st1:*{behavior:url(#ieooui) }
4 yanvar tarixə bir sıra hadisələrlə düşüb. 1643-cü ilin bu günü məşhur alim İssak Nyuton anadan olub. 1797-ci ildə Napoleon Bonapart Avstriya qoşunu üzərində qələbə çalıb. 1980-ci ildə Sovet ordusunun Əfqanıstana müdaxiləsinin ardından ABŞ prezidenti Cimmi Karter Moskvada keçiriləcək Olimpiya oyunlarını boykot etdiyini açıqlayıb 1804-cü il yanvarın 4-də Gəncə hökmdarı Cavad xan və oğlu şəhid olub. Cavad xan 1748-ci ildə Gəncə şəhərində doğulub. Onun atası Şahverdi xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olub. Anası Şərəf Cahan bəyim də əsil-nəcabətli bir nəsildən olub. Cavaddan başqa ailənin Tuti bəyim, Xurşid bəyim və Heyransa xanım adında üç qızı da olub. 1780-ci ildə Cavad xan adi bir kəndli qızı olan Şükufə xanımla, 1790-cı ildə isə Şəki xanının bacısı Məliknisə xanımla ailə qurub. Bu qadınlardan biri 1812-ci ildə, ikincisi isə 1830-cu ildə vəfat edir. Cavad xanın ikinci arvadı onun ölümündən sonra Şəkiyə, qardaşının yanına gedibş və orada da dünyasını dəyişmişdir. Məliknisə xanımın məzarı da Şəkidədir. Şükufə xanımdan Cavad xanın üç oğlu Uğurlu xan, Əliqulu xan və Hüseynqulu xan, dörd qızı-Tuti Bikə, Püstə bəyim, Xatun bəyim, Balaca bəyim doğulublar. 1786-cı ildə Gəncədə hakimiyyətə Cavad xan gəlib. Gürcülərin Gəncə üzərinə tez-tez baş verən basqınlarından can qurtarmaq məqsədilə Cavad xan öz hərbi hissələrini 1785-ci ildə Tiflis üzərinə yürüşə gedən Ağa Məhəmməd şah Qacarın qoşunlarına qoşur. Qacarın qoşunları geri qayıtdıqdan sonra Cavad xan II İrakli arasındakı münasibətlər daha da gərginləşir. 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü ilin yanvarın 3-dən 4-nə keçən gecə general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə oğulları ilə birlikdə qəhrəmancasına həlak olub.
4 yanvar yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə Bakıda vəfat edib (1932). Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə 22 fevral 1869-cu ildə Naxçıvanda doğulub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində alıb. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirib, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen, Nehrəm kəndlərində müəllimlik edib. 1903-cü ildən Tiflisdə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında işləyib. C.Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində "Şərqi-Rus" qəzeti və onun redaktoru M.A.Şahtaxtlının mühüm rolu olub. "Poçt qutusu" adlı ilk mətbu əsəri, "Kişmiş oyunu", L.N.Tolstoydan tərcümə etdiyi "Zəhmət, ölüm və naxoşluq" hekayələri ilk dəfə bu qəzetdə dərc edilib. İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyub. Həmin vaxtdan o Molla Nəsrəddin adı ilə tanındı. 1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçüb, 1921-ci ildə orada "Molla Nəsrəddin"in 8 nömrəsini çap edib. C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilib.
1946-cı ilin bu günündə aktyor Rafael Dadaşov anadan olub. Məşhur aktyor Məlik Dadaşovun oğlu olan Rafael Naxçıvanda doğulub. O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışır. Teatrın səhnəsində çoxlu maraqlı obrazlar yaradıb. Rafael Dadaşov Azərbaycan Dövlət Televiziyasında hazırlanmış çoxlu tamaşaların iştirakçısı olub. Həmin teletamaşalar içərisində Anarın «Ötən ilin son gecəsi» (Rüstəm), K.Holdoninin «Mehmanxana sahibəsi» (Sinyor Kavaler), A.Qəhrəmanovun «Səni axtarıram» və «Bağışla» (Vasif müəllim), R.Qasımovanın «Yollar görüşəndə » (Həmid), H.Cavidin «Topal Teymur» (Orxan), Ü.Hacıbəyovun «Ordan-burdan» (Həmid), İ.Əfəndiyevin «Mənim günahım» (Sahib), İ.Səfərlinin «Göz həkimi» (Rauf), A.Rafın «İblis qadın» (Şef) və s. oynadığı obrazlar daha yaddaqalan və uğurludur. R.Dadaşov 1987-ci ildə əməkdar artist, 15 may 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır.
2004-cü il yanvarın 4-də Gürcüstanda “məxməri inqilab” başa çatıb, Mixail Saakaşvili prezident seçilib. Gürcü siyasətçisi Mixail Saakaşvili 21 dekabr 1967-ci ildə doğulub. 2004-cü ildən Gürcüstan Respublikasının prezidentidir. 5 yanvar, 2008-ci ildə növbədənkənar seçkilərdə qələbə qazanaraq 2-ci dəfə bu etimada layiq görülüb. Atası Nikoloz Saakaşvili həkim, anası Giuli Alazania isə Tiflis Dövlət Universitetinin Tarix kafedrasında professor və Gürcüstan Elmlər Akademiyasında şöbə müdiri vəzifəsində çalışır. Mixail Saakaşvili Kiyev Dövlət Universiteti nəzdində Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq ixtisasını bitirib. 1980-ci ilin sonlarından etibarən 2 il müddətində Sovet ordusu tərkibində Çexoslovakiya və Macarıstanda həqiqi hərbi xidmətdə olub. 1992-ci ildən il yarım müddətində Osloda yerləşən Norveç İnsan Hüquqları İnstitutunda, sonra isə Tiflisdə Gürcüstan İnsan Hüquqları Komitəsində çalışıb və azlıq hüququ üzrə ixtisaslaşıb. 1993-cü ildə Strasburqda yerləşən Beynəlxalq İnsan Hüquqları İnstitutunun diplomuna layiq görülüb. 1994-cü ildə "Edmund S. Muskie Graduate Fellowship" proqramı üzrə təqaüd qazanaraq Kolumbiya Universitetinin Hüquq elmləri fakültəsində magistraturaya daxil olub, 1995-ci ildə Corc Vaşinqton Universitetində müdafiə edərək doktorluq dərəcəsi qazanıb. Sandra Rulofs adlı holland əsilli qadınla ailə həyatı qurub və Eduard və Nikiloz adlı 2 övladı var. Ana dili ilə yanaşı ingilis, rus, fransız və ukrayna dillərində sərbəst danışır. Siyasi fəaliyyətinə 1995-ci ildə başlayan M.Saakaşvili əvvəlcə Gürcüstan parlamentinin deputatı seçilib. 2000-ci ildə ədliyyə naziri postuna təyin edilib. Sonra Tiflis meri seçilib. Ardınca president olub.
Modern.az