Modern.az

Erməni terroru: Ulduz sui-qəsdi - Son imperator: Əbdülhəmid - III HİSSƏ

Erməni terroru: Ulduz sui-qəsdi - Son imperator: Əbdülhəmid - III HİSSƏ

Mədəniyyət

4 May 2016, 10:40

Bir partlayış...bir duman....və bütün bir şənlik alayı,
Səhnələşdirdiyi oyunu seyr edən millət: sərt, azğın
Dırnaqları ilə boğucu bir elin, parça-pürçük
Qalxdı havaya ayaq, kəllə, qan, sümük...
Şair Tofiq Fikrət

Əbdülhəmid və ermənilər arasındakı münaqişənin pik nöqtəsi: Ulduz sui-qəsdi

Ömür boyu qondarma tarixi torpaqlar deyə-deyə bu günə kimi gəlib çıxan erməni milləti müsəlman aləminə zərər vurmaq üçün əllərindən gələni edib. 31 mart soyqırımı, Xocalı faciəsi, Azərbaycan torpaqlarının işğalı hələ gördüyümüz və ya bildiyimiz erməni qəsbkarlıqlarındandır. Tədqiqatda ermənilərə bir də II Əbdülhəmid və Türkiyə tarixindən baxdıq, amma dəyişən heç nə olmadı. Belə deyək, bizə çəkdirdikləri qədər Osmanlıya da çəkdiriblər. Osmanlı tarixində San-Stefanodan rəsmi olaraq başlanan bu mübarizə özünü ən yüksək həddə 1905-ci ildə çatdırdı. Bu dövrdə artıq Osmanlının son ayaq səsləri eşidilirdi. Qocaman bir imperiya dünya arenasına vida görüşlərinə çıxmağa başlamış və xarici dövlətlər arasında pay edilməyə çalışılmışdı.

Sultan II Əbdülhəmidin heç bir vəchlə ermənilərə muxtariyyət verməyəcəyini özləri dəbilirdilər. İmperatorun bu məsələyə nə qədər ciddi yanaşdığı gördüyü tədbirlər və xatirələrindən də bəlli olur. Hətta “kəlləmi verərəm, amma ermənilərə muxtariyyət vermərəm” deməyi də bunu sübut edir.

Həmidiyyə alaylarının üsyançıları cəzalandırması ermənilərə təsir etmir, üsyankarların xainlikləri bitmək bilmirdi. Yazıda amerikalı jurnalist Uilyam Sahtlebenin 1895-ci ildə çəkdiyi, Ərzurumda Həmidiyyə alaylarının öldürdüyü üsyançı, əlisilahlıların fotosu da verilib.

Ermənilər öz məqsədlərini illərdir apardıqları propoqanda, üsyanlar, gizli çevirilən işlərlə həyata keçirə bilməyəcəklərini başa düşdükdə son yolu sui-qəsddə gördülər. Onlara daim mərhəmət, inam göstərmiş türk xalqına, türk imperatorunun canına qəsd etməyi qarşısına məqsəd qoyan ermənilərin bu tip planları hələ 1905-dən əvvəllərə təsadüf edirdi. Həmin hadisə haqqında geniş məlumatı Atatürk Araşdırmalar Mərkəzindən əldə edirik. Bu məqsəddən ötrü ermənilər “Gənc türklər”in “İttihad və tərəqqi” partiyası ilə əlaqə yaratmaq və onlardan kömək almaq istəyirdilər. Sultan II Əbdülhəmid öz xatirələrində də “Gənc türklər”lə ermənilərin əlaqəsini vurğulayır. “Gənc türklər”in də məqsədi Sultanı taxtdan devirmək olsa da, ermənilərin məqsədi azadlıq idi. Buna görə də onların “İttihad və tərəqqi”nin qurucularından olmuş Əhməd Rzaya təklif etdikləri sui-qəsd haqqında planı rədd edilməklə yanaşı “Ermənistan” adlı dövlət yaratmağı məqsəd bilən partiyaların fəaliyyəti də məhdudlaşdırılmışdı. Əhməd Rza bilirdi ki, ermənilər “Gənc türklər” kimi məşrutə istəmir, onların “istəyi” başqadır. Lakin planlarına son verməyən ermənilər hər şeyə rəğmən son nöqtəyə qədər davam edirdilər. Bu dövrdə erməni üsyançılarının əsas mərkəzi Bolqarıstanın paytaxtı Sofiya idi. Daşnaklar Sofiyada konfranslar keçirərək düşünürdülər ki, əvvəla Osmanlının böyük şəhərləri olan İstanbul və İzmirdə terror aparmaqla stansiya, körpü və s. dağıdılacaq, daha sonra əhalinin diqqəti bu hadisələrdə olarkən Sultan aradan götürüləcəkdi. Bomba partladılması üçün hazırlıqları “Samuel Fayn” ləqəbli, ermənilərin Daşnaksütun partiyasının üç qurucusundan biri sayılmış Xristofor Mikayelyan başladıb. Bunun üçün bir sıra şəhərlərə gedən Mikayelyan eyni zamanda hiyləgərcəsinə Sultanın saraydan çıxarkən etdiyi hərəkətləri izləyir, hər hərəkətinin saniyəsini hesablayırdı. Hətta Sultanın keçdiyi yollara qum tökülərək bomba partladılması çətinləşən bir ərəfədə məkrli Xristofor əməlindən əl çəkməyib torpaq içində də partlayan bomba hazırlatdırırdı. II Əbdülhəmidə bu tipdə bir neçə dəfə sui-qəsd cəhd edilirdi, lakin alınmırdı. İş o dərəcəyə gəlmişdi ki, “özgəsinə quyu qazan özü düşər” deyiminə bənzər bir şəkildə X.Mikayelyan Bolqarıstanda hazırlanan bombalar üzərindəki təcrübələri zamanı özü partlayaraq ölüb.Yavuz Bahadıroğlu isə yazır ki, son və məşhur sui-qəsdi də Mikayelyanla onun hər kəsə qızı kimi tanıtdığı Robina gerçəkləşdirib. Lakin fakta yaxın məlumat əvvəlincidir. Belə ki, Mikayelyan 1 mart 1905-ci ildə ölüb, Ulduz sui-qəsdi isə 21 avqust 1905-ci ildə baş verib. Xəyanətə qətiyyən “dur” deməyən ermənilər yenə öz planlarına davam edərək bu dəfə Belçika vətəndaşı Edvard Jorisi (bəzi mənbələr onun erməni əsilli belçikalı olduğunu yazır) başçı seçdilər. Terrorun törədiləcəyi yer olaraq isə Ulduz sarayı yolundakı “Ulduz Həmidiyyə məscidi” idi. II Əbdülhəmidin dövründə dövlətin baş qərargahı olaraq fəaliyyət göstərən Ulduz sarayı (saray Sultan III Səlimin anası Mehrişah Validə Sultan üçün tikdirilib, hazırda isə muzey kimi fəaliyyət göstərir) yaxınlığında tikilmiş məscid “Həmidiyyə” adında olsa da, daha çox Ulduz məscidi kimi tanınır. Bütün xalq oraya salamlığa gələcəyinə görə əhalinin çoxluğu əlverişli şərait yaradacaqdı. Yazının I hissəsinin epiqrafında Ayşə Sultan Osmanoğlunun təsvir etdiyi “insan dəryası” səhnəsi də həmin sui-qəsd gününün əvvəlinə aid idi (mətndə Sultan II Əbdülhəmidin Ulduz salamlığına gəldiyi zaman çəkilən tarixi fotosu da yerləşdirilib). Edvardın planlarına görə Ulduz məscidindən çıxan Sultan 1 dəqiqə 42 saniyə içində arabasına gələcəkdi. Araba xüsusi olaraq Avstriya-Macarıstanın “Neseldorfer” fabrikində hazırlandı. Partlayışdan sonra parça-parça olmuş arabanın ələ gəlmiş kiçik bir hissəsində Vyanadakı fabrikin adı olan “Neseldorfer” və “11123” nömrəli kod rəqəmi görsənirdi. Lakin bütöv şəkil ölkəyə gətirilməsi diqqət çəkəcəyinə görə ermənilər arabanı parçalara böldürüb hissələr şəklində dəniz yolu ilə Osmanlıya gətirmişdi. İstanbulda yığılan araba hissələrinə təxminən 80 kilo partlayıcı ilə 20 kilo dəmir parçası qoyularaq 45 yaşlı, əvvəllər qatil olmuş erməni Haçikyan adlı arabaçıya idarəni verdilər. Bombanı partladacaq qurğu isə Fransadan gətirilən “Cəhənnəm maşını” (“Machine İnfernala”) adlandırılırdı. Fransalı jurnalist, esse yazarı Paul Feş qeyd edir ki, bu pultu arabaçı Haçikyana əmanət edərək “düyməyə basanda Sultanın şəklini çəkmiş olacaqsan” deyə aldadıblar, o da tələsərək pultu tez işə salmış və bomba vaxtından əvvəl partladığı üçün heç kimə zərər dəyməmişdi. Bu, doğru deyil. Partlayış 1905-ci ildə, 21 avqustda gerçəkləşmişdi, lakin qəribə bir şəkildə... E.Joris hər şeyi dəqiq hesablamışdı, yalnız və yalnız 1 dəqiqə 42 saniyə, saniyələrin tamamında Sultan arabada olacaqdı. Amma tale elə gətirmədi. Sultan Ulduzdan çıxıb arabasına doğru getdiyi anda heç kimin hesaba qatmadığı, hətta Sultanın da gözləmədiyi bir şey olmuşdu. Həmin anda, sanki Allahın göndərdiyi Şeyxülislam Cəmaləddin Əfəndi Əbdülhəmidi yolundan saxlayıb ona sual vermişdi. Bu axıb gedən saniyələrdə isə bomba partladı, Ulduz sui-qəsdi baş tutdu. Terror nəticəsində 26 nəfər ölüb, 58 nəfər yaralanıb, 17 araba parça-parça olub, 20 at isə tələf olub. Atatürk Araşdırmalar Mərkəzindəki yazıda qeyd olunur ki, ölənlər arasında 4 nəfər jurnalist də olub. Həmçinin ölənlərin sırasına ağır yaralılardan daha 4 nəfər vəfat edərək qoşulmuş, 9 nəfər isə şikəst qalmışdı. Bu, qəti şəkildə tarixə düşmüş bir erməni terror aktı idi. Bombanın dəhşətli səsi həmin gün bütün İstanbulu götürmüşdü. Amma Sultana heç nə olmadı və o, bu durum qarşısında çox soyuqqanlı davranmış, hər kəs dəhşət içində qaçışarkən, havada parçalanmış əllər, ayaqlar, başlar uçuşarkən qətiyyən qorxub panikaya düşməmişdi. Təəccüb keçirənlər arasında olmuş ingilis admiral Vuds, Avstriya-Macarıstan səfiri, Təhsin paşa kimiləri Sultanın bu cəsarətini heyrətlə qeyd ediblər. II Əbdülhəmid özünü itirmədən “Arabamı çəkin! Bölgəni nəzarət altına alın! Səbəbkarları ələ keçirin!” əmrini verib qapıya gətirilmiş yeni arabanı özü idarə edərək Çit köşkünə gedibmiş. Qızı Ayşə Sultanın xatirələrindən də oxuyuruq ki, həmin anda II Əbdülhəmid cibindən daş və dəmir parçalarını çıxararaq “bunları xatirə saxlayıb muzeyimə qoyacağam” deyibmiş.


Ulduz sui-qəsdindən zərərçəkənlərin ailələrinə yardımlar edilməsini əmr edən Sultan bir tərəfdən bu terrorun mahiyyətinin açılmağını araşdırtmışdı. Planı hazırlayan Jorisin arvadı Anna İstanbuldan qaçsa da, özü qaça bilməyib ələ keçərək Belçika səfirinin önündə əməlini etiraf edtmişdi. O, həmçinin bu işə səbəb olan ermənilərin də adını verib, hətta əvvəl də hücuma məruz qalmış Osmanlı Bankı və Qalata körpüsünün də partladılmaq istənildiyini deyibmiş. Belçika höküməti Sultandan E.Jorisin əfvini tələb edirdi, hətta bu məsələnin üstündə Belçika-Osmanlı münasibətləri çox pis vəziyyət almışdı. Heç vaxt verdiyi qərardan dönməyən Əbdülhəmid isə Edvardı Osmanlıda saxlamış və daha sonra onu yanına gətirərək agent təyin edib, bundan sonra erməni terroristlərinin atdığı hər addımı ona bildirməyini əmr edərək maaş qarşılığında bu işi vermişdi. Beləliklə, ağıllı siyasətçi terror təşəbbüskarına ölümdən də ağır bir iş, öz məsləkdaşlarını satmağı vermişdi. Joris isə ömrü boyu öldürmə planları hazırladığı Sultana kölə olmuşdu. Onu da qeyd edək ki, mənbələrdə yəhudi sionistlərin Fələstindəki planlarını həyata keçirməkdən ötrü Sultanı aradan qaldırmaq təşəbbüsündə ermənilərə maddi yardım göstərdikləri də yazılıb.

Həmçinin bu sui-qəsdə üzülərək erməni patrikinin bütün ermənilər adından keçmiş olsun diləklərini Sultana yollaması qeyd olunub. Yəqin ki, patrik Sultanın ermənilərə qəzəbinin alovlanacağından qorxub və millətini müdafiə etmək istəyib. Lakin bu olaya sevinənlər, alınmadığı üçün pis olanlar da var idi. Uzaqda yox, elə türk millətinin içindən.... Tədqiqatın II və III hissələrində ermənilər və II Əbdülhəmid münasibətləri haqqında məlumat verməyə çalışdıq. Hissənin sonunda isə sui-qəsd nəticəsində Sultanın ölməməyinə pis olub terroristi tərifləyən, Sultanı isə “alçaq” adlandıran türk şairi Tofiq Fikrətin şeirini qeyd etmək istəyirik. Sultan II Əbdülhəmid öz millətindən olan birinin bu hərəkətinə çox pis olub, hətta xatirələrində erməniləri ondan üstün tutaraq “heç bir namuslu erməni öz hökmdarını öldürmək istəmiş irqdaşına şanlı ovçu deyəcək qədər həyasız olmamışdı” deyə yazıb. Tofiq Fikrətin epiqrafda da verdiyimiz “Bir ləhzə-i-təəhhür” (“Azacıq gecikmə”) adlı şeirindən digər bir hissəni təqdim edirik:

“Silkələyib əsrlərin boyunlarındakı qarmaqları, ən çətin,
Bir yuxudan oyandırır milləti dəhşətin.
Ey şanlı ovçu, tələni boş yerə qurmadın;
Atdın, amma heyf ki, heyflər ki, düz vurmadın!
Bir milləti çeynəməklə bu gün əylənən alçaq,
Belə bir keyfiyyətini azacıq gecikməyə borcludur!”
(ardı var...)


Nurlan Ağa,
Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin III kurs tələbəsi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI