Modern.az

Əsl azərbaycanlı olmağın düsturu

Əsl azərbaycanlı olmağın düsturu

Qarabağ

5 May 2016, 15:30


Vətən məfhumunun qarşısında hərənin öz səngəri olmalıdır. Sözsüz ki, hər bir vətəndaşın əlinə silah alıb döyüş meydanında yer alması mümkün deyil. Sadəcə hərə öz səngərində mükəmməl mövqe tutub mümkün olanları Vətəni, milləti, xalqı üçün əsirgəməməlidir. O cümlədən Vətəndən kənarda yaşayan azərbaycanlılar da.

Məlum olduğu kimi bu gün dünyanın bir çox ölkələrində azərbaycanlıların diaspora təşkilatları fəaliyyət göstərir. Danılmaz faktdır ki, xüsusilə son illərdə bu təşkilatların fəaliyyətində nəzərəçarpacaq dərəcədə canlanma və ceviklik müşahidə olunur.

Belə təşkilatlardan biri də Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporudur. Təşkilatın uğurlu fəaliyyətindən bəhs edərkən ona rəhbərlik edən Hikmət Cavadovun xidmətlərini xüsusi  qeyd etmək yerinə düşərdi.

Hələ bu təşkilata rəhbər seçilənə qədər Hikmət Cavadov Ukraynada "Demokratiyanın nəbzi" Beynəlxalq İctimai Təşkilatını təsis edib. "Demokratiyanın nəbzi" mütəmadi olaraq beynəlxalq səviyyəli layihələrdə yaxından iştirak etsə də təşkilatın əsas fəaliyyət xətti Azərbaycanla bağlı olub. Məhz "Demokratiyanın nəbzi"  Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq missiyasını daşıyıb. Və bu sahədə yetərincə nəticə verən, Azərbaycan haqqında yeni fikir formalaşdıran tədbirlər həyata keçirilib.

Hikmət Cavadovun əsas xidmətlərindən biri Rus və Ukrayna dilləri ilə yanaşı Ukraynada ilk dəfə olaraq sırf Azərbaycan dilində "Azərbaycanın sözü" qəzetinin təsis və nəşr etməsidir. Təxminən beş yüz min azərbaycanlının yaşadığı bu ölkədə belə bir qəzetin işıq üzü görməsinin nə qədər önəmli olduğunu izah etməyə yəqin ki, ehtiyac yoxdur və Azərbaycandan kənarda yaşayan azərbaycanlı üçün bu qəzetin nə qədər doğma olması da şərhsiz anlaşılandır.

Bu günümüz üçün çox vacib olan məsələlərdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqların öz doğma dillərinin, əlifbamızın, tariximizin, ədəbiyyatımızın, milli mənəvi dəyərlərimizin öyrənməsi və bilməsidir. Hikmət Cavadovun Kiyevdə yaratdığı Bazar günü məktəbi çox böyük uğurla bu missiyanı həyata keçirir.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəaliyyətinə nəzər salsaq şahidi olarıq ki, Azərbaycanın təbliği, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə olduğu kimi çatdırılması üçün bu qurum olduqca çevik və işlək bir mexanizmdir. Qurumun nəzdində fəaliyyət göstərən "Diaspora TV", daima yenilənən saytlar, mütəmadi keçirilən konfranslar, forumlar, görüşlər, qəbullar, vaxtaşırı Azərbaycanla bağlı Ukrayna ictimaiyyətinə təqdim olunan çap məhsullaı buna bariz sübutdur.

Hikmət Cavadovun Ukraynanın ictimi həyatında fəallığı, bəzi hallarda təşəbbüskarlığı iki dost ölkə arasında olan münasibətlərin inkişafına öz töhfələrini verməkdədir. Onun bu ölkədə baş verən hadisələrə çevik və operativ münasibət bildirməsi Ukraynada azərbaycan diasporasının mövcudluğunu və obyektivliyini sübut edən amillərdəndir. Ən başlıcası ısə onun bu cür məntiqli, hüquq normaları ilə, elmi əsaslara hadisələrə yanaşma tərzi hələ bəzi insanların beynində qalmış "azərbaycanlılar bazar adamlarıdır" fikrini bütövlükdə alt-üst edir.

26 yaşında Ukrayna Milli Elmlər Akademiyasının Dövlət və Hüquq institutunda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alan Hikmət Cavadov ictimai fəaliyyəti ilə yanaşı elmi fəaliyyətini də həmin institutun doktoranturasında uğurla davam etdirir.

Azərbaycan sevgisini hər an ürəyində yaşadan Hikmət Cavadov öz təmənnasız xidmətləri ilə sözün həqiqi mənasında əsl azərbaycanlı olmağın düsturunu yaradıb. Bu düstur riyazi düsturlardan fərqli olaraq o qədər də mürəkkəb deyil. Sadəcə on hərfdən ibarət olan böyük bir ifadəni ürəyinə həkk edib əməlinlə həmin ifadənin düz mütənasib olmağını təmin etmək lazımdır. Bu ifadə AZƏRBAYCANdır.

Bu gün Hikmət Cavadovun doğum günüdür. Ömrün bir qərinəsini arxada qoyan dəyərli azərbaycanlı, sədaqətli dost 34-cü bahara qədəm qoyur. Qarabağın ətrini hiss etdiyimiz və bununla yanaşı Vətənimiz üçün taleyüklü bu may günlərində Hikmət bəyi təbrik edir, yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzulayıram...

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza