Modern.az

Bizim vizit kartımız - ADIMIZ özümüz haqqında nə deyir?

Bizim vizit kartımız - ADIMIZ  özümüz haqqında nə deyir?

12 Aprel 2016, 13:09


Deyilənə görə, körpəyə qoyulan ad onun gələcək həyatında həlledici rol oynayır, xarakterinin formalaşması, cəmiyyətdə özünə yer qazanmasına təsir göstərir. Bu baxımdan ad insanın vizit kartı hesab olunur. Elə bu məqamda məşhur “Dədə Qorqud” filmində “adını mən qoydum, yaşını Tanrı versin” kəlamının əbəs yerə deyilmədiyi görünür. Ad həqiqətən də insan həyatında mühüm rol oynayır. Məsələn, ad məlumatlı olmadığınız biri barədə ilk təəssüratlarımızın yaranmasında çox önəmlidir.
Milli Məclisin deputatı Nizami Cəfərov da Modern.az saytına danışarkən bu fikirləri təsdiq edib:

“İstər yaxşı, istərsə də pis ad şəxs barədə informasiya verir. Hansısa tarixi şəxsiyyətin, elin-obanın hörmət etdiyi adamın adının müəyyən sanbalı var.

Özündə, məzmununda dərinlik olan adı hətta normal adam daşımayanda, dərhal adla mənsub olduğu adam arasında ziddiyyət nəzərə çarpır. Bəzən sanballı bir ad ona layiq olmayan adama yük olur. Ad da var ki, o qədər populyar olmasa da, həmin adam şəxsiyyəti, davranışları ilə o ada hörmət gətirə bilir və ad onun adına motivlənir. Bu gözümüzün qarşısında cərəyan edən bir prosesdir”.

Sanki, adqoyma təfəkkürümüz kasaddır...

Professor Azərbaycanda adqoyma məsələsində mövcud olan nöqsanlar barədə də fikirlərini bildirib:

“Bizdə mövcud olan nöqsanlardan biri adların təkrar olunmasıdır. Məsələn, Anar, Elçin, Elşən, Aysel, Aytən gözəl adlardır. Amma bu adlardan müxtəlif adamlara o qədər qoyulub ki, adlar bir növ həmin işarələmə, fərqlənmə funksiyasını itirib, ad neytrallaşıb. Bu çox böyük təhlükələrdən biridir.

Mövcud tendensiya istər-istəməz belə bir təsəvvür yaradır ki, xalqımızın guya adqoyma təfəkkürü zəngin deyil, bəsitdir.

Doğrudur, dünyada olan bir tendensiya var ki, hansısa ad məhz həmin ölkəni xatırladır. Məsələn, ruslarda “İvan”, fransızlarda “Jan”, ingilislərdə “Con” olan kimi, bizdə təkrarlanan adların içərisində bu tipli tarixi olanları çoxdur. Xüsusilə yeni yaranan adların təkrarı haqda belə demək olar.

Sadaladığım adların qoyulması ilə yanaşı, iki istiqamətdə yeni tendensiya formalaşıb. Birincisi türk mənşəli adların qoyulmasıdır. Məsələn, Qorqud, Atilla, Alpər kimi adların qoyulması müsbətdir.

Bir də dini adların son zamanlar artması müşahidə edilir. Məsələn, Məhəmməd, Zəhra, Fatimə və s.  Bu da bizim ənənənəmizdə var. Çünki biz müsəlman mədəniyyətinin tərkib hissəsiyik. Ona görə də bu cür adların qoyulmasının heç bir problemi yoxdur. Amma bu adlar da təkrarlanacaqsa, o zaman özünü doğrultmayacaq”.

Deputat adlarla bağlı bir haşiyə açır: “Bir zamanlar bizim dilçilərimiz zarafat etmişdilər. Demək, 30-40-cı illərdə ən populyar adlardan biri Əhməd idi. Qrammatika kitablarında nəyə misal gətirirdilərsə, mütləq Əhməd adından istifadə edilirdi. Məsələn, Əhməd gəldi, Əhməd getdi və s. Bu məqamda bizim məşhur dilçilərdən biri də zarafatla yazmışdı ki, “Əhməd öldü”. Yəni, bildirmişdi ki, bunu bitirmək lazımdır. Çünki, hər şey qədərində gözəldir”.



VAAQ qoyulan adlara görə məsuliyyəti dərk etməlidir

Deputat ad qoyulmasında Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) şöbələrinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib:

“Hazırda yaranan tendensiyalardan biri də yeni ad axtarışıdır. Hələlik bizim VVAQ orqanlarının məsələyə münasibətində köhnəlmə sezilir. Yəni, onların öhdəsinə çox böyük məsuliyyət düşür. Onlar yeni adların verilməsində məsləhətçi olmalıdırlar.

Uşağa ad qoyulması birbaşa valideynin səlahiyyətində olan məsələdir, eyni zamanda yalnız ona aid məsələ deyil. Çünki, uşaq böyüyüb bu cəmiyyətin bir parçasına çevriləcək, ümummilli ictimai fikrin hadisəsi olacaq. Ona görə də səlahiyyəti bütövlükdə valideynlərə vermək olmur. Valideyn adı təklif etməlidir, VVAQ onun Azərbaycan ad mədəniyyətinə münasibliyini müəyyənləşdirməlidir. Müəyyənləşdirmə o demək deyil ki, VVAQ yalnız “hə”, yaxud “yox” desin. VVAQ valideyinin təklif etdiyi ada “yox” deyirsə, səbəbini izah etməli və yeni adlar təklif etməlidir”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI