“...Tabe olub qərarı yerinə yetirəcəksən və yaxud özünün doğru olduğunla bağlı partiyadaşlarını inandırmalısan...”
Müsavat Məclisinin yeni seçilmiş sədri Arzu Səmədbəyli Modern.az-ın suallarını cavablandırıb.
- Müsavat Məclisinə keçirilən seçkilər partiya daxilində birmənalı qarşılanmayıb. Məclis sədri postu uğrunda gedən mübarizədə sizinlə bağlı deyəsən qalmaqal yaranıb. Bu barədə sizin qənaətləriniz necədi? Məclis necə keçib?
- Qalmaqalı mətbuat yaradıb, heç bir qalmaqal yoxdu. Çox yaxşı bir məclis oldu. Müsavatın Məclisi Azərbaycanda demokratiya nümunəsi olacaq məclislərdən biri idi. Hər halda bir neçə agentliyin müxbiri də o məclisdə iştrak edirdi. Hər şey qaydasında keçdi. Partiyanın Məclis sədrliyinə, Divanın boş qalan yerlərinə və Məclis üzvlüyinə seçkilər tam demokratik şəraitdə keçirildi. Qeyri adi heç nə baş verməyib.
- Arzu bəy, maraqlıdır ki, bir tərəfdən sizin namizədliyiniz ilə bağlı narazılıq yoxdur, amma eyni zamanda funksionerlər nədənsə ciddi şəkildə narazı görünürlər. Sizcə bu problemin kökü nə ilə bağlıdır?
- Doğudur, bu mənə də aydın deyil, mən də məsələnin kökünü bilməyi çox istəyirəm. Təəsüf ki, Divanın mənim namizədliyimlə bağlı toplantısında iştirak edə bilməmişəm. Rayonda idim. Amma həm Adil bəylə, həm Qabil bəylə söhbətim olub. Təbii ki, mənim namizədliyimlə bağlı hər hansı problemdən söhbət gedə bilməz. İlk vaxtlarda həm Adil bəy, həm də Qabil bəy mənim namizədliyimi verməklə bağlı müraciətlər ediblər. Əvvəl fikrim yox idi. Sonradan namizədliyimi verməyə qərara gəldim. Amma eyni zamanda hesab edirəm ki, mən yox, Adil bəy, Qabil bəy və yaxud Nüşabə xanım namizəd olsaydı belə, yenə heç bir problem olmazdı.
Çünki hesab etmirəm ki, Müsavat partiyasının Məclis sədrliyinə tək Arzu Səmədbəyli layiq idi və o da seçildi. Hesab edirəm ki, Müsavat Məclisinə onlarla layiqli müsavatçı seçilə bilərdilər. Sadəcə olaraq Müsavat rəhbərliyinin və qəbul olunan qərar belə idi ki, konsensus olsun və buna uyğun olaraq mənim üzərimdə dayanıblar. Amma Müsavatın Məclisində İsa Qəmbər bununla bağlı iştirakçılara müraciət etdi və dedi ki, əgər kimsə bu məclisdə namizədliyini irəli sürmək, və kiminsə namizədliyini vermək fikrindədirsə, buyursun desin. Biz onu həmin namizədi siyahıya daxil edək və seçki alternativ əsasda keçirilsin. Sədrliklə bağlı başqa fikir olmadı.
Yəni bu məsələ açığı medianın qabartması və cəmiyyətə təqdim etməsi əsasına belə böyüdü.
Hətta KİV-də “partiyadan istefalar olacaq” tipli xəbərlər də verildi. Amma gördünüz ki, belə bir şey baş vermədi. Məclis tam qaydasında, normal məcrada davam elədi və yekunlaşdı. Yaxşı olardı ki, KİV bu halı qabartsın. Nə qədər cəmiyyətdə mənfi enerjilər daşımaq olar, nə qədər mənfi çalarlar vermək olar. Çox təəssüflər olsun ki, Müsavatın dağılması, partiyanın daxilində gərginlik olmasında maraqlı olan iqtidar və iqtidara yaxın olam mətbu orqanları var.
Bilirəm ki, iqtidar Müsavatın dağılması, sıradan çıxması və eləcə də bütün müxalifətin sıradan çıxarılması uğrunda çalışır. Amma Müsavat gündən-günə möhkəmlənməkdə, genişlənməkdə və təzyiqlər altında bir az da mətinləşməkdədir.
- Siz medianı ittiham edirsiniz. Amma hər şeydən əvvəl Müsavat rəsmilərinin KİV-ə verdikləri açıqlamalar axı necə diqqətdən kənarda qala bilər? Götürək Qabil Hüseynli və Adil Qeybullanın açıqlamalarını... Bu baxımdan həm məsələlər ortadadır, həm də müəyyən qapalılıq var. Heç kim bilmir ki, birdən-birə partiyada nə baş verir. Məclis sədrliyi və ora sizin namizədliyinizlə bağlı onların mövqeyi birmənalı deyil.
- Mənimlə bağlı belə narazılıq olmayıb. Belə bir söhbətə rast gəlməmişəm. Mənə elə gəlir ki, partiya mənsubu olan insanlar öz azadlıqlarının bir hissəsini partiyadaşaları ilə bölüşüblər. Mən də partiyanın hər hansı qərarından razı olmamışam və belə hallar olub. Partiya rəhbərliyi, məclisi, Divanı məsələni mənin istəklərimin əksinə müzakirə edibsə, bir qərar qəbul edibsə, çoxluluq bu fikirdə olubsa, mən həmin qərara tabe olmuşam. Bu partiyanın təməl prinsiplərindən birisidir. Tabe olub qərarı yerinə yetirəcəksən və yaxud özünün doğru olduğunla bağlı partiyadaşlarını inandırıb, bu qərarı qəbul etməyə nail olacaqsan. Əks halda təbii ki, partiyanın strukturuna müraciət edəcəksən və bu istiqamətdə fəaliyyətnini davam etdirəcəksən. Amma partiya ilə bağlı narazılıqları mediaya bir az təhrif olunmuş formada çatdırmağı mən doğru hesab eləmirəm. Bu istər partiya üzvü olsun, istər partiya funksioneri olsun, hamıya aiddir. Uyğun qurumlar var və hər kəsə şərait yaradılır öz fikrini, iradını bildirsin, hətta narazılığını desin, bəyanatını oxusun, ümumi müzakirə tələb eləsin. Bu demokratik şəraitdə həyata keçirilən bir prosesdir və şükür Allaha Müsavatda da bu şərait üçün tam imkanlar var. Odur ki, mən bunları bir az da şişirdilmiş məsələ hesab edirəm. Partiyadaşlarımın bu məsələ ilə bağlı narazılıqlarının tam detallarını bilməsəm də, inanıram ki, tezlikə bu məsələlər partiyada müzakirə olunacaq və yoluna qoyulacaq.
-Arzu bəy, bu Məclis sədrliyinə namizədliyinizlə bağlı konsensusun əldə olunmasına Milli Məclisdə 5 illik deputat fəaliyyətiniz təsir edibmi?
- Bilmirəm. Mən həmin toplantıda iştirak eləməmişəm. Amma məlumatım var ki, Məclis sədrliyinə namizədliyini vermiş Nüşabə Sadıqlı, İkram İsrafil öz namizədliklərini geri götürüblər və məni müdafiə ediblər. Sağ olsunlar. Dediyim kimi Adil Qeybullanın da bu məsələ ilə bağlı narazılığı olmayıb. Bu konsensus Adil bəyin namizədliyi üzərində razılığa gəlmiş olsaydı, mənim də heç bir narazılığım olmazdı. Çünki, bayaq dediyim kimi, bu yerə kifayət qədər layiqli və iddialı namizədlər var. Amma belə məsləhət bilinib. Mən bundan sonrada partiyada kifayət qədər bu posta layiqli insanlar olacaqsa, onları da haqlı hesab edəcəm. Qarşıda qurultay gəlir və qurultaya qədər məsələ bu cür gedəcək və qurultaydan sonra partiya rəhbərliyini yenidən formalaşacaq. Mən bunu çox normal qarşılayacağam. Ola bilər ki, həmin ərəfədə konsensus yox, alternativ əsaslarla normal, demokratik şəraitdə seçkilər keçirilsin və yenə də kim seçiləcəksə, biz ona uğurlar arzulayacayıq. Lazımı köməyimizi göstərəcəyik.
- Məclis sədri postunda nə etmək fikrindəsiz? Nə yeniliklər olacaq, idarəetmədə dəyişikliklər olacaqmı?
- Məclis partiyanın strukturlarından birdir. Hər ilin sonunda partiyanın fəaliyyəti ilə bağlı fəaliyyət proqramı qəbul olunur. Məclisdə də partiyanın 2011-ci il üçüm fəaliyyət proqramı qəbul olundu. Gələn il Müsavat Partiyasının 100 illik yubileyidir. Biz gələn ili “Müsavat ili” elan elədik. İl boyu tədbirlər planı həyata keçirməyi planlaşdırmışıq ki, bu istiqamtdə fəaliyyət göstrəcəyik. Gələn il həm də qurultayımız olacaq. Yeni təşkilat komitəsi yaradıldı və qurultaya hazırlıq üzrə komitənin toplantısı və rayon təşkilatlarında bu istiqamətlərdə fəaliyyət nəzərdə tutulur. Eyni zamanda gələn il demokratik düşərgədə müxalif partiyaların və vətəndaş cəmiyyətlərinin, nüfuzlu ictimai rəy fiqularının da iştirakı ilə ictimai palatanın yaradılması nəzərdə tutulub. Müxailəf daxili inteqrasiya istiqmətində işlər nəzərdə tutulub. Və eyni zamanda Müsavat komisiyalarının işini gücləndirmək istiqamətində də fəaliyyətimizi həyata keçirəcəyik. Əlahiddə hansısa fəaliyyəti nəzərdə tutmamışıq. Biz bu istiqamətdə fəaliyyətimizi Müsavatın stareteji kusruna uyğun olaraq davam etdirəcəyik.
- Müsavat Məclisinin sizdən öncəki sədri AXCP-Müsavat birləşməsinin baş tutmaması üzündən istefa verib. Məclis sədri kimi sizin bu ideyaya münasibətiniz necədir?
- Bilirsiz ki, bu məsələni İsa Qəmbər AXCP-nin 16 iyulda keçirilən qurultayında söyləyib və orda da deyib ki, AXCP, Müsavat, KXCP və Rəsulzadə yoluna sadiq olan partiyaların qurumlarının iştirakı ilə bir təşkilatda birləşmək istiqamətində fəaliyyət göstərəcək.
O, bazar günü keçirilən Məclisdəki öz məruzəsində bu məsələni xüsusi vurğuladı və bir daha buna sadiq olduğumuzu nümayiş etdirib. Amma AXCP ilə Müsavatın konkret bir partiyada birləşməsi ilə bağlı konkter bir müddəa yox, ümumi konteksdə bir fəaliyyət nəzərdə tutulub. AXCP Müsavatla birləşməklə bağlı öz qurultayında qərar qəbul eləyib və həmin qərarı Müsavat rəhbərliyinə təqdim edib. Müsavatın mövcud nizamnaməsi hansısa bir partiya ilə birləşməni nəzərdə tutmur. Birləşmə ilə bağlı qurultay nizamnaməyə dəyişikik nəzərdə tutmalıdır və bu artıq qurultayın səlahiyyətinə aid olan bir məsələdir. Məsələ ilə bağlı konkret fikir söyləmək düzgün olmazdı. AXCP və digər demokratik düşərgəyə daxil olan qurumlarla inteqrasiya istiqamətində öz fəaliyyətimizi davam etdirəcəyik. Daha yaxın və daha sıx əməkdaşlıq imkanları yaranacaq.
- Bir sıra siyasi müşahidəçilər deyirlər ki, Müsavat Partiyasının daxilindəki problemlər onun siyasi müstəvidə mövqelərinin zəifləməsi ilə bağlıdır. Siz iddialarla razısınızmı?
- Bu iddiaları irəli sürən, səsləndirən adamlara tövsiyyə edərdik ki, Müsavatın Məclisində iştirak edərdilər və baxardılar ki, Müsavatın Məclisi hansı formada keçir. Müsavatın həm cəmiyyətdə, həm də xalq arasında nüfuzunun olduğundan xəbərimiz var və biz bilirik ki, ötən parlament seçkilərində də xalqın böyük əksəriyyəti AXCP- Müsavat seçki blokuna səs verdi. İndi də xalqın böyük əksəriyyəti Müsavatı və demokratik düşərgəni dəstəkləyir. Hakimiyyət xalq arasında olan nüfuzunu da itirib. Ona görə, son seçilərdə inanılmaz saxtakarlıqlara getdi, bunun nəticəsində beynəlxalq qurumlarda Azərbaycandakı seçkilkərin qeyri-azad, qeyri-demokratik keçirilməsi barədə son 17 ildə rast gəlinməyən ittihamlarla qarşıladı.
- Bu qalmaqalda adları hallanan Müsavat funksianerləri ilə əlaqə saxlamısınızmı? Adil Qeybulla və Qabil Hüseynli ilə danışmısınızmı?
- Müsavat Məclisi sədrliyindən əvvəl də bizim münasibətlərimiz imkan verirdi ki, onlarla əlaqə saxlayaq. Mən onlarla əlaqə saxlamışam. Mənə elə gəlir ki, bizim dostlarımızın tolerant yanaşması ilə bu narazılıqlar aradan qalxacaq. Müsavat Patiyasında da hər iki şəxsə çox normal və yaxşı münasibətlər var. Bu məsələləri gərək oturub normal məcrada müzakirə edək və ümumi razılaşmalar əldə edək. Mənə elə gəlir ki, Müsavat Partiyası rəhbərliyi tərəfindən heç bir problem yoxdur. Həmin dostlarmıız da açıqlamalarında qeyd ediblər ki, bu məsələləri partiya rəhbərliyi ilə müzakirə edəcəklər.
Xaqani SƏFƏROĞLU