“Əl-Qaidə” terror qruplaşmasının lideri Üsamə ben Ladeni öldürdüyünü iddia edən ABŞ-ın dəniz piyadalarının keçmiş xidmətçisi Robert O'Nil Montana ştatında içkili vəziyyətdə avtomobil idarə edərkən saxlanılıb.
Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları mağaza qarşısında saxlanılan bir avtomobildə kişinin yatdığını görüblər.
Keçmiş hərbçi inandırmağa çalışıb ki, həkimlərin təyin etdiyi tibbi preparatın təsiri altında yuxuya gedib.Ancaq analizlər göstərib ki, O'Nil spirtli içki qəbul edib. Polislər onu bölməyə gətirərək içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə ittiham irəli sürüblər.
38 yaşlı Robert O'Nil 2014-cü ilin noyabr ayında Britaniyanın “Daily Mail” qəzetinə 2011-ci ilin may ayında “bir nömrəli terrorçu”nu məhz onun məhv etdiyini bəyan edəndən sonra məşhurlaşıb.
Bin Laden 2011-ci ilin may ayında Pakistanın Abbottabad şəhərində ABŞ xüsusi dəstəsinin keçirdiyi əməliyyat zamanı öldürülüb.
Modern.az