən sonra çap olunub. Ümumiyyətlə, “Bakinski raboçi” qəzeti Yeseninin öz əsərlərini ən çox dərc etdirdiyi mənbədir. Bu baxımdan ikinci sırada 1921-ci ildən etibarən Moskvada A.K. Voronskinin baş redaktorluğu ilə çıxan "Красная новь" jurnalı durur. 1922-1925-ci illərdə həmin jurnalda Yeseninin 30-a yaxın əsəri çap olunub. Yesenin, Bakıya sevgisini məşhur "Прощай, Баку" şeirində ifadə edib.
Yeseninin ölümü haqqında verilən rəsmi məlumata görə, 1925-ci il dekabrın 27-dən 28-nə keçən gecə Leninqradın “Anqleter” otelində Yesenin özünü asaraq intihar edib. Uzun illər Yeseninin intihar etməsi fakt kimi qəbul edilsə də, 80-ci illərin sonuna yaxın Yeseninin ölümü ilə bağlı yeni, müəmmalı fikirlər ortaya çıxmağa başladı. Müxtəlif qəzet və jurnallarda Yeseninin ölümünün yeni versiyası – onun əvvəlcə qətlə yetirilməsi və sonradan asılması haqda çoxsaylı fikirlər ildırım sürəti ilə yayıldı. Bütün bu şübhələrə son qoymaq məqsədilə 1989-cu ildə SSRİ Yazıçılar İttifaqının təşəbbüsü ilə SSRİ EA-nın M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu nəzdində xüsusi komitə – Ümumittifaq Yesenin Komitəsi yaradılır. Komitənin sədri Yesenin irsinin araşdırılmasında fövqəladə rolu olan Y.L.Prokuşev idi. Komissiyaya bir sıra yazıçılar, yeseninşünaslar, Yeseninin yaxın qohumları, Yeseninin ölümünün hər iki versiyası tərəfdarı olan müəlliflərdən bir neçəsi, kriminalistlər, Rusiyanın Baş Prokurorluğunun nümayəndələri və başqa mütəxəssislər daxil idilər. Komissiyanın verdiyi son qərar sensasiyaların heç bir əsasının olmadığını göstərsə də, hələ indi də əks fikirlər beyinlərdən silinməyib. Dahi şairin müəmmalı ölümü ətrafında gedən fikirlər səngimək bilmir. Belə görünür ki, bu mübahisə hələ uzun illər mətbuatın və ictimaiyyətin diqqət mərkəzində olacaq.
Hətta 2007-ci ildə Yeseninin qətlə yetirilməsi versiyasına həsr edilmiş film televiziya ekranlarında göstərildi. Nə olursa - olsun, düz 85 il bundan əvvəl dekabrın 27-dən 28-nə keçən gecə, Nazim Hikmətin sözləri ilə desək, “dünyanın ən böyük və ən səmimi şairlərindən biri”ni itirdik. Yeseninin ölüm xəbərindən sarsılan Aleksey Tolstoy yazırdı: “...Onun ölüm günü ədəbiyyatda matəm kimi qeyd edilməlidir” .
Bu gün görkəmli sənətkar, SSRİ xalq artisti Zeynəb Xanlarovanın ad günüdür. Görkəmli xanəndə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini (1956) və A.Zeynallı adına Bakı Musiqi Texnikumunu (1961) bitirib. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarındandır. O, həmçinin bir sıra mahnıların müəllifidir. Dünyanın əksər ölkələrində konsertlər verib. Haqqında “Salam Zeynəb” adlı sənədli televiziya filmi çəkilib. Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) deputatı olub, Azərbaycan Respublikası Milli Məclisnin (1-ci, 2-ci, 3-cü və 4-cü çağırış) deputatıdır. ”Şöhrət ordeni” ilə təltif edilib.
Modern.az