Modern.az

Market böhranının arxasında nə dayanır? – ARAŞDIRMA

Market böhranının arxasında nə dayanır? – ARAŞDIRMA

27 Aprel 2016, 12:30

 

İqtisadi və sosial proqramların icrasında dövlət büdcəsinə ödənilən vergilərin mühüm əhəmiyyət kəsb etdiyi hamıya məlumdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində təsbit edilib ki, vergiləri və digər dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Vergi Məcəlləsinin 16-cı maddəsində göstərilib ki, vergiləri və digər məcburi ödənişləri ödəmək vergi dəyicisinin vəzifəsidir. Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək isə, Məcəllənin 24-cü maddəsinə əsasən, vergi orqanlarının vəzifələrinə aid edilib.

Azərbaycanda əlverişli biznes mühitinin, səmərəli vergi rejimi və vergi yükünün olması nəticəsində, mövcud iqtisadi çətinliklərə baxmayaraq, ölkədə sahibkarlıq subyektlərinin sayı artmaqda davam edir. 2016-cı ilin birinci rübündə 28.434 vergi ödəyicisi, o cümlədən 316 ƏDV ödəyicisi qeydiyyata alınıb. Müqayisə üçün: 2015-ci ilin birinci rübündə 19.984 vergi ödəyicisi, o cümlədən 126 ƏDV ödəyicisi qeydiyyata alınmışdı. Bu dövrdə VÖEN-i ləğv olunmuş vergi ödəyicilərinin sayı isə 8482-dir. Göründüyü kimi, dinamika müsbətdir və sahibkarlıq sahəsində güclərini sınamaq istəyənlərin sayı kifayət qədər çoxdur.

Vergiləri ödəmək hər kəsin borcudur

Son günlər ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilən məsələlərdən biri də iri ticarət şəbəkələrinin (supermarket) vergi güzəştləri xahiş etmələridir. Ötən həftə ölkənin iri supermarket şəbəkələrinin rəhbərləri İqtisadiyyat Nazirliyinə müraciət edərək, respublikada istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə əlavə dəyər vergisinə (ƏDV) sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifini irəli sürüblər. Modern.az saytı xəbər verir ki,«Vergilər» qəzeti bu istiqamətdə bəzi araşdırmalar aparıb.

Sahibkarların qaldırdıqları məsələlər araşdırılır

İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyevin sözlərinə görə, sahibkarların müraciəti ilə əlaqədar aprelin 20-də iqtisadiyyat naziri Şahin Mustafayev bəzi supermarket şəbəkələri nümayəndələrini qəbul edib, onların təkliflərini dinləyib və problemləri müzakirə edib: «Sahibkarlar topdan və pərakəndə satışda ƏDV-dən azad olunmaları üçün müraciət etmişdilər. Nazirlik həmin şəxslərin müraciətinə operativ reaksiya verdi, nümayəndələrlə görüş keçirildi. Hazırda bu məsələ araşdırılır, yaxın günlərdə sahibkarlara məlumat veriləcək».

Market sahiblərinin mövqeyi

Məsələ ilə bağlı «Rahat Market» şəbəkəsinin rəhbəri Cəlal Babakişiyev mətbuatda geniş açıqlama verib. Bildirib ki, pərakəndə ticarət şəbəkələri əhaliyə məhsul satır və bu əməliyyatlar zamanı büdcəyə müəyyən ƏDV ödəməlidirlər: «Biz - supermarketlər bu halda vergi agenti olaraq çıxış edirik. Həmin toplanmış (məhsulun son qiyməti) vergini dövlət büdcəsinə ödəyirik. Yəni biz bu zəncirin - istehsalçı, idxal, məhsul alış-satışı, vergi ödəyənlər və vergi ödəməyənlərin hamısının əvəzinə bu işi görürük. Hazırda biz - pərakəndə, xüsusilə ərzaq məhsullarının satışı üzrə ixtisaslaşanlar nə ilə qarşılaşmışıq? Vergitutma ilə bağlı mağazaların bütün məhsul dövriyyəsi 18%-lik ƏDV-yə daxildir. Lakin malların əhəmiyyətli payına görə (30%-dən çox məhsul dövriyyəsi) pərakəndə satışların təchizatçılarını ƏDV-nin hesabına qəbul etmək imkanları yoxdur. Çünki onlar ƏDV ödəyiciləri hesab olunmurlar. Burada yerli kənd təsərrüfatı məhsullarını istehsal edənlər sahibkarlardır ki, ƏDV ödəyiciləri hesab olunmur. Həmin təchizatçılar məhsullarının ilkin buraxılış qiymətini aşağı salmırlar, bu da məhsula ƏDV tətbiq etməyə imkan vermir. Nəticədə pərakəndə ərzaq satışı mağazaları ya piştaxtalardakı məhsulların üçdə birinə 18% tətbiq etməli, ya da bu adda olan çeşidlərdən imtina etməli olurlar».

Hamı vergi güzəşti istəyəcəksə, dövlət büdcəsinə kim vəsait ödəməlidir?

Ölkənin tanınmış iqtisadçılarının məsələyə münasibəti müxtəlifdir.

İqtisadçı Qubad İbadoğlu supermarketlərin probleminin yalnız vergilərdən yaranan əlavə xərclərlə deyil, əsas problemin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlı olduğunu qeyd edib: «Marketlərin əvvəlki qədər dövriyyələri yoxdur. İşçilərinin sayı çoxdur, onları ixtisar etmək məcburiyyətindədirlər. Başqa ölkələrdə bir çox işçilərin gördüyü iş avtomatlaşdırılmış qurğular vasitəsilə həyata keçirilir. Əgər bu gün hamı vergi ödəməkdən qaçacaqsa, vergi güzəşti istəyəcəksə, Azərbaycanın dövlət büdcəsinə kim vəsait ödəməlidir?».

İqtisadçı Məhəmməd Talıblı isə daha konkret açıqlama verərək bildirib ki, bəzi marketlər yeni dövrün tələblərinə adaptasiya oluna bilmirlər: «Supermarketlər xeyli vaxtdır ki, rezervlər hesabına bazarın sərt tələblərinə birtəhər dözsələr də, indi vəziyyət çətinləşib. Uzun illər proteksiya siyasəti ilə əhatə edildiklərindən, indi fərqli mühitdə az marjalı fəaliyyətə adaptasiya oluna bilmirlər. Daim böyük gəlir əldə etmək vərdişi, rəqabətsiz mühit şərtləri, fiskal qurumlara simvolik ödəmələr, istehlakçıların sel kimi həmin şəbəkələrə axışması supermarketləri tənbəl öyrətmişdi. İndi, faktiki olaraq, iki problem özünü qabarıq şəkildə göstərməkdədir. Birincisi, onlar əvvəlki qədər dövriyyələrini gizlədə bilmirlər və eyni zamanda, əvvəlki səviyyədə qiymətləri artıra bilmirlər».

Hüquqşünas Xəyal Məmmədxanlı bildirir ki, devalvasiyadan sonra hökumətin qiymət siyasətinə kəskin müdaxiləsi, süni qiymət artımlarının qarşısını alması, eyni zamanda gömrük rəsmiləşdirməsinin şəffaflaşdırılması və leqallaşdırılması idxal edilən məhsulların maya dəyərini artırıb: «Eyni zamanda, bir sıra idxal məhsullarına tətbiq edilən rüsumlar da yüksəkdir. Market sahiblərinin narazılığına gəlincə, bu müraciət batmaqda olan yox, əvvəlki kimi qazana bilməyən iş adamlarının müraciətidir. Çünki onların gəlir marjaları ciddi şəkildə azalıb.

Dövlətdən güzəşt istəməkdənsə, bu vəziyyətdən ən yaxşı çıxış yolu odur ki, həmin marketlər xərclərinin strukturuna əl gəzdirməklə onu optimallaşdırsınlar. Artıq 20%-lik gəlir mənfəət marjası dövrü keçmişdə qaldı».

İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, bir sıra iri supermarketlərin devalvasiyalardan sonra yaranmış situasiya ilə əlaqədar hökumətdən vergi dərəcələrini aşağı salmasını istəmələri, əslində, absurddur: «Bu və ya digər subyektlər yeni bazar şərtlərinə uyğunlaşa bilmirlərsə, bunun günahını hökumətdə axtarmalı deyillər. Dövlət tənzimləyici orqandır, vergi siyasəti isə ümumi iqtisadi tələblərə əsasən təşkil olunur və həyata keçirilir, bu və ya digər qurumların, sahibkarların konkret iqtisadi maraqlarını təmin etmək onların vəzifəsi deyil».

Vergi Məcəlləsi seçim hüququ verir

İqtisadçı Samir Əliyevin fikrinə görə, əvvəlki qanunvericiliyin qüvvədə olduğu elə supermarketlər şəbəkəsi var idi ki, ən azı 4-5 mağazası fəaliyyət göstərirdi, amma onların dövriyyəsi 120 min manatı keçmirdi. Bu isə reallığı əks etdirmirdi, çünki həmin supermarketlərin əksəriyyəti ƏDV

ödəyicisi idi. Buna görə də qanunvericilikdə dəyişiklik olunmaqla marketlərə seçim hüququ verildi. Onlar ya 6% dərəcəsi ilə sadələşdirilmiş vergi rejimini seçməli, ya da ƏDV-yə keçməlidirlər. Reallıq bundan ibarətdir ki, neftin qiyməti düşənə qədər supermarketlər müxtəlif yollarla kifayət qədər vergidən yayınıblar. İndi isə ticarət şəbəkələrinə nəzarət gücləndirilib. Vergi nəzarəti zamanı məlum olur ki, onların dövriyyəsi 200 min manatdan dəfələrlə çoxdur. Belə dövriyyənin aşkarlanması isə marketlərin maraqlarına xidmət etmir. Çünki dövlətə mümkün qədər az vergi ödəyib, daha çox gəlir əldə etmək istəyirlər. Məhz bu səbəbdən də ƏDV-nin aradan qaldırılmasını istəyirlər».

ƏDV-nin diferensiallaşdırılması necə aparıla bilər?

Azərbaycanda vergilərlə bağlı bütün dəyişikliklər ali qanunvericilik hakimiyyəti olan Milli Məclisdə müvafiq qanunların qəbul edilməsindən və onların ölkə başçısı tərəfindən imzalanmasından sonra həyata keçirilir. Vergi Məcəlləsinə dəyişikliklər olunması zərurəti yarandıqda, müvafiq qanun layihələri hazırlanaraq, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir. Vergi Məcəlləsinin qüvvəyə mindiyi 1 yanvar 2001-ci il tarixdən indiyə kimi bütün tədiyyə növləri üzrə vergi dərəcələri yalnız azaldılıb, məsələn, mənfəət vergisinin dərəcəsi 27%-dən 20%-ə, ƏDV-nin dərəcəsi 20%-dən 18%-ə endirilib.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva hesab edir ki, Avropa ölkələrində ƏDV dərəcəsi orta hesabla 20%-dir və müqayisədə Azərbaycandakı 18% yüksək dərəcə deyil. Vergilər Nazirliyi pərakəndə ticarətdə ƏDV ilə bağlı diferensiallaşdırmanın nağdsız hesablaşmalara tətbiq olunmasının tərəfdarıdır. Bu, həm ölkədə nağdsız hesablaşmaların stimullaşdırılmasına, həm də ticarət və xidmət obyektlərinin dövriyyəsinin tam şəffaflaşmasına stimul yarada bilər.

Ona görə də ortaya çıxan bütün məsələlərə kompleks şəkildə yanaşılmalı, elə qərarlar qəbul edilməlidir ki, bu, həm dövlət büdcəsinin gəlirlərinin azalması ilə nəticələnməsin, həm də sahibkarlara dolayı yollarla problem yaradan maneələri aradan qaldırmaqla onların normal fəaliyyəti təmin olunsun».

Gülşən RAUFQIZI    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal