2011-ci ilin yanvar ayında Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyasına başlayacaq. Yəni inlar imtahan olunacaqlar. Nazirlik bu prosesə hazırlıq üçün həkimləri sınağa çəkir. Artıq tibb işçilərinin iştirakı ilə sınaq imtahanı da keçirilib.
Qeyd edək ki, sertifikasiya prosesi Prezidentin 2009-cu il 21 dekabr tarixli fərmanı və Nazirlər Kabinetinin 2010-cu il 08 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na uyğun həyata keçiriləcək.
“Sertifikasiyanın məqsədi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılmasıdır. Sertifikasiya prosesinə beş ildə bir dəfə ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri cəlb edilirlər”-deyə nazirlikdən bildirilib.
Hamilə qadınlar, uşağı üç yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (həmçinin uşağını təkbaşına böyüdən kişilər) sertifikasiyaya cəlb edilməyəcəklər.
Bundan başqa, alı və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər təhsilini təsdiq edən sənədin verildiyi gündən, habelə ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən 5 il müddətində sertifikasiyadan keçmirlər.
Digərlərinin - tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Səhiyyə mütəxəssislərinin sertifikasiyası 2 mərhələdə - test və müsahibə yolu ilə reallaşdırılacaq. Test imtahanı 100 sualdan ibarətdir və 3 saat ərzində cavablandırılmalıdır. Test imtahanının yekununa görə 60 və ya daha çox bal toplamış şəxslər müsahibəyə buraxılacaqlar.
Nazirlik test imtahanının nəticələrini imtahan keçirilən tarixdən 3 gün müddətində bəyan edəcək.
Müsahibəyə buraxılanlara ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən suallar veriləcək. Müsahibə açıq, hər bir şəxslə fərdi qaydada, ixtisas komissiyasının üzvləri ilə söhbət formasında 30 dəqiqəyədək müddətdə aparılacaq.
Test imtahanının və müsahibənin nəticələri əsasında sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi veriləcək və onlar 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edəcəklər.
Modern.az-ın Səhiyyə Nazirliyindən əldə etdiyi məlumata görə, tibb işçiləri ilkin sınaq imtahanlarında özlərini sınayıblar. 8 ixtisas üzrə keçirilən sınaq imtahanı üçün 202 həkim mütəxəsis qeydiyyatdan keçsə də, onlardan yalnız 112 nəfəri test imtahanına gəlib.
Səhiyyə Nazirliyində yaradılmış sertifikasiya şurasından verilən məlumata görə, sınaq imtahanında ən aşağı nəticə göstərənlər 40-45, ən yuxarı nəticə göstərənlər isə 90-94 bal toplayıb. Ümumilikdə isə sınaq imtahanlarına gələnlərin 70 faizi imtahandan müsbət qiymət alıb.
Gələn il sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yerləri saxlanılmaqla, müvafiq tədris müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün nazirliyə müraciət edə biləcəklər. Bundan sonra sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri mövcud qanunvericiliyə uyğun olaraq tənzimləncək. Belə ki, onların praktik fəaliyyətləri dayandırılacaq.