Modern.az

“Anam fransız yazıçısından təsirlənib, adımı Novella qoyub” - MÜSAHİBƏ

“Anam fransız yazıçısından təsirlənib, adımı Novella qoyub” - MÜSAHİBƏ

Qarabağ

2 May 2016, 12:44


Adlar insan həyatında mühüm rol oynayır, xarakterin formalaşmasına, cəmiyyətdə özünə yer qazanmağa müəyyən təsir göstərir. İstər yaxşı, istərsə də pis ad şəxs barədə informasiya verir, onun haqqında müəyyən təəssürat formalaşdırır. Bəzən görürsən ki, adla mənsub olduğu adam arasında ziddiyyət nəzərə çarpır: ad sanballıdır, onu daşıyan şəxs isə bu ada layiq deyil. Ya da əksinə, o qədər populyar olmayan ada onun daşıyan şəxsiyyət öz davranışları ilə hörmət gətirə bilir. Bunları nəzərə alaraq, “adını söylə, deyim kimsən” ifadəsi nahaq yerə səsləndirlmir.

Modern.az saytı adlarla bağlı “Adını söylə, deyim kimsən” rubrikasına davam edir. Növbəti müsahibimiz tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğludur. 

-Novella xanım, adınızı sizə kim qoyub?

-Adımı anam qoyub. Anam fransız yazıçısı Mopassanın novellalarını oxuyurmuş. “Novella”  sözü çox xoşuna gəlib və adımı Novella qoymaq istəyib.

-Siz həm də fərqli soyadla tanınırsınız. Cəfəroğlu. Kişilərin daşıdığı görəvi siz soyadınızda yaşadırsınız. Azərbaycanda belə soyadlara  nadir hallarda təsadüf edilir.

-Adımla və soyadımla bağlı hər zaman insanların normal reaksiyası ilə qarşılaşmışam. Bəziləri isə niyə Cəfəroğlu soyadını daşıdığımı soruşublar. Demişəm ki, türkçülüyümü göstərirəm. Novella adını neçə illərdir ki, yaşadıram. Adıma görə hansısa qeyri-adi vəziyyətə düşməmişəm. Hər kəs adıma görə məni normal qəbul edib.

-Cəfəroğlu türkçülüyünüzü göstərir. Amma Novella fransız sözüdür. Nə vaxtsa bu addan sırf türk adı olmadığına görə imtina etmək fikriniz olubmu?

-Soyadımı Cəfəroğlu götürmüşəm. Çünki atamın adı Cəfər Cəfərov olub. Amma adımı anam  qoyduğuna görə, adım mənə əzizdir. Axı, anadan dünayda müqəddəs nə var?! Heç vaxt adımı dəyişmərəm. Anam qoyduğu ad onun xatirəsi kimi məndə yaşayır.

-Bəzən insanların doğum adlarından imtina etdiklərinin şahidi oluruq. Bu cür yanaşmalara reaksiyanızı bilmək istərdik.

-Ad dəyişmək hər bir insanın şəxsi işidir. Azadlıq deyilən bir məfhum var. İnsan ad seçimində də, ad dəyişməkdə də azaddır.

-Bir məsələ də var ki, insanların bir çoxu adların mistik gücünə inanır.  Sizdə adların uğur gətirməsinə inam nə dərəcədədir?

-Belə şeylərə inanmıram. Uğur da, uğursuzluq da insanın öz əlindədir. İnsandan asılı məsələlərdir. İnsan heç vaxt özünə güvənməsə uğur qazana bilməyəcək. Ona görə də istəyir adını, soyadını dəyişsin, xeyri yoxdur. İnsan özünə güvənirsə, deməli, uğur qazana biləcək. Ad dəyişməklə nə uğurlar qapıda dayanır, nə də Allah göydən pul tökür.

-Yaxın çevrənizdə Novella adını daşıyanlar varmı?

-Bir rəfiqəm nəvəsinə Novella adını qoyub. Naxçıvanda tanıdığım bir neçə ailə var ki, övladları  Novella adını daşıyır.

-Azərbaycanda uşaq adlarının qoyulması ilə  bağlı qanun qəbul edilib. Artıq ailələr övladlarına ingilis, italyan, fransız adlarını qoya bilməz. Sırf türk köklü adlar qoyulmalıdır. Sizin adınız da fransız adı olduğu üçün artıq yeni nəsil adlarında Novella adı olmayacaq.

-Əlbəttə, Novella adı türk adı deyil. Fransızlardan, Mopassandan gələn addır. Çox gözəl. Mən Novella kimi tək qalaram. Düzdü, adlarla bağlı qanun qəbul edilməzdən öncə övladına bu adı qoyanlar var. Adım fransız adı olsa da, türk adlarının qoyulmasının tərəfdarıyam. Biz türk kimi özümüzü göstərməliyik. Sadəcə olaraq, o vaxtlar bu adı anam seçib və mənə əzizdir. Hesab edirəm ki, Azərbaycanda doğulan uşaqların adı türk adları olmalıdır.

Namidə BİNGÖL

***

Həmçinin oxu:

“Sülhəddin quraşdırma addır” - MÜSAHİBƏ

//modern.az/articles/101891/1/

 

“Heç vaxt istəmərəm ki, nəvələrim mənim adımı daşısın” - MÜSAHİBƏ 
//modern.az/articles/100886/1/

 

"Bacımın adı Susanna, qardaşımın adı Marat idi" –MÜSAHİBƏ
//modern.az/articles/101280/1/   

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza