Yaxın vaxtlarda bu sahədə yenilik gözlənilmir
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci il iyulun 13-də keçirilən iclasında ipoteka kreditləri üçün dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılması barədə göstəriş verib:
"Mən artıq göstəriş vermişəm ki, bu ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən əlavə vəsait ayrılsın. Buna böyük ehtiyac var. Xüsusilə gənclər, digər kateqoriyalı insanların həyat şəraiti yaxşılaşmalıdır. Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir. Maliyyə Nazirliyi, Mərkəzi Bank bu məsələ ilə məşğul olurlar. Onlara müvafiq göstərişlər verilib. Bir müddətdən sonra mənə məruzə etsinlər ki, bu məsələ necə icra olunur. Bunun mexanizmi nədən ibarət olacaq?” Vətəndaşların mənzil probleminin həllinə yönəlik çıxışdan bir qədər sonra ölkə başçısı 2015-ci ilin oktyabrında “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb.Fərmanda Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) yaradılması göstərilib.
Həmçinin bildirilib ki, Mərkəzi Bankın nəzdində İpoteka Fondunun hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir. Fərmanda göstərildiyi kimi Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən qurumlar barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməli idi. Amma uzun müddət keçməsinə baxmayaraq nə Maliyyə Nazirliyi, nə Mərkəzi Bank, nə də İpoteka Fondu tərəfindən hansısa müzakirələrin nəticələrinə dair məlumat açıqlanmır. Mərkəzi Bank rəhbəri Elman Rüstəmov, eləcə də maliyyə naziri Samir Şərifov tərəfindən ipoteka şərtlərində dəyişiklik ediləcəyi, ilkin ödənişin azaldılacağı barədə açıqlamalar verilsə də, faktiki olaraq reallaşan heç nə yoxdur.
Məsələ ilə İpoteka Fondunu mətbuat xidmətinin rəhbəri Samirə Nəsibova Modern.az saytına hər hansı yenilik olmadığını bildirib.
Məlumat üçün bildirək ki, kommersiya şərtləri ilə ipoteka kreditləri yalnız Azərbaycan vətəndaşlarına və 3 ildən 25 ilədək müddətə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir ki, onun da maksimal məbləği 50 min manat təşkil edir. Bundan başqa ipoteka üçün verilən maksimum məbləğin 50 min manatdan 100 min manata qədər artırılması, faiz dərəcələrinin ümumi ipotekada 8-dən 6-ya, sosial ipotekada isə 4 faizdən 2,5 faizə qədər azaldılması da gözlənilir. Rəsmi məlumatlara görə, indiyədək İpoteka Fondunun xətti ilə 17,5 min ailəyə ipoteka krediti verilib.
Qeyd edək ki, Azərbaycan İpoteka Fondu (AİF) 2016-cı ildə sosial ipotekaların verilməsi üçün dövlət büdcəsindən 50 mln. manat alacaq.
Gülşən RAUFQIZI