Uzun illərin dekanlıq fəaliyyətimdə həmişə məni bir məsələ narahat edirdi – Niyə bizim tələbələr imtahan qabağı öz qayıbları haqqında, eləcə də imtahan sessiyası zamanı imtahanda iştirak edə bilməmələri haqqında yazdıqları ərizələrdə səbəb olaraq nənə və babalarının dünyalarını dəyişmələrini yazırlar?
Maraqlı olan isə bu idi ki, bəzən onlar nənə-babalarını səbəb kimi göstərəndə normal halda insanın neçə nənə -babasının olmasını yaddan çıxarırdılar. Biz görmüşük ki, hamının 2 nənəsi, 2 babası olar. Amma yazılan ərizələrdə bu sayı tələbələr unudurdular və hər dəfə səbəb kimi bunu göstərirdilər. Bu yaxınlarda bu sahədə ABŞ-da aparılmış bir tədqiqatın nəticələri ilə tanış olanda bizim tələbələrə şükür elədim. Tədqiqatın mənə ən xoş gələn tərəfi bu oldu ki, tələbə harda olmağından asılı olmayaraq elə tələbədir ki tələbə.
Bir çox illər ərzində Şərqi Konnektikut Dövlət Universitetində Mayk Adams adlı bir bioloq bu problemi araşdırmış və belə bir qənaətə gəlmişdir ki, nənə və babaların ölümü ilə imtahanlar arasında hər hansısa bir əlaqə vardır. 20 illik araşdırmaların nəticələri olaraq professor Adamsın gəldiyi qənaət ondan ibarət olmuşdur ki, tələbənin nənəsinin “ölmə” ehtimalı aralıq və final imtahanlarından qabaq daha çox olur, nəinki başqa vaxtlarda. Daha səciyyəvi olan isə budur ki, nənələr bir qayda olaraq aralıq imtahanları qabağı 10 dəfə çox, final imtahanları zamanı isə 19 dəfə çox nəvə-nəticələri təfərindən “öldürülürlər”. Dərslərini, tapşırıqlarını vaxtında yerinə yetirə bilməyənlərin nənələri bu işdə həyatları ilə daha çox “risk” edirlər. Belə tələbələrin öz nənələrini “öldürmə” ehtimalları başqalarına nisbətən 50 dəfə çoxdur. Elə ki semestr imtahanlarının (aralıq və final imtahanları), eləcə də professorların tələbələrə tapşırdıqları sərbəst işlərin təqdim olunma zamanı gəlib çatır, bütün Amerika boyu universitet şəhərciklərində tələbələrin bir bəhanə kimi gətirdikləri əsas arqument həmin vaxtda nənələrinin qəfildən “rəhmətə getmələri” olur. Hətta bəziləri bu “metoddan” dəfələrlə istifadə ədərək nənələrini hər dəfə “öldürürlər”. Sən demə heç də bütün tələbələr həmişə nənələrini cay verməklə, yaxud onları toxunmuş şal ədyalla bürüməklə onların qayğılarına qalmırlar. Amma bu cür “cinayətlər” tədris folklorunda real bir hadisə kimi uzun illərdir ki mövcuddur. Amerikada hətta professorlar arasında belə bir ifadə də yaranmışdır - “Ölmüş Nənələr Problemi”.Bəzi professorlar belə hesab edirlər ki, tələbələrin belə yolla bağışlanmaları bir çox hallarda süi istifadə hallarına gətirib çıxarır. Digər tərəfdən də matəmli, kədərli tələbəni də küsdürməyə professorlar o qədər də meylli olmurlar. Onlardan ölüm kağızının tələb edilməsi də insafsızlıq, bəlkə də qəddarlıq olardı.
Bununla belə bəzi professorlara tələbələr öz kompütürlərində hazırlanmış saxta nekroloqlar təqdim etməkdən belə çəkinmirlər. Bəzi professorların isə, məsələn Vaşınqton Dövlət Universitetinin Mədəniyyət, gender və irqçilik üzrə professoru Liza Querranın isə bu məsələdə öz yanaşması var.
Şübhəli ölümlərə görə o tələbələrin üzrlü hesab olunmalarını qəbul etməklə bərabər deyir ki, həyatda onun özü çoxlu qəfil, gözlənilməz ölümlərin şahidi olub.
Ölüm xəbəri həmişə şok effektli travmadır, heç kim də bilmir ki, onu tam necə həll eləsin. Bu iş hamının başına gələ bilər. Ölümü təsdiq edən sənədin tələb olunması o qədər də xoşagələn hal deyil. Amma bir çox cavan müəllimlər, işə yenicə başlayanlar, saathesabı işləyən professorlar belə məsələlərdə bir az zarafatyana mövqedən yanaşırlar. Aparılmış tədqiqatda müəllimlərin belə hallarda tələbələrə bir necə maraqlı cavabları öz əksini tapmışdır. Onlardan bəzi parçaları təqdim edirik.
“Hörmətli tələbə, ümid edirəm hər şey öz qaydasındadır. Nəzərə al ki, mən 3 qrupda müxtəlif səviyyələrdə fənlər tədris edirəm. Sənə verdiyim fənn proqramında (Sillabusda) açıq-aydın yazılıb ki, mən bura qondarma əhvalatlar, vaxtı keçmiş tapşırıqlar yaxud da əlavə kredit verilməsi üçün gəlməmişəm. Bu cür hallara görə mən sənə güzəşt eləyə bilmərəm. Hiss edirəm sən mənim haqqında nə fikirləşirsən – Mən sənin həyatını bir az da çətinləşdirirəm. Amma səmimi olsaq etiraf etmək lazımdır ki, lap ilk dərs günündən tədris ediləcək fənnin sizə verilən fənn froqramında siyasət açıq-aydın yazılıb ki, biz semestr ərzində nələri edəcəyik. Bil ki fənn proqramı (Sillabus) səninlə mənim aramda olan kontraktdır.
O, sənə məndən nə gözləyəcəyini, mənim də səndən nə gözlədiyimi açıq-aydın göstərib. Universitet rəhbərliyindən mənə rəsmi sənəd verilməsə mən sənin təqdim etdiyin “nekroloqu”, dəfn mərasimin proqramını, ya da ananın zəng edib telefonumda hüznlü səslə qoyduğu mesajı qəbul etməyəcəm. Təəssüf edirəm ki ailənizdə belə hal baş vermişdir. Bu doğrudanda üzücüdür.”
Hətta bəzi tələbələr bəzən nənə-baba olmağın təxminən neçə yaşda mümkün olmasını belə unudurlar. Məsələn, 21 yaşlı tələbənin biri öz professoruna yazır ki, 57 yaşlı nənəmin ölümü ona, 21 yaşlı bir gəncə çox pis stress yaşatdı. Müəllim əvəzində həmin tələbəyə maraqlı bir mesaj göndərir. “Dərdinə şərik çixıram, amma mənə dərsə gələndə nənənin neçə yaşında ərə getdiyini və neçə yaşında sənin ananı dünyaya gətirdiyini, ananın neçə yaşında ərə getdiyini mənə yazılı olaraq məlumat verərsən!!! Əgər bunları mənə verməsən mən Google axtarış sistemində sənin nənənin selfilər (öz şəklini çəkmək) etdiyi zaman şəklini sənə göstərəcəm. Yaxşısı budur gəl hər ikimizi bu bəladan xilas edək. Mənim fənnimdən sakitcə imtina elə ki nənən “ölməsin”. Səncə bu, məsələnin ən yaxşı həlli deyil?!
Başqa bir nümunə.
“Hörmətli tələbə, mən ancaq bir halda “ölüm” xəbərini üzürlü hal kimi qəbul edəcəm, bu, nənənin yox, sənin özünün “ölüm” xəbəri ola bilər”.
Başqa bir kinayəli cavab tələbəyə- “Mən sənin həmişə oturduğun boş stula diqqətlə baxıb sənin olmadığın günləri sən gələnə qədər sayacam. Hər dərsin başlangıcında mən həmin stula əl eləyəcəm və sənin tələbə dostlarından xahiş edəcəm ki, səni yadlarına salsınlar.
Özündən və sənə əziz olan insanlardan müğaiyət ol. Qalanları haqqında isə gələndə söhbət edərik!” Bütün mənzərə məncə hamiya aydın oldu. Onda son olaraq belə bir qənaətə gəlirik - eşitmişdik ki bir çox şeylərin vətəni olmaz. Amma bu tədqiatın nəticəsi həmin siyahıya bir dənə də əlavə olunmasını şərtləndirir: bir çox məsələlə yanaşmada tələbələrin, tələbəliliyin də vətəni olmaz.
Professor Əfqan Abdullayev