Bayramlarda, xüsusi günlərdə insanlar bir-birlərinə olan diqqəti müxtəlif hədiyyələr verməklə nümayiş etdirilər. Hədiyyə almağı və verməyi sözsüz ki, hər bir insan xoşlamır. Amma bundan xoşlananlar da çoxdur. Yeni ildə də hədiyyə verənlər, hədiyyə gözləyənlər var.
Hansı hədiyyəni verməyi və ya almağı xoşlayırsınız? Modern.az bu sualla cəmiyyətin müxtəlif sahələrindən olan, tanınmış insanlara müraciət edib.
Müxtəlif fikirlər səsləndirən müsahiblərimizin cavabları belə olub:
Tanınmış jurnalist Qulu Məhərrəmli deyir ki, o, hədiyyə verməyi xoşlayır: “Yeni il hədiyyə bayramı deyil, bu bayram daha çox uşaqların bayramıdır. Onlara hədiyyə almaq mənə daha çox zövq verir. Hesab edirəm ki, hədiyyə almaq və vermək ad günlərində, xüsusi bayramlarda daha əlverişlidir. Ümumilikdə xanımlara gül almağı və onları heyrətləndirəcək hədiyyələr verməyi sevirəm”.
Millət vəkili Jalə Əliyeva da hədiyyə verməyi şox sevir: “Kiminsə sevindiyini görmək mənə xüsusi zövq verir. Kiməsə hədiyyə verəndə ona xüsusi diqqətlə yanaşıram. Düşünürəm ki, hədiyyəni verərkən qarşı tərəfdəki insan ondan istifadə edə bilsin, xoşuna gəlsin, müəyyən vaxt kecdikdən sonra belə, bu hədiyəni xatırlasın”.
Yeni ildə bu bayramın atributlarını özündə əks etdirən hədiyyələri verməyi xoşladığını bildirən deputatın sözlərinə görə, bu bayramda uşaqları təəccübləndirmək daha asandır.
“Elə uşaqlıqdan mən Yeni ili və Novruz bayramını çox xoşlayırdım. Ailmizdə də Yeni ili xüsusi qeyd edərdik. Valideynlərim mənim üçün 3-4 metrlik şam ağacı qurardılar, evə Şaxta baba, Qar qız çağırardılar. Maraqlısı bu idi ki, mənim o vaxt 6-7 yaşım var idi və mən bilirdim ki, bu Şaxta baba sünidir. Amma mən özümü aldadırdım”.
“İndiki uşaqların əyləncələri daha çox və müxtəlifdir” deyən J.Əliyeva evdə qızı üçün şam ağacı qurduğunu bildirdi. “Qızım kicik olanda evdə onun üçün şam ağacı qurmuşam, kecən dovşan ilində dovşan formasında tort da hazırlamışdım. İndi də istəyirəm bu ənənəyə sadiq qalım”.
Xanım millət vəkili Yeni ili qeyd etdiyini, amma əvvəlki illərdəki kimi ona xüsusi hazırlaşmadığını da vurğulayıb: “Düzdü, ailədə Yeni ili qeyd edirik, çünki ən azından təqvim dəyişir. Ancaq indi əvvəlki illərə nisbətən bayrama xüsusi hazırlaşmıram”.
Azərbaycan Demakrat Partiyasının sədri Sərdar Cəlaloğlu da Yeni ildə hədiyyə almaq və ya vermək ənənəsinin olmadığını bildirdi: “Bu daha çox uşaqların bayramıdır. Düşünürəm ki, bu bayramda uşaqlara hədiyyə almaq olar, amma yaşlı insanlara hədiyyə almağı uyğun saymıram. Evdəki qız nəvələrimə dovşan, kukla, oğlanlara oyuncaq maşın almışam”.
Hədiyyə almağın və ya verməyin yaxşı adət olduğunu bildirən S.Cəlaloğlu ad günlərində, toy mərasimlərində hədiyə verməyi daha məqsədəuyğun hesab edir.
Yazıçı Seyran Səxavət hədiyyə verməyi də, hədiyyə almağı da özünə qadağan edib: “Çoxdandı ki, hədiyyə verməyi və almağı tərgitmişəm, bu işlərlə məşğul olmuram”.
Şair Zəlimxan Yaqub isə hədiyyələri çox sevdiyini bildirdi. “Təkcə Yeni ildə yox, bütün mübarək bayramlarda hədiyyə verməyi də, almağı da xoşlayıram. Çünki verilən hədiyyənin arxasında insanın daxili dünyası, onun sevgisi, səmimiyyəti və bir insana olan diqqəti dayanır. Hədiyyə bir kəlmə söz də ola bilər, 3 dənə gül də. Kəmiyyətindən asılı olmayaraq səmimiyyətlə verilən hər hədiyyə gözəldir ”.
Şairin sözlərinə görə, hədiyyələri öz zövqü ilə secir: “Dostlarıma, yaxınlarıma hədiyyə verərkən öz zövqümlə secirəm. Bir də mən xalqın şairi olduğum üçün dostlarımla görüşməyim, gülüşüm onlar üçün hədiyyədir. Çünki, mən onlarla işıq kimi, sevinclə, üzümdə nurla görüşürəm. İnsan mağazaya hədiyyə almağa gedəndə də, onu verəndə də üzündə sevinc olmalıdır. Kəmiyyətindən asılı olmayaraq hədiyyə bir insanın digərinə olan qayğısının nəticəsidir. Ona görə hədiyyəni verərkən sevinclə vermək və o sevinci qarşı tərəfə hiss etdirmək lazımdır”.
Sədaqət SÜLEYMANOVA