Modern.az

Seysmoloji Xidmət Mərkəzinin şöbə müdir: "Yalançı proqnoz verənlər peyda olub"

Seysmoloji Xidmət Mərkəzinin şöbə müdir: "Yalançı proqnoz verənlər peyda olub"

11 Yanvar 2011, 11:53

“Azərbaycan seysimik baxımından çox təhlükəli zonadır. Burada dəfələrlə güclü zəlzələlər olub və bu gün də Azərbaycanda seysimik təhlükənin olması ehtimalı çox böyükdür”. Bu fikirləri Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji və geodinamik tədqiqatlar şəbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Tahir Məmmədli Modern.az saytına deyib. O, bildirib ki, Azərbaycanın bütün ərazisi seysmik baxımdan təhlükəlidir. Ancaq bəzi bölgələr, xüsusən də Şamaxı-İsmayıllı zonası, Gəncədən cənub tərəfdə olan zonalar, Lənkəran zonası daha yüksək seysmik aktivliyə malikdir.

Seysmik zona dedikdə həmin ərazidə güclü zəlzələ əmələ gəlməsinə görə təhlükəli ərazilər nəzərdə tutulur. Paytaxt Bakının ərazisi də bu təhlükədən uzaq deyil. T.Məmmədlinin sözlərinə görə, Abşeron yarımadası Rixter şkalası ilə 8 bal intensivlikdə seysmik təhlükəyə məruz qala bilən zonalardandır.

T.Məmmədli son zamanlar Bakıda tikilən çoxmərtəbəli binaların seysmik baxımdan tələblərə cavab verməsi ilə bağlı sualımıza açıqlamasında bildirib: “Biz Bakıda tikilən binalara ümumi rəy veririk. Bakı şəhərində tikinti aparılan ərazilərə baxış keçiririk və müəyyən edirik ki, həmin ərazi hansı seysmik intensivliyə malikdir”. 

T.Məmməlinin fikrincə, Bakı və Abşeron üçün 8 ballıq seysmoloji göstərici fon səviyyədir. “Ancaq bəzi hallarda Bakının seysmoloji aktivliyi qrunt və digər geoloji amillərin təsiri nəticəsində daha təhlükəli ola bilər. Bakı şəhərində maksimum 9 ballıq zəlzələ təhlükəsi olan ərazilər heç də az deyil”.

Müsahibimiz son zamanlar ayrı-ayrı şəxslər tərəfindən verilən, insanları narahat edən seysmoloji proqnozlara da münasibət bildirib. Onun fikrincə, qeyri-mütəxəssislər tərəfindən verilən proqnozlar əsassız və ağ yalandan ibarətdir.

“Bəzi adamlar guya, Azərbaycanda və eləcə də dünyanın bir sıra bölglələrində güclü zəlzələrin olacağına dair proqnozlar verirlər. Onlar ancaq özlərini reklam eləyirlər. Mən hesab edirəm ki, onlar seysmologiyadan uzaq olan insanlardır. Onlar məncə falçıdırlar. Dünyanın heç bir yerində, o cümlədən,Azərbaycanda da zəlzələnin vaxtını, zamanını öncədən söyləmək mümkün deyil”.

“Hələki yüksək seysmoloji təhlükəyə malik olan zonalarda zəlzələnin vaxtının müəyyənləşdirilməsi texnologiyası yoxdur. Zəlzələ sabah olsun, bəlkə ola bilsin 150 ildən sonra olsun, bunu öncədən demək mümkün deyil. Bunu demək yalan söyləməkdir. Prosesi elmi-metodiki baxımdan tapmaq hələki mümkün olmayıb”-deyə mütəxəssis əlavə edib.

Zəlzələnin vaxtının öncədən bilinməsinin mümkün olmadığını vurğulayan şöbə müdiri onu da vurğulayıb ki, zəlzələnin yerini və gücünü müəyyən etmək üçün Azərbaycanda seysmoloji rayonlaşdırma xəritəsi mövcuddur.
“Bu xəritəyə əsasən, zəlzələnin harda və necə baş verməsini müəyyən etmək olar. Lakin apardığımız araşdırmalar görtərir ki, hal-hazırda fəaliyyətdə olan seysmik rayonlaşdırma xəritəsi, respublikadakı seysmik təhlükəni odekvat əks etdirmir.

Elə yerlər var ki, Azərbaycanda daha yüksəkdir, məsələn İsmayıllı-Şamaxı zonası da daxil olmaqla bəzi ərazilər gələcəkdə 10 bal gücündə zəlzələ olması ehtimalını söyləməyə imkan verir.

Tədqiqatlarımız zamanı Abşeronun cənub-qərbində, Gəncə ətrafında 7 ballıq  seysmik zonalar da müəyyən etmişik. Biz bundan başqa yeni metod işləyib hazırlamışıq. Amma Azərbaycanda zəlzələnin nə zaman, neçə bal olacağını öncədən demək imkanımız yoxdur”.

Tahir Məmmədli sonda qeyd edib ki, seysmoloji zamanın proqnozlaşdırılmasındansa, onun yerinin və gücünün proqnozlaşdırlması və eləcə də onun əsasında bütün infrastkruktur -mülki sənaye qurğularının tikilməsi daha məqsədəuyğundur.
“Məncə bu bizi seysmik təhlükədən qorumağa imkan verər”.

Anar Rüstəmov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu