ABŞ və Qərbi Avropa əsrlər boyu dünyanın dörd bir yanından talayıb daşıdıqlarını yeyib bitirmək üzrədir. Ona yeni torpaqlar, yeni sərvətlər, yeni dünya düzəni gərəkdir. Afrikanı yeyib talayan bu sümürgəçilər Yaxın Şərqi qan gölünə döndəriblər.
«Narıncı inqilab» şüarı, «demokratiya» uydurması ilə İslam dünyasına xaç yürüşü başladanlar göz qabağındadır. Əvvəl-əvvəl Şərq dövlətlərini lidersizləşdirmək planı uyqulandı. Səddam Hüseyn, Qəddafi qətlə yetirildi. Mübarək hakimiyyətdən salındı. Tankın tırtıllarında, topun lüləsində, təyyarələrin bombardmanında gələn «demokratiya» narıncı rəngdən, qıpqırmızı qan rənginə boyandı.
Əsəd dirəndi. Hələ də dirənir. Özünə gəlmiş, qəddini düzəltmiş Rusiya dünyanın bir daha və bir daha yenidən bölüşdürülməsindən payını istədi. Öncə yan-yörəsinə nəzər saldı. Dağlıq Qarabağı və ətraf rayonları gözkirəsi ermənilərin ixtiyarına verdi. Cənubi Abxaziya və Osetiyanı Gürcüstandan qoparıb özünə birləşdirdi. Ukraynanın cənubunu – Donetsk, Luqansk və başqa əraziləri nəzarəti altına aldı. Krımı öz torpaqlarına qatdı. Beləliklə də Qara dənizə sərbəst və səlahiyyətli çıxışını bərpa etdi. Elə bu yolla da hərbi gəmilərini Suriya yaxınlarına qədər üzdürdü.
Beləliklə də Yaxın Şərqdən payını götürdü və mesaj verdi - Rusiya ayaq üstədir, güclü və qüdrətlidir, onsuz hər hansı beynəlxalq məsələ həll edilə bilməz. Beləliklə, ABŞ İraqda, Rusiya isə Suriyada birdəfəlik «siyasi lövbər» saldı. O, bu torpaqlardan ya heç vaxt, ya da ən yaxşı halda uzun illər boyu çıxmayacaq.
Bu yaxınlarda ABŞ prezidenti Obama Liviya lideri Qəddafinin öldürülməsinə az qala təəssüfünü bildirdi. Qəddafi ABŞ və Qərblə dost idi. Fransada prezident seçkiləri zamanı Sarkozinin tədbirlərinə yüz milyonlarla dollar xərcləmişdi. Əvəzində Sarkozi bir prezident olaraq Liviyanı bombardman etdi. Bu xəyanəti bilməyən yoxdur.
Bəs, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyndə niyə bunlar baş vermədi? Həmin ölkələr ABŞ-ın strateji tərəfdaşlarıdır. Bəhryendə hərbi bazaları var. İstədiyi zaman buralarda istənilən planları həyata keçirə bilər.
Bumeranq
Terrorizm faşizmin bətnindən doğulan təhlükədir. “Əl-Kaidə”, “Taliban”, PYD, daha nələrə eyni yarlığı yapışdırmaq olar: «MADE in US». Əslində beynəlxalq terrorizmin «akademiyası» ABŞ-dır. Mafiya, «Ku-kloks-klan», «Qırmızı briqada» kimi «ibtidai terror sinifləri» sonradan dünya terrorizminə «məzunlar» göndərdi.
Və bəzən bu terror təşkilatları bumeranqa dönür. ABŞ «ərköyün əl-Kaidə» balasının nadincliyini çox çəkdi. Və başladı öz övladlarını bir-bir öldürməyə. Bumeranq isə öz işindədir. Yaxın Şərqə ölüm püskürən Qərb indi oradan qaçıb Avropaya axışan qaçqınların və intiqamçı terrorçuların məngənəsində sıxıldıqca sıxılır. Fransada, Danimarkada və başqa yerlərdə baş verən terror aktları gələcəyin heç də rahat olmayacağından xəbər verir.
Ac, sümürgəçi Avropa isə bu qığrınlar arasında yenə öz işindədir – qaçqınları belə soyub-talamaqdan usanmır. Qadınların zinət əşyalarını əllərindən alıb, əvəzinə sığınacaq, bir parça yemək-içmək verirlər. Zəngin qaçqınlar 150-200 min ABŞ dolları ödəyəcəkləri halda dilənçi kökünə düşmüş Yunanıstanda vətəndaşlıq ala biləcəklər. Beləliklə, Yaxın Şərqin müsəlman əhalisi yurdundan-yuvasından didərgin düşür, ikiqat soyulur.
ABŞ və Qərb isə hələ də dünyanı «demokratiya» uydurması ilə aldatmağa çalışır. Ac qarınlarını müsəlman qanı ilə doydurmaqda davam edir.