Bəşəriyyət yarandığı andan kişilərlə bərabər addımlayan qadınların cəmiyyətin inkişafı və müasirləşdirilməsində əvəzsiz xidmətləri olub. Qadınlar zərif təsəvvür edildikləri kimi həm də güclüdürlər. Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.
Bu gün Azərbaycan qadınları ailə başçısı, ana olmaqla bərabər həm də müxtəlif sahələrdə çalışırlar. Elə bir sahə tapılmaz ki, qadınlar orada işləməsin. Ən ağır peşələrdən tutmuş, ən təhlükəli və xüsusi əhəmiyyətli sahələrdə belə qadınlar çalışır. Öz istiqamətləri uğrunda müvəffəqiyyət əldə edən xanımlarımız da çoxdur.
Bu gün ölkə əhalisinin ümumi sayının 50,2 faizini və ya 4 milyon 870 min nəfərini qadınlar təşkil edir. Dövlət Statistika Komitəsinin martın 1-ə olan məlumatına əsasən, ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,5 faizdir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 78,5 faizi, orta ixtisas təhsil müəssisələrində 78,6 faizi, ali təhsil müəssisələrində 52 faizi, həkimlərin isə 65 faizi qadınlardır.
Elmin inkişafında da qadınların müstəsna rolu var. Elmi işçilərin 53,5 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 5-i, müxbir üzvlərindən isə 14-ü qadındır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,9 faiz, sahibkarlar arasında isə 19,7 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,6 faizi qadınlardır.
Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentində qadınların xüsusi çəkisi 16,9 faizə çatıb. İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olub. Bu göstərici ilk bələdiyyə seçkilərində 4 faiz təşkil edib.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2008-ci ildə onların sayı 6187 nəfər olduğu halda, 2015-ci ildə 8521 nəfərə çatıb.
Statistika Komitəsinin məlumatlarından göründüyü kimi bu gün cəmiyətin bütün sahələrində qadınlar aktiv təmsil olunurlar.
Azərbaycanda qadın siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsində görkəmli şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri var. Ulu öndərin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata daha fəal transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Onun qadınların cəmiyyətdəki statusunun təmin olunması ilə bağlı imzaladığı fərman və sərəncamlar qadın hüquqlarının və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlardır. 1995-ci ildə BMT-nin təşəbbüsü ilə Pekində keçirilən Qadın məsələlərinə dair 4-cü Ümumdünya Konfransında qadınlarımızın iştirakı isə müasir qadın hərəkatına yeni nəfəs gəlir.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: "Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşıb. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi Vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulub. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapıb. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf ediblər".
1995-ci ildə qəbul olunmuş Konstitusiya qadınlarla kişilərin bərabər hüquqlara malik olduğunu, demokratik dövlət quruculuğunda fəal iştirakını özündə ehtiva edib. Qadınların hüquqlarının qorunmasından, ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılması üçün Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılıb. Hazırda Komitə ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Milli Məclisin xanım millət vəkili Sevinc Hüseynova bildirib ki, Azərbaycanda uğurlu dövlət qadın siyasəti həyata keçirilir. Məhz bu siyasətin nəticəsidir ki, idarəçilikdə, parlamentdə, bələdiyyələrdə qadınların iştirakı xeyli dərəcədə artıb. Bu gün ölkəmizdə gender bərabərliyi mövcuddur və qadınlar cəmiyyətizin aparıcı hissəsinə çevrilib.
“Azərbaycan qadını ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, ərazi bütövlüyünün qorunmasında, hüquqi demokratik dövlət quruculuğunda, iqtisadi yüksəlişin təmin edilməsində qadınlarımız misilsiz xidmətlər göstərirlər. Fəaliyyətimlə bağlı tez-tez xarici səfərlərdə oluram, dünyanın müxtəlif ölkələrin parlamentariləriylə görüşürəm. Və görüşlər zamanı fəxr hissiylə deyə bilərik ki, Azərbaycanda qadınların parlamentdə, hökümətdə və diqər strukturlarda təmsilçiliyi heç də dünya ölkərindən fərqli deyil, əksinə əksər məsələlərdə daha üstündür . Qadın məsələləri həmişə dövlətimizin diqqət mərkəzində olub. Ümummilli liderimiz Heydər Əliyev ölkə rəhbərliyinə gəldiyi dövrdən daim qadınların problemləri ilə maraqlanıb, onların irəli çəkilməsi üçün şərait yaradıb. Ulu öndərimizin verdiyi bir çox qərar və sərəncamlar Onun cəmiyyətdə gender balansının formalaşdırılması sahəsində uzaqgörən siyasətinin əməli ifadəsidir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
S.Hüseynova birmənalı olaraq qeyd edib ki, hazırda həyata keçirilən siyasət nəticəsində bu gün ölkəmizdə qadınların hərtərəfli inkişafı üçün zəruri şərait yaradılıb. “Elm və texnologiya günbəgün inkişaf edir, iqtisadi cəhətdən sərbəstlik əldə edən qadınların sayı artır. Gələcək vətəndaşların tərbiyəsi, savadı, mədəniyyəti, zehni inkişafı, vətənpərvərliyi, ilk növbədə, cəmiyyətə yeni nəsil bəxş edən qadından asılıdır. O, ölkənin ictimai həyatında da böyük uğurla çalışır. Qadın kişi ilə bərabər iqtisadiyyat, mədəniyyət, elm və incəsənətin bütün sahələrində fəal iştirak edir. İndi elə bir sahə tapmaq olmaz ki, orada qadın əməyi təmsil olunmasın. Bütün bunlar isə Azərbaycan qadınlarını cəmiyyət həyatında rolunun daha da artdığının göstəricisidir”.
Azərbaycan qadının dünyada timsalı simasında Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva xüsusi vurğulanmalıdır. Azərbaycanın birinci xanımı özünəxas nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də saf və ali dəyərləri ucuzlaşdıran mənfi meyillərə qarşı barışmaz mövqe tutur, insanlığın təntənəsinə xidmət edən nəcib təşəbbüsləri ilə həm də sivilizasiyalararası dialoq prosesinə öz töhfəsini verir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz intellektual enerjisini cəmiyyətin inkişafına yönəltməklə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini açıbır. UNESCO və İSESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xətti ilə Mehriban Əliyeva Azərbaycan mədəniyyəti tarixinin səsini planetin ən ucqar guşələrinə belə çatdıra bilib. Onun elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı ciddi elmi əsaslara söykənir. O, ölkə daxilində və xaricdə keçirdiyi görüşlərdə dərin biliyə, geniş erudisiyaya malik olduğunu hər dəfə yenidən nümayiş etdirir. Azərbaycan qadınları üçün bu, gözəl bir nümunədir. Bütün bunlar Mehriban Əliyevanın yüksək siyasi potensiala malik olduğunu təsdiqləməklə Azərbaycan qadınının modern tələblərə uyğun obrazını dünyaya nümayiş etdirir.
Azərbaycan qadının işdə, ailədə, cəmiyyətdəki mövqeyi, uğurları xöşbəxt, sağlam gələcəyimiz üçün bir təminatdır. İllərlə Azərbaycan dövləti tərəfindən aparılan, Milli Məclisdə deputatlar tərəfindən hazırlanan və qəbul edilən qanunlar qadınlarımızın bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlib. Bu siyasət daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.
Aytən Bağırova
Yazı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" mövzusunda məqalə müsabiqəsi üçündür