Modern.az

İnsanlığa, humanizmə çağırış

İnsanlığa, humanizmə çağırış

5 Yanvar 2011, 11:30

Ötən əsrin ortalarında Xalq Şairi Rəsul Rza insan humanizminin təbliğinə işıq tutan şeirlərindən birində yazırdı:

Mən istəyirəm
Qapılar qapansın,
soyuq olanda hava,
Gözlər qapanmasın,
Sözlər qapanmasın,
ümidlər sınmasın,
arzular puç olmasın...

Ürəkləri titrədən, insanları bir andaca duyğulandıran bu şeirin əvvəlki sətirləri isə o qədər insanpərvərlik notları üzərində köklənmişdi ki, onu elə bir dəfə oxumaqla yaddaşına həkk etməyə bilmirdin:

Mən istəyirəm buludlar ağlasın,
uşaqlar ağlamasın, analı, ya anasız...
Mən istəyirəm güllər açılsın,
güllələr açılmasın,
amanlı, ya amansız...

Təbii ki, əhatə dairəsi kifayət qədər geniş olan ədəbiyyatımızda, incəsənətimizdə, musiqimizdə belə nümunələr çoxdur. Söz sənətinin korifeylərindən olan, görkəmli şairimiz Cabir Novruzun sözləri əsasında bir çox əsl sənət adamlarının, ölməz sənətkarlarımız Rəşid Behbudovun, Zaur Rzayevin, Yalçın Rzayevin və başqalarının ifa edib əbədiyaşarlıq bəxş etdiyi “Tələsin, insanlar!” mahnısı da eyni dövrün, eyni ədəbi nəslin yaradıcılıq məhsullarındandır:
 
Səs salın səmaya, suya, torpağa,
Tələsin insanlar, əldən tutmağa,
Tələsin ömr edib, şən yaşamağa!
Göz yaşı tökməyə gecikin bir az...

...Azərbaycanın ədəbi nəsillərinin əsasını qoyduğu bu nəcib əməli, ənənəni davam etdirmək əslində bütün qələm adamlarının boynuna biçilən bir məsuliyyətdir.  Əlbəttə, onların içərisində bu yükün altına girməyə mənəvi baxımdan layiq və hazır olanların. Təbii ki, kimisə yamsılamaq və ya təkrar etməklə yox, özünəməxsus forma və məzmun fərqləri ilə. Şirin xanım Kərimbəyli Şadiman vətənpərvər şairə kimi ədəbiyyata öz möhürünü vurduğundan, o, bu vacib məqamı diqqətdən kənarda qoya bilməzdi. Qoya bilmədi də:

Ürəkləri çilik-çilik eləməyə
Dəqiqə, an bəs eyləyər,
Yaman dillər, yaman gözlər o qədər ki,
Min bir tale yollarını nəhs eyləyər.
Ürəkləri ikiayaqlı şeytanlardan
qurtarmağa gecikməyin.
Hiylələri ədalətin dəryasında
batırmağa gecikməyin.

Şirin xanım şeir boyu insanlara yaxşılıq etməyin yollarını, trayektoriyasını da bədii həqiqətin dili ilə cıza bilib:

İlahinin varlığına tapınaraq,
İblislərin kölgəsindən sapınaraq,
Yasda, vayda ağlamağa,
Toyda qəlbdən çağlamağa gecikməyin!

Şairə üçün el yolunda son tikəsini bölmək də, ədalətin pərvəriş tapması üçün mərdanə ölmək də bir şərəf kriteriyasıdır:

Lazım gəlsə el yolunda son paranı
Bölməyə də gecikməyin.
Haqq yolunda kişi kimi
Ölməyə də gecikməyin.
Gecikməyin.

Şirin xanım humanizmə çağırış ruhlu şeirlərində insanların yadına Allah, axirət, ölüm məfhumlarını salaraq “sual-cavab””” günündə bu dünyada qazandıqları yaxşı əməllərin onların dadına çatacağım bildirir. “Daş ürəklər””” şeirində qeyd etdiklərimizin təfərrüatlarına rast gəlmək mümkündür:

Daş ürəklər,
Barı təsəlli olun bir koruşan ocağa,
Axı bizi Tanrı yollayır son dayanacağa!
Ölümdən qaçmaqmı olar?
Əzrayıldan baş açmaqmı olar?

Şairə, göründüyü kimi insanlığa xidmət etmək üçün qələminin bütün gücündən istifadə etməyə çalışır. Çünki insanlığa, humanizmə səslənmək elə onun içindən gələn ən ülvi duyğunun, səmimiyyətin təzahür formasıdır.

“Üçrəngli bayrağa bürünmüş şairə” kitabından hissə.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi