Belə-belə işlər
Hə, doğrudan da kəndə xəbər yayıldı ki, başçı gəlir. Kəndin icra nümayəndəsi iki «volokordin»i birdən udub inildədi:
- Bu nəyə gəlir, ə? O gün yanındaydım, dediyini vermişəm.
Bələdiyyə sədri xəbər göndərdi ki, ev tikən kim varsa, kənddən əkilsin. Hasar 2 min, ev tikmək 5 min olandan bəri vəziyyət onsuz da ağırlaşıbdı.
«Uçaskovı» nəşəsatan Nərimanı bu dəfə tutub, damladı. Nəriman da qaldı məəttəl ki, bu necə işdi, haqqını-hesabını vaxtlı-vaxtında vermişəm.
Bədəl kişi bildi ki, onu çağıracaqlar. Arvadı səslədi ki, o təzə «qastumu» gətirsin. Üç il qabaq kəndin icra nümayəndəsi almışdı və döş cibinə bir konspekt də qoymuşdu ki, nazir müavini gələndə üzündən oxusun. Hərçənd sonra iki-üç dəfə adam göndərmişdi ki, «qastum»un pulunu versin, paltar Bədəl kişiyə çox yaraşırdı. Medallarını-zadı da düzürdü yaxasına, uzaqdan baxanda «yaranal»a oxşayırdı, yəni ki, generala. Bir dəfə arvadına verilən «çoxuşaqlı ana» medalını da səhvən taxmışdı yaxasına. Amma nazir müavini fərqinə varmamışdı. Çünki indiyə qədər belə bir medal görməmişdi, cavan idi, Elə bilmişdi ki, bu medalı da Kursk döyüşlərində-zadda iştirak edənlərə veriblər.
… Günortaya yaxın kənddə arvad-uşaq yolları süpürüb təmizlədi. Hələ feldşer-mama məntəqəsinə əhəng də çəkdilər. Zəhra arvada da ağ xalat geyindirib otuzdurdular orda ki, başçı xəbər alsa, denən genekoloqam. Amma başqa suallara cavab vermə, bir də ki, doğum zamanı baş verənlərdən söz açıb, çərənləmə. Və hamı da bilirdi ki, bu feldşer-mama məntəqəsində oturacaq adam polis rəisinin baldızı idi, amma kənddə iki dəfə görünmüşdü. Bakıda yaşayırdı. Gözəllik salonu açmışdı və yaxşı da qazanırdı.
Tapşırmışdılar ki, hamı təzə paltarını geyinsin. Şagirdlər ədəbiyyat müəllimi Mürsəl Atəşin yazdığı «Sən ey başımızın tacı başçımız» şeirini əzbərləmişdilər. Yəni hərə bir bəndi hazırlamışdı ki, başçı gələndə həyəcanla oxusunlar:
Sən gələndən bu yatmış kənd oyandı,
Bağ-bağçamız ağ şəfəqə boyandı.
Dedik cənnət bu deyincə ha yandı
Şəkər olub bizə acı, başçımız,
Sən ey başımızın tacı başçımız…
Kənd camaatı boy sırasına düzüldü. Bədəl kişi arabir sinəsində cingildəyən medallara baxıb, dəsmalı ilə tozunu silirdi ki, yaxşı parıldasın. Zəhra arvad məntəqədən boylanıb, xalatın cibinə soxduğu pendir dürməyindən arabir dişləyib, az qala diri-diri udurdu. Tez-tez yeməli idi, şəkəri vardı.
… Xeyli gözlədilər. Yaşlılar ürəklərində başçını söyə-söyə dizlərini ovuşdurur, arvadlar əyri-əyri bir-birlərinin geyim-keçiminə baxırdılar. Şagirdlərin qarınları yavaş-yavaş quruldayırdı.
Axşam üstü xəbər gəldi ki, başçı gəlməyəcək… gedəcək. Yəni onu işdən çıxarıblar. Özü belə xəbər yayıb ki, gedəcəyini bilən olmasın. O arada yenə üç-dördünün «qulağını kəsib».
Kənd camaatı yavaş-yavaş dağılışdı. Hamının qanı qara idi. Amma kənd doğrudan da oyanmışdı, təmizlənib, bəzənmişdi. Gələn olsa bəlkə də tanımazdı. Bələdiyyə sədri evdən gətirdiyi süpürgələri maşina doldurdu. Kənd icra nümayəndəsi döşəyin altından götürdüyü bükülünü arvada verdi ki, o biri evdə gizlətsin.
Bədəl kişi güzgünün qabağında dayanıb, xeyli özünə baxdı. Medalları sığallayıb, pencəyini ehtiyatla soyunub asdı.
Zəhra arvad məntəqədən çıxdı. Kəndə baxıb dərindən nəfəs aldı. Təmizlənmiş bir nesə saatın içində gözəlləşmiş kəndə. Birdən qulağına çağa səsi gəldi. Qeyri-ixtiyari o səsə tərəf getdi.
Başçı gəlmədi, amma o kəndə yeni nəfəs, yeni insan gəldi. onun-bunun qarşısında əyilməyən, sınmayan, qürurlu, məğrur İNSAN!