"Neftçi" klubunun və Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevi sıralarına qatmaq istəyən İngiltərənin "Everton" klubunun nümayəndələri yanvarın 6-da axşam saatlarında Bakıya gələcəklər. Bu haqda "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu məlumat verib.
Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibində "Everton"un beynəlxalq əlaqələr şöbəsinin rəhbəri David Harrison və onun müavini yer alacaq. Onlar Abdullayevin transferi ilə bağlı "Neftçi" rəhbərliyi ilə danışıqlar aparacaqlar. Daha sonra "Everton" nümayəndələri işçi vizası məsələsinin həlli məqsədilə Böyük Britaniyanın Azərbaycandakı səfirliyində görüşlər keçirəcəklər: "Sadıq Sadıqov "Neftçi" futbol klubunun prezidenti seçildikdən sonra komandamızın gənc və yeniyetmə futbolçularına göstərilən diqqət və qayğı xeyli yüksəlib. Bunun nəticəsidir ki, Araz Abdullayev "Everton", Amit Quluzadə isə "Fənərbağça" kimi dünyaca tanınmış klubların maraq dairəsinə düşüb".
Yanvarın 7-də "Trend" agentliyinin mətbuat mərkəzində səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı təşkil olunacaq.