Düşmənin ürəyi heç vaxt soyumur. Məkrli planın mərkəzində, insan vücudunu ən iyrənc formada parçalamaq dayanır.
Həftənin hesabatını təqdim edirəm.Ermənistanın “səxavət mələyi”
Deyəsən, Ermənistan prezidenti Serj Sarkisyanın bağçasında yasəmən ağacı gen-bol çiçək açıb. Yoxsa, danışıqlar prosesindən imtina edib Azərbaycanla hərb dilində danışmaq cəsarəti hardan ola bilərdi?! Üstəlik erməni generallarından biri (İşxan Matevosyan) çıxıb Ermənistanda guya “İsgəndər” raketlərinin olmasını bildirir.
Yəni, demək istəyirlər ki, Ermənistan Azərbaycandan qorxmur. Heç qorxmasın! Azərbaycana xox gəlmək üçün növbəti erməni jestidir. Aydındır ki, Sarkisyan hökumətinin aprel məğlubiyyətini diqqətdən yayındırmaq üçün bu cür açıqlamaların verilməsi onların ürəyinə fərahlıq gətirir.
Üstəlik məğlubiyyəti heç cürə həzm edə bilmirlərsə, deməli, sayıqlama xarakterli açıqlamalar çox olacaq. Baxmayaraq ki, Sarkisyan müsahibələrində aprelin əvvəllərində Azərbaycana məxsus itirdikləri bir neçə ərazini gözdən salmağa çalışsa da, biz çox yaxşı anlayırıq ki, düşmən tərəfinin başından çıxan tüstü böyük qardaşlarını da “yandırır”.
Hə bir də deyirlər ki, insan ağlamasa ac qalar. İndi ermənilərin də hər damla göz yaşına Rusiyanın ürəyi o dərəcədə ağrıyır ki, özünümüdafiə üçün hərbi bəxşişlər etməyi əsirgəmir. Aprelin 26-27-si tarixlərində erməni silahllı birləşmələrinin açdığı atəşə cavab olaraq bir tankları məhv edilib. Böyük qardaş Rusiya, “oyuncaqsız” qalan erməni uşağının göz yaşlarına tab gətirə bilməyərək yeni “oyuncaq” hədiyyə edib.
Bu arada, Rusiyanı “səxavət mələyi” obrazında görmək çox “qürurvericidir”.
Milli Məclisin növbəti iclası
Yola saldığımız həftə Milli Məclisin növbəti sessiyası keçirildi. Demək olar ki, əsas mövzu cəbhə xəttində baş verənlərlə bağlı oldu. Milli Məclisin vite-spikeri Bahar Muradova aprel hadisələrindən sonra insanların kütləvi şəkildə cəbhə bölgəsinə yollanaraq şəkillər, videolar çəkməsinə münasibət bildirib. Onun sözlərinə görə təmas xəttinə gedib insanlarla görüşmək, bayrağımızın dirəyindən yapışıb “selfie” çəkdirmək hər birimizin ürəyindən keçir. Bunu etməli olsaq da, günümüzün vəzifəsi bu deyil. Tam doğru yanaşmadır.
Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə çıxışı zamanı Ermənistanın girov götürdüyü azərbaycanlıların daxili orqanlarının satılmasına toxunub. O qeyd edib ki, girov götürülən şəxslərin siyahısı hazırlanıb BMT-yə, İnterpola və digər beynəlxalq təşkilatlara göndərilsə yaxşı olar. Bu, həm də onların tapılmasını daha da gücləndirər. Bir sözlə, Milli Məclisin iclası zamanı Ermənistan və onun hakimiyyəti “topa tutuldu”. Digər deputatlar da müxtəlif məsələlərlə bağlı fikirlərini söyləyiblər.
Məmmədyarovun gülən rəsmi
Yola saldığımız həftənin əsas müzakirə obyektinə çevrilən xəbəri xarici işlər naziri Elmar Məmmədyarovla AZAL-ın prezidenti Cahangir Əsgərovun məşhur italyan müğənnisi Eros Ramazottinin Bakıda keçirilən konsetində iştirak etmələri oldu. Düzdür, Elmar Məmmədyarov konsertdə tək deyildi. Cahangir Əsgərovla lap yanaşı əyləşmişdi. Amma müzakirə obyektinə AZAL prezidentindən daha çox xarici işlər naziri çevrildi. O xarici işlər naziri ki, Qarabağ münaqişəsinin həllində birbaşa cavabdehlik funksiyası daşıyır.
Aprelin 26-27-si tarixlərində Azərbaycanın cəbhəyanı kəndləri erməni silahlı birləşmələri tərəfindən qadağan olunmuş silahlarla atəşə tutulur, mülki əhaliyə məxsus evlər, mal-qara məhv edilir. Həmin vaxt növbəti erməni vandalizmi özünü göstərir. Müdafiə naziri bütün qoşunlara düşmənə cavab zərbəsi endirmək əmri verir.
Qarabağ münaqişəsi ilə bağlı ən azı müdafiə naziri qədər məsuliyyət daşıyan digər nazir isə Bakıda konsertə qulaq asır. Təxminən, yanaşmalar bu formada oldu.
Burda bir neçə nüansa diqqət çəkmək istərdim. Əvvəla, nazir təkcə kabinetinin pəncərəsindən dünayaya boylanmamalıdır. Səhnədə də olmalıdır, meydanda da. Harda ki insan kütləsi sıraya düzülüb, gərək naziri də, məmuru da özünü kütlədən uzaq tutmasın. Bizdə isə situasiya bir qədər başqadır. Anlayırıq ki, müharibə şəraitində yaşayırıq.
Ərazi bütövlüyümüz hələ ki, bərpa edilməyib. Azərbaycana xəritədən boylananda bir qanadı olmayan qartal görürük. Azərbaycanın dörd bir tərəfindən elindən-obasından didərgin düşən qaçqın-köçkün qoxusu gəlir. Dərd bir deyil, iki deyil.
Üstəlik, rəsmilərin Ramazottinin konsertinə qatılmasına görə daha çox müdafiə və xarici işlər nazirləri qarşı-qarşıya qoyuldu. Təbii, hər kəs fikirlərində sərbəstdir. Müharibə həssas mövzudur. 5 yaşlı uşaq da düşməndən qisas almaq eşqilə yaşayır, 90 yaşlı ahıl da.
Amma, bir məsələ də var. Müdafiə nazirinin işi düşmənlə hərb dilində danışmaqdır. Qana qanla cavab vermək bir növ görəvdir. Düşmənin açdığı atəşə cavab olaraq heç bir silah seyrçi mövqedə dayanmır. Bir Qradın qarşılığında iki Qrad kifayətdir ki, düşmənin meyitləri üst-üstə yığılsın.
Üstəlik müdafiə nazirinin əmri ilə düşməni səngərin deşiyinə qədər qovmaq olar. Xarici işlər naziri isə erməni ilə hərb dilində danışmır. Danışıqlar prosesi masa ətrafında aparılır. Ermənistanın xarici işlər naziri Nalbandyanın saxta gülüşlərinin üzərindən azərbaycanlı nazir də mimikasız ötüb keçmir. Təbii, azərbaycanlı nazirin də hər hansı jesti erməni tərəfindən təbii qarşılanmır. Axı, danışıqlar prosesi siyasi oyunun tərkib hissəsidir. Hər kəs öz mədəniyyətinə uyğun şəkildə rolunun öhdəsindən gəlməlidir.
Necə ki, fərqli masalarda Qarabağ münaqişəsi ortaya qoyulur. Amma hər dəfəsində də nəticəsiz görüşlər. Müdafiə nazirinin tam haqqı var ki, erməniyə hərb dilində nəsə anlatsın. Amma xarici işlər nazirinin belə haqqı yoxdur. Nazirlərdən biri hərb, digəri isə sülh variantına söykənməyə çalışır. Ona görə də Ramazottinin konsertində müdafiə nazirini görə bilməzdik və görmədik də. Amma xarici işlər naziri haqqında əminliklə belə fikir söyləmək olmaz. Hərbi qərarlar səngər üçün yazılır. Sülh prosesi üçün səngər yox, salon keçərlidir.
Aprelin əvvəllərində cəbhədə başlayan elan olunmamış müharibədə Azərbaycanın qəhrəman oğulları şəhidlik zirvəsinə yüksəldi. Bu zirvəyə hər kəs yüksələ bilməsə də ortada insan itkisi var. Heç bir ana övladının tabutuna göz yaşı axıtmadan sarıla bilmədi. Nə qədər acı olsa da şəhid ailələrini qaməti dik gördük.
Bu, həm dövlətçiliyimiz üçün, həm də xalqımız üçün çox qürurverici məqam idi. Siyasi arenada da siyasətçilərin qaməti dik görünməsi çox önəmlidir. Kim bilir, bəlkə də, son günlərin ən çox müzakirə obyetinə çevrilən Elmar Məmmədyarovun gülən rəsmi Ermənistan üçün göz dağıdır?!.
Ermənistan hakimiyyəti ordudakı aprel uğursuzluqlarından dolayı generalları işdən qovduğu məqamda Məmmədyarovun gülən rəsmi Ermənistanı ruhdan sala bilməzmi?! Tənqid obyektinə tuş gələn bu mənzərə ola bilsin ki, Ermənistan üçün gərgin atmosfer yaradıb. Bəzən canlı effekt yaradan rəsmlər çox söz deyir. Bizim görə bilmədiklərimizi belə!
Namidə BİNGÖL