Bu gün Azərbaycanda manatın dəyərdən düşməsilə nəticələnmiş sonuncu “şok devalvasiya”nın 4 ayını “qeyd edirik”. Sadə vətəndaşın böyük çətinliklə geridə qoyduğu 4 ay... Aldığı maaşı ayın sonuna çatmayan, adı nisyə dəftərindəki siyahıya başçılıq etdiyi 4ay...
Yəqin xatırlatmağa ehtiyac yoxdur ki, milli valyuta 2015-ci ilin 21 dekabrında 48 faizlik devalvasiyaya uğrayıb.
Bundan əvvəl isə elə yenə də 2015-in 21 fevralında manat dollar qarşısında 35 faiz ucuzlaşmışdı.
Ötən il Azərbaycan milli valyutası devalvasiyaya uğrayan MDB dövlətləri arasında lider oldu.
Mərkəzi Bank bir şeyi yaxşı bacardı...
İqtisadçı Natiq Əliyev Modern.az saytına devalvasiyadan sonra ötən 4 ayı dəyərləndirib. O, qeyd edib ki, 21 dekabr devalvasiyasından sonra baş verən proseslər iqtisadiyyata ciddi, neqativ təsirlərini göstərməkdə davam edir:
“Ümumi Daxili Məhsul (ÜDM) 1-ci rübdə 3,5 faiz azalıb, ticarət dövriyyəsi zəifləyib, xarici ticarət balansında mənfi saldoya keçmişik. İlk 3 ayın nəticələrinə görə, təqribən 45 milyon dollar mənfi saldo yarandı.
Banklarda ciddi problemlər davam edir. Kreditləşmə 1,6 milyard dollar azalıb. Ölkədə iqtisadi aktivlik xeyli dərəcədə zəifləyib ki, bu da iş yerlərinin qapadılmasına, insanların gəlirlərinin azalmasına gətirib çıxarıb. Mərkəzi Bank hələlik bir şeyi yaxşı bacardı. Sərt pul siyasəti yürüdərək manatın dövriyyəsini 2 dəfə azaltdı. Sərt monetar siyasət nəticəsində son həftələrdə manatın məzənnəsini 1.50-1.55 civarında saxlamağı bacardı. Bu da iqtisadi aktivliyin, ticarət dövriyyəsinin azalması hesabına baş verdi ki, nəticədə daha böyük fəsadların meydana gəlməsinə səbəb oldu”.
Hökumət manatın məzənnəsini stabil saxlamaq istəyirsə...
Ekspert hesab edir ki, atılan addımlarda kompleks yanaşma olmadığından iqtisadiyyatın digər sahələrində ciddi problemlər yaradır:
“Manatın məzənnəsi sabitləşir, amma iqtisadi aktivlik artmır. Ona görə də devalvasiyanın dərin təsirləri hələ uzun müddət Azərbaycan iqtisadiyyatında özünü göstərəcək. Bir müddət sonra hökumət və Mərkəzi Bank seçim etmək məcburiyyətində qalacaq. İqtisadi aktivliyi artırmaq üçün manat kütləsinin dövriyyəsini artırılmalı, kreditləşmə gücləndirməlidir. Bunlar baş verdiyi zaman manatın məzənnəsinə basqılar artacaq.
Hökumət iqtisadi aktivliyi artırmaq istəyirsə, manatın ucuzlaşmasını göz önünə almalıdır, məzənnəni uzun müddət stabil saxlamaq istəyirsə, o zaman iqtisadi aktivliyin zəifləməsinə göz yummalıdır. İlk baxışda çox çıxılmaz vəziyyət yaranıb.
Hökumət hələlik günlük problemlərin həlli ilə məşğuldur...”.
1,7 milyardlıq problemli krediti kim ödəyəcək?
N.Cəfərli bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən xarici valyutada verilən kreditlərin 1 ay müddətinə dayandırılması eksperiment xarakter daşıyır:
“Bu, bankların yeni reallığa uyğunlaşa bilmələrini, manatla kreditləşməni həyata keçirə biləcəklərini yoxlamaq üçündür. Görünən odur ki, bu siyasət də alınmır. Banklar da öz risklərini, gələcəkdə ola biləcək addımlardan sığortalanmaq üçün valyuta ilə kredit verməyi düşünürlər. İnsanlarımız isə valyuta ilə kredit götürməkdən imtina edir. Manatla istehlak kreditlərinin verilməsi 29 faizə qədər bahalaşıb ki, bu da çox ciddi faizdir. İnsanlar bunu ödəmək qabiliyyətində deyillər. Ona görə də, problemli kreditlərin həcmi hər ay artır.
Ötən ilin yanvarında cəmi 900 milyon manat problemli kredit vardısa, hazırda bu rəqəm 1,7 milyardı keçib. Bu çox böyük rəqəmdir. Təqribən bank sektorunda dövriyyənin 6,7-6,8 faizi qədər problemli kredit yığılıb ki, bu da standartlara görə, normadan 2 dəfə artıqdır. Bu onu göstərir ki, bank sektorunda baş qaldıran ciddi problemlərin astanasındayıq”.
Manat heç vaxt 0,78 məzənnəsinə qayıtmaycaq
İqtisadçının proqnozlarına görə, indiki iqtisadi şəraitdə neftin qiyməti 50-60 civarında olsa belə, manat əvvəlki səviyyəsinə qalxmayacaq:
“Çünki, idxaldan böyük asılılığımız var. Dərmanlardan tutmuş uşaq yeməklərinə, maşın və avadanlıqlara, geyimlərə qədər asılılıq 100 faizdir. Ərzaqda təxminən 50 faizlik asılılığımız var. Amma yerli istehsal məhsullarının xammalının böyük hissəsi də xaricdən alınır.
Bütün faktorları nəzərə alsaq, mövcud iqtisadi parametrlər manatın əvvəlki səviyyəyə çatmasına imkan verməyəcək. Hətta neftin qiymətinin uzun müddət 40 dollar qalması hökuməti yenidən müəyyən seçim etməyə sövq edəcək ki, manatın məzənnəsini daha əsnək hala gətirə bilsin”.
Gülşən RAUFQIZI