Modern.az

Vergilər Nazirliyində daha bir kadr dəyişikliyi oldu

Vergilər Nazirliyində daha bir kadr dəyişikliyi oldu

11 Yanvar 2011, 15:46

2011-ci ilin əvvəli Vergilər Nazirliyində ard-arda kadr dəyişiklikləri ilə yadda qalır. Modern.az saytı bir neçə gün öncə Nazirliyin Daxili təhlükəsizlik baş idarəsinə, Bakı şəhəri Vergilər Departamentinə yeni rəislərin təyin edildiyi barədə xəbər vermişdi. Saytımıza daxil olan məlumata görə, indiyədək jurnalistlərin nazirlikdən yaxşı tanıdığı daha bir işçi nazir Fazil Məmmədovun əmri ilə yüksək vəzifəyə irəli çəkilib. Bizim məlumatı Vergilər Nazirliyindən də rəsmən təsdiqlədilər.

Modern.az saytının əldə etdiyi məlumata görə, Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fariz Səmədov Bakı Şəhər Vergilər Departamentinə rəis müavini vəzifəsinə təyin edilib. Bundan başqa, Vergilər Nazirliyində mətbuat xidməti ləğv edilib və əvəzində Analitik informasiya mərkəzi  yaradılıb. Vergilər Nazirliyinin Analitik informasiya mərkəzindən bizim məlumatları təsdiqlədilər. Onu da bildirdilər ki, yeni yaradılan Analitik informasiya mərkəzinə Mehdi Mirsəlimov rəhbər təyin edilib.

Xatırladaq ki, bir neçə gün öncə vergilər naziri Fazil Məmmədovun əmri ilə Bakı şəhəri Vergilər Departamentinin rəisi, 3-cü dərəcəli vergi xidməti müşaviri Taryel Quliyev vəzifəsindən azad olunaraq Nazirliyin Daxili təhlükəsizlik baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Nazirliyin Daxili təhlükəsizlik baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Alimpaşa Məmmədov isə Bakı şəhəri Vergilər Departamentinin rəisi vəzifəsinə təyin olunub.

Bundan başqa, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin əməkdaşı Ramil Nəsirli, Bakı şəhəri Vergilər Departamentinin Operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi Mübariz Əliyev, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin dövlət vergi müfəttişi Rüfət Əyyubov, dövlət vergi müfəttişi  Süleyman Eyvazov, dövlət vergi müfəttişi İlkin İbrahimov, Bakı şəhəri Vergilər Departamentinin dövlət vergi müfəttişi Alik Məmmədov və dövlət vergi müfəttişi Nəbi Vəliyev işdə yol verdikləri nöqsanlara görə tutduqları vəzifələrdən kənarlaşdırılıblar.

Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Təhsil, səhiyyə və maliyyə xidmətləri sahəsi üzrə audit idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi Cəmil Məmmədovun isə rütbəsi bir pillə aşağı salınıb.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu