Bu gün iqtisadi və siyasi baxımdan inkişaf etmiş, dayanıqlı, dünya arenasında öz sözünü deyə bilən, güclü Azərbaycan dövləti mərhum Prezident Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı İlham Əliyev fəaliyyətinin uğurlu nəticəsidir.
Hələ Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik edən H.Əliyev iqtisadi məsələlərin mahiyyətini çox gözəl bilir, bu sahədə dünya təcrübəsinin Azərbaycanda tətbiqinə böyük əhəmiyyət verirdi.
Məhz onun səyləri və rəhbərliyi altında hazırlanmış dövlət əmlakının birinci və ikinci özəlləşdirmə proqramları əsasında respublikada yeni iqtisadi münasibətlərin əsası qoyulub, özəl sektor yaradılıb, respublikaya böyük xarici sərmayələr cəlb edilib, sahibkarlıq üçün geniş imkanlar açılıb, sovet dövründən qalma fabrik və zavodlar dünya bazarına çıxarıla biləcək məhsul istehsalına yönəldilmək üçün yerli və xarici sahibkarlara verilib.
Heydər Əliyev inanır və bəyan edirdi ki, Azərbaycan bu sahədə düzgün yoldadır: “Azərbaycan iqtisadi islahatların keçirilməsi sahəsində doğru yoldadır. Çox böyük nailiyyətlər əldə edibdir. Biz bu yolu bəyənmişik, bu yolla gedirik və gedəcəyik. Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün Azərbaycanda tərəqqi daha da sürətləndirilsin. Ancaq bilmək lazımdır: bunların hamısını bir gündə, bir ayda, bir ildə əldə etmək mümkün deyildir. Buna həm zaman lazımdır, həm də iradə, inam lazımdır. Zaman bizdən asılı deyildir. Ancaq iradə, inam özümüzdən asılıdır. Hamı bilməlidir ki, Azərbaycan dövlətində, Azərbaycan hakimiyyətində bu iradə, bu inam var”.
Heydər Əliyev Azərbaycanın 1993-cü ildən sonra əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, bu dövrdə cəmiyyətdə aparılmış islahatların məqsədini və mahiyyətini belə izah edirdi: “Bizim əsas məqsədimiz ondan ibarət olubdur ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirək və inkişaf etdirək. Biz bunu etmişik və artıq Azərbaycanda dövlət müstəqilliyi sarsılmazdır, dönməzdir və əbədidir. Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda yeni bir sistem yaranıbdır. Dünya standartlarına yaxınlaşan, dünya standartlarına çatmağa çalışan hüquqi, demokratik, dünyəvi dövlət yaranıbdır. Budur bizim nailiyyətimiz... Bu, bütün sahələrdə özünü göstərir. Bizim Konstitusiyamız, qəbul etdiyimiz qanunlar, onların icrası, cəmiyyətə bütün sahələrdə verilən azadlıq, sərbəstlik - bunlar hamısı bizim dövlətçilik anlayışımızın tərkib hissələridir”.
Hazırda Azərbaycanın 2020-ci ilədək inkişaf konsepsiyası ətrafında gedən müzakirələr, bu konsepsiyada müəyyən olunacaq əsas hədəflər də Heydər Əliyev ideyalarından qaynaqlanır. Ölkənin hazırkı enerji siyasəti Heydər Əliyevin neft strategiyası əsasında qurulub və bu strategiya dünyanın müasir tələblərinə uyğunlaşdırılıb.
Dünyada və regionda mövcud olan geosiyasi vəziyyəti dərindən təhlil edən Heydər Əliyev Azərbaycanın bütün dövlətlərlə, o cümlədən yaxın qonşuları ilə sıx əlaqələrini yarada bilib, Azərbaycanın iqtisadi və siyasi maraqlarını qoruyaraq Bakı-Tibilisi-Ceyhan neft kəmərinin çəkilməsinə nail olub, Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına, enerji daşıyıcılarının alternativ ixrac istiqamətlərinin əldə olunmasına yol açıb. Hələ 2000-ci ildə bu kəmərin tikintisinə şübhə ilə yanaşanlar olsa da, Azərbaycanın iqtisadi inkişafında yeni bir mərhələnin başlanğıcına təkan verib və çox böyük siyasi maneələr dəf edilməklə, eyni zamanda böyük zəhmətlə başa gəlmiş bu kəmər haqqında fəxrlə deyirdi: “Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri var, olacaq və yaşayacaqdır. Bu, elə bir neft kəməridir ki, yüz il, bəlkə də ondan da çox yaşayacaqdır”.
Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti sayəsində ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atıldı. Həyata keçirilən islahatlar nəticəsində sərbəst bazar münasibətlərinə əsaslanan və sosialyönümlü iqtisadi sistemin formalaşması, ölkədə mövcud olan təbii iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyası təmin edildi. Azərbaycan iqtisadiyyatında davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu islahatlar mahiyyət etibarı ilə inkişafın yeni - Azərbaycan modelini yaratdı.
Mərhum Prezident davamlı sosial-iqtisadi inkişafa nail olmaq üçün təkamül yolu ilə yeni iqtisadi sistemə transformasiyanı və çox mülkiyyətli iqtisadiyyatın formalaşmasını təmin etdi. Ölkəmizin potensial imkanları, milli mənafeləri, xarici dövlətlərlə qarşılıqlı münasibətləri, iqtisadi əməkdaşlığın yolları, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla Azərbaycanın demokratik islahatlar platformasını, inkişafın mükəmməl və özünü təsdiq edə biləcək istiqamətlərini müəyyənləşdirdi. Özəlləşdirmənin həyata keçirilməsi sayəsində iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verdi və liberal iqtisadiyyatın formalaşması üçün əlverişli şərait yarandı.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına danışarkən Heydər Əliyevin Azərbaycanda sahibkarlığın inkişaf etdirilmsəində müstəsna rol oynadığını bildirib:
“Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda ilk və ən önəmli olan “Əsrin müqaviləsi”ni imzaladı. Bu da faktiki olaraq ölkəmizdə yeni dövrün başlanğıcını qoyub. 1992-ci il yanvarın 1-dən etibarən yeni iqtisadi sistemə keçməmizə, yeni qanunların qəbul edilməsinə baxmayaraq islahatlara start verilməmişdi.
Çünki, həmin dövrdə hakimiyyət uğrunda siyasi mübarizələr gedirdi. Məhz həmin müqavilədən sonra xarici dövlətlər tərəfindən Azərbaycana yaranan maraq, bağlanan müqavilələr sahibkarlığın inkişafına böyük təkan verdi. Bu sahədə ciddi addımlar atılmağa başladı. Torpaq islahatları oldu, kəndlilərə torpaq payı verilməyə başlandı, fermer təsərrüfatları yaradıldı.
Sahibkarlığın inkişafı ilə əlaqədar xüsusi dövlət proqramı qəbul edildi, fond təşkil edildi”.
İqtisadçı-deputat V.Əhmədov Heydər Əliyev hakimiyyəti dövründə Azərbaycanda sahibkarlığın inkişafı üçün bütün sferalarda ciddi islahatların aparıldığını vurğulayıb:
“Xüsusilə özəlləşdirmə proqramı bu islahatların uğurlu davamı oldu. Birinci özəlləşdirmə proqramından sonra Azərbaycanda sahibkarlıq fəaliyyəti sürətlə inkişaf etməyə başladı. Kiçik obyektlərdən başlayan özəlləşmə daha sonra böyük obyektlərin özəlləşməsinə və Azərbaycanda iri şirkətlərin meydana gəlməsinə səbəb oldu. Hesab edirəm ki, keçən dövr ərzində Heydər Əliyevin Azərbaycanda sahibkarlığın inkişafına diqqəti həmişə yüksək səviyyədə olub”.
Hakimiyyətdə olduğu dövrdə H.Əliyev ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə edərək deyib: “Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.
Heydər Əliyev xalqın itmiş inamını özünə qaytara bilib. Bu yolda gördüyü hər bir işdə xalqa arxalandığını dönə-dönə bildirərək deyib: “Mənim yaratdığım hər bir şey mənim üçün əzizdir. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır”.
Heç kimə sirr deyil ki, Azərbaycanda sahibkarlığın inkişafı və təşəkkül tapması Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahədə 1993-cü ildə təsdiq edilmiş “Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)' Dövlət Proqramını qeyd etmək olar.
O, azad sahibkarlığın inkişafına daim diqqət göstərib və ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayıb. “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur” deyən ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir.
Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi. Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım göstərən strukturlar formalaşdı. Sahibkarların vergi yükünün azaldılması istiqamətində tədbirlər görüldü, mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salındı, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq edilməyə başlandı. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və bu sahədə müvafiq dövlət proqramları təsdiq olundu.
Heydər Əliyevin 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” imzaladığı fərman bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların aradan qaldırılmasına yönəldi. Bununla yanaşı, nəzarətin təkmilləşdirilməsi istiqamətində dövlət əhəmiyyətli tədbirlər həyata keçirilib.
Mərhum Prezidentin ölkənin gələcək inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrdən biri də regionların tarazlı və davamlı inkişafının təmin edilməsi olub. Heydər Əliyev Azərbaycanın davamlı inkişafı baxımından regionların inkişafını və bölgələrdəki potensialdan səmərəli istifadəni vacib hesab edirdi. Bu baxımdan, 1995-2003-cü illəri regionların sürətli sosial-iqtisadi inkişafına hazırlıq mərhələsi kimi dəyərləndirməlidir. O dövrdə bazar münasibətlərinin geniş vüsət alması, hərtərəfli iqtisadi islahatların aparılması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, milli sahibkarlar sinfinin formalaşması regionların hazırkı inkişafına əlverişli zəmin yaratdı. Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş həmçinin Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşuna münbit şərait yaratdı.
Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla, ölkəyə xarici investisiyaları cəlb etməklə, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olub. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşıb, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu artmağa başlayıb.
H.Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, sovxoz və kolxozlara məxsus torpaqların, mal-qaranın və əmlakın kəndlilərə paylanması, qiymətlərin sərbəstləşdirilməsi aqrar bölmənin inkişafına təkan vermiş, kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri aparılmış, yeni sahələr yaranmış, məzmunca fərqli münasibətlər formalaşmışdır. Ulu öndərin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı kənd təsərrüfatını 1990-cı illərin əvvəllərindəki böhranlı vəziyyətdən xilas etdi və gələcək inkişafının əsasını qoydu.
Sahibkarlığın inkişafı istiqamətində 1997-2000-ci illəri əhatə edən dövlət proqramının qəbul edilməsinin xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilmişdir. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edilib.
Sahibkarlığın inkişafının mühüm şərtlərindən biri olan infrastrukturun formalaşdırılması sahəsində vacib işlər görülmüş, sahibkarlara zəruri texniki yardım - məsləhət, informasiya və digər xidmətlər göstərən strukturlar yaradılıb.
Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının yaradılması sahəsində qəbul edilən sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına münbit şəraitin yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapmışdır. Bu sənədlər bu gün də iqtisadiyyatın bütün sahələrini əhatə etməklə azad rəqabətin təmin olunmasına və iqtisadiyyatın dinamik inkişafına xidmət edir. Heydər Əliyev yerli sahibkarlarla görüşündə (2002-ci il 25 aprel) deyib: “Azərbaycan dövlətinin iqtisadi siyasəti Azərbaycanın iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirməkdən ibarətdir. Bunun üçün biz 1995-ci ildən başlayaraq ardıcıl surətdə lazım olan iqtisadi islahatları həyata keçiririk. Biz bu gün məmnuniyyət hissi ilə deyə bilərik ki, artıq bizim iqtisadi siyasətimiz, həyata keçirdiyimiz tədbirlər öz müsbət nəticəsini verir və verməkdədir”.
Bu görüşlərin Azərbaycan sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyətini nəzərə alan çoxsaylı Azərbaycan sahibkarları konfederasiyaya müraciət edərək 25 aprel tarixinin “Azərbaycan sahibkarlar günü” kimi əbədiləşdirilməsi məsələsinin qaldırılmasını xahiş ediblər.
Məhz ölkə başçısı İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq 25 aprel 2016-cı ildə Azərbaycanda “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında sərəncam imzalanıb.
Sərəncamda qeyd olunur ki, ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədilə hər il aprelin 25-i Azərbaycan Respublikasında "Sahibkarlar Günü" kimi qeyd edilsin.
Elə bu səbəbdən də 25 aprel tarixində ölkənin müxtəlif yerlərində sahibkarların və dövlət rəsmilərinin iştirakı ilə tədbirlər keçirilib.
Gülşən RUAFQIZI
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir