Azərbaycan türkünün əski xalq mahnısının tarixini və mənsubiyyətini saxtalaşdıranlara cavab
Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər,
Sarı gəlin…
Bu sevda nə sevdadır,
Səni mənə verməzlər…
Neynim aman, aman…
Sarı gəlin…
Bu yazımda Azərbaycan türklərinin qədim və əsrarəngiz xalq mahnısı “Sarı Gəlin”dən bəhs edəcəm. O nəğmədən ki, milyonların yaddaşından bu günə qədər axa bilib, yol tapa bilib. O nəğmədən ki, ruhu təmizləyir, layla kimi, nənni kimi könül oxşayır. Amma çox təəssüf ki, tarixi dəqiq bilinməyən bu əski el nəğməsi haqqında az şey bilirik. Bu yazımızda “Sarı Gəlin”in kimliyi, türkünün tarixi ilə bağlı gerçəkləri ortaya qoymağa çalışacağıq?
Son zamanlarda qədim Azərbaycan xalq mahnısı olan “Sarı Gəlin” haqqında çox danışılır. Mediada bu mahnı haqda müxtəlif iddiaların irəli sürülməsinn şahidi oluruq. Bu günədək “Sarı Gəlin” həm Azərbaycan, həm də xarici müğənnilər tərəfindən dəfələrlə səsləndirilib. Mahnı həm xalq mahnısı kimi, həm estrada mahnısı kimi dəfələrlə aranjıman edilərək müxtəlif tərzlərdə ifa edilib.
Düzdür, xalq mahnısının əyilib-bükülüb biabırçı hala salınmasının qətiyyən tərəfdarı deyiləm, “xalq mahnısı elə öz üslubunda oxunmalıdır” deyə düşünürəm. Bəs tək müğənnilər tərəfindən deyil, bir çox ünlü balaban, ney, tütək, zurna ifaçılarının da məharətlə ifa etdikləri bu möhtəşəm el nəğməsinin sirri nədədir? Nədən onu dinləyəndə insanın içi titrəyir, nədən o mahnı eşidiləndə kövrəlir adam? Sirri nədir bu öykünün?
“Sarı Gəlin”- Günəşmi, qadınmı?
…Kiminə görə Sarı Gəlin adi türk qadını olub, kiminə görə isə, bu el nəğməsi insana qoşulmayıb. İkinci variantın gerçəyə daha yaxın olduğunu israr edənlər də çoxdur. Buna baxmayaraq, hələlik kulturoloqlar, folklorşünaslar, araşdırmaçılar bu barədə yekdil bir fikirə gələ bilməyiblər. Bu araşdırmalar içində ən mənqtiqlilərindən biri də araşdırmaçı-tarixçi Şakir Qabıssanlının fikirləridir. Qabıssanlı yeni bir tərəf qoydu ortaya və öncəki araşdırmaların yanlış olduğunu sübut etdi. Araşdırmaçı “Sarı Gəlin”in əslində, Günəş olduğunu bildirdi. Hər halda ondan öncəki və sonrakı araşdırmalarda “Sarı Gəlin”in insan olması barədə tutarlı dəlillər yoxdur.
Mahnının əslində, 3 qəhrəmanı var:
1. Günəş
2. Sevgili yar
3. Öz eşqini nağıl edən Aşiq
Mahnının sözlərindəki güzlənmiş incə mənaları anlamaq üçün öncə bir neçə məqama diqqət yetirməyə ehtiyac duyulur.
Bəzi araşdırmaçılara görə, mahnıda deyilən "sarı" yox, əslində "sari" olmalıdır. "Sari" qədim türk sözü olub göydə sayrışan, bizə həyat enerjisi verən Günəşi ifadə edir. "Saçın ucun hörməzlər"- bu qadın saçı deyil, Günəş şüaları anlamındadır, onu necə hörmək olar?
Saçın telinin sayılması, hörülməsi, ümumiyyətlə saçın mədhi təkcə "Sarı Gəlin"də deyil, başqa mahnılarda da var.
Məsələn: “Təbriz üstə Marağa, Telin gəlməz darağa...”. Bu mahnıda da Günəşin telindən danışılır. Demək, “Sarı Gəlin” öyküsü həm də Günəşə, onun vəsfinə istiqamətlənən mahnılardandır. (Qədim türklərdə Günəş kultu var idi və elementəri bu günədək yaşamaqdadır).
"Gülü sulu dərməzlər” Günəş çıxmadan gülü dərmək olmaz mənasını verir. Bağçılıqdan bir az anlayanlar bilir ki, gül-çiçəyi heç vaxt şehli-şehli dərmirlər, bu gülün gözəlliyini itirir, təzəliyinə zərər verir.
“Nə olaydı görəydim nazlı yarın üzünü, Sarı gəlin...”-deyilir mahnıda. Yəni, “Sarı Gəlin”ə- Günəşə müraciət edilir ki, nazlı yarımın üzünü görmək istəyirəm. Deməli “Sarı Gəlin”, yəni, Günəş nazlı yar deyil, yar başqasıdır.
“Bu sevda nə sevdadır, Səni mənə verməzlər, neynim, aman-aman, neynim, aman-aman, Sarı gəlin”. “Sarı Gəlin”dən imdad diləyir aşiq, dərdini söyləyir, əlac istəyir… Əski türk mifolojisində örnəkləri çoxdur.
“Aşıq ellər ayrısı, Şana tellər ayrısı, Bir gününə dözməzdim, Oldum illər ayrısı”- Aşiq Sarı Gəlinə dərdini anladır- Əgər nazlı yar Sarı Gəlinsə o zaman niyə aşiq deyir ki, “oldum illər ayrısı”? Axı Günəş hər səhər görünür, aşiq istəsə də ondan ayrı qalmaz. Həm də Sarı Gəlinin insan olmadığı fikrinə əsaslansaq, o zaman aydın olur ki, aşiqin ayrı qaldığı yar başqasıdır. Yəni, mahnıda aşiqdən başqa daha iki surətin olması aydın olur.
Azərbaycan türklərinin “anonim” türküsü
Bir neçə ay öncə Ermənistan prezidenti Serj Sərkisyan və Türkiyə prezidenti Abdulla Gül Bursada şam yeməyi zamanı "Sarı gəlin" xalq mahnısından da danışmışdılar. Şam yeməyi vaxtı bu mahnı səsləndirilmişdi. Güllə Sarkisyan arasında belə bir dialoq baş tutmuşdu:
Abdulla Gül:
- “Sarı Gəlin” bizdə anonimdir. Sizdə də elədirmi?
Serj Sərkisyan:
- Bəli, bizdə də anonimdir. Sarı bizdə dağ deməkdir. Yəni dağlı qız mənası verir. Cənab Gül, görürsünüzmü? Mahnılarımızın və yeməklərimizin nə qədər ortaq bir dadı var…
Sərkisyanı anlamaq olar, yoxsul kültürə sahib olan ermənilər başqasının yaratdıqlarına möhtac bir millət olduğundan başqalarına aid kültürəl dəyərləri özününküləşdirmək psixologiyası ilə yaşayırlar. A.Gülü isə heç anlamaq olmur. O, bu mahnının Azərbaycan türklərinə məxsus olduğunu yaxşı bilir. Amma siyasi maraqlar naminə türk millətinin mədəni sərvətini düşmənin mənimsəməsinə şərait yaratmasaydı kaş.
Türkiyədə qətlə yetirilən erməni jurnalist Qrant Dinkin İstanbuldakı anım mərasimində də hər il eyni şeyi edirlər, Azərbaycan türküsünü erməni mahnısı kimi bir erməninin anım mərasimində səsləndirirlər. Üstəlik, bu anım mərasimi Türkiyə telekanallarına da göstərilir, bir türk qardaşımız çıxıb demir ki, bu Azərbaycan türklərinə aid bir mahnı, hansı səbəbdən bir erməni mərasimində oxudulur? Türkiyədə çoxları çumhurbaşqanı kimi düşünür deyəsən, "Sarı Gəlin”i anonim hesab edirlər...
Milli mənşəyi şübhəli olan Seda Sayan kimi bir müğənnicik isə canlı yayımda bir erməni seyrçinin bu türkünü “erməni xalq mahnısı” kimi sifariş etməsi üzərinə azərbaycanlı müğənni Günelin etirazına imkan verməməklə özünün kimliyinin ortaya qoydu. Burada yenə də Seda Sayanı anlamaq olar-qadında ermənilərə genetik və ya simpatik sevgi var.
Azəri qızı Günel isə milyonların izlədiyi canlı teleyayımda kəkələyə-kəkələyə bunu təkzib belə edə bilmədi. “Seda sözümü kəsdi” bəhanəsi yerinə düşmür, çünki cəmi bircə qəti cümlə isə məsələyə son qoymaq olardı. Lakin lazımi savad səviyyəsinin çatışmazlığı və siyasi hazırlıqsızlıq buna əngəl törətdi. Milli kimliyini hələ də anlamayan, Azərbaycan türkü olmasına rəğmən özünü qondarma bir milli mənsubiyyətlə (azəri qızı) təqdim edən müğənnimizdən bundan artığını gözləmək də olmazdı zatən...
“Sarı Gəlin”i erməniləşdirməyə çalışan “türk”
İndiyədək bu mahnının araşdıran bir çox araşdırmaçı olub. Hər birinin də özünəməxsus tərzdə maraqlı fikirləri və yorumları olub. Araşdıranlar tək Azərbaycandan olan alimlər olmayıb, eyni zamanda bu nəğməni xarici mütəxəssislər də araşdırır. Onlardan biri özünü əslən osmanlı türkü kimi təqdim edən jurnalist-yazar Eyüphan Qılıncdır.
Dediyinə görə, 3 ildən artıq vaxt ərzində “Sarı Gəlin”i araşdırıb. Əldə etdiyi məlumatlardan ibarət "Sarı Gəlin Türküsünün Gerçək Öyküsü" adlı kitab nəşr etdirib. Kitabda bir sıra əhvalatlar yazıb, hamısında da “Sarı Gəlin” qadın-insan kimi qələmə verilib və Azərbaycan türkü kimi deyil, rus və gürcü qızı kimi xarakterizə edilib.
Jurnalist yazır ki, “Sarı Gəlin” gürcü kralı David ilə erməni Rusudanın gizli birlikdəliyindən doğulub, adındakı “sarı” sözü də əslində sarı yox, “sari” olub. Bu sözün anlamına gəlincə isə Eyübhan Qılınc qeyd edir ki, bu ad hind mədəniyyətindən qaynaqlanır (hind qadınlarının “sari” adlandırılan geyimi var ki, bunun da anlamı “sayrışan” deməkdir. Səbəbini soracaq olursanız: zəngin və çoxçalarlı hind kültüründə, hətta paltarlarda belə minlərlə çalar əks olunur, çalarlar parça üzərində necə deyərlər, sayrışır, hərəkət edir və dolayısı ilə də geyimin adı yaranır- L.M ).
Bəs bu adı ona kim verib? Jurnalistin araşdırmalarına görə, Şeyx Sənan anası erməni, atası gürcü olan bir xanıma vurulur və adını bilmədiyindən və onu hər dəfə əynində sari ilə gördüyündən adını “Sari Gəlin” qoyur. Əhvalat təxminən belə təqdim olunur:
“Bağdadlı buddist Şeyx Sənan, varlı, yaraşıqlı və eşqbazdır. Müsəlman bir qızla gizli birlikdəliyi var. Qız müsəlman olduğu üçün bu, böyük günah sayılır. Bilinsə, qızı hətta ölüm cəzası gözləyir. O qızın bu cəsarəti qarşılığında aciz olur, əlacı müsəlmanlığı qəbul etməkdə görür…”.
Araşdırmaçı başqa bir versiyasında isə fərqli bir şey yazır. “Sənan şeyx olur. Yuxusunda gördüyü büt, onu yeni bir macəraya sürükləyər. Qırx müridiylə birlikdə bütün arxasına düşüb, Ərzuruma qədər gəlir. Büt, zümrüd gözlü qaraşın bir gözəl olaraq çıxar qarşısına şeyxin.
Şeyx Sənan, uzun müddət adını öyrənə bilmədiyi qıza üzərindəki ipək işləməli hind paltarı səbəbiylə "Sari (sarili) gəlin" adını qoyur. Sonradan öyrənir ki, aşiq olduğu “Sarı Gəlin” kral Davidin qızıdır və kralın komandirlərindən Batmutyanın (müəllif erməni adlı birini əhvalata daxil etməklə “Sarı Gəlin”i erməniyə daha da yaxınlaşdırmağa çalışır- L.M.) da qızda gözü var.
Sarı Gəlin Sənandan eşqinin isbatı üçün üç diləyini reallaşdırmasını istəyir. O şərab içməli, Quranı yandırmalı və dinini dəyişdirməli- xristian olmalıdır. Sənan qızın istədiklərini edir. Hələ üstəlik, sarayın donuzlarına da 7 il çobanlıq edir. Amma eşqinə cavab almır və bundan sonra müridləriylə dağa çıxır, tərki-dünya olur. Bu dəfə “Sarı Gəlin” Sənanın arxasına düşür. Dağda görüşürlər, sarmaş-dolaş anında Batmutyanın qılıncı Sənanın kürəyindən girib, qucaqladığı “Sarı Gəlin”in sinəsini dəlir”…
Eyübhan Qılıncın araşdırmasının əslində bir amacı olduğunu anlamaq çətin deyil. Onun açıq-aydın ermənipərəst olduğunu görmək olur. Türk, gürcü və ermənilərin hər birinin kültüründə bu mahnının olduğunu iddia edən jurnalist “Mədəniyyətin milliyyəti olmaz" deyir. Bütün dünyanın bildiyi aksiomanı danmağa çalşır, “Sarı Gəlin”i altdan-altdan erməniyə yamayır. Amma başarılı ola bilmir.
Kitabın adını (Türkiyə türkcəsində) yazıb internetdə axtarış aparsanız, oxucu yorumlarını görəcəksiniz, bütün oxucular kəskin şəkildə etiraz edir ki, türk əsilli bir araşdırmaçı nədən türkün möhtəşəm musiqi əsərini erməniyə yazır. Axı “Sarı Gəlin” oğuz türklərinindir, Azərbaycan xalqının musiqi nümunəsidir. “Sarı köynək”, “Sarıtel”, “Sarışınım” mahnılarını yaradan xalq yaradıb “Sarı gəlin”i.
Son bir neçə ildə erməni tele-radio kanallarında çox böyük canfəşanlıqla oxudulan “Sarı gəlin”in erməni variantı hayların özləri tərəfindən də qəbul edilə bilmir. Bu səbəbdən mahnının erməni kilsə musiqisinə uyğun mahnılarla sintezinə cəhd edilir. Amma bu çalışmalar uğursuzdur.
“Sarı Gəlin”ə sahib çıxanlar
Bu günədək Azərbaycanın bu qədim xalq mahnısına sahib çıxmağa cəhdlər çox olub. Haylar (indi “erməni” adlandırılan qəbilə) mahnını öz dillərində oxuyub sonunda "Sarı axçi" deməklə “sarı” sözünün də onlara aid olduğunu iddia edirlər. Lakin bu sözün xalis türk sözü olduğunu dünya filoloqları da qəbul edib.
Mahmud Kaşğarinin "Divani Lüğət-ət-Türk" kitabında ( Besim Atalayın tərcüməsi ilə- L.M ) "sarı" əşyaya "sarıq", tünd sarı əşyaya "sap sarıq" (səh.329) deyilir. Əski türkcədə bu söz elə indiki mənasında işlənib.
Sarı sözü "Kitabi-Dədə Qordud" dastanında "Salur Qazanın evinin yağmalanması boyu"nda İlək oğlu Sarı Qalmaş, "Basatın Təpəgözü öldürdüyü boy"da Qonur qoca oğlu Sarı Çoban, "Qazlıq qoca oğlu Yeynək boyu"nda Savqan Sarı kimi insan adlarıdırsa, "Qanlı qoca oğlu Qanturalı boyu"nda sarı burada Sarı donlu Selcan Xatunın paltarının rəngidi.
Ümumiyyətlə, “sarı” sözünə Azərbaycanın türkcəsində olduqca çox rast gəlmək olar. Bəs erməni dilində sarı sözü varmı? Yoxdur! Hətta, erməni müğənnilər çox zaman bu mahnını öz dillərində deyil, Azərbaycan türkçəsində oxuyurlar. Adama deməzlərmi ki, öz dilinə nə olub? Əgər mahnını erməni mahnısı hesab edirsənsə, elə erməni dilində oxu də... Oxuya bilmirlər... “Sarı” sözünün anlamını verə bilmirlər çünki...
Araşdırmaçı-tarixçi Tahircan Kukulov deyir ki, çox qədim və zəngin musiqi xəzinəsinə sahib olan bir millətin ermənidən mahnı götürməsi mümkün deyil. Amma əsrlər uzunu ermənilərin bizdən çox şey oğurladıqlarını söyləyə bilərik.
“Sarı gəlin” mahnısı Azərbaycan türklərinin və Quzey-Doğu Anadolu türklərinin hakim mövqe tutduğu bölgədə meydana gəlib. Ermənilərə gəldikdə isə, onlar xeyli azlıq təşkil etmiş bir xalq olub. Böyük bir imperiya qurmuş millətin öz himayəsində yaşayan hər hansı bir milli azlıqdan mahnı və ya oyun havası götürməsi gerçəkdən uzaq bir ehtimaldır.
“Sarı Gəlin” hansı dövrün məhsuludur?
Məlumdur ki, bu Azərbaycan türk mahnısıdır, o cümlədən Quzey-Doğu Anadoluda yaşayan türklər də bu mahnını özlərininki hesab edir. Mahnının yaranma tarixi haqqında fərqli versiyalar var. Bəzi alimlər bunu 2-3 əsr, bəziləri isə 7-8 əsr öncəyə aid edirlər.
Məlumat üçün qeyd edim ki, Azərbaycanın görkəmli şairi Hüseyn Cavid Yuxarı Kür və Çorux çayları boyunda geniş yayılmış bu əfsanəni yaxından öyrəndikdən sonra “Şeyx Sənan” adlı pyesini yazıb.
Jurnalist Eyübhan Qılınc araşdırdığı qaynaqlarda qadın kimi təsvir etdiyi “Sarı Gəlin”in sarışın olduğuna dair bir məlumata rast gəlmədiyini ifadə edir. Bunu “Sarı Gəlin”in bağlı olduğu Qıpçaq türklərinə məxsus olması ilə bağlayır və onun qarabuğdayı olduğunu deyir.
Tutaq ki, Eyüphan Kılıcın bu versiyası doğrudur, tutaq ki, “Sarı Gəlin” insandır. Amma hətta belə olsa da, jurnalist yenə doğru izdə deyil. Çünki qıpçaqlar onun sandığının tam əksidirlər. Yəni, qıpçaqlar qarabuğdayı deyil, sarışın və olduqca gözəl olublar və türklərin ən yaraşıqlı soyu hesab ediliblər. Bir çox tarixi qaynaqlarda qıpçaqların gözəl, sarışın, mavi gözlü olması qeyd olunur. Böyük şair Nizami Gəncəvinin “İskəndərnamə” əsərində də qıpçaqların gözəlliyindən bəhs olunur.
Qıpçaqların tarixdə bir adı da Kumandır. XIII yüzildə qıpçaqlar Qafqazda, Cənubi Rusiyada və Ukrayna ərazisində çox fəal idilər. XII-XIII əsrlərdə qıpçaqlar Gürcüstanın çiçəklənməsində böyük rol oynamışlar. Qıpçaq ordusu hesabına Səlcuqları məğlub etmiş gürcülər orta əsrlərdəki sərhədlərinə görə onlara çox şeyi borcludurlar. Tanınmış tarixçi və folklorşünas professor
F.Kırzioğlu 1958-ci ildə yazmış olduğu “Ədəbiyyatımızda Qars” əsərində qeyd edir ki, “Sarı gəlin türküsü və Şeyx Sənan əfsanəsi XII yüzildə Şimali Qafqazdan gələn ortodoks qıpçaqların xatirəsindən qalıb”. Kırzıoğlu hesab edir ki, “Sarı Gəlin” sanıldılğı kimi 2-3 əsr öncənin deyil, ən azı 7-8 əsr öncənin məhsuludur.
Son olaraq
...Başımıza gələnlər boş-boşuna deyil, “Tanrı cəzasıdır”- deyə düşünürəm. Sahib çıxa bilmədiklərimizi alır bizdən Tanrı. Bir gün mahnımızı oğurlayırlar, biz gün xalçamızı, bir gün başqa mədəni sərvətlərimizi... Bir gün Babəki, Nizamini farslaşdırırlar, o biri gün torpağımıza göz dikirlər. Niyə əcaba? Bu qədər basqı niyə üstümüzdədir? Türklüyümüzə, türkcəmizə, vətənimizə, ulularımıza sahib çıxmaq istəyənlər Azərbaycanın min illiklərə dayanan möhtəşəm tarixini və zəngin kültürünü saxtalaşdıra, özəlləşdirə biləcəklərinimi düşünürlər?
“Sarı Gəlin” türkün gen yaddaşından silinməz el öyküsüdür, oğuz sözüdür, türk səsidir, onu oğurlamaq, özününküləşdirmək olmaz.