Modern.az

“Azərbaycanın bələdçi problemi var” - MÜSAHİBƏ

“Azərbaycanın bələdçi problemi var” - MÜSAHİBƏ

21 Aprel 2016, 17:15

Bu gün Azərbaycana gələn turistlər ölkəmizin tarixi əhəmiyyətli yerlərində bələdçilər tərəfindən kifayət qədər məlumatlandırılmırlar.

Bu həm bələdçilərin bilikli olmaması, həm də öz işlərini sevməmələri ilə bağlıdır.   Ümumiyyətlə xidmət sahəsində insanlarımız digər ölkələrlə müqayisədə çox geridir. Dövlət səviyyəsində bu məsələlərin kompleks həlli üçün ciddi addımlar atılır və Turizm və Menecment Universitetinin yaradılması da bu qəbuldəndir.  

Məsələ ilə bağlı Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov Modern.az-a müsahibə verib.  

- Bu gün Azərbaycanda bələdçilərin kifayət qədər bilikli və işlərinə peşəkarcasına yanaşmadığını görürük. Belə olan halda ölkəyə gələn turistlər də yetərincə məlumatlı olmadan qayıdırlar. Propblem nədən qaynaqlanır?

- Turizm xidmətlər sistemində vacib elementlərdən biri də bələdçi –ekuskursiya xidmətlərinin təşkilidir. Burada məzmun baxımından səfər edilən abidə və ya şəhər haqqında dolğun məlumatın peşəkar, turistlərin daha yaxşı anlayacağı dildə çartdırılmasıdır. Təsəvvür edin, ingilis dilli turist gəlir, bələdçi Azərbaycanca danışır və biri nəfər də tərcümə edir. Bu vaxt alır, turistlərin vaxtı azdır. Burada əsas 3 komponentdir-nümayiş olunan yer haqqında dolğun, düzgün məlumat verilməsi, onun kifayət qədər peşəkarçasına çatdırmalısı və turistlərin dilində çatdırılmasıdır.

Azərbaycanda bu sahədə işlər aparılır. Lakin şəxsən məni qane etmir. Çünki ölkəmizə gələn turistlərin sayı artır. Respublikanın hər bir regionda turizm obyektləri var ki, turistlər onlar haqqında məlumat almaq istəyir. Bunların sayı 8 mindən çoxdur, dolayısı ilə bələdçi peşəsinə də ehtiyac artır. Bu ehtiyacı ödəmək üçün universitet olaraq nəinki kadr hazırlayırıq, həmçinin bazarda olan bələdçilərin akreditasiyasını həyata keçiririk.

Mədəniyyət və Turizm Nazirliyinin müavini səviyyəsində Akreditasiya Komissiyasının sədri, üzvləri var. iki-üç il bundan öncə Azərbaycanda rəsmi bələdçi yox idi. Yəni Sovet dövründən qalma bələdçilərdən fərqli olaraq milli akreditasiyadan keçmiş, bələdçi dərsini almış, Beynəlxalq Federasiyanın tanıdığı bələdçi yox idi. 2-3 il ərzində bu işi sistemli şəkildə apardıq və artıq ingilis, rus, türk, ispan, italyan, alman, 1 nəfər polyak, 1 nəfər çin dilində olmaqla ümumilikdə rəsmi akreditasiyadan keçmiş, bəziləri şəhadətnamə ilə təmin olunmuş şəxslər var. Biz bunu davam edirik. Kimlər istəyir akreditasiyadan keçirdirik və ya biz onlara kurs keçib sonra akreditə edirik.

Bu mürəkkəb prosesdir. Bələdçilik hər bir insanın məşğul olacağı peşə deyil. Bələdçilər Respublika vətəndaşı olmaqla yanaşı, ali təhsilli, ən azı bir xarici dili bilmiş olmalıdır. Hal-hazırda ölkədə bu prosedurları keçmiş 40-dan çox şəxs var. Amma bazarda da kifayət qədər şəxs var ki, bələdçi işi ilə məşğuldur. Biz artıq təlimləri regionlarda da keçirik, xüsusilə xarici dil bilən, gənc müəllimləri akreditasiyadan keçiririk. Biz ali məktəb olaraq bu işləri görməyə hazırıq, təki təklif olsun, yerdən müraciət olsun.

- Turistləri gəzdirən bələdçilər barədə məlumatlar verdiniz. Bəs idarə və müəssisələrdə işləyən bələdçilər? Axı onların məlumatı çatdırmaqda çətinlik çəkdiyini, yetəri qədər məlumarlı olmadığını və ya  çox zaman bildiklərini demirlər və turistlərin suallarına ötəri yanaşırlar.  

- Təəssüf ki, belə hallar olur. Müəssisə bələdçiləri qoruqların, muzeylərin, hansısa nümayiş obyektinin ştatda olan bələdçiləridir. Biz o prosesə çox da müdaxilə edə bilmirik.

Dəfələrlə mətbuatda və ya müxtəlif tədbirlərdə bunu ifadə etmişik ki, müəssisələrdə olan bələdçilər hər zaman yüksək performans göstərmirlər və bunun səbəbləri var. Birinci səbəb onların maddi imkanlarının kifayət qədər olmamasıdır, bələdçilər yaxşı əmək haqqı almırlar. Amma hər şeyin əmək haqqı ilə əlaqədar deyil, insanlar gərək zəmanəyə uyğunlaşsınlar. Bəzən bunlar uzun müddət sovet dövründən gələn muzey və qoruqlarda işləyən bələdçilərdir. Onların içərisində yaxşıları var, lakin işinin öhdəsindən gəlməyənlər də az deyil.

Bunlar müasir dövrdə gələn turstlərə eksponantlar, imkanlar barədə dolğun məlumat verə bilmirlər. Onların bir çoxunun xarici dilləri çox bəsit olur, əzbərləmiş mətnləri sanki imtahan verircəsinə təqdim edirlər. Qonaqlarla gedərkən şəxsən belə halları müşahidə etmişəm. Həmin müəssisələr məmnuniyyətlə işçilərini bizə ixtisasartırmaya göndərə bilərlər və ya bələdçi çoxluğu varsa, bizim mütəxəssis gəlib yerindəcə onlara ixtisasartırma kursları keçə bilər. Azərbaycan bu gün Dünya Birliyinin bir parçasıdır. Bizə dünyanın istənilən ölkəsindən turistlər gəlir. Rəqabət mühitində olan cəmiyyətik və bundan ölkə, turist, müəssisə də qazanır. Bazar prinsipləri çərçivəsində həmin müəssisələr də əməkdaşlarının peşəkar inkişafına kapita qoysunlar, onları təcrüblərini artırsınlar.  

- Universitet tərəfindən hazırlanan kadrların onları əvəzləməsi üçün addımlar atılırmı? Sizin kadrlarınızdan dövlət müəssisələrində bələdçi çalışan varmı?  

- Universitetin 1200-dən çox məzunu olub. Bu məzunlar haqqında elə məlumat yoxdur ki, onlar işsizdir. Sorğular apardıq, məzunlarımızın böyük əksəriyyəti  ixtisasları üzrə işləyirlər, bir qisim hərbdə oldu, köçüb getdi və ya xaricə yollandı onlarla əlaqəmiz itdi. Amma əksəriyyət işləyir. Turizm bələdçisi olan ixtisas bizdə rərcümə ixtisasıdır ki, bura hər il 20 nəfər qəbul olunur, Azərbaycan-ingiliscə tədris aparılır.

Tərcümə ixtisasını 20 faiz dəyişməklə onu tərçüməçi bələdçi formatına gətirmişik. Bizim Tərcümə ixtisasını bitirən tələblərin başqa universitetlərdən fərqi onlar turizm haqqında məlumatlara malik olmalı və bələdçilik haqqında bəzi fənləri keçməlidir. Bu ixtisas üzrə 150 məzunumuz var. Onların əksəriyyəti işləyir. Bəziləri sərbəst, bəziləri isə turizm sənayesində işləyirlər. Onlar üçün müəssisə bələdçisi olmaq kifayət qədər cəlbedici deyil. Çünki Azərbaycandadövlət büdcəsi hesabına fəaliyyət göstərən nümayiş obyektlərinin, effektivliyi artırılmalıdır. Qoruqlarımız, teatrlarımız, muzeylərimiz effektiv idarəetmə üsulu əsasında işləməlidirlər, daha subusidiya ilə deyil. Fəaliyyətlərində marketinqə, reklama diqqət yetirməlidirlər və ölkəyə gələn turistin onların obyektlərinə gəlməsinə maraqlı olmalıdırlar. Belə olan halda obyektin gəliri olacaq, beləliklə bələdçi işləyən şəxslərə daha yüksək maaş verə bilərlər.

Bu çarx dönmədiyi üçün işçilər də yaxşı əmək haqqı almırlar. Bizdə təyinat sistemi olmadığı üçün məzunlar özləri sərbəst iş axtarırlar. Onlara məcbur edə bilmərik ki, 800-1200 manat civarindakı işi qoyub, 200-250 manata hansısa muzey və ya qoruqda bələdçi olsun. Burada bazar iqtisadiyyatı prinsipləri əsasında həmin müəssisələr işlərini qurmalıdırlar, onların böyük üstünlükləri var. Dövlətdən dotasiya ayrılır, icarə haqqı vermirlər, kommunallarını dövlət ödəyir. Artıq vaxtdır ki, onlar da tərpənsinlər, özlərini silkələsinlər. Belə olmasa bir çox sahələr kimi bələdçi fəaliyyətinin də keyfiyyəti aşağı olacaq. Kifayət qədər peşəkar, dilləri yaxşı bilən, müsir dövrün tələbatına uyğun, nümayiş yeri haqqında dərin biliklərə malik bələdçi orada işləyəməyə gəlməyəcək. Çünki həmin bələdçi orada bir aya qazanılan pulu 2 günə əldə edəcək. Bazar iqtisadiyyatının qanunlarını dərk etmək lazımdır və buna uyğun həmin müəssisələr öz işlərini yenidən qurmalıdırlar ki, rəqabətə dözümlü ola bilsinlər.

- Lakin bizim qanlı tarimix var və onlar haqqında istər-istər müraciət edən şəxslərə tam məlumat verilməlidir. Xüsusilə bayram günlərində Bakının qonağı olan cənubi azərbaycanlılar Şəhidlər Xiyabanında gəzərkən bələdçidən şəhidlər haqqında, onların nə vaxt, kimlər tərəfindən öldürülməsi haqqında məlumatlar ala bilmir. Bu qədər də olmaz axı.  

- Cənubi azərbaycanlılarla bağlı vəziyyət başqadır. Lakin Azərbaycana gələn turistlərə həqiqətlərlə bağlı məlumatların çatdırılması barədə fikrim başqadır. Bu məlumatlar kifayət qədər peşəkarcasına təqdim olunmalıdır. Təsəvvür edin, turistsiniz və Latın Amerikasının hansısa ölkəsindən istirahətə gəlmisiniz.

Gəldiyiniz ölkə nə vaxtsa soyqırıma məruz qalıb, bu sizin üçün nə dərəcədə maraqlı olacaq? Azərbaycanın tarixində yaşadığı problemlər, qonşularının etdiyi zülmlər turistlər üçün o qədər də maraqlı olmaya bilər. Öz problemlərimizlə gələn turisti yükləməməliyik. Bu günlərdə 5 ulduzlu otel cəbhədə baş verən hadisələrlə bağlı divarına Azərbaycan bayarğını asıb. Bu ilk baxışda patriotik addımdır. Amma turizm məntiqi baxımından səhv addımdır.

Bayrağın kölgə saldığı, günəş şüasının qarşısını aldığı oteldə turistlər qalır və onların əksəriyyəti xarici ölkə vətəndaşlarıdır. Müştəri məmnuniyyəti deyilən anlayış var. Təsəvvür edin siz bir ölkədə turistsiniz, kifayət qədər pul ödəmisiniz və günün birində baxırsınız ki, otağa günəş şüası düşmür.

Məlum olur ki, otelin sahibi ölkə üçün önəmli hadisə üçün bayraq asıb. Bunlar səhv addımlardır. Sizin vətənpərvlik hissiniz varsa, bayrağı evinizin pəncərisndən asın, maşınızdan asın. Amma Azərbaycana gələn hər bir turistə Şəhidlər Xiyabanı turu təşkil olunmalıdır. Rəsmi şəhər turlarında bu edilir və ətraflı məlumat verilir. Amma kimsə bu məlumatı vermirsə, bu artıq onun vicdanına qalmış məsələdir. Bu gün hər birimizin işi ölkəmizin səsini çatdırmaqdır. Lakin bu peşəkarlıqla edilməlidir və turist bunu özünə qarşı yüklənmiş propaqanda vasitəsi hesab etməməlidir.

- Turist özü maraqlanırsa, biz ona məlumatı niyə tam verə bilməyək?  

- Bu artıq böyük qəbahət və səhvdir. Biz maraqlı olmalıyıq ki, turist ora getsin və dolğun məlumat alsın. Belə faktlar varsa, bu müvafiq orqanlar qarşısında qaldırılmalıdır.  

Aytən ZƏHRA  

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza