Modern.az

“Mərkəzi Bank öz “resepti” üzrə manatın kursuna təsir edir”

“Mərkəzi Bank öz “resepti” üzrə manatın kursuna təsir edir”

27 Aprel 2016, 10:16

“Mərkəzi Bank yenidən hərraca qayıtdı və bu dəfə alıcı qismində”. Modern.az saytı xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov Mərkəzi Bankın Dövlət Neft Fondu tərəfindən keçirilən dünənki hərracda 30 milyon ABŞ dollar almasına münasibət bildirərkən deyib.

“Hələ aprel ayının əvvəlində qeyd etmişdim ki, Dövlət Neft Fondu öz xərcləmələri üçün dolları satmalıdır və əgər bu valyutanı banklar almasalar o zaman Mərkəzi Bank alacaq. Həmin müddətdən sonra Mərkəzi Bank 2 dəfə dollar alışını həyata keçirib. Mərkəzi Bank hərraca daxil olmaqla manatın məzənnəsinin möhkəmlənməsinin də qarşısını almış olur və oldu.

Bu əslində, ondan xəbər verir ki, Mərkəzi Bank məzənnəyə istənilən zaman təsir etmək imkanını özündə saxlayır. Deməli, manatı məzənnəsinin müəyyənləşdirilməsində indi Mərkəzi Bank bazardan daha çox rıçaqlara malikdir.

Belə görünür ki, manatın məzənnəsi imkan daxilində müəyyənləşdirilmiş koridorda saxlamağa çalışılır. Təbii ki, bu eyni zamanda birbaşa manat bazasının hansı səviyyədə böyüməsindən asılı olacaq”.

Ekspert qeyd edib ki, hələlik Mərkəzi Bankın bir neçə 10 milyonluq alqı-satqıları bazara ciddi iqtisadi təsir göstərmir:

“Hazırda daha çox psixoloji təsirlər hiss edilir. Amma Mərkəzi Bank alıcı statusunu bir müddət saxlayarsa, bu, manat bazasının artmasına və dollara tələbin yüksəlməsinə səbəb ola bilər. Təbii ki, burada idxal-ixrac əməliyyatları, real sektora yatırımlar, bankların kreditləşmə səviyyəsi kimi faktorlar da ciddi təsirə malikdir. Hələliksə, Mərkəzi Bank öz resepti üzrə manat bazasını məhdudlaşdırmaq və sadəcə zəruri hallarda bazara daxil olub kursa təsir etmək və öz ehtiyatlarını artırmağa çalışacaq. Sözügedən bank hərracda alıcı kimi fəal olacağı halda isə dolların manata nisbətən mərhələli möhkəmlənməsi müşahidə ediləcək”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal