Modern.az

“Sülhəddin quraşdırma addır” - MÜSAHİBƏ

“Sülhəddin quraşdırma addır” - MÜSAHİBƏ

25 Aprel 2016, 13:18

Adlar insan həyatında mühüm rol oynayır, xarakterin formalaşmasına, cəmiyyətdə özünə yer qazanmağa müəyyən təsir göstərir. İstər yaxşı, istərsə də pis ad şəxs barədə informasiya verir, onun haqqında müəyyən təəssürat formalaşdırır. Bəzən görürsən ki, adla mənsub olduğu adam arasında ziddiyyət nəzərə çarpır: ad sanballıdır, onu daşıyan şəxs isə bu ada layiq deyil. Ya da əksinə, o qədər populyar olmayan ada onun daşıyan şəxsiyyət öz davranışları ilə hörmət gətirə bilir. Bunları nəzərə alaraq, “adını söylə, deyim kimsən” ifadəsi nahaq yerə səsləndirlmir.

Modern.az saytı adlarla bağlı “Adını söylə, deyim kimsən” rubrikasına davam edir.

Növbəti müsahibimiz Azad Demokratlar Partiyasının sədri,  keçmiş Milli Təhlükəsizlik Nazirliyində nazir müavini olmuş Sülhəddin Əkbərdir.

-Sülhəddin bəy, bilmək olarmı adınızı kim qoyub?.

-Bildiyim qədərilə atam qoyub.

-Ümumiyyətlə, adların insan həyatına gətirdiyi uğur ya da uğursuzluq məfhumu sizə görə mövcuddurmu?

-Elə bir inancım heç vaxt olmayıb.

-İxtisasca həkim olsanız da, daha çox siyasətçi kimi tanınırsınız. Yəni həkim Sülhəddin Əkbər yox, siyasətçi Sülhəddin Əkbər. Fərqli sahələrdə adınız sizə nə deyir?

-Həkim kimi 7 il fəaliyyət göstərmişəm. Amma siyasətdə tanınsam da, adımın burda rol oynadığını düşünmürəm. Fikrimcə əsas insanın öz düşüncələri, zehni və ruhi inkişafıdır.

-Adınızın mənası nə deməkdir? Sülhə yaxınlığı ilə diqqət çəkir?

-Təxminən “dinin sülhü” anlamına gəlir. Bir növ “barış dini” mənasını verir.

-Amma siyasətdə sülhə çağırış edilsə də, praktik cəhətdən bunun əksi özünü göstərir. Demək istəyirəm ki, siyasətçi Sülhəddin Əkbər, adı kimi sülhsevər siyasətçidir?

-Mənə elə gəlir ki, siyasət zehni, ruhi  və intellektual bir işdir. İnsanın birincisi imanı, ikincisi inancı olmalıdır. Siyasət də siyasi ideyalar üzərində qurulur. Bu baxımdan insanın intellektual və ruhi inkişafı əsasdır. Bir daha qeyd edim ki, inancı əsasdır. Siyasətə gəlməyimizdə əsas rol oynayan Azərbaycan istiqlalının bütövləşməsi, demokratikləşməsi ideyasıdır. Siyasi hərəkata qoşulandan əsas ideyamız müstəqil, bütöv Azərbaycan ideyası olub. Hələ Naxçıvanda keçirdiyimiz mitinqlərdə, yürüşlərdə belə, bu ideya əsas şüarımız olub.

-Adların mistik mənasına inanmasanız da, insanın inanclı olmasını deyirsiniz. Bunu anlamadım.

-Hər bir insanın müəyyən missiya ilə doğulduğuna inanıram. Tanrı insana hər hansı missiya verəndə ona müəyyən potensial da verir. O potensialı açmaq isə insanın vəzifəsidir. Həyatda o potensialı insan nə dərəcədə açırsa, o qədər də uğur qazanır.

-Adətən, tanınan adamlar bir müddətdən sonra adlarını dəyişirlər. Başqa bir adla tanınmağa üstünlük verirlər. Nə vaxtsa sizdə belə bir istək olmayıb ki?

-Bildiyiniz kimi soyadımda dəyişiklik var. O da rus variantı “ov” şəkilçisinin atılmasıdır. Bundan başqa heç vaxt adımı dəyişmək, yeni adla tanınmaq istəyim olmayıb.

-Həm də sizin adınız nadir adlardandır. Çox az təsadüf edilir.

-Mənə elə gəlir ki, Sülhəddin adı quraşdırma addır. Əvvəllər olduğunu düşünmürəm. Amma son zamanlarda Sülhəddin adına təsadüf edirəm. Qardaşlarımın adı Cəmaləddin, Cəlaləddin və Səlahəddindir. Atam da mənim adımı onların adına uyğunlaşdırıb. Uyğunlaşdırılmış addır.

-Nə zamansa orta və ali məktəbdə oxuyanda tələbə yoldaşlarınız, müəllimləriniz adınızın qeyri-adi olduğunu söyləyiblərmi?

-Qeyri-adi olduğunu söyləməyiblər. Amma uzun ad olduğunu deyiblər. Çünki adım 9 hərfdən ibarətdir.

-Yəqin jurnala adınızı qeyd edəndə bunu xüsusi vurğulayıblar.

-Ola bilər.

Namidə BİNGÖL

Həmçinin oxu:

“Heç vaxt istəmərəm ki, nəvələrim mənim adımı daşısın” - MÜSAHİBƏ 
//modern.az/articles/100886/1/

"Bacımın adı Susanna, qardaşımın adı Marat idi" –MÜSAHİBƏ //modern.az/articles/101280/1/  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza