Azərbaycanın dərman bazarındakı vəziyyət barədə birmənalı fikir söyləmək olmaz. Satışda üzərində Səhiyyə Nazirliyinin holqramları olmayan külli miqdarda preparatlar var və onların keyfiyyətinə təminat verilmədən insanlara satırlar.
Bunu tibb elmləri doktoru, professor Adil Qeybulla da Modern.az saytına açıqlamasında bildirib. O, qeyd edib ki, hazırda dərman bazarında mövcud olan problemləri həll etmək üçün ilk növbədə Azərbaycanda dərman maddələrinin dövlət reyestri, dövlət farmakopeyası adlı qurumlar yaradılmalıdır.
“Bunların sadəcə olaraq bir qurum kimi formalaşması yetərli deyil. Əsas məsələ xarici ölkələrdən gətirilən dərman pereparatlarının qeydiyyatdan keçirilərkən keyfiyyət görtəricilərinin yoxlanmasıdır”.
A.Qeybulla bildirib ki, yaxşı olar ki, ölkəmizə gətirilən dərman maddələri Ümumdünya Səhiyyə Təşkilatının reyestr xidmətində qeydiyyatdan keçsin.
“Çünki, biz sıra dərmanlar var ki, Ümumdünya Səhiyyə Təşkilatında qeydiyyatda deyil. Onlar qanunsuz yollarla ölkəmizə gətirilir və bu da insanların səhhətində bir sıra ciddi problemlər yaradır. Bu baxımdan dərman təhlükəsizliyi konsepsiyasının yaradılması Azərbaycanda hələ də mühüm bir məsələ olaraq qalır”.
Professor A.Qeybulla həkimlərin apardığı müalicə proseslərinə toxunaraq bildirib ki, müalicə prosesində diaqnozun düzgün doyulması, müalicənin düzgün istiqamətdə aparılması həkimlərdən aslıdır. Lakin müalicənin müsbət nəticə verməsində dərman preparatlarının keyfiyyət məsələsi də çox böyük əhəmiyyətə malikdir. Bunların hər biri müalicənin əsas göstəricilərindəndir. Düşünürəm ki, əgər Azərbaycanda bu problemlər həll olunsa, xəstələr arasında elə də ciddi narazılıqlaq olmaz”.
Anar Rüstəmov