Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında "Əmək hüququ: qanunvericilik və təcrübə” mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsini elan edib. Qurumdan Modern.az saytına verilən məlumata görə, müsabiqəyə əmək münasibətləri və əmək hüquqlarına həsr olunan məqalələr qəbul olunacaq.
Jurnalistlər müsabiqəyə əmək münasibətlərinin tənzimlənməsinin əsasları, əmək münasibətlərini tənzimləyən qanunvericilikdə olan boşluq və ziddiyyətlər, qanunvericiliyin tətbiqində mövcud olan problemlər, o cümlədən əmək münasibətlərinin rəsmiləşdirilməsi, işçilərə ədalətli və əlverişli əmək şəraitinin yaradılmasının vəziyyəti, əməyin mühafizəsi, işçilərin bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığortası ilə bağlı vəziyyət, qeyri-formal əmək bazarının yaratdığı problemlərlə bağlı araşdırma yazılar təqdim edə bilər. Müsabiqəyə həmçinin, işçilərin müəyyən edilmiş müddətlərdən artıq işlərə cəlb edilməsi, istirahət hüququnun təmin olunması, qadınların və uşaqların əmək bazarında iştirakı, əmək münasibətlərinin gender aspektləri, işəgötürən və işçilərin qarşılıqlı məsuliyyəti və bu sahədə olan problemlərə həsr olunan yazılar qəbul olunacaq.
Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq. Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar.
Jurnalistlər müsabiqəyə 04 May 2016-cı ildən 15 İyun 2016-cı ilədək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir jurnalist birdən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar.
Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə GIZ-in “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının Bakı bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur.
Modern.az