Ölkə başçısı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin yaradılması barədə sərəncam imzalayıb.
İqtisadçı Cəfər İbrahimli Modern.az saytına açıqlamasında yeni yaradılan qurumun fəaliyyətinə dair şərh verib. Ekspert qeyd edib ki, bu təşkilatın formalaşdırılması bir çox yeniliklərə şərait yaradacaq:“Bu təşkilatın yaradılması qida sektorunun rəqabətə, xırda istehsalçılara, kənd təsərrüfatının, kiçik və xırda biznesin inkişafına, Səhmlərin Bakı Fond Birjasında kütləvi təklifə çıxardılması ilə kapital bazarında yeniliklərə, Birbaşa dövlət büdcəsindən maliyyələşmənin azaldılmasına səbəb ola bilər.
Əgər bu təşkilat digər dövlət strukturları kimi böyük və monopolist şirkətlərlə əməkdaşlığa davam edəcəksə iqtisadiyyata faydası azalacaq”. İqtisadçı bildirib ki, yeni yaradılan qurum ərzağın keyfiyyətinə nəzarətdə önəmli rol oynamayacaq:
“Keyfiyyətə nəzarət müvafiq dövlət təşkilatları tərəfindən həyata keçirilir. Fikrimcə bu təşkilatın vəzifəsi birbaşa ərzaq keyfiyyəti və ərzaq təhlükəsizliyi aspektində yanaşma deyil. Amma bu təşkilatın ala biləcəyi mal və məhsulların standartını müəyyən edəcəyi üçün dolayı yolla keyfiyyətin yüksəldilməsinə səbəb ola bilər.
Bu cəmiyyətin səhmdarı sadəcə dövlət deyil. 49%-inə digər investorlar da sahib olduğu üçün korporativ idarəetmə standartlarına uyğun fəaliyyət göstərməsi və satınalmalarda tələb olunan standartları tətbiq edəcəyi istisna deyil”.
Gülşən RAUFQIZI