Modern.az

Qafqaz Müsəlmanları İdarəsi İslam Partiyasının sədri ilə bağlı bəyanat verib

Qafqaz Müsəlmanları İdarəsi İslam Partiyasının sədri ilə bağlı bəyanat verib

10 Yanvar 2011, 11:28

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İslam Partiyasının sədri Mövsüm Səmədovun həbsi ilə bağlı bəyanat yayıb. Modern.az QMİ-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, idarə son günlər yerli KİV vasitəsilə yayımlanan və dindarların etirazına səbəb olan qeyri-leqal Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun məsuliyyətsiz çağrışları ilə bağlı aşağıdakıları bəyan edir:

Sənəddə qeyd edilir ki, vətəndaş həmrəyliyinə xələl gətirmək niyyətində olanlar unutmamalıdırlar ki, demokratiya və vicdan azadlığı insan hüquqlarının qorunmasına xidmət edir və cəmiyyətdə zərərli meyllərə, parçalanma və qarşıdurma cəhdlərinə qətiyyən haqq qazandırmır.

“Biz, dindarlar, ömrünü, bütün varlığını xalqa xidmətə, Azərbaycanın inkişafına həsr etmiş Ulu Öndərimizin nurlu xatirəsinin, dövlətimizi ən ali məqamlarda təmsil edən möhtərəm Prezidentimizin xalqımız və dövlətimiz qarşısında xidmətlərini inkar edən çağrışların edilməsini heç bir vəchlə qəbul etmir və buna öz qəti etirazımızı bildiririk. Hesab edirik ki, bu, xalqımıza və dövlətçiliyimizə qarşı yönəlmiş təxribatdır və bundan məqsəd, milli birliyimizi sarsıtmaq, sabitliyimizə xələl gətirmək, cəmiyyət daxilində qarşıdurma yaratmaqdır. Bu, olduqca təhlükəli təzahürdür və biz çox təəssüf edirik ki, bu hal İslam adından sui-istifadə edən üzdəniraq təəssübkeşlər tərəfindən məqsədli şəkildə yaradılır. Başörtüsü məsələsinin gündəmə gətirilməsi belələri üçün bir bəhanədir. Dindarlarımız nəzərə almalıdırlar ki, baş örtüsünə dövlət tərəfindən qadağa qoyulmayıb. Dini mərkəz olaraq, Qafqaz Müsəlmanları İdarəsi başörtüsü ilə bağlı öz mövqeyini birmənalı şəkildə bildirib. İslamın müqəddəs dəyərlərini uca tutan şəxs heç bir zaman böhtan, iftira, təfriqə, təhqir kimi günahlara və zorakılığa çağırışa yol verməz. Dövlət başçısının ünvanına olmazın hədyanlar danışmaq, görülən böyük işləri, o cümlədən, dinimizə ehtiram və qayğını nankorcasına danmaq İslami əxlaqımıza, milli dəyərlərimizə hörmətsizlikdir. Necə ki, mübarək ayeyi-şərifədə buyurulur: «Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə (rəhbərlərə) itaət edin!...» (ən-Nisa, 59)

Biz, dindarlar, dövlət mənafelərimizə, milli maraqlarımıza zidd olan bütün təhlükələrin qarşısının alınmasını olduqca vacib hesab edir, xalqımızı fitnələrə uymamağa, hər vəchlə vətəndaş həmrəyliyini qoruyub saxlamağa çağırırıq.

Bir daha bəyan edirik ki, Azərbaycan dindarları, inşaallah, heç bir zaman fitnələrə uymayacaq və öz dövlətçiliyinin qorunması yolunda bütün maneələri dəf edəcəklər. Allah köməyimiz olsun!”

Qeyd edək ki, Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun ötən həftənin sonunda saxlanılıb. DİN-in bununla bağlı bəyanatında bildirilib ki, rəsmi dövlət qeydiyyatı olmayan AİP-nin sədri Mövsüm Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verib. Bunun əsasında yanvarın 8-də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. 
Nazirliyin məlumatına görə, Dəyanət Səmədovun işlədiyi, Mərdan Səmədova məxsus elektrik malları mağazasına baxış zamanı oradakı seyfin altından 3 ədəd əl qumbarası, habelə yaşadığı evdən 7 ədəd avtomat patronu və içərisində dini radikalizmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanıb. Dəyanət və Mərdan Səmədovlar şübhəli şəxs qismində saxlanılıblar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu