Modern.az

Daha 2 azərbaycanlı uşaq əcnəbilərə övladlığa verilib

Daha 2 azərbaycanlı uşaq əcnəbilərə övladlığa verilib

5 Yanvar 2011, 15:31

2007-ci ilin əvəlindən başlayaraq Azərbaycanda uşaqların əcnəbilərə övladlığa verilməsi qaydaları sərtləşdirilib. Həmin vaxtdan başlayaraq Azərbaycanda uşaqların əcnəbilərə övladlığa verilməsi məsələsilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğul olur. Son illər Azərbaycandan neçə uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb.
Dövlət Statistika Komitəsindən Modern.az saytına verilən məlumata görə, 2005-2009-cu illərdə 70 uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə övladlığa verilib. Onlardan 9 uşaq 1 yaşadək, 35 uşaq 5 yaşadək, 15 uşaq 6-10 yaşında, 11 uşaq 11-17 yaşlarında olub.  
Həmin illər ərzində əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə övladlığa verilən azərbaycanlı uşaqlardan 48-i qızlardır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri Vəsilə Möhsümova Modern.az-a bildirib ki, 2010-cu ildə cəmi 2 azyaşlı uşaq əcnəbi ailələrə övladlığa verilib.
“Ümumiyyətlə bizim uşaqları istəyən əcnəbi ailələr Avropa, Amerika ölkələri, Rusiyadan olur. Rusiyadan müraciət edən ailələrin çoxu vaxtilə ora maddı qazanc üçün gedib, vətəndaşlığı qəbul etmiş azərbaycanlılardır”.

V.Möhsümova əcnəbi ailələrin azərbaycanlı uşaqları övladlığa götürmə prosesindən də danışıb:

“Daxili övladlığa götürmə prosesinə 3 yaşına qədər Səhiyyə Nazirliyi, 3 yaşından yuxarı isə Təhsil Nazirliyi nəzarət edir. Ölkələrarası övladlığa götürməyə isə birbaşa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir. Xarici ölkənin vətəndaşı Azərbaycandan uşaq övladlığa götürmək istəyirsə, yaşadığı ölkənin ölkələrarası övladlığa götürmə ilə məşğul olan mərkəzi orqanına müraciət edir. Orada sənədlər yığılır, Azərbaycan dilinə tərcümə olunur və bizim komitəyə göndərilir. Həmin sənədlərdə müraciət edən vətəndaşın maddi, ailə, hüquqi vəziyyəti və s. məsələlər öz əksini tapmalıdır. Çatışamayan sənədlər olduqda isə biz onlardan tələb edirik. Bundan sonra övladlığa götürülən uşaqla bağlı aid olduğu rayonun İcra Hakimiyyəti yanında Qəyyumluq komissiyasının rəyini alırıq. Bütün bunlar ümumiləşəndən sonra isə komitə tərəfindən rəy hazırlanır və məhkəməyə göndərilir. Sonda məhkəmədə həmin uşağın övladlığa verilməsi ilə bağlı qərar qəbul edilir”.

Vəsilə Möhsümova əcnəbi ailələrə övladlığa verilən uşaqlara nəzarət edildiyini də vurğulayıb.
“Uşaq barədə, onun sağlamlığı, ailə həyatı, yaşayışı, təhsili və s. haqqında şəkillər, video görüntülər 3 il müddətində ildə iki dəfə - hər altı aydan bir bizim komitəyə göndərilir”.

Sektor müdiri deyir ki, əcnəbi ailələrə verilən uşaqlar onlardan öncə övlad istəyən növbədəki azərbaycanlı ailələrə göstərilirlər.

“Əcnəbi ailələrə verilən uşaqlar azərbaycanlı ailələr tərəfindən bəyənilməyən və qəbul edilməyən uşaqlar olur. Onların bir çoxunun fiziki qüsuru və ya ciddi xəstəlikləri olur. Azərbaycanlı ailələr də yalnız sağlam uşaqları övladlığa götürmək istəyirlər. Əcnəbi ailələr həmin uşaqları övladlığa götürüb, onların müalicəsi ilə məşğul olur və onlara normal həyat tərzi verirlər”.

Vəsilə Möhsümova onu da deyib ki, hazırda xeyli əcnəbi Azərbaycandan övladlığa uşaq götürmək üçün növbədə dayanıb. Onlardan bəzilərinin sənərləri Dövlət Komitəsində baxılma mərhələsindədir. Müraciətlərə baxılma müddəti 6 aydan bir ilədək çəkir.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu