“Kənd təsərrüfatı ilə əlaqədar istifadə olunmayan torpaqlara cərimənin tətbiq edilməsi çox yaxşı haldır”.
Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Deputat bildirib ki, Azərbaycanda kifayət qədər torpaqlar var ki, onlar müəyyən şəxslər tərəfindən alınıb, lakin istifadə edilmir:
“Quba rayonunda elə kənd var ki, orada 2 hektar torpaq alınıb, amma istifadə edilmir. Lakin Vergi Məcəlləsində ediləcək dəyişikliklərə əsasən belə torpaqlardan istifadə etməyənlər cərimə ediləcək. Bu, çox lazımlı qanundur və sözügedən dəyişiklik kənd təsərrüfatında istifadəsiz torpaqların səmərəli istifadəsində mühüm rol oynayacaq”.
Bəzi məhsulların Əlavə Dəyər Vergisindən azad edilməsini müsbət qiymətləndirən millət vəkili söyləyib ki, burada süni istifadə hallarına yol vermək olmaz:
“Adətən belə hallara çox rast gəlinir. Bəzən məhsullar vergidən azad edilir, lakin sonradan vergi adı altında Azərbaycana başqa məhsullar idxal edilir. Ona görə də Vergilər Nazirliyindən bu məsələdə diqqətli olmağı xahiş edirəm.
Düşünürəm ki, Azərbaycana gətirilən bu cür məhsulların siyahısı tərtib edilməlidir ki, Azərbaycana vergisiz artıq məhsullar gətirilməsin”. Vahid Əhmədov Qətərin paytaxtı Dohada neft hasilatının dondurulması ilə bağlı da fikirlərini bildirib.
Deputat vurğulayıb ki, ötən gün bir çox dövlətlər həmin müzakirələrdə ciddi bir qərarın qəbul edəcəyini gözləyirdilər:
“Gözlənilən qərar baş tutmadı. Neftlə bağlı ümumi razılaşma əldə olunmadı. İranla Səudiyyə Ərəbistanı arasında olan gərginlik hər hansı bir nəticənin əldə edilməsinə mane oldu. Bütün bunları nəzərə alaraq biz daha da ciddi çalışmalıyıq.
Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün elə qanunlar qəbul etməliyik ki, ölkəmizdə sahibkarlığın inkişafı üçün normal şərait yaradılsın”.
Ağa Akifoğlu